Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Əcnəbilərin cəlbinin təşviqi və təhsilinin təşkili məqsədilə Bakıda təlim keçirilib

Əcnəbilərin cəlbinin təşviqi və təhsilinin təşkili məqsədilə Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoru tərəfindən Bakıda təlim keçirilib Təhsil Nazirliyinin “Ali təhsilə cəlb olunmuş əcnəbi vətəndaşların sayının artırılması” fəaliyyət planının 1.13.-cü bəndinə əsasən əcnəbilərin cəlbinin təşviqi və təhsilinin təşkili məqsədilə ali təhsil müəssisələrinin fəaliyyət planlarının formalaşmasının təşviqi nəzərdə tutulur. Bu kontekstdə Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoru tərəfindən 14.07.2021-ci il tarixində ATM-lərin əcnəbilərin qəbulu ilə məşğul olan əməkdaşları üçün ATM saytı, marketinq, reytinq, təhsil sərgiləri və portalları üzrə Bakı şəhərində təlim keçirilib. İnteraktiv şəkildə keçirilmiş tədbirdə universiteti Elm və xarici əlaqələr mərkəzinin əcnəbilərin hazırlığı üzrə mütəxəssisi İlahə Qurbanova təmsil edib. 

UTECA-da ``Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsinin görüşü keçirilib

Bugün Azərbaycan Texnologiya Universitetində (UTECA) Asiya İnkişaf Bankının maliyyələşdirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində növbəti görüş baş tutub.  Görüşdə UTECA-nın rektor əvəzi  Yaşar Ömərov, Asiya İnkişaf Bankından layihənin rəhbəri Səbinə Cəfərova, almaniyalı ekspert, Steinbeis şikətinin direktoru Jürgen Raizner, layihələrin idarə olunması ofisinin əməkdaşı Afaq Cavadova, yerli ekspert Turan Süleymanov və layihənin UTECA üzrə koordinatoru Seymur Sadıxov iştirak edib.  Yaşar Ömərov qonaqlara universitetdə biznes, startap, inkubasiya və innovasiya məsələri ilə bağlı mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, Azərbaycan Texnologiya Universiteti sözügedən layihənin icrasında maraqlıdır və bu əməkdaşlıq xüsusilə də bölgə tələbələrinin startap potensialının üzə çıxarılması baxımından münbit şərait yaradacaq. Səbinə Cəfərova Asiya İnkişaf Bankının fəaliyyəti, regionlarda innovasiya və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin adıçəkilən fəaliyyətlərdə müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb. Almaniyadan olan ekspert Jürgen Raizner isə Avropada bu təcrübənin mahiyyətindən, startap, sənaye və universitet əməkdaşlığının əhəmiyyətindən bəhs edib: "Layihə çərçivəsində təhsilalanların startaplar haqqında məlumatlılıq səviyyəsi öyrəniləcək, startapların idarə olunması ilə bağlı təlimlər veriləcək, universitet strategiyasının innovasiyalar və startaplar baxımından təhlili imkanı yaranacaq, informasiya transferi təmin olunacaq və ən nəhayət universitetin startaplarla bağlı yerli və beynəlxalq əlaqələri genişlənəcək". Sonda Avropa təcrübəsinin Texnologiya Universitetində yerli şəraitə uyğunlaşdırılmış formada tətbiqilə bağlı strateji planın hazırlanmasına dair detallar müzakirə edilib.

