Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

6 sentyabr Dünya Kitab Oxuma Günüdür

Dünyada nə qədər kitab var belə,

Çalışıb, əlləşib, gətirdim ələ.

Oxudum, oxudum sonra da vardım.

Hər gizli xəzinədən bir dürr çıxardım.

 

Nizami Gəncəvi Kitab oxumaq keçmişimiz və gələcəyimiz arasında bir körpü yaradır. 

UTECA-da növbəti tyutor hazırlığı kursu başa çatıb

Azərbaycan Texnologiya Universitetində növbəti tyutor hazırlığı kursu başa çatmışdır Azərbaycan Texnologiya Universitetində 2021-ci ilin 31 may tarixindən başlamış və həftənin beş iş günü olmaqla üç ay müddətində davam etmiş növbəti tyutor hazırlığı kursu başa çatmışdır. Onlayn formatda keçirilən tyutor hazırlığı kursu Universitetin “Avtomatika, informatika və telekommunikasiya” fakültəsinin dekanı Azər Hüseyn, “Yüngül sənaye mühəndisliyi və logistika” fakültəsinin dekan müavini Sədir Quliyev və “Qida mühəndisliyi” fakültəsinin dekan müavini Nəbi Mehdiyev tərəfindən aparılmışdır. Kurslarda Azərbaycan Texnologiya Universitetinin əməkdaşları və magistrları, eləcə də universitetdən kənar şəxslər olmaqla 16 nəfər iştirak etmişdir. Kursun müdavimlərinin imtahanda göstərdikləri nəticələrdən asılı olaraq müvafiq sertifikatlarla təltif olunması nəzərdə tutulur. 

Azərbaycan Texnologiya Universiteti əmək bazarının aparıcı iştirakçıları ilə əməkdaşlığı davam etdirir

“Daşkəsən” dəmir filizi yatağının işlənməsinə dair ictimai müzakirə keçirilib. “Daşkəsən Dəmir Filiz” MMC ilə Daşkəsən rayon İcra hakimiyyətinin birgə təşkil etdiyi müzakirələrdə Azərbaycan Texnologiya Universitetinin əməkdaşları da iştirak edib. Azərbaycan Texnologiya Universitetini Yüngül sənaye mühəndisliyi və logistika fakultəsinin dekanı, dosent Nazim Vəliyev və Kimya və metallurgiya mühəndisliyi kafedrasının dosenti Arif Əskərov təmsil edib. Sahədə üstaçma, dəmir filizinin çıxarılması, nəqli və anbarlaşdırılması işlərində ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin layihəsinə əsasən, əhatə dairəsinin (iş həcminin) müəyyən edilməsi məqsədilə keçirilən görüşə Gəncə Dövlət Universiteti, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri, bələdiyyə və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri də qatılıblar. İctimai iştirakçılıq haqqında qanunvericiliyə uyğun olaraq təşkil edilən görüşdə mütəxəssislər tərəfindən yataqların işlənməsinin ilkin mərhələsi, filiz mədənləri və ərazilərində ilkin vəziyyətə dair 2020-ci ilin oktyabr ayından etibarən aparılan ekoloji monitorinqlər barədə məlumat verilib. Qeyd olunub ki, istismarı aparılacaq filiz sahəsi və ətraf ərazilərdə təfsilatlı ekoloji monitorinq və tədqiqat işləri davam etdirilir. İstehsalat prosesi nəticəsində yaranan bütün növ tullantıların qanuna uyğun şəkildə idarə olunması, eləcə də su və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi və digər konkret tədbirlər sənəddə öz əksini tapacaq. Görüş iştirakçıları tərəfindən ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun işlənilməsinin və sənəddə öz əksini tapan tədbirlərin icrasının vacibliyi xüsusilə qeyd edilib. Bununla yanaşı, görüş iştirakçıları və ekspertlər tərəfindən ekoloji monitorinq və ətraf mühitin idarə edilməsi tədbirlərinə dair bir sıra təkliflər səsləndirilib. Müzakirələrin gedişində səsləndirilən təkliflər baxılması və sözügedən sənədə daxil edilməsi üçün protokollaşdırılıb. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə “AzerGold” QSC-yə ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərlə bağlı səlahiyyətlər həvalə edilib. Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar bütün səhmləri Cəmiyyətə məxsus olan ilk törəmə şirkət - “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti ötən ildən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. MMC Prezident İlham Əliyevin 06 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Daşkəsən dəmir filizi yataqlarının istismara verilməsi ilə bağlı kompleks işlərin icrasını davam etdirir. Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir filiz yataqlarının hasilata verilməsi və qara metallurgiya məhsullarının istehsalı üçün keyfiyyətli xammala olan təlabatın ödənilməsidir. 


Magistraturaya qəbulda rekord qeydə alınıb

Azərbaycan Texnologiya Unversitetində UTECA magistraturaya qəbul olunanların sayında ən yüksək nəticə 2021-ci ildə qeydə alınıb. 2021-ci ildə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən Azərbaycan Texnologiya Universitetinə 216 magistrant qəbul olunub. Onlardan 200 nəfəri əsas müsabiqədə, 16 nəfəri isə əlavə yerləşdirmə zamanı qeydiyyatdan keçib. Bununla da cari ildə universitetin magistratura səviyyəsinə qəbul faizi təxminən 95% təşkil edib. Bu universitetin magistraturaya qəbul tarixində ən yüksək göstəricidir. Azərbaycan Texnologiya Universitetində magistrantların sayının artırılması gələcəkdə universitetin tədqiqat universitetinə çevrilməsinə, elmi fəaliyyətin və təhsil-elm-istehsalat əlaqələrinin güclənməsinə şərait yaradacaq.

