Elmi nailiyyətlər

Azərbaycan Texnologiya Universitetində elmi-tədqiqat sahəsində son bir ildə artım dinamikası müşahidə edilib. Əhəmiyyətli dərəcədə irəliləyiş elmi-tədqiqat fəaliyyətinin statistik göstəricilərində öz əksini tapır. Belə ki, son 6 ayda professor-müəllim heyətinin 85%-dən çoxunun Google Scholar platformasında kabineti yaradılıb. Qeyd edək ki, 2020-ci ildə belə kabinetlərin sayı cəmi 3, 2021-ci ildə isə 10 olub. Scopus və Clarivate Analytics bazalarına daxil olan nüfuzlu elmi jurnallarda dərc edilən məqalələrin sayı 2020-ci illə müqayisədə 5 dəfə, 2021-ci illə müqayisədə isə 2.5 dəfə artıb. Belə məqalələrin sayı 2020-ci ildə 3, 2021-ci ildə 6, 2022-ci ildə isə 15 olub. Artan dinamika respublika elmi jurnallarında da özünü göstərib. Belə ki, respublika elmi jurnallarında 2020-ci ildə 92, 2021-ci ildə 77 məqalə dərc edildiyi halda, 2022-ci ildə 138 məqalə işıq üzü görüb. ATU əməkdaşları tərəfindən alınan patentlərin sayına gəlincə göstərici son 5 ildə 11 olub. Nailiyyətlər ATU-nun elmi-tədqiqat fəaliyyətində yeni dövrə qədəm qoyması ilə bağlıdır. Belə ki, kafedralarda aparılan GZİT analizi, keçirilən görüşlər, mükafatlandırma kimi stimullaşdırıcı tədbirlər, mövzulara yenidən baxılaraq kafedralararası əlaqələrinin təmin edilməsi və sənaye müəssisələrinin tələblərinə uyğunlaşdırılması müsbət nəticəsini verib. Müvafiq dövlət proqramlarının tələbləri əsas götürülərək kafedralar qarşısında qoyulan tələblər və son altı ayda 10 sənaye müəssisəsi ilə imzalanan əməkdaşlıq memorandumu Azərbaycan Texnologiya Universitetinin elmi-tədqiqat sahəsində daha çox nailiyyətlərə imza atacağından xəbər verir.