Tolerantlıq məkanı Azərbaycan

Tolerantlıq məkanı Azərbaycan Azərbaycan dünyada ayrı-ayrı xalqların və dinlərin mehriban yaşadığı bir ölkə kimi tanınır. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Müxtəlif dövrlərdə ölkəmizdə fərqli dinlərdən olan insanlar üçün də ibadət yerləri, kilsələr, sinaqoqlar fəaliyyət göstərib və hazırda da onlar öz fəaliyyətlərini davam etdirirlər. Heç kimə sirr deyil ki, Azərbaycanda dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir-birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayanır. Bu da onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Məzmunca multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında da multikulturalizmlə bağlı fikirlər səsləndirmiş və ölkəmizin dünyaya dözümlülük və birgəyaşayış nümunəsi təqdim etdiyini əminliklə vurğulamışdır. Ölkə başçısı demişdir: “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik. 2008-ci ildə Azərbaycan tərəfindən başladılmış “Bakı Prosesi” müsəlman dünyası və Avropa arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır, həmçinin BMT tərəfindən dəstəklənir. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə “mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma” kimi tanınmışdır”. Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, ənənələrimizə, köklərimizə böyük hörmətlə yanaşırıq. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixə malik Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi - bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi Sinaqoqu açıldı. Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, qalanı isə xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 600-ə yaxın dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Misal üçün, bütün dünyada dağ yəhudilərinin yığcam halda yaşadığı yeganə yaşayış məntəqəsi Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədir. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Bununla bağlı "Bərabərlik hüququ" (maddə 25, bənd 3), "Milli mənsubiyyət hüququ" (maddə 44, bəndlər 1, 2), "Ana dilindən istifadə hüququ" (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək mümkündür. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çox mədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran mühüm amillərdən danışarkən, ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək vacibdir. Ölkə başçısı müxtəlif tədbirlərdə, irimiqyaslı beynəlxalq toplantılarda çıxışı zamanı mütləq multikulturalizm məsələsinə yer ayırır və bunun vacibliyini vurğulayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə dünyaya sülh mesajı verdi. Eyni zamanda, bu addımla bir daha təsdiq olundu ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgə yaşa-yışının, onların inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır.

 

Heyran Cəfərova  Azərbaycan

Texnologiya Universitetinin müəllimi   


Məzunlara diplomların təqdimetmə mərasimi keçirilib

Azərbaycan Texnologiya Universitetində məzunlara diplomların təqdimetmə mərasimi keçirilib Azərbaycan Texnologiya Universitetinin (UTECA) 2020/2021-ci tədris ilinin məzunlarına diplomlar təqdim edilib. Bu məqsədlə təşkil olunan tədbir universitetin həyətində ucaldılan Şəhidlər abidəsini ziyarətlə başlayıb. Tədbir qonaqları UTECA-nın şəhid məzunlarının abidəsi önünə gül dəstələri düzüblər. Tədbirdə Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Gəncə Regional Kollecin müdiri Fəxrəddin Zeynalov, Kapital Bank ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayev, pandemiya qaydalarından irəli gələrək az sayda məzunlar və valideynlər iştirak edib.Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra UTECA-nın rektor əvəzi Yaşar Ömərov açılış nitqiylə çıxış edib. Bildirib ki, Tovuz döyüşlərindən 1 il ötür: “Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi və dəmir yumruq sayəsində qazandığımız Zəfər iyul döyüşlərindən ilham almışdı. 12-16 ilyul, 2020-ci il tarixlərində Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alan zaman yüksək rütbəli zabitlərimiz şəhid olub. Generalımız Polad Həşimovun və Polkovnik İlqar Mirzəyevin öz əsgərləri ilə çiyin-çiyinə vuruşaraq şəhid olmaları xalq birliyinin daha da möhkəmlənməsinə səbəb oldu. Düşmənin növbəti – 27 sentyabr təxribatından sonra Ali Baş Komandanın əks hücum əmrilə 27 il işğalda qalan torpaqlarımız yağı düşməndən təmizləndi - düzgün siyasət və vətənpərvər nəsil sayəsində. Vətənpərvərlik təhsildən başlayır, döyüşlərdə UTECA-nın çox sayda tələbə və məzunları iştirak edib. 44 günlük müharibədə universitetimizin 6 tələbə və məzunu şəhidlik zirvəsinə ucalıb. Biz onlarla qürur duyuruq. Təklif edirəm bütün şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək”.Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra söz qonaqlara verilib. Çıxış edənlər məzunlara həyatın yeni mərhələsində uğurlar arzu edib, məsləhət və tövsiyyələr veriblər. Məzunların çıxışının ardından diplomlar təqdim edilib. Sonda ÜOMG-si yüksək olan məzunlara hədiyyələr təqdim edilib. Qeyd edək ki, bu il UTECA-nı 470 bakalavr bitirib. Onlardan 13-ü qırmızı diplom alıb. Bu il məzun olan 72 magistrdan 26 nəfəri isə fərqlənmə diplomu əldə edib. 

