Hadrut Qozluçayın dərəsində, Ərgünəş dağının yaxınlığında yerləşir. Qəsəbənin dəqiq salınma vaxtı məlum olmasa da, burada həm qədim abidilərə rast gəlirik. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kəndi olaraq keçir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. 1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilmişdir, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilib. 1939-cu ildə həmin rayon öz mərkəzinin adına uyğun olaraq Hadrut rayonu adlandırılıb. 1963-cü ildə Hadruta şəhər tipli qəsəbə statusu verilib. Qəsəbədə üzüm emalı zavodu, xalça sexi, musiqi və ümumtəhsil məktəbləri, mədəniyyət evi, mərkəzi kitabxana və rayon xəstəxanası yerləşirdi. 1992-ci ildən Hadrut Xocavənd rayonunun tərkibinə daxil edilib. Minlərlə Azərbaycanlının ölüm fərmanının verildiyi Hadrut hələ 1990-cı illərdən düşmənin maraq dairəsində idi. İrəvandan, Livan, Suriya və Fransadan gələn terrorçular burada yerləşmişdi. Onlar insanların evlərini yandırmaqla, hədə qorxu gəlməklə yaşayış yerlərindən didərgin salmaq istəyirdilər. Getdikcə onların vəhşilikləri daha da artırdı. İnsanları öldürüb yol kənarlarına atırdılar. Bununla da azərbaycanlıların yaşadığı kəndlərin işğalına start verilmişdi. Elə 1990-cı ildən başlayaraq azərbaycanlıların kəndə giriş-çıxışına icazə verilmirdi. 2 oktyabr 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni qoşunları Hadrutu ələ keçirmişdi. Onlar “Ohanyan səddi”ni keçilməz bildikləri kimi, “Hadrut”u da alınmaz qala hesab edirdilər. Bu düşüncələr 27 sentyabr 2020-ci ilə qədər davam etdi. Çünki haqq savaşımızın 13-cü günündə artıq Hadrut Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. 2020-ci il oktyabrın 7-dən başlayaraq ağır artilleriya döyüşləri başladı, oktyabrın 9-da isə Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Hadrud uğrunda təxminən 2-3 gün davam etdi. Amma bu asan yolla başa gəlməmişdi.Çünki Hadrut dağlıq relyefə malik o qədər çətin mövqedə yerləşir ki, onu azad etmək üçün dağı aşmaq lazım idi. Elə bu səbəbdən də ermənilər Hadrutu “alınmaz qala” hesab edirdilər. Heç bir ağır texnikanın aşa bilmədiyi bu dağı ordumuz texnikasız aşaraq, əzmlə, hünərlə döyüşərək, 30 ildə qurulmuş istehkam qurğularını dağıdaraq düşməni öz silah sursatlarını qoyub qaçmalarına məcbur etmişdi. Bu çətin əməliyyat ordumuz üçün çox böyük əhəmiyyət kəsb edirdi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Hansı ki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən - Laçın dəhlizindən və Qırmızı Bazar tərəfdən gözləyirdi. Hadrutda döyüşən qəhrəman hərbiçilərimizin danışdıqlarından sitat gətiərək bir neçə cümləni diqqətə çatdırmaq istəyirəm: ”Hadrutu azad etmək üçün Cəbrayılın Süleymanlı kəndindən, Hadrutun sol cinahından daxil olduq. Yolu bağladıq. Ara-sıra kiçik qruplar müqavimət göstərirdi. Artıq bir neçə saat sanra işıqlar söndü. Orada yaşayan insanların kənddən çıxması üçün komandanlıq tərəfindən icazə verildi. Kənd boşaldıldı. Qalan bir neçə nəfərlik diversant qrupları tərəfimizdən məhv edildi ” - bu cümlələr elə bizim-Azərbaycan xalqının onlardan nə qədər üstün olduğunu bir daha sübut etdi. Çünki biz, onlara Xocalı, Qaradağlı, Ağdaban, Başlıbel, Ballıqaya soyqrımlarını ermənilər üçün təkrar etmədik. Hadrutun azad olunması düşmənin bütün fikirlərini alt üst etmişdi. Onlar artıq, digər torpaqları da qaytaracaqlarına əmin idilər.Amma boyunlarına almaq istəmirdilər. Atəşkəs bəyanatından bir gün sonra burada Xocavənd rayonu baş polis idarəsinin qərargahı, daha sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi yerləşdirildi.1 fevral 2021-ci ildə etibarən Hadrutda Füzuli Poçt filialının Müştəri xidmətləri şöbəsinin agentliyi fəaliyyətə başladı. 15 martda qəsəbəni ziyarət etmiş Azərbaycan Respublikasının prezidenti İlham Əliyev uzunluğu 43 km olan Hadrut -Cəbrayıl - Şükürbəyli və uzunluğu 13 km olan Füzuli - Hadrut iki avtomobil yolunun təməlini qoydu. 26 iyun 2021-ci ildə Hadrutda İkinci Qarabağ müharibəsində həyatını itirmiş əsgər və zabitlərin xatirəsinə inşa edilmiş "Dəmir yumruq" abidə kompleksinin açılış mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə 2021-ci il oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə gəldi. Dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoydu, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış oldu, 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoydu. Hadrutun inkişafı ilə bağlı müxtəlif göstərişlər verən cənab prezident, həmçinin buranı mədəniyyət və turizm mərkəzinə çevirmək əzminə sahib olduğumuzu da vurğuladı. Çünki Hadrut turizm üçün çox əlverişli təbiətə malikdir. Cənnətə bənzəyən meşələrə, çaylara, tarixi binalara sahibdir. Həmçinin ölkə rəhbəri kənddə əhalinin məşğuliyyəti üçün maldarlıq, bitkiçilik və üzümçülüyün inkişaf etdiriləcəyini diqqətə çatdırıb. Ümid edirik ki, gün gələcək Hadrut qəsəbəsi beynəlxalq arenada ən gözəl turizm mərkəzinə çevriləcək. QARABAĞ AZƏRBAYCANDIR!
Zeynəb Məmmədli
Azərbaycan Texnologiya Universitetinin
Turizm sənayesinin təşkili və ekologiya kafedrasının baş müəllimi
Azərbaycan Texnologiya Universitetində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən “Zəfər yolu” adlı anım tədbiri keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, UTECA rəhbərliyi və tələbələr iştirak edib. Çıxış edənlər Dəmir Yumruq əməliyyatından, əldə edilən böyük zəfərdən danışıb, qələbədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, şəhid və qazilərimizin şücaətindən danışılıb. Tədbirdə Azərbaycan Texnologiya Universitetinin şəhid məzun və tələbələrini tanıdan videoçarx nümayiş olunub. Sonda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Vətən müharibəsi şəhidlərinin xatirələrinə həsr edilən nəşrləri tələbələrə hədiyyə ediblər. “Zəfər yolu” anım tədbirinin keçirilməsində məqsəd şəhid qəhrəmanlarımızı tanıtmaq, onların döyüş yolunu təbliğ etmək, gənclər arasında belə qəhrəmanların əməllərini yaşatmaq, onların xatirəsini daim uca tutmaqdır.
Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi ilə Macarıstanın Azərbaycandakı Səfirliyinin, eləcə də Macarıstanın müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrinin görüşü keçirilib. Görüşdə Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışılıb, Azərbaycan Texnologiya Universitetinin Macarıstan universitetləri ilə müəllim-tələbə mübadiləsi, ikili diplom proqramları sahəsində əməkdaşlıqda maraqlı olduğu bildirilib. Səfirlik nümayəndələri Macarıstan və Azərbaycan arasında yüksək səviyyədə diplomatik və siyasi əlaqələrin mövud olduğunu, bu əlaqələrin təhsil sahəsini də əhatə etdiyini qeyd edib, universitetlər arası əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Macarıstan nümayəndə heyəti ilə nteraktiv və məhsuldar keçən görüşdə mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Koronavirusla mübarizədə vətəndaş məsuliyyəti böyük əhəmiyyət kəsb edir. İstər yaxın, istərsə də uzaq çevrəmizdən qorunmaq və qorumaq üçün profilaktik tədbirlərin görülməsi, həmçinin gigiyenik qaydalara riayət etdilməsi lazımi xarakter daşıyır. COVID-19 virusuna qarşı təsdiq edilən 4 peyvənd növü var ki, hər biri Avropa Dərman Peraparatları Agentliyi tərəfindən elmi cəhətdən sınaqdan keçirilmiş və təhlükəsizlik standartlarına cavab verdiyi təsdiq edilmişdir. Peyvənd yaş həddi 18-dən yuxarı olar bütün vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Statistikaya əsasən demək olar ki, 2 milyondan artıq əhali vaksinasiya olunub. Bu isə öz növbəsində virusun kəskin şəkildə yayılmasının qarşısını alır. Vaksin immunitet sistemini gücləndirmək üçün müəyyən infeksiyalara qarşı daha effektiv mübarizə aparmağa kömək edir. Artıq orqanizm bakteriya və ya virusla rastlaşdıqda necə mübarizə aparacağını bilmiş olur. Əhali üzrə yaş kateqoriyasına nəzər yetirsək, yaranan bu virusun daha çox yaşlı nəsildə əks təsirini görə bilərik. Bəs sual oluna bilər ki, gənc nəslin COVID -19 virusuna yoluxması qaçınılmazdırmı? Gənc nəsildə immunitet sisteminin yaşlı nəsilə nisbətən daha güclü olmasını nəzərə alarsaq, bu zaman yoluxan hər hansısa bir gəncin bu xəstəliyi keçirməsi təbii ki, yaşlı nəsilə nisbətdə dəfələrlə yüngül formada ola bilər. Ancaq gənc nəsil bu xəstəliyi yüngül və simptomsuz keçirməsinə baxmayaraq daşıyıcı hesab edilir. Bu da aydın məsələdir ki, onların kütləvi kollektivdə olmaları həmin insanları təhlükə altında qoyur. Bunun üçün isə daha məsuliyyətli və diqqətli davranmaq ən vacib nüansdır. Dünya üzrə aparılan müşahidələrə görə COVID-19 virusunun yarana bilən yeni ştammına qarşı mübarizədə peyvəndin əvvəlkindən daha güclü növünün tətbiq edilməsi zəruri hal yaradır. Araşdırılmalara görə peyvəndin virusdan qoruma səviyyəsi minimuma endikdə yoluxma ilə yenidən üzləşə bilmə ehtimalımız qaçınılmaz hal almış olur. “Buster” (qüvvətləndirici) dozası isə immunitet sistemini yenidən gücləndirməyi və peyvəndin effektivliyini artırmağı qarşıya məqsəd olaraq qoyur. Bəs üçüncü doza vaksin kimlərə şamil edilə bilər? Daha çox risk qrupuna daxil olan yaşı 50-dən yuxarı olan, tibb işçiləri, xroniki xəstəlikləri olan şəxslər üçün nəzərdə tutulur. Daha çox düşünülən məsələlərdən biri də vaksinasiya nəticəsində müxtəlif fəsadların olması ehtimalıdır. Lakin nəzər yetirsək görə bilərik ki, xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin bu virusa qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Yəni bu kimi xəstəlikləri olan şəxslər vaksinasiyası olunduqdan sonra heçbir ciddi problem ilə üzləşməyiblər. Statistikaya nəzər salsaq artıq yeni vaksinasiya olunmanın zəruriliyini görə bilərik. Demək olar ki, müxtəlif xarici ölkələrdə buster dozasının vurulmasına başlanılmış və bu proses bizdə də ən yaxın zaman çərçivəsində tətbiq edilməlidir. Beynəlxalq təcrübəyə nəzər yetirdikdə isə buster dozasının immuniteti öncəki dozalardan üç dəfə artıq gücləndirdiyi müşahidə olunub. Məlumatlara əsasən, buster dozasının istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətli xarakter daşıyır. Bu profilaktik tədbirlər nəticəsində isə yoluxma və ölümlərin azalmasını təmin edə bilərik.
