Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ECAR Erasmus+ layihəsinin monitorinq görüşü

  ECAR Erasmus+ layihəsinin monitorinq görüşü Azərbaycanın Milli Erasmus+ Ofisi 19.10.2021-ci il tarixində Bakı Ali Neft Məktəbində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” Erasmus+ layihəsinin ilk monitorinq görüşünü təşkil edib. Azərbaycan Texnologiya Universitetinin də partnyor olduğu bu layihənin adı çəkilən monitorinq görüşündə layihə meneceri İlahə Qurbanova iştirak edib. Görüşdə layihə fəaliyyətlərinin icrası zamanı yarana biləcək risklər və onların aradan qaldırılması yolları, yerli layihə tərəfdaşlarının qarşılaşdığı problemlər, layihənin uğurla həyata keçirilməsi ilə bağlı təklif və tövsiyyələr dinlənilib.  Eyni zamanda, Azərbaycanın Milli Erasmus+ Ofisi ali təhsil müəssisələrinin müvafiq əməkdaşlarını Erasmus+ proqramı çərçivəsində növbəti proqram çağırışları barədə məlumatlandırıb. 

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü

Dövlət müstəqilliyinin bərpası. SSRİ-nin 1991-ci ildə hərtərəfli dərin böhran keçirməsi Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il avqustun 30-da xalqın tələbi ilə çağırılmış Ali Sovetin növbədənkənar sessiyası Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT nizamnaməsində, digər beynəlxalq hüquq pakt və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı. Ali Sovetin 1991-ci il 30 avqust tarixli iclasında bəyanatla yanaşı, “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Konstitusiya Aktının layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edildi. Lakin respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin 360 deputatından 258-si iştirakı ilə keçirilmiş sessiyasında adbaad səsvermədə “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” yekdilliklə qəbul olundu; - Dövlət müstəqilliyinin dünyada tanınması. Azərbaycanın dövlət müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da qardaş Türkiyə Respublikası tanıdı. Ali Sovet 1991-ci il dekabrın 3-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması xahişi ilə BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Dekabrın 8-də Belovejskdə SSRİ-nin fəaliyyətinə xitam veriləndən sonra beynəlxalq təşkilatlar və dünya dövlətləri digər müttəfiq respublikalar kimi Azərbaycanın da müstəqilliyini tanımağa başladılar. Dekabrın 11-də müstəqilliyimizi tanıyan 2-ci ölkə isə Rumıniya oldu. Analoji bəyanatı dekabrın 13-də Pakistan verdi. Daha sonra ardıcıl olaraq 23 dekabr-da İsveçrə, 25 dekabr tarixində İran dövlət müstəqilliyimizi tanıdı. Nəhayət, dekabrın 29-da Konstitusiya Aktı ümumxalq səsverməsinə çıxarıldı və 95 faiz seçicinin iştirak etdiyi referendum müstəqillik aktını rəsmiləşdirdi. Beləliklə, Azərbaycan Respublikası 1992-ci ilə müstəqil dövlət kimi qədəm qoydu. Azərbaycan Xarici İşlər Nazirliyinin 1992-ci ilin yanvarında yaydığı məlumata görə dünyanın 50 dövləti Azərbaycan Respublikasını rəsmən tanımışdı ki, həmin dövlətlər sırasında  23 yanvar 1992-ci ildə ABŞ, 10 aprel 1992-ci ildə Rusiya və digərlərini qeyd edə bilərik. 2 mart 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi;   - Müstəqillik xalqın azadlıq arzusu hesabına əldə olunub. Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzusu ilə yaşamış, milli azadlıq uğrunda mübarizə aparmışdır. XX əsrin əvvəlində Azərbaycan torpağında ilk Azərbaycan Demokratik Respublikası yaranmış və öz müstəqilliyini dünyaya elan etmişdir ki, bu dövlət Azərbaycan xalqının çoxəsrlik arzusunun, istəyinin həyata keçirilməsinin ilk addımı idi. Lakin ilk Azərbaycan Demokratik Respublikası çox yaşamamış, 1920-ci il aprelin 28-də süquta yetmiş və həmin dövrdə qurulmuş Sovetlər İttifaqının tərkibində 70 yaşamış, yaratmışdır. Bu dövrdə Azərbaycanın iqtisadiyyatı, xalqın həyat tərzi yüksəlmiş, elm, mədəniyyət inkişaf etmişdir. Azərbaycanda böyük iqtisadi potensial yaranmış, intellektual potensial ölkəmizin bir gün müstəqil dövlət olması üçün böyük zəmin yaratmışdır. - Yeni bərpa olunmuş dövlət müstəqilliyinin itirilmə təhlükəsi və müstəqilliyi möhkəmləndirən əsas faktor. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı ki, bu da ictimai həyatın bütün sahələrində xaos, hərc-mərcliklə nəticələndi. Erməni təcavüzünün gündən-günə güclənməsi orduda da vəziyyəti ağırlaşdırıdı və ölkədə hakimiyyət boşluğu yaranmışdı. Bunun nəticəsi idi ki, 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Vətənin belə ağır günündə xalq Heydər Əliyevi Bakıya dəvət etdi və bu dəvəti qəbul edən Heydər Əliyev iyunun 9-da Bakıya gəlişi ilə vətəndaş müharibəsinin qarşısını aldı. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi  tədbirlərin nəticəsi olaraq bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələrlə 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi ilə ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir ki, 30 il ərazində itirilmiş torpaqlarımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın başçılığı ilə işğaldan azad edildi. Bu tarixi qələbənin nəticəsidir ki, məhz bu il Azərbaycan xalqı olaraq 18 oktyabr – Müstəqilliyin bərpası gününü qürurla qeyd edəcəyik. Biz artıq bütün dünyaya müstəqil dövlət olduğumuzu sübut etmişik. Müstəqilliyimiz dönməzdir, əbədidir!  

 

Əliyeva İmmi

Azərbaycan Texnologiya Universitetinin

Turizm sənayesinin təşkili və turizm kafedrasının müəllimi   

Zəngilanın işğalı və dağıdılmış infrastruktur

Zəngilanın işğalı və dağıdılmış infrastruktur   Məlum olduğu kimi Zəngilanın ərazisi şərqdən Həkəri cayından Mehri dag silsiləsinə qədər olan ərazini əhatə edir. Gözəl təbiətə malik olan bölgəmiz, doğma Zəngilan 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. 1988-ci ildən 1993-cü ilin noyabrına qədər düşmənə baş əyməyən, hücumlara sinə gərən, yüzlərlə şəhid verən mərd Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Dogma torpağımız şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan ilə həmsərhəddir. Zəngilan birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günə qədər 44 sakin itgin düşmüş sayılır. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı, üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğaldan əvvəl bir şəhər, bir qəsəbə, 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi var idi. Bütün Avropada ən böyük cinar meşəsi bu rayonda idi. Ermənilər həmin cinarları doğrayaraq xarici ölkələrə satırdılar. Yeraltı və yerüstü sərvətlərimiz ermənilər tərəfindən talan edilirdi. Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu düşmən tərəfindən yararsız hala salınmışdır. Zəngilanın meşə təsərrüfatına zərər vermək üçün ermənilər dəfələrlə meşələrdə yanğınlar törədib, coxillik qoz, cinar və şam ağacları tamamilə qırıblar.  44 günlük Böyük Vətən Müharibəsi dövründə düşmən işğalından azad edilən torpaqlardan biri də Zəngilan oldu. Müzəffər Azərbaycan ordusu, dəyanətli Ali Baş Komandan İlham Əliyev sayəsində Azərbaycan əzəli-əbədi torpaqlarını geri qaytardı, tökülən qanların qisası alındı. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Zəngilan rayonunun Havalı kəndi, Zənəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muganlı kəndi və Zəngilan şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan etdi. Cənab Ali Baş Komandanın verdiyi növbəti qələbə müjdəsi bütün xalqı sevindirdi, xüsusilə də 27 il dədə-baba yurdundan ayrı düşən zəngilanlıları. Möhtərəm prezident və birinci xanım Mehriban Əliyevanın dekabrın 23-ü 2020-ci il işğaldan azad olunmuş Qubadlı və Zəngilan rayonlarına səfəri biz Azərbaycan vətəndaşları üçün qürurverici bir hiss oldu.  Ali Baş Komandanın Zəngilan ərazisindən keçərkən dediyi cümlələr xalqın prezidentə olan inamını bir daha doğrultdu: “Zəngilan rayonunun gözəl mənzərəsi var, səfalı məkandı, kəndimizin böyük hissəsini dağıdıblar. Lakin biz hamıısını bərpa edəcəyik. Torpağın sahibləri qayıdır”. Bəli, biz qayıtdıq. Rəşadətli ordumuz, mərd oğullarımız, əzmkar dövlət başçımız, birlik nümayiş etdirən xalqımız sayəsində qələbə qazandıq. Azərbaycan xalqı, Azərbaycan gəncliyi öz prezidentinə inanır, apardığı uğurlu siyasəti dəstəkləyir və əmindir ki, dağıdılmış bütün kənd və rayonlarımızda infrastruktur bərpa ediləcək, hər bir guşəmiz cənnətə çevriləcək. Yaşasın müstəqil və bütöv Azərbaycan… Qarabağ Azərbaycandır!  

 

Aysel Məmmədli

Azərbaycan Texnologiya Universitetinin

Xarici dillər kafedrasının müəllimi  


UTECA Kabardin-Balkar Respublikasının beynəlxaql elmi konfransında iştirak edib

Azərbaycan Texnologiya Universiteti Kabardin-Balkar Respublikasında keçirilən “Elm, təhsil və bines: Yeni baxış, yaxud inteqrasiyalı qarşılıqlı əlaqələr strategiyası” adlı beynəlxaq elmi-praktik konfransda iştirak edib. Kabardin-Balkar Respublikasının ilk prezidenti Valeriy Kokovun anadan olmasının 80 illiyinə həsr olunmuş konfransda Rusiya Federasiyasının, eləcə də Kabardin-Balkar Respublikasının kənd təsərrüfatı nazirlikləri, V.Kokov adına Kabardin-Balkar Dövlət Aqrar Universiteti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti, Şimali Qafqaz Federal Universiteti, Kuban Dövlət Aqrar Universiteti, “MB” Universiteti (Serbiya), Abxaziya Elmlər Akademiyasının İqtisadiyyat və hüquq institutu, Monqolustan Elmlər Akademiyasının Beynəlxalq araşdırmalar institutu, Kabardin-Balkar Respublikası üzrə Rusiya Federal Antiinhisar Xidməti, “İşgüzar Rusiya” Ümumrusiya İctimai Təşkilatının Kabardin Balqar regional bölməsi iştirak edib. 

Füzuli rayonu- erməni vandalizminin klassik nümunəsi kimi

  Füzuli rayonu - erməni vandalizminin klassik nümunəsi kimi  Respublikamızın iri yaşayış məntəqələrindən olan Füzuli rayonu 1970-ci ildə böyük inkişaf yolu keçərək tərəqqi etmiş, sənaye və müasir kənd təsərrüfatı rayonuna çevrilib. Erməni işğalına qədər rayonda pambıqtəmizləmə, yağ-pendir və dəmir-beton məmulatı zavodları, taxıl məhsulları kombinatı, toxuculuq fabriki, daş karxanası, 11 üzüm emalı müəssisəsi, 100-dən çox iri müəssisə və təşkilat, teatr, mədəniyyət evi, kütləvi kitabxana, mərkəzi rayon xəstəxanası və s. var idi. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olub. 