Ələt Azad İqtisadi Zona

Azərbaycan rəhbərliyi ölkəni biliklərə əsaslanan iqtisadiyyatın formalaşması istiqamətində irəliləməyi qətiyyətlə öhdəsinə götürdü. Bu öhdəlik ölkənin aşağıdakı hala gəlməsini dəstəkləyir:

• Beynəlxalq iqtisadi münasibətlərdə rəqabətlilik;

• Şaxələndirilmiş və ixrac yönümlü bir iqtisadiyyatı dəstəkləmək üçün yüksək əlavə dəyər yaradan enerji, nəqliyyat, tranzit və lojistik infrastrukturu ilə dünya səviyyəli bir iş mühitinin yaradılması;

• Neft və qazdan asılılığın azaldılması.

Ələt Azad İqtisadi Zona Azərbaycanın bu şaxələndirilmiş, ixrac yönümlü, bilik iqtisadiyyatı kimi baxışının reallığa çevrilməsində mərkəzi rol oynayacaq şəkildə planlaşdırılıb və hazırda inkişaf etdirilir. Ələt Azad İqtisadi Zonası Ələt limanının yanında, ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaları artırmaq üçün yaradılıb. Ələt Azad İqtisadi Zona bu strateji coğrafi məkandan regional investisiya mərkəzi təmin etmək və Avropa-Qafqaz-Asiya və Şimal-Cənub nəqliyyat dəhlizlərində rəqabət qabiliyyətini artırmaq üçün istifadə edilir. Ələt Azad İqtisadi Zonasında 2022-ci ilin iyul ayına qədər əməliyyat və investor üçün hazır bir mühit təmin edilməsi  üçün hazırlıq işləri davam etdirilir.

RƏQABƏTLİLİK: AZƏRBAYCAN İQTİSADİYYATI Azərbaycan iqtisadiyyatı 2005-ci ildən bəri davamlı bir yüksəliş trayektoriyasındadır. İqtisadiyyatımız 2004-2019-cu illər arasında 3,4 dəfə artıb. Eyni dövrdə strateji valyuta ehtiyatları 27,6 dəfə artıb. Doing Business 2009 və 2019 hesabatlarında iki dəfə Azərbaycan ən yaxşı biznes-islahatçı ölkə kimi tanınıb. Bu yaxınlarda Dünya İqtisadi Forumu ilə Azərbaycan Hökuməti arasında ortaq maraq dairələrində əməkdaşlıq üçün bir zəmin yaradan Əməkdaşlıq Sazişi imzalanıb. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı 2019"a görə, elektrik təchizatı alt komponenti ilə əlaqədar olaraq Azərbaycan dünyada yüksək göstəricilə 2-ci yerdədir. Azərbaycanda müasir infrastrukturun mövcudluğu iqtisadi fəaliyyətin təşviqi üçün geniş imkanlar yaradır. “Doing Business 2019” hesabatlarına görə, “İşə Başla” alt göstəricisi üzrə ölkə 190 ölkə arasında 9-cu yerdədir. “Qlobal Rəqabətlilik Hesabatı 2019” da Azərbaycan nəqliyyat infrastrukturu alt indeksinə görə 31-ci, yol infrastrukturunun keyfiyyətinə görə 27-ci yerdədir. 2004-cü ildən bəri Azərbaycanın rəqabət qabiliyyətini daha da yaxşılaşdırmaq üçün iqtisadiyyatın bütün sahələrinin inkişafına töhfə verən 128 milyard ABŞ dolları həcmində xarici investisiya cəlb edilib. Ölkədəki sosial-iqtisadi və siyasi sabitlik davamlı iqtisadi artım üçün əlverişli bir mühit yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın biliklərə əsaslanan və beynəlxalq səviyyədə rəqabətə davamlı bir iqtisadiyyata aparan yolda uğurlu addımlar atmaqda davam edir. Nəticədə  Azərbaycan

