Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafi və regional tərəqqi

Azərbaycan – Türkiyə münasibətləri tarixi və milli-mənəvi kökləri ilə birbaşa bağlı olan bir sıra amillərlə şərtlənir. Tarixi, etnik, ictimai, siyasi, milli-mənəvi təməllərə əsaslanan bu doğmalıq qədim və zəngin ənənələr üzərində qurulmuşdur. Türk xalqı dünyanın tarixi yaradan və ona istiqamətləndirən millətlərindəndir. Tarixi birlik və qardaşlıq, qarşılıqlı inam, səmimi münasibətlər, səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri böyük vüsətlə möhkəmlənməkdədir. Xalqlarımızın etnik, dil, din və mədəniyyət birlikləri bu iki ölkəni həmişə doğmalaşdırıb, sevincli və kədərli günlərdə də birini digərinin yanında edib. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq təqdim etdiyi Azərbaycan-Türkiyə münasibətləri bu gün  hər iki ölkə rəhbərləri tərəfindən aparılan düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq ən yüksək səviyyəyə çataraq, keyfiyyətcə daha kamil müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə münasibətlərindəki hazırki inkişaf regionda tərəqqiyə, sabitliyin bərqərar olmasına zəmanət verir. Digər tərəfdən, türk dünyasının bir araya gəlməsini təmin edən ən mühüm amillərdən biri məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafıdır. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk". Nəticə olaraq bu gün cənab prezident “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” ifadəsini qürurla səsləndirir. Hazırda ölkələrimiz arasında siyasi müstəvidə olduqca yüksək səviyyədə münasibətlər formalaşıb, iqtisadi münasibətlər isə inkişaf dinamikasındadır. Belə ki, Azərbaycan və Türkiyənin iqtisadi potensialı bu sferada münasibətlərin, xüsusən də ticarət əlaqələrinin xeyli dərəcədə artmasına imkan verir. Son dövrlərdə bu məqsədlə bir sıra mühüm addımlar atılıb. Energetika sahəsində ölkələrimiz arasındakı mövcud olan qaz satışı və nəqli ilə bağlı bütün müqavilələr fəaliyyətdədir. Bu müqavilələr Trans Atlantik coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biridir. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Qeyd olunanlar ölkələrimizin energetika sahəsində möhkəmlənən münasibətlərinin qlobal enerji təhlükəsizliyinin təminatında  mühüm töhfələrdən xəbər verir. Bu günə qədər isə ölkələrimizin birgə həyata keçirdiyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin xüsusi ilə regionun enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Son 4 ildə fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan və Türkiyənin iqtisadi müstəvidə münasibətlərini xeyli möhkəmləndirmişdir. Bu dəmir yolunun Naxçıvana kimi uzadılması üçün mühüm işlər görülür. Bu isə Naxçıvanın kommunikasiya əlaqələrinin mühüm bir mərhələsinin başlanğıcı, muxtar respublikanın iqtisadi cəhətdən bir daha güclənməsi olacaqdır. Uzun illərdir ki, Naxçıvanın həm iqtisadiyyatının sürətlə inkişaf etməsində, həm də təhlükəsizliyinin təmin olunmasında Türkiyə böyük rol oynayır. İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək dünya tarixi üçün qardaşlıq nümunəsi kimi, sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi oldu. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Qarabağ Azərbaycandır – zəfər paradı zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinin inkişafi və regional tərəqqiyə yaradılan zəmanət bir daha bütün dünyaya nümayiş olundu.  Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan münasibətlərinin belə ifadə edir: "Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari - bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır". Hər dəfə Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, İlham Əliyevin isə Türkiyəyə səfəri zamanı ölkələrimiz arasında münasibətlərin inkişafı keyfiyyətcə daha yeni mərhələyə qədəm qoyaraq, regional tərəqqiyə zəmanət verir.  Bütün bunlar ölkələrimiz arasında həyata keçirilən böyük geosiyasi əhəmiyyətli birgə iqtisadi layihələr, əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından  və əbədiliyindən xəbər verir.

 

Qalibə Məmmədova 

    UTECA-nın Elm şöbəsinin müdiri   

 

 

Nazirlər Kabineti dövlət imtahanı ilə bağlı qərar verib

Ötən tədris ilində olduğu kimi bu tədris ilində də ali təhsil pilləsinin bakalavriat səviyyəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə) tələbələrin yekun dövlət attestasiyası üzrə biliyinin qiymətləndirilməsi təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında aparılacaq. Bu barədə məlumat Nazirlər Kabinetinin müvafiq qərarına edilən dəyişiklikdə yer alır. Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan bakalavrlar üçün dövlət attestasiya sınaqları təşkil ediləcəkdir. Bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisasları və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə yekun dövlət attestasiya məcburidir. Magistratura səviyyəsində bütün ixtisaslar üzrə yekun attestasiya məcburidir. Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. 

Plan yerləri və Müsabiqə balları 2021/2022

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

Azərbaycan Texnologiya Universitetində (UTECA) 2021/22-ci qəbul ili üçün ayrılan PLAN YERLƏRİ və MÜSABİQƏ BALLARI:

I qrup

Şərabçılıq* 100 yer, müsabiqə balı 150 

Qida mühəndisliyi 25 yer, müsabiqə balı 200

 Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 30 yer, müsabiqə balı 200

Nəqliyyat mühəndisliyi* 60 yer, müsabiqə balı 200

 Ekologiya mühəndisliyi* 50 yer, müsabiqə balı 150

Sənaye mühəndisliyi 15 yer, müsabiqə balı 200

Metallurgiya mühəndisliyi 15 yer, müsabiqə balı 200

Mühəndis fizikası 20 yer, müsabiqə balı 200

Proseslərin avtomatlaşdırılması mühəndisliyi 15 yer, müsabiqə balı 200

Radiotexnika və telekommunikasiya mühəndisliyi 40 yer, müsabiqə balı 200

 İnformasiya texnologiyaları 30 yer, müsabiqə balı 200

Kompüter mühəndisliyi* 60 yer, müsabiqