Azərbaycan Texnologiya Universiteti Avropa Birliyi tərəfindən maliyyələşdirilən və Varşava Texnologiya Universitetinin koordinatorluğu ilə həyata keçirilən CRENG layihəsində tərəfdaş kimi çıxış edir. Layihə çərçivəsində 6-10 dekabr 2021-ci il və 14-17 fevral 2022-ci il tarixlərində “Zoom” platformasında Nəqliyyat Xidmətləri üçün Böhran və Risk Mühəndisliyi üzrə master-klass keçirilib. Master-klassda Azərbaycandan olan partnyorlar arasında yalnız Azərbaycan Texnologiya Universitetinin nümayəndələri məruzə ilə çıxış ediblər. Belə ki, master-klassın dördüncü günü UTECA əməkdaşları tərəfindən həyata keçirilib. Universitetin Maşın mühəndisliyi və Logistika kafedrasının müdiri, dosent Şakir Əliyev və Menecment kafedrasının assistenti Raqif Huseynov master-klassın kontentinə uyğun olaraq aşağıdakı mövzularda təlimlər keçiblər: -Liderliyin inkişafının təchizat zəncirlərinin performansına təsiri-ERP sistemi təchizat zəncirinin idarə edilməsinə təsir edirmi?Azərbaycanda istehsal müəssisələrinin təhlili-Azərbaycanda logistika sistemlərinin inkişaf perspektivləri-Azərbaycanın logistika şirkətlərində logistik mərkəzlərin inkişaf mərhələləri Xatırladaq ki, bütün yeni tədris metodologiyaları CRENG tərəfdaşları tərəfindən tərəfdaş ölkələrin ali təhsil müəssisələrində hazırlanmış innovativ CRENG Magistr proqramını təkmilləşdirmək üçün istifadə olunacaq.
İşğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulur. Ağdam rayonunda sənaye mərkəzi, Cəbrayıl rayonunda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcər rayonu ərazisində isə hasilat və turizm mərkəzi yaradılacaq. Bu 4 istiqamət işğaldan azad olunmuş ərazilərin inkişafının əsas təməl daşları hesab edilə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması mərasimində iştirak ediblər. Təməli atılan bu müəssisələr yuxarıda qeyd etdiyimiz 4 istiqamətin tərkib hissələrindəndir. Ağdam rayonunun Qarabağla digər bölgələrin qovşağında yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin yaxın gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının inşası da bu istiqamətdə atılan addımlardandır. Ağdam sənaye parkının tamamlanması üçün 190 hektar ərazi ayrılmışdır. Sənaye parkı Ağdam şəhərinə çəkiləcək əsas avtomagistral və dəmir yolu kommunikasiyalarının kəsişməsində inşa edilir. Sözügedən sənaye parkı Azərbaycanda artıq fəaliyyət göstərən 4 parkın uğurlu təcrübəsi və beynəlxalq təcrübələrə əsaslanaraq inşa edilməyə başlanmışdır. Yuxarıda da qeyd etdiyimiz kimi Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye parkında tikinti materillarının istehsalı müəssisələri, kənd təsərrüfatı məhsullarının qablaşdırılması müəssisələri, meyvə-tərəvəz konservləri istehsal edən müəssisələr, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı müəssisələri və bunların davamı olaraq xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili nəzərdə tutulub. Ağdam Sənaye Parkı sahibkarların böyük marağına səbəb olmağa başlayıb. Artıq bir sıra sahibkarlar parkda öz fəaliyyətlərini həyata keçirmək üçün necə deyərlər qeydiyyat sırasına düzülüb. Artıq 5 böyük sahibkarlıq subyekti parkın rezidenti kimi qeydiyyata alınıb. Hal-hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində daha 10-dan çox layihəyə baxılır. Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin, kanalizasiya və içməli su borularının istehsalı və s. sahələr üzrə layihələr təqdim olunmuşdur. Parkın 76 hektarlıq ərazisində inzibati binalar və parkın işçiləri ilə rezidentləri üçün yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Park ərazisindəki müəssisələrin hər tərəfli fəaliyyətinin təmin edilməsi və işçilərin iş doyumunun yüksək səviyyədə təşkil edilməsi üçün hər cür şəraitin yaradılması nəzərdə tutulmuşdur. Bundan əlavə rezidentlər dövlət tərəfindən torpaq sahələri, nəqliyyat və kommunal xidmətlər də daxil olmaqla bir sıra zəruri infrastrukturlarla təmin olunacaq. Burada kirayə haqları olduqca aşağı, gəlir və əmlak vergisindən 10 il müddətinə azadedilmə, habelə istehsal məqsədləri üçün avadanlıq və texnologiyaların idxalı zamanı ƏDV və idxal rüsumlarının ödənilməsindən müvafiq olaraq 10 və 7 il müddətinə azad edilmə təmin ediləcək. Bu isə öz növbəsində sənaye parkının rezidentləri üçün əlavə stimul olacaq. Qarabağ iqtisadi rayonu ərazisində yaradılan biznes fürsətləri, güzəştlər və geniş imkanlar bölgəni daxili və xarici investorlar üçün cazibədar hala gətirib. Hal-hazırda Qarabağ ərazisində istər müxtəlif sənaye sahələrində, istərsə də digər sahələrdə iş görmək üçün çox geniş imkanlar yaranıb. Bölgənin iqtisadi potensialı və bu potensialı üzə çıxarmaq üçün yaradılan imkanlar bunu deməyə əsas verir. Yerli və xarici şirkətlərin bölgəyə axın etməyə başlaması burada geniş iş imkanlarının yaranmasına gətirib çıxaracaq bu da öz növbəsində minlərlə ailənin həyat şəraitinin yüksəlməsini təmin edəcək. Sənaye parkında rezident kimi iştirak etmək istəyənlərin əksəriyyəti tikinti materialları istehsal edən şirkətlərdir. Bu isə onu göstərir ki, Ağdam rayonu ərazisində yaxın gələcəkdə böyük tikinti işləri həyata keçiriləcək. Tikinti işlərinin ardından isə ağdamlıların öz doğma yurd-yuvalarına köçürülməsinə başlanılacaq. Bunu işğaldan azad edilmiş digər ərazilərə də aid etmək olar. Qarabağımızın yenidən çiçəklənməsi və öz sahiblərinə qovuşması, orada yenidən körpə səslərinin eşidilməsi uzaqda görünmür.
Hikmət Məmmədli
Azərbaycan Texnologiya Universitetinin
Menecment kafedrasının assistenti
Azərbaycan Texnologiya Universitetinin daha 3 tələbəsi Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Almaniya, Rumıniya və Polşa universitetlərində bir semestr müddətində təhsilini davam etdirmək imkanını əldə edib. Tələbələr 2021-2022-ci tədris ilinin yaz semestrində təhsilə həmin universitetlərdə davam edəcəklər.Universitetin rektoru professor Akif Süleymanov həmin tələbələrlə görüşərək onları bu uğur münasibətilə təbrik edib və öz tövsiyələrini verib. Rektor tələbələrə təhsillərində müvəffəqiyyətlər arzulayıb və bu kimi proqramlarda iştirakın əhəmiyyətindən bəhs edib. O, beynəlxalq mübadilə proqramlarının gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə yiyələnməsində vacib rol oynadığını və əldə edilən bilik və bacarıqların ölkəmizin inkişafı üçün zəruri olduğunu vurğulayıb.Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti hazırda Erasmus+ mübadilə proqramı çərçivəsində Avropanın İspaniya, Almaniya, Rumıniya, Slovakiya, Polşa, və s. kimi ölkələrinin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq edir.Almaniya, Rumıniya və Polşada təhsil alacaq həmin tələbələrin bütün xərcləri Erasmus+ proqramı çərçivəsində Avropa Birliyi tərəfindən qarşılanır.
Menecment kafedrasının baş müəllimi Mobil Ələkbər oğlu Məsimov ömrünün 67-ci ilində vəfat etmişdir. Azərbaycan Texnologiya Universiteti rəhbərliyi və kollektivi kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.
Qloballaşmanın ən yüksək dövrünü yaşadığımız bir zamanda ölkənin inkişaf etməsi, dövlətlər arasında aparılan acımasız rəqabətdə geri qalmaması və digər ölkələrdən istər siyasi istərsə də iqtisadi cəhətdən asılı vəziyyətə düşməməsi üçün iqtisadiyyatın möhkəmləndirilməsinin vacibliyi hər kəs tərəfindən bilinən məsələdir. Bunun üçün geniş infrastruktur layihələrinin həyata keçirilməsi hava-su kimi vacibdir. İqtisadiyyatda qeyri-neft sektorunun payının artırılması, regionların tarazlı inkişaf etdirilməsi, daxili tələbatın maksimum şəkildə yerli istehsal tərəfindən ödənilməsi və ixracatın artırılması üçün istehsal sahələrinin genişləndirilməsi və təşviqi bu istiqamətdə atılacaq əsas addımlardandır. Qarşımızda duran əsas prioritet məsələlərdən biri də ölkənin enerji təhlükəsizliyinin təmin edilməsidir. Həm paytaxt Bakının, həm də regionların fasiləsiz enerji tələbatının təmin edilməsi istiqamətində icra olunan fəaliyyətlər kifayət qədər qənaətbəxş hesab edilə bilər. Müstəqilliyimizin ilk illərində regionlarda tez-tez elektriklər kəsilirdi. Təbii qazın verilməsi isə demək olar ki çox yerlərdə dayandırılmışdı. Ümummilli lider Heydər Əliyevin layihələndirdiyi və 1994-cü il sentyabr ayının 20-də Bakıda Gülüstan sarayında dünyanın öndə gedən neft şirkətləri ilə dövlətimiz arasında imzalanan “Əsrin Müqaviləsi” sürətli inkişafımızın təməli oldu. “Əsrin müqaviləsi”ndən aldığımız bu təkanın ətalətə uğramaması üçün və zaman keçdikcə daha da sürətlənməsi üçün yeni-yeni infrastruktur layihələrinin həyata keçirilməsinə ehtiyac var idi. Bu istiqamətdə atılan addımlar Azərbaycanı xarici investorlar üçün cazibədar hala gətirdi. Cari ilin 11 fevral tarixində Prezident İlham Əliyevin açılışını etdiyi “Qobu” Enerji Qovşağı bu silsilənin davamı kimi dəyərləndirilə bilər. Ölkə Prezidenti AZƏRTAC-a verdiyi müsahibəsində “Qobu” Enerji Qovşağının son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biri olduğunu bildirdi və qeyd etdi ki, çox qısa zaman kəsiyində nəhəng enerji obyektlərinin inşa edilməsi Azərbaycanın güclü imkanlarından xəbər verir. Prezident İlham Əliyev “Qobu” Enerji Qovşağının ölkənin enerji təhlükəsizliyinin təmin olunması prosesinə böyük töhfə verdiyini bildirdi. Gücü 750 meqavat olan Yaşma yarımstansiyası və 385 meqavat gücündə olan “Qobu” elektrik stansiyasının qısa müddətdə daxili imkanlar vasitəsi ilə istifadəyə verilməsi Azərbaycanın enerji ölkələrindən birinə çevrildiyini göstərir. Prezident İlham Əliyev Azərbaycanın artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkəyə çevrildiyini bildirdi. Ötən il ərzində Azərbaycan 27 milyard kilovat/saat elektrik enerjisi istehsal etmiş və bunun 1.6 milyard kilovat/saat miqdarını ixrac etmişdir. Həm daxildə, həm də xaricdə ölkəmizin enerji gücünə olan tələbatın günü-gündən artması yeni enerji layihələrinin gerçəkləşdirilməsinə sövq edir. Azərbaycanın yerli imkanları hesabına nəhəng enerji obyektlərinin inşa edilməsi ölkənin həm maliyyə və texniki imkanlarından, həm də bu sahədə ixtisaslaşmış kadrlardan xəbər verir. Ölkə Prezidenti müsahibəsində Azərbaycanın qonşu ölkələrə ixrac etdiyi elektrik enerjisinin getdikcə artdığını qeyd etdi. Ötən il ərzində Türkiyə, Rusiya, Gürcüstan və İrana 1.6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilmişdir. Neft, qaz və elektrik enerjisi hal-hazırda həm ölkənin həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Prezident İlham Əliyev Azərbaycanın bütün qonşu ölkələrə xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən nadir ölkələrdən olduğunu vurğuladı. Keçən illər ərzində həyata keçirilən layihələrin