Beynəlxalq əlaqələr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13.06.2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilməklə Azərbaycan Texnologiya Universiteti yaradılıb.

1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Şərabçılığın texnologiyası” ixtisasını birləşdirməklə yaradılıb.

Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilib. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunub.

Universitetdə hazırda 4 fakültə, 17 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 kv.m.) və tələbə şəhərciyi fəaliyyət göstərir.

UTECA-da yeyinti, toxuculuq və yüngül sənaye, turizm, logistika, metallurgiya, İKT sahələri üzrə mühəndis, texnoloqlar hazırlanır. Universitetdə elmi-tədqiqat işləri əsasən təbiət-texnika, texnika və mühəndis iqtisadiyyatı istiqamətləri üzrə aparılır.

Universitetdə 1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və 2004-cü ildən isə “Elmi xəbərlər” məcmuəsi nəşr olunur.

Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətini və dövlətçilik siyasətini daha dərindən elmi əsaslarla öyrənmək məqsədilə universitetdə “Heydər Əliyev Məktəbi” fəaliyyət göstərir. Eyni zamanda universitetin tarixini əks etdirən muzey yaradılıb.