Azərbaycan Respublikası Prezidentinin komandanlığı ilə Azərbaycan ordusu tərəfindən 27.09.2020-ci il tarixdən başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla 62 yaşayış məntəqəsi işğaldan azad edilib. Füzuli şəhəri şanlı qələbəmizin 21-ci günündə işğaldan azad edilib.  Azad olunan ərazilərimizdə bütün binalar, evlər, mənfur düşmən tərəfindən dağıdılıb. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. İşğaldan sonra gördüyümüz tarixi-dini abidələrin, xüsusilə də türbələrin acınacaqlı görkəmi ürək ağrıdır. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində həyata keçirdiyi  ən əhəmiyyətli döyüşlərdən biri olub. 17 oktyabr 2020-ci ildə Füzuli şəhəri  ilə yanaşı Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri də  işğaldan tam azad olunmuşdur. Məhz bu uğurlu əməliyyat sayəsində Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri də azad olundu. Füzuli uğrunda gedən döyüşlər Vətən Müharibəsinin ən ağır və həlledici döyüşü hesab olunur. 30 il ərzində düşmənin təmas xəttində qurduğu möhkəm istehkamlar ordumuzun məharət və şücaəti sayəsində darmadağın edildi. Hərbi mütəxəssislərin fikrincə isə Füzuli rayonunun azad edilməsi üçün aylarla vaxt lazım idi. Azərbaycan Ordusu düşmənin dinc əhaliyə qarşı törətdiyi hərbi cinayətlərin qisasını döyüş meydanında alırdı. Böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan ordumuzuz qüdrəti düşmənin öz silahlarını yerə qoyaraq qaçmasına səbəb oldu. Artıq biz erməni vəhşiliyi izlərinin yox olmasının şahidi oluruq. 2020-ci il noyabrın 16-da İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Ölkə rəhbəri Füzuliyə 4 dəfə səfər edib. Bu səfərlər zamanı Füzuli-Şuşa avtomobil yolunun, Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmiryolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun  təməli qoyulub. “Füzuli” yarımstansiyasının açılışı olub. Otuz ilə yaxın erməni işğalı altında qalmış Füzuli rayonunun təbii sərvətləri də talan olunub. Ermənilər meşələrdəki ağacları vəhşicəsinə qırıb, yaxud yandıraraq məhv ediblər. Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı dediyi bu sözlər gələcəyə nikbin nəzərlərlə baxmağa əsas yaradır: “Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik!”. Füzuli rayonunda, eləcə də işğaldan azad edilmiş digər rayonlarda erməni hərbi birləşmələrinin təxribatı nəticəsində törədilmiş infrastruktur obyektlərinə, sahibkarlıq subyektlərinə dəyən zərərin müəyyən edilməsi məqsədilə yerli və xarici ekspertlərdən ibarət işçi qrupu yaradılıb. 2020-ci ilin noyabrın 26-da  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir tələblərə cavab verən bərpaetmə işləri həyata keçirilir. Ermənilər tərəfindən dağıdılmış və yandırılmış inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz həmin müddətdə erməni vandalizminin əsirinə çevrilib. Hal-hazırda  bərpa və quruculuq işləri davam etdirilir. Xeyli sayda  xidmət, mədəniyyət obyektləri, inzibati binalar bərpa olunaraq yenidən xalqımızın qayıdışı təmin ediləcək. İndi işğaldan azad olunan torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızın qarşısında ayaq saxlayıb bu möhtəşəm mənzərəni qürurla seyr edir və Prezidentimizin dediyi sözləri xatırlayırıq: “Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik”.

 

Əsədova Gülnarə 

Azərbaycan Texnologiya Universitetinin

Turizm sənayesinin təşkili və ekologiya kafedrasının assistenti 

Praqmatik lider, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətinin zirvəsi – Qarabağ Azərbaycandır!

Müstəqil və güclü Azərbaycan Qarabağ məsələsinin həllində ard-arda tarixi uğurlara imza atdı. Müzəffər ordumuz öz doğma torpaqlarını işğaldan azad edərək gələcək nəsillərə örnək, şanlı tarix yazdı.  Müharibə zamanı ermənilər arxa cəbhədə hərbi qulluqçuları qaçmasın deyə postlar qurduğu halda, bizim arxa cəbhədə, ehtiyac olmasa belə, döyüşə can atan minlərlə könüllülər dayanırdı. Ermənilər mülki əhalimizi hədəfə aldıqları halda, biz döyüş meydanında misli ilə intiqam alırdıq. Onlar gündə bir obrazla dünya mediasında saxta məlumat yayaraq özləri özlərini ifşa etdikləri halda, Ali Baş Komandanımız qətiyyətli və tarixi faktlara əsaslanan çıxışları ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı. Ali Baş Komandanımızın dünyanın nüfuzlu media qurumlarına verdiyi müsahibələr, xalqın bağrından qopan ifadələri dilə gətirməsi sonsuz sevgi ilə rəhbər-ordu-xalq birliyinə səbəb oldu.  Azərbaycanın mərd oğulları bütün dünyaya sübut etdi ki, bir məmləkətin və ya bir millətin böyüklüyü onun əhalisinin sıxlığından, yaxud hüdudlarının genişliyindən asılı deyil. Bir millətin böyüklüyü onun hüdudlara sığmayan Vətən sevgisindən asılıdır. Elə bu hüdudsuz sevgi ilə bütün cığırlar Qarabağa gedən yola birləşir. O yol ki, öndə “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyən Ali Baş Komandan dayanıb. 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda terror zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz, müqəddəs şəhidlərimizdir. 30 ildən sonra sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Respublikamız müharibənin başa çatmasından dərhal bir neçə ay sonra azad olunmuş ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlayıbdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür. Dövlətimizin başçısı mütəmadi olaraq bu ərazilərə gedir və burada görülən işlərlə yerindəcə tanış olur. Azərbaycanın bu ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu torpaqlarda yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Cıdır düzündə Novruz bayramı ilə bağlı müraciəti zamanı bildirmişdi ki, birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə Baş planı hazırlanır, indi bunun üzərində iş gedir və yaxın gələcəkdə Baş plan təsdiq olunacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Bu gün artıq bu reallaşdı və Ağdam şəhərinin Baş Planı məhz 28 May - Respublika Günündə təsdiq olundu.  Prezident cənab İlham Əliyevin mayın 28-də - Respublika Günündə Ağdama səfər etdi. Respublika Günündə işğaldan azad olunmuş Ağdamda tarixi anlar yaşandı, bu torpağın bərpası, ona həyatın qayıtması üçün təməllər atıldı. Cənab Prezidentin iştirakı ilə Ağdam şəhərinin baş planının təqdimatı oldu.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı demişdir: “Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, Müstəqillik Günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir - Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq”. Artıq işğaldan azad edilmiş ərazilərimizdə dövlət başçısının göstərişi ilə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin tətbiqinə başlanmışdır. Söhbət bir kənddən, bir şəhərdən yox, Qarabağın işğaldan azad edilmiş bütün ərazilərindən, şəhər və kəndlərindən gedir. “Ağıllı” kənd və şəhərlərin salınması bilavasitə “ağıllı” aqrar sektorun bünövrəsinin qoyulması deməkdir. Yəni bu anlayışlar bir-birinə sıx bağlıdır, vəhdət təşkil edir, bir çox məqamlarda isə harmonik şəkildə uzlaşaraq fərqləri aradan qaldırır. “Ağıllı kənd”in Azərbaycan modelinin unikallığı ondan ibarətdir ki, əgər dünyada belə layihələr hər ölkədə bir neçə nümunə ilə başlamışdırsa, bizdə bu proseslərə eyni zamanda start verilmişdir. Biz 30 illik işğal zamanı yerlə-yeksan edilən böyük ərazilərin – yandırılan kəndlərimizin və viran qoyulan şəhərlərimizin “ağıllı” variantını reallaşdırmağı qərara almışıq. Erməni faşistləri işğal altında olan ərazilərimizi onilliklər boyu talan etmiş, vəhşicəsinə dağıtmış və bununla da aqressiv, vandal və vəhşi mahiyyətlərini ortaya qoymuşlar. Biz isə azad edilən ərazilərimizdə ildırım sürətilə quruculuq işlərinə start vermiş və bu işlərə dost ölkələrin aparıcı şirkətlərini dəvət etmişik.  

 

Gülşən Hüseynova 

Azərbaycan Texnologiya Universitetinin Turizm

sənayesinin təşkili və ekologiya kafedrasının assistenti