• beynəlxalq iqtisadi münasibətlərin rəqabətçi iştirakçısı olacaq;

• ölkədə enerji, nəqliyyat, tranzit və lojistik infrastrukturu ilə dünya səviyyəli bir iş mühiti yaradılacaq;

• yüksək əlavə dəyər yaradan çoxşaxəli və ixrac yönümlü bir iqtisadiyyata keçid ediləcək;

• iqtisadiyyatda qeyri-neft sektorunun rolu daha da güclənəcək. Ələt Azad İqtisadi Zona konsepsiyasını reallığa çevirmək üçüna vacib olan investor mərkəzli düşüncə tərzi və yanaşmadır. Bu yanaşmanı investorlara tətbiq edərkən seçici olaraq Azərbaycan iqtisadiyyatı və xalqı üçün dəyər qazandıracaq bir şəkildə investor ehtiyacları seçilməlidir. Bu o deməkdir ki, Ələt Azad İqtisadi Zona aşağıdakıları əsas götürməklə milli və xarici investorların ehtiyaclarına xidmət edəcəkdir:• yüksək əlavə dəyər və ixrac yönümlü istehsal və xidmətlər ilə məşğul olmaq;

• qeyri-neft sektorunda iqtisadiyyata əlavə dəyər yaratmaq;

• yenilikçi texnologiyalardan və işə yanaşmalardan istifadə edərək beynəlxalq alqı-satqı fəaliyyətləri ilə məşğul olmaq. Bu vizyonun həyata keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti Ələt Azad İqtisadi Zona ilə dünya səviyyəli investisiya mühitinin yaradılmasına və perpektiv nailiyyətlərin əsas vasitəçisi kimi inkişafa tam dəstək verdi. Ələt Azad İqtisadi Zona haqqında Azərbaycan Respublikasının Qanunu Ələt Azad İqtisadi Zonasının fəaliyyət göstərməsi, inkişafı və idarə olunması üçün hüquqi bazanı müəyyənləşdirir. Daxili qaydalar qanuna əsaslanır və qanunla birlikdə Ələt Azad İqtisadi Zona daxili qanunvericiliyini yaradır. Ələt Azad İqtisadi Zona qanunvericiliyi potensial investorlar və ən yaxşı beynəlxalq təcrübə baxımından hazırlanıb. Korporativ yerləşmə qərarları bir sıra amillərdən təsirlənir və hüquqi və tənzimləyici mühit belə vacib amillərdən biridir. Ələt Azad İqtisadi Zonasının əsas planı insanların və malların Ələt Azad İqtisadi Zonasına gediş-gəlişini asanlıqla təmin etmək üçün hazırlanıb. Əsas giriş və çıxış nöqtələri, daxil olan və ya çıxan insanlara və mallara gömrük nəzarətini təmin etmək üçün ağıllı texnologiyalardan istifadə edilir. Xülasə olaraq, investisiya, ixrac və məşğulluğun böyük bir hissəsi əsas müştərilər tərəfindən yaradılsa da, Ələt Azad İqtisadi Zonasının müvəffəqiyyəti, xarici, milli və yerli investorların və insanların planlı bir qarışığından əldə ediləcək, investorlar üçün uyğun, lakin əlavə dəyərli bir iş təqdim ediləcək. İnvestorlar üçün faydalardan biri də işgüzar dostluq mühitidir və  çox istiqamətli, geniş beynəlxalq bazarlara çıxış investorlar üçün real dəyər yaradır. Beynəlxalq standartlara uyğun olaraq Ələt Azad İqtisadi Zonası  əsas müştərilərinə maliyyə və qeyri-maddi təşviqlər paketi təqdim etməyi nəzərdə tutulur VERGİ AZADLIĞI Əsas üstünlüklərdən biri Ələt Azad İqtisadi Zonasında yerləşən müəssisələrə heç bir verginin olmamasıdır. Ələt Azad İqtisadi Zonasında ixtisaslı bir iş yerindən (Core Müştərilər) əlavə dəyər vergisi və ya digər hər hansı bir vergi ödəməsi tələb olunmur. Ələt Azad İqtisadi Zona Qanunvericiliyi xarici ixtisaslı kadrların gəlir vergisindən, sosial sığorta ödəmələrindən və digər oxşar vergi və ödənişlərdən azad edir. Bu, investisiya xərclərini azaltmaqla yanaşı bacarıqlı xarici kadrları cəlb etmək məqsədi daşıyır. Ələt Azad İqtisadi Zonası Core Müştəriləri tərəfindən xarici ölkələrdən hər hansı bir məhsul və ya xidmətlərin idxalı və ixracı əlavə dəyər vergiləri daxil olmaqla gömrük rüsumlarından və vergilərdən azad edir. Ələt Azad İqtisadi Zonasının əsas müştərilərinin xarici mülkiyyətinə heç bir məhdudiyyət yoxdur. Xarici bir ana şirkət  Ələt Azad İqtiasadi Zonada yerləşən şirkətindəki səhmlərin 100% -nə sahib ola bilər. Əlavə üstünlüklər:- Asanlaşırma əsaslı gömrük rejimi;- İnvestor mülkiyyəti milliləşdirmə və ya digər məhdudiyyətlərdən qorunma;- Xarici valyuta və mənfəət repatriasiyasına məhdudiyyət qoyulmur;- Xarici işçilər üçün dövlət sosial müdafiə fondunda könüllü iştirak;- Xarici vətəndaşlar üçün asan viza proseduru;- Yerində bir pəncərə biznesinin qiymətləndirilməsi və lisenziyalaşdırılması;- Sənaye tədris mərkəzi;- Müstəqil tənzimləmə orqanı;- Mübahisələrin beynəlxalq standartlara uyğun həlli;- Beynəlxalq standartlara uyğun sağlam, təhlükəsiz əmək və ətraf mühit qaydaları;- İnvestorların tam müdafiəsi;- Əqli mülkiyyət hüquqlarının tam qorunması; Davamlı investor dəstəyiBu dəstək şirkətlərin gələcəkdə genişlənməsini və böyüməsinə şərait yaradır. Ələt Azad İqtisadi Zonasının uğuru yeni investorların cəlb edilməsindən, eyni zamanda  davamlı bir dəstək proqramından irəli gələcək.   Bacarıqlı əməyə çıxışAzərbaycanın enerji, yüngül və ağır istehsal sənayesi  zəruri iş bacarıqlarına sahib kadr potensialını yaratmağa kömək edir. Bundan əlavə Azərbaycanın təhsil sistemi və ümumiyyətlə, iş mühiti istənilən iş şəraiti üçün tələb olunan təhsil səviyyəsinə çatmağı təşviq edib. İnvestorun iş ehtiyaclarına sadiq qalan bu işçi qüvvəsi təşviq paketinin bir hissəsidir. Ələt Azad İqtisadi Zonasında maliyyə təşviqləri, ticarətin asanlaşdırılması tədbirləri, sənaye vərdişləri və işgüzar bir iş mühiti dünyanın hər yerindən şirkətlərə regional və beynəlxalq bazarlara xidmət göstərmək üçün rəqabətli və strateji bir yer təqdim edəcəkdir. Ələt Azad İqtisadi Zonasında görülən hər bir iş  Azərbaycan dövləti və əhalisinin rifahı üçün edilir. Ələt Azad İqtisadi Zonası minlərlə Azərbaycan vətəndaşı üçün iş yerləri açmağı hədəfləyir. Hər il yeni iş yerlərinin çoxalacağı gözlənilir. Ancaq yalnız hər hansı bir iş deyil – vətəndaşların yüksək məvacib,yeniliyi və yeni idarəetmə üslublarını təşviq edən bir iş mühitində çalışmaları təmin ediləcək. Ələt Azad İqtisadi Zonasında yerində sənaye tədris müəssisələri üçün planlar mövcuddur. Bu imkanlar yerli kadrları hazırlayacaqdır. Bu müddətdə Azərbaycanın peşə və ali təhsil müəssisələri Ələt Azad İqtisadi Zona sərmayəçiləri üçün lazımlı ixtisaslı işçi qüvvəsini təmin etmək üçün çalışacaq. Bu, potensial və mövcud müştərilərə mövcud bacarıqların aktiv bir məlumat bazasını yaratmağı təmin edəcək. Bu yanaşma Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının qlobal ticarət və beynəlxalq rəqabətli işlərə müvəffəq olmaq üçün tələb olunan mövzularda təlim və təcrübə qazanmalarını təmin edəcəkdir. Layihənin işgüzar mədəniyyət, texnologiya və innovasiyalarda dəyişikliklər gətirmək və Azərbaycan iqtisadiyyatı və xalqı üçün real dəyər yaratmaq kimi strateji hədəfə çatmaq məqsədi var. Ələt Azad İqtisadi Zona əvvəlcə üç sahəyə ayrılmış təxminən 850 hektar sahəni əhatə edir. Sahələrdən ikisi - Zona 1 (198 ha) və Zona 2 (441 ha) Bakı Limanına bitişikdir və ümumi sahəsi 639 ha təşkil edir. Üçüncü sahə - Zona 3 (211 ha) isə Bakı Limanından 7 km məsafədə yerləşir. Azərbaycanın neft və qaz sənayesinə yanaşması, investorlara verdiyimiz vədlərə necə əməl etdiyimizin bir sübutudur. Neft və qaz sənayesini tənzimləmək üçün Azərbaycan xüsusi qanunlar qəbul etdi - ilk növbədə məhsul pay bölgüsü və investorlarla digər müqavilələrə qanun statusu verərək. 25 ildən çoxdur ki, investorlara və neft və qaz layihələrinə qoyduqları investisiyalara qorunma təmin edildi. Bu prinsip heç vaxt pozulmayıb və zamanın sınağından çıxıb. Bu yanaşma Azərbaycanın daha əvvəldən investorlar üçün əlverişli bir rejim yaratdığının və öhdəliklərini pozmadığının bariz nümunəsidir.

 

Tural RüstəmovAzərbaycan Texnologiya

Universitetinin Menecment kafedrasının assistenti

Şuşa bəyannaməsi regionda sülhün və hərtərəfli  inkişafın təminatçısıdır

15 iyun 2021-ci ildə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev arasında imzalanmış “Şuşa bəyannaməsi” nəinki Qarabağ bölgəsinin və ya Azərbaycan Türkiyə münasibətlərinin, eyni zamanda bütün regionun gələcək inkişaf perispektivlərini müəyyən edə biləcək mükəmməl bir razılaşmadır. Bəyannamədə göstərilən, Azərbaycanla Türkiyə arasında hərbi əlaqələrin gücləndirilməsi bəndlərini istisna etsək bəyannnamənin digər bəndlərindən, istər iqtisadi əməkdaşlığa aid olan, istər siyasi əməkdaşlığa aid olan və ya nəqliyyat dəhlizlərinin açılmasına aid olan bəndlərindən Ermənistan Respublikası da yararlana bilər və bu onlara böyük fayda gətirə bilər. Əslində bu günkü Ermənistanın bütün problemlərinin əsas səbəbi qonşularla yaratdığı mənfi münasibətlərdir. Bu qonşu düşmənçiliyi və onun gətirdiyi blokada Ermənistanı regionda gedən əksər iqtisadi proseslərdən kənarda qoyduğu kimi, ölkənin iqtisadi cəhətdən çökməsinə və əhalinin böyük bir hissəsinin öz evlərini tərk etməsinə səbəb olub. Müasir mənzərədə Ermənistan  ABŞ-da, Fransada, Rusiyada və bir sıra başqa ölkələrdə özünə müttəfiq və ya dost axtarışındadır amma tarixi təcrübə onu göstərir ki, qonşularla düzgün münasibətlər qura bilməyən xalqlar bütün parametrlərdə geri qalmağa məhkum olurlar.    

