Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində növbəti təyinat

İqtisad üzrə fəlsəfə doktoru, dosent Eyvazov Aqil Aftandil oğlu Rektorun Tədris ve sənaye üzrə müşaviri vəzifəsinə təyin edilib.İş təcrübəsi:Elm, Təhsil və Təlim sahəsində:Aqil Eyvazov əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Universitetində baş laborant kimi başlamışdır. 2002-2016-cı illərdə həmin universitetdə müəllim, baş müəllim, eyni zamanda, 2006-2009-cu illərdə Bakı Dövlət Universitetində, 2012-ci ildə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində təlimçi, 2016-2019-cu illərdə Azərbaycan Turizm və Menecment Universitetində, 2019-cu ildən isə UNEC-də, həmçinin AMEA İqtisadiyyat İnstitutunun magistraturasında müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 2011-ci ildən 2022-ci ilin fevral ayınadək AMEA İqtisadiyyat İnstitutu “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmışdır.Əsas tədris etdiyi fənlər Mühasibat uçotu və audit, Audit, Büdcə Təşkilatlarında Milli Mühasibat Uçotu Standartları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Beynəlxalq iqtisadi münasibətlər, Dünya iqtisadiyyatı, Dünya iqtisadiyyatında informasiya sistemləri, Firmaların iqtisadiyyatı, İnstitutsional iqtisadiyyat, Qloballaşma və sosial siyasət, ingilis dilində “Financial accounting”, “Intermediate Accounting”, “Financial and tax accounting” fənləri olmuşdur.2011-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi, Minilliyin Layihəsi və digər qurumların birgə təşkil etdiyi “Azərbaycanın Gələcək Durumu İndeksi” hesabatının hazırlanmasında, bir sıra yerli və beynəlxalq konfranslarda iştirak etmişdir.2020-ci ildən Azərbaycan Turizm və Menecment Universitetində maliyyə ixtisasının bakalavariat səviyyəsi üzrə Dövlət Attestasiya Komissiyasının sədridir. Eyni zamanda, 2020-ci ildən UNEC-də “Dünya iqtisadiyyatı” ixtisası üzrə daimi seminarın, 2021-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tərkibində “Dünya iqtisadiyyatı” ixtisası üzrə doktorant və dissertantlar üçün tədris proqramlarının hazırlanılması işçi qrupunun üzvüdür. İqtisad üzrə fəlsəfə doktoru (2010), dosentdir (2018).Müxtəlif yerli və xarici elmi jurnallarda və dövlət nəşrlərində iqtisadi, ictimai- siyasi mövzularda 40-dək məqaləsi var, 4 kitab, eyni zamanda, “Azərbaycan multikulturalizmi” dərsliyinin həmmüəllifidir. 2017-ci ildən AMEA İqtisadiyyat İnstitutunda elmlər doktoru proqramı üzrə doktorantdır. Eyni zamanda, AMEA İqtisadiyyat İnstitutunda 2 nəfər doktoranta, həmçinin UNEC-də ingilis dilində təhsil alan magistrlərə elmi rəhbərlik etməklə davamlı olaraq elmi kadr yetişdirilməsi istiqamətində aktiv fəaliyyət göstərir.İdarəetmə sahəsində:2002-ci ildən başlayaraq müxtəlif yerli və xarici qurumlarda baş mühasib, maliyyə direktoru, təlim mərkəzi və konsaltinq şirkətinə rəhbərlik etmişdir. 2011-ci ildə Humanitar Foruma hazırlıq üzrə AMEA İqtisadiyyat İnstitutunda təşkil olunmuş qrupun rəhbəri olmuşdur. 2012-2014-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyətində “Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması”, daha sonra “İctimai-siyasi və humanitar məsələlər şöbəsi”nin müdiri vəzifəsində işləmiş, sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, ictimai, siyasi, dini sahə və qurumları (100-dən çox təşkilat) kurasiya etmiş, əhəmiyyətli idarəetmə təcrübəsi qazanmışdır. 2016-cı ilin iyul ayından 2022-ci il fevral ayınadək AMEA İqtisadiyyat İnstitutu YAP Ərazi ilk partiya təşkilatının sədri olmuşdur.İqtisadçı, ekspert və maliyyə sahəsində:2002-ci ildən başlayaraq müxtəlif layihələrdə, o cümlədən, 2015-ci ildə “Ingerop Consulting and Engineering” (İspaniya-Fransa) Bakı ofisinin “ADY üçün qatarların alınmasının texniki - iqtisadi əsaslandırılması” layihəsində, 2016-cı ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin hazırlanması layihəsində iqtisadçı-ekspert kimi iştirak edib. 2016-cı ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının, 2019-cu ildən Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Sərhəddə ticarət" indikatoru üzrə işçi qrupun üzvüdür.Təhsil:1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə Azərbaycan Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr, 2002-2005-ci illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda “Dünya iqtisadiyyatı” ixtisası üzrə aspiranturada təhsil alıb.Azərbaycan, türk, ingilis və rus dillərini bilir.Ailəlidir, 3 övladı vardır. 623 dəfə oxunub

“Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi nümayəndələri UTECA-da olub

Azərbaycan Texnologiya Universitetində Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində görüş keçirilib. Universitet rəhbərliyilə keçirilən görüşdə Asiya İnkişaf Bankının layihə rəhbəri Səbinə Cəfərova, layihənin alman mütəxəssisi Jurgen Raizner, analitiki Afaq Cavadova və layihənin icraçılarından biri olan EKVİTA şirkətindən Jalə Sərdarlı iştirak edib.  Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov layihə çərçivəsində indiyədək bir neçə görüşlərin təşkil edildiyini xatırladaraq bu işbirliyinin Gəncə şəhərində ümumi startap ekosisteminin inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.  Daha sonra layihə mütəxəssisləri və təmsilçiləri layihə çərçivəsində görüləcək işləri qeyd ediblər. Bildirilib ki, status-kvo analiz – universitetdə təhsilalanların startaplar haqqında məlumatlılıq səviyyəsinin öyrənilməsi, startapların idarə olunması ilə bağlı təlimlər, universitetin strategiyasının innovasiyalar və startaplar baxımından təhlili, informasiya transferi, eləcə də universitetin startaplarla bağlı yerli və beynəlxalq əlaqələrini genişləndirmək kimi məsələlər əsas punktlardır.  Görüş çərçivəsində UTECA mütəxəssislərindən ibarət mentorlar komandası formalaşdırılıb. Sabahdan etibarən komanda alman mütəxəssisin təlimlərinə qatılacaq. Bundan sonra layihə növbəti mərhələyə keçəcək.  Xatırladaq ki, "ASAN xidmət”lə UTECA, ADAU və GDU arasında "Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində əməkdaşlıq memorandumu ötən ilin iyununda imzalanıb. 

 

 

ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib

08-09 fevral 2022-ci il tarixində Bakı Biznes Univeristetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Bakı Biznes Universitetində Azərbaycan HR İnstitutunun dəstəyi ilə “Strateji planlaşdırma və idarəetmə” adlı 2 günlük təlim baş tutmuşdur. Təlimdə layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin prorektorları və digər rəhbər şəxsləri iştirak etmişdir. Azərbaycan Texnologiya Universitetini görüşdə universitetin Tədris işləri üzrə prorektoru dosent Yaşar Ömərov təmsil edib. Təlimin ilk günündə strateji planlaşdırmanın əhəmiyyəti, planlaşdırmanın üsulları və metodları, maraqlı tərəflərin prosesə cəlb edilməsi, missiya, vizyon və dəyərlərin müəyyən edilməsi, ali təhsil müəssisəsinin güclü, zəif tərəflərinin, mövcud imkan və təhlükələrinin təhlili, əsas fəaliyyət göstəricilərin müəyyənləşdirilməsi, büdcənin hazırlanması kimi məsələlər əhatə edilmişdir.Təlimin növbəti günündə performansın idarə edilməsinin müasir üsulları və formaları, yüksək performanslı komanda işinə nail olmaq üçün çevik (agile) idarəetmə yanaşması, onun əsas prinsipləri, eləcə risklərin təhlili, idarəedilməsi ilə barədə biliklər verilmişdir. Yekunda tədbir iştirakçıları rektor i.e.d.,prof İbad Abbasovun iştirakı ilə setitifikat və hədiyyələrlə təltif olunmuşdur. 

 

 


ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib

ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib24 fevral 2022-ci il tarixində Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Bakı Mühəndislik Universitetində təlim keçirilib. Avropa Komissiyasının maliyyə dəstəyi ilə icra edilən layihəyə uyğun olaraq baş tutan təlimdə Təhsil Nazirliyinin və 16 tərəfdaş universitetin nümayəndələri iştirak edib. Azərbaycan Texnologiya Universitetini görüşdə universitetin Keyfiyyət təminatı və audit şöbəsinin müdiri Mətləb Əliyev təmsil edib. “Dəyişikliklərin idarə edilməsi - transformasiyalı tədris və öyrənmə” mövzusunda baş tutan təlim Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA- Central and Eastern European Network of Quality Assurance Agencies in Higher Education) vitse-prezidenti Olgun Çiçek tərəfindən aparılıb. Təlim zamanı ali təhsil müəssisələrində keyfiyyət təminatının tələbləri, təhsil proqramlarının beynəlmiləlləşdirilməsi, dərs proqramlarında keyfiyyət təminatı, beynəlxalq akkreditasiya və onun gələcək perspektivləri, modular akkreditasiya barədə ətraflı məlumat verilib və qeyd olunan məsələlər ətrafında geniş müzakirələr aparılıb.

 

 

ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib

ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib08.04.2022-ci il tarixində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin “Liderliyin əsasları” mövzusuna həsr olunmuş bir günlük təlimi keçirilib. Təlimə Azərbaycan Universiteti ev sahibliyi edib. Azərbaycan HR İnstitutunun dəstəyi ilə təşkil olunan təlimdə layihənin yerli tərəfdaşı olan 16 ali təhsil müəssisəsinin prorektor və digər rəhbər şəxsləri iştirak edib. Azərbaycan Texnologiya Universitetini görüşdə Elm və xarici əlaqələr üzrə müşavir Mayıs Gülalıyev və Keyfiyyət təminatı və audit şöbəsinin müdiri Mətləb Əliyev təmsil ediblər.Sözügedən təlim “Fərdi performansın komponentləri”, “Korporativ performansın komponentləri”, “Motivasiya”, “Maslow teoriyası”, “Herzberg teoriyası”, “Situativ liderlik modeli”, “Feedback verilməsi qaydaları”, “DİSC davranış modeli” mövzularını əhatə edib. Təlimi Azərbaycan HR İnstitutunun əməkdaşı Vüqar Cəfərov aparıb. Günün sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.     

Cənub Qaz Dəhlizi layihəsinin önəmi və iştirakçıları

Cənub Qaz Dəhlizi layihəsinin önəmi və iştirakçıları Fevralın 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Prezident İlham Əliyev toplantıda çıxış etmiş XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizinin Azərbaycan və Avropa ölkələri üçün nə dərəcədə əhəmiyyətli olduğunu geniş şəkildə izah etmişdir. Prezident 2020-ci il dekabr ayının 31-də Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanmasını qeyd etdi və layihədə iştirak edən bütün tərəflərə təşəkkür etdi. Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr – Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq çalışmış və layihənin tamamlanmasında həvəslə iştirak etmişdir. Dəyəri 33 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasında eyni zamanda dünyanın bir çox aparıcı beynəlxalq maliyyə institutları iştirak etmişdir – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bnakı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Prezident çıxışında qeyd edib ki Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə Azərbaycan beynəlxalq bazarlara əsasən də Avropa bazarlarına qaz ixracını artıra bilib. Keçən il Azərbaycan bütövlükdə 19 milyard kubmetr təbii qaz ixrac edib. Bunun 8.5 milyard kubmetrini Türkiyəyə, 7 milyard kubmetrini İtaliyaya, yerdə qalan hissəsini isə digər komanda üzvü olan ölkələrə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac etmişdir. Albaniya isə öz qazpaylayıcı şəbəkəsini tamamlamaq üzrədir. Prezident İlham Əliyev çıxışında onu da vurğulayıb ki Azərbaycan qazına başqa ölkələrdə, başqa bazarlarda da  ehtiyac var və biz bu tələbatı qarşılamağa hazırıq. Çünki, Azərbaycan hər zaman beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Qeyd etmək lazımdır ki Cənub Qaz Dəhlizi Məşvərət Şurası Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə təşkil edilmişdir. Bu dəfəki toplantıda bir çox nüfuzlu şəxslər o cümlədən Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistan nümayəndələri iştirak edirdi. Bu isə tədbirin nə dərəcədə əhəmiyyətli olmasını bir daha sübut edir.   Tədbirdə eyni zamanda Azərbaycanın bölgənin enerji sektorundakı aparıcı rolundan danışıldı. Avropanın enerji təchizatında Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilmişdir. Bundan əvvəl Azərbaycan bir neçə beynəlxalq enerji layihəsində əsas tərəf olmuşdur və rolunun öhdəsindən məharətlə gəlmişdir. Buna misal olaraq Bakı-Tiflis-Ceyhan neft və Balı-Tiflis-Qars qaz kəmərlərini qeyd etmək yerinə düşər.  Son dövrlərdə Rusiya ilə qərb arasında soyuq küləklərin əsdiyi bir zamanda Avropanın enerji təchizatının fasiləsiz həyata keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu və Avropa üçün nə qədər vazkeçilməz bir ölkə halına gəlməsini bir daha sübut edir. Bu ölkəmiz üçün həm iqtisadi həm də siyasi baxımdan çox önəmlidir. Artıq bir çox beynəlxalq, istisadi hətta siyasi layihələrin həyata keçirilməsi üçün Azərbaycanın rəyi mütləq nəzərə alınır. Ölkəmiz böyük və əhəmiyyətli bir siyasi fiqura çevrilmişdir. Prezident çıxışında qeyd etmişdir ki Azərbaycan kifayət qədər geniş qaz ehtiyatlarına malikdir. Bizim isbat olunmuş qaz ehtiyatlarımız 2.6 trilyon kubmetrdir. Bu da onu göstərir ki Avropanın Azərbaycan qazına hələ çox ehtiyacı olacaq.   İkinci Qarabağ müharibəsindən sonra regiondakı siyasi reallıq əməlli başlı dəyişdi. Azərbaycan əlini gücləndirdi. Hər zaman ermənipərəst mövqe nümayiş etdirən Fransa belə artıq yeni reallığı qəbul etməyə başlayıb. Bunu fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçirilən videogörüş də bir daha sübut etdi.

 

Hikmət Məmmədli

Azərbaycan Texnologiya Universitetinin

Menecment kafedrasının assistenti