Adilə Həsənova
Turizm sənayesinin təşkili və ekologiya
kafedrasının assistenti
11 oktyabr 2021-ci il tarixində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması ve İnkişaf Etdirilməsi" EQAC” layihəsi üzrə yekun konfrans keçirilib. Azərbaycan Texnologiya Universitetinin də partnyor olduğu bu layihənin yekun konfransında Tədris işləri üzrə prorektor Vüqar İsmayılov, Keyfiyyət təminatı və audit şöbəsinin mütəxəssisi Jalə Həmzəyeva və layihə meneceri İlahə Qurbanova iştirak ediblər. Onlayn formatda təşkil olunan tədbirdə layihə koordinatorunun təqdimatında 4 il müddətində layihə çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr, yerli tərəfdaş universitetlərin uğur hekayələri, eləcə də beynəlxalq ekspertlərin layihənin Azərbaycanda ali təhsilin keyfiyyətinin artırılmasına verdiyi töhfələr barədə hesabatlar dinlənilib.
Hərb tariximizə qızıl hərflərlə yazılan şanlı Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalından azad edilməsi ilə nəticələndi. Bu böyük qələbənin və Qarabağa böyük qayıdışın başlanğıcı idi. Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur etdi. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olundu. Və biz cəbhədən gələn hər qələbə xəbərini nəfəs almadan dinləyir, düşmənin məhv olan texnika və canlı qüvvəsinin videogörüntüsünü gördükcə qisasın qiyamətə qalmadığını görürdük. Hər bir azərbaycanlı eyni hissləri keçirirdi - Xocalı, Kəlbəcər, Zəngilan və ümumilikdə öz yurdundan didərgin, şəhid düşənlər! Qanınız yerdə qalmır deyirdik! Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan etdi. Prezident müraciətində oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu bildirdi. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon idi və nə xoşbəxt xalqıq ki, bu bütöv Qarabağın azad olunması ilə nəticələnən bir savaş oldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşmüşdür. Müharibədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis olundu. Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər. Bu mənim üçün də bir qürur mənbəyidir, çünki bu təltif olunanlar içərisində mənim ailəmin də payı vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 4-də azad Cəbrayıla səfər etmiş, bir sıra tədbirlərdə iştirak etmiş, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoymuşdur. Görüşdə çıxış edən dövlət başçımızın müraciəti hər bir cəbrayıllının ürəyini fərəh hissi ilə doldurur: “Cəbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk görüşümdür və bu görüşü məhz oktyabrın 4-də keçirmək xüsusi məna daşıyır. Çünki düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi və bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdim. Ona görə “Cəbrayıla xoş gəlmisiniz” demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər”. Çıxışına davam edən dövlət başçımız Cəbrayılın azad olunmasının böyük əhəmiyyətini vurğuladı: “Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi. Amma ondan sonra bir həftə ərzində şiddətli döyüşlər getdiyi zaman hər hansı bir yeni yaşayış məntəqəsini azad etmək mümkün olmamışdır. Yəni, müharibənin obyektiv gedişatı bunu diktə edirdi və oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun bir neçə kəndi işğalçılardan azad edildi. Bu, Ordumuza əlavə mənəvi güc verdi. Oktyabrın 4-də cəbrayıllıları və bütün Azərbaycan xalqını mən bu xoş müjdə ilə sevindirmişdim - Cəbrayıl şəhəri azad edilmişdir! Bir il bundan əvvəlki dövrə qayıtsaq Qələbəmizin əzəmətini bir daha görərik. Çünki müharibə getdiyi zaman, əlbəttə, bizim gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirmək, işğal edilmiş bütün torpaqları azad etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün heç vaxt yox idi və buna heç gərək də yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad olunmasından bir il keçməsindən sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti olmuşdur. Eyni zamanda, məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Fürsətdən istifadə edərək bir daha əziz şəhidlərimizin xatirəsini yad etmək istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Mehriban Aslanova
Azərbaycan Texnologiya Universitetinin
Qida mühəndisliyi və ekspertiza kafedrasının
baş müəllimi, texnika üzrə fəlsəfə doktoru