Tarixə nəzər salanda aydın şəkildə görmək mümkündür ki, ermənilərin qonşuları ilə olan təhlükəli münasibətlərinin səbəbkarı elə ozləridir. Onların bütün qonşularına olan ərazi iddiaları, özlərinin dünyanın ən qədim xalqı olduqlarını sübut etməyə çalışan yalançı xəstə təfəkkür və bir sıra başqa şəxsi ambisiyaları ermənilərin əsas problemidir. Tarix boyu biz türklər, istər Anadolu istərsə də Azərbaycan türkləri ermənilərə qarşı heç bir iddiada olmamış, onlara qarşı daim səxavət və mərhəmət göstərməyə çalışmışıq. Təəssüflər olsun ki, qarşılığında düşmənçilik görmüşük.  Bu gün nəinki Azərbaycan eləcədə, bütün region üçün münasibətlərə yenidən baxmaq, əlaqələri yenidən qurmaq və yeni perspektivlərdən düzgün yararlanmaq kimi şans yaranıbdır. Azərbaycanda xalq və hakimiyyət birliyinin gətirdiyi tarixi Qarabağ qələbəsi bütün regionun siyasi və iqtisadi mənzərəsini müsbətə doğru yenidən dəyişəcəkdir. Nəqliyyat dəhlizlərinin xüsusilədə, Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinin, Azərbaycanın və Türkiyənin formalaşdırdığı, yeni mənzərədə iştirakına səbəb olacaqdır. Xüsusilədə bu işdən ən çox fayda götürən Ermənistan ola bilər. Avropaya bir başa çıxışı olmayan, ən yaxın müttəfiqi olan Rusiya ilə Gürcüstan vasitəsilə əlaqə yaratmağa çalışan Ermənistan üçün sərhədlərin açılması böyük gəlir gətirə biləcək bir şansdır. Gürcüstan Rusiya sərhəddinin ağır coğrafi şəraiti və o qədər də yaxşı olmayan Ermənistan – Gürcüstan, Gürcüstan – Rusiya münasibətləri bir çox hallarda ermənilərin Rusiya ilə əlaqəsinə  maneçilik törədir. Əslində Ermənistanın bu 44 günlük müharibədə məğlubiyyəti, məsələyə düzgün yanaşa bilsələr onların qələbəsinə çevrilə bilər. Çünki hazırki iqtisadi və siyasi mənzərə ilə Ermənistan iqtisadi cəhətdən çökə və öz mövcudluğunu itirə bilər. Bir sözlə Ermənistanın xilası Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. Sülhü hansısa ölkənin sülhməramlı qüvvələrində axtarmaqdansa qonşularla müsbət münasibətlər qurmaq daha faydalıdır.           

Azərbaycan və Türkiyə rəhbərlərinin bir başa təşəbbüsü ilə imzalanmış “Şuşa bəyannaməsi” nəinki Ermənistanla Azərbaycan arasında eləcədə bütün regionda sülhün təminatçısına çevriləcəkdir. Onun yaradacağı yeni iqtisadi əlaqələr, Azərbaycanla Türkiyə arasında daha da möhkəmlənən qardaşlıq, mütləq və mütləq  bütün bölgənin xilasıdır. Çünki  bizlər sülhpərvər, dostcanlı, mərhəmətli və ən əsası mərd xalqın nümayəndələriyik. Bizimlə dost olmaq hər kəsin faydasınadır.  

 

Şahmar HəsənovAzərbaycan Texnologiya

Universitetinin İctimai elmlər və multikulturalizm

kafedrasının baş müəllimi