UTECA Cənubi Koreya ilə əməkdaşlığı genişləndirir

Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və dünya universitetləri ilə əlaqələrin genişləndirilməsi vasitəsilə universitetin beynəlmiləlləşdirilməsi strategiyasına uyğun olaraq, Azərbaycan Texnologiya Universiteti (UTECA) Koreya Respublikasının Honam Universiteti ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb. Sənədi Azərbaycan Texnologiya Universitetinin rektor vəzifəsini icra edən dosent Yaşar Ömərov və Honam Universitetinin prezidenti Park Sang Choel imzalayıb. Memorandum təhsil və tədqiqat sahəsində hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Memoranduma əsasən, universitetlər arasında müəllim-tələbə mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Texnologiya Universiteti Honam Universiteti ilə birgə Koreya Fondu tərəfindən maliyyələşdirilən layihədə tərəfdaş kimi çıxış edəcək. KF E-school layihəsi çərçivəsində universitetin tələbələrinə 2021-ci ilin sentyabr ayından etibarən Honam Universitetinin əməkdaşları tərəfindən Koreya dilinin tədrisi nəzərdə tutulub.  

Postmüharibə dövrü. Qayıdış üçün bizə zaman lazımdır

Azərbaycan xalqı hər zaman mübariz bir xalq olduğunu tarix boyu baş vermiş müharibələrdə göstərmişdir. Həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Vətən müharibəsində əsgərlərin cəsurluğu, igidliyi bir daha bu xalqın basılmaz olduğunu sübut etdi.  44 günlük müharibə bizə çox məqamları öyrətdi. Xalq birliyi, xalq həmrəyliyi, xalqın inamı qələbə qazanmağa vəsilə oldu. Müharibə dövründə hər kəsin gücü nəyə çatdısa onunla hərbçilərə kömək etməyə çalışdı. Bu işdə ziyalı da, kəndli də, sahibkar da, hərbçi də, təqaüdçü də səfərbər olaraq qələbəyə doğru aparan yola öz töhfəsini vermiş oldu. Sonda xalqın Ali Baş komandan ətrafında birləşməsi, müharibənin hüquqi müstəvidə baş verməsi, Azərbaycan Ordusunun böyük qəhrəmanlıq və peşəkarlıq göstərməsi mənfur düşmən üzərində qələbə çalmağa şərait yaratdı.  Müharibə bitəndən sonra azad olunmuş torpaqlarda insanların məskunlaşması, yerli infrastrukturun bərpası, sosial və iqtisadi islahatların aparılması ilə bağlı layihələr işlənib hazırlanmağa başlandı. 30 il ərzində məhv olmuş ərazilərdə yeni həyatın bərpası, əlbəttə ki, zaman tələb edir. Ancaq qeyd etmək lazımdır ki, bu qayıdış daha möhtəşəm olacaqdır. İşğaldan azad olunmuş ərazilərə yeni nəfəsin gəlməsi ilə bu ərazilərimiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir. Həmin ərazilərdə infrastruktur layihələri fasiləsiz icra olunur.  Dövlət başçısının təməlqoyma mərasimlərində iştirakı böyük əhəmiyyətə malikdir. Belə ki, Fizulidə, Laçında  Hava Limanlarının açılması bu ərazilərə çox sayda turist cəlb edəcək. Xarici dövlətlərdən gələn insanlar bu dilbər güşələrin gözəllikləri ilə həm tanış ola biləcək, həm də ölkəmizə valyuta axınını sürətləndirəcək.  İşgaldan azad olunmuş Kəlbəcərdə mövcud olan Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək və s. mineral bulaqlar burada müalicə, sağlamlıq və rekreasiya turizminin inkişafına köməklik göstərəcək. İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir və insanların həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək üçün istifadə olunur. İstisu bulağı üstündə yeni iri kurort və mineral sudoldurma zavodu tikilərək istifadəyə verilməsi həm yeni iş yerlərinin açılmasını, həm də ölkə büdcəsinin zənginləşməsini təmin edəcəkdir.  Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Xocavənd rayonunun Tuğ kəndində gözəlliyi ilə insanların ruhunu oxşayan meşə massivləri, təmiz bulaqları, flora və fauna müxtəlifliyi ekoloji, kənd və ailə  turizminin inkişafı üçün geniş imkanlar açacaq. Adı dillər əzbəri olan Laçının da torpaq-iqlim şəraiti, havası, bulaqları, xalq sənəti nümunələri, təbii xammal ehtiyatları buranın müasir bir turizm məkanına çevrilməsinə imkan yaratmış olacaq. Laçın ərazisində toxuculuq sənəti  inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır. Postmüharibə dövründə burada da hər bir sahədə olduğu kimi aparılan sosial-iqtisadi islahatlar, xalçaçılıq sənətinin bərpa edilməsi,  maarifləndirici, dərketmə, dağ, speleoturizm və digər turizm növlərinin inkişaf etdirilməsi ölkəmizin dünyada daha da tanınmasına, daha böyük marağa səbəb olmasına zəmin yaradacaq.  Ümumilikdə, işgaldan azad olunmuş torpaqların bərpası və canlanması, oraya yeni nəfəsin verilməsi üçün vaxt tələb olunur. Biz ümid edirik ki, qısa zaman kəsiyində bu torpaqlara yaşamağa qayıdacağıq, bu torpaqları diriltməyə çalışacağıq və təkcə düşmənlərimiz yox, onların havadarları da Azərbaycan dövlətinin, Azərbaycan Respublikası Prezidentinin  və Azərbaycan Xalqının necə güclü və məğlubedilməz olduğunu görəcəklər.  Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

 

  Afət Qasımova

“Qida mühəndisliyi və ekspertiza” kafedrasınının dos.əv.