uğurlu olması, ölkə iqtisadiyyatının olduqca möhkəm təməllər üzərində qurulduğunu bir daha sübut edir. Bu isə xarici investorların Azərbaycanın gələcəyinə inanması və daha çox investisiya layihələrində iştirak etmək istəklərinin artmasına gətirib çıxarır. Keçən ay dünya enerji nəhənglərindən biri kimi tanınan ACWA Power şirkəti ilə Azərbaycan arasında yeni kontrakt imzalandı. Bu kontrakt əsasında 240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyuldu. Stansiyanın gələn il istifadəyə verilməsi planlaşdırılır. BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Elektrik stansiyasının tikintisi ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar başlayıb. Mazdar Şirkəti bərpa olunan enerji mənbələrinin işlənməsi sahəsində Yaxın Şərqin ən böyük şirkətlərindən biridir. Qız qalası su anbarında İranla bərabər 280 meqavatlıq yeni elektrik stansiyasının tikintisi planlaşdırılır. Görülən bütün bu işlər Azərbaycanın bərpa olunan enerji potensialının hər gün bir az daha artmasını göstərir. Azərenerjinin hal-hazırda 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. Bundan başqa azad edilmiş torpaqlarda keçən il Güləbird, Suqovuşan-1, Suqovuşan-2, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Belə bir qısa müddət ərzində həyata keçirilən bu qədər layihələrin miqyasını təsəvvür etmək o qədər də çətin olmamalıdır. Cari il ərzində isə 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var. Xəzər dənizinin isə bərpa olunan enerji potensialının 150 min meqavatdan çox olduğu təsdiq edilmişdir. Ölkənin iqtisadi və sənaye potensialı günü-gündən artmağa davam edir. Ötən il iqtisadiyyatımız 5 faizdən çox artmışdır. Qeyri-neft sektorunun sənaye istehsalında isə təxminən 20 faiz artım müşahidə edilmişdir. Yanvar ayının göstəricilərinə görə iqtisadi artım 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalında isə 24 faiz artım hesablanmışdır. Bu isə rekord göstəricidir. Zaman keçdikcə artmağa davam edən neft və qeyri-neft ixracı, xüsusilə də enerji və qaz ixracı ölkəmizin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq. Ölkəmiz artıq sadəcə neftdən, qazdan yox, həm də elektrik enerjisinin ixracından valyuta qazanmağa davam edəcək. Bunu sabitliyimizin qarantı hesab edə bilərik.
Hikmət Məmmədli
Azərbaycan Texnologiya Universitetinin
Menecment kafedrasının assistenti
Azərbaycan Texnologiya Universitetində Qida mühəndisliyi fakültəsinin dekanı vəzifəsinə seçki keçirilib. Bu gün baş tutan seçki Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” nın tələblərinə uyğun təşkil edilib. Gizli səsvermənin nəticəsinə əsasən dosent Mehman Telman oğlu İsmayılov Qida mühəndisliyi fakültəsinin dekanı vəzifəsinə seçilib. Mehman İsmayılov Azərbaycan Elmi-Tədqiqat “Aqromexanika” İnstitutunda baş laborant (2004), Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasında elmi işçi (2009-2010), Azərbaycan Dövlət Aqrar Universitetinin Qida məhsullarının mühəndisliyi və ekspertiza kafedrasında baş müəllim, dosent əvəzi, dosent (2013-2017) vəzifələrində çalışıb. 2010-2021-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasının direktoru vəzifəsində işləyən M. İsmayılov 2020-ci ildən Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və ekspertiza kafedrasında əvəzçiliklə dosent, 2021-ci ildən isə Azərbaycan Dövlət Aqrar Universitetinin Qida məhsullarının mühəndisliyi və ekspertiza kafedrasında dosenti vəzifələrində çalışır. 42 elmi əsərlərin, o cümlədən 5-i xaricdə olmaqla, 1 dərs vəsaiti, 1 tövsiyənin, 10 dərs proqramının, 4 patentin və müəlliflik şəhadətnaməsinin müəllifidir. Ailəlidir, 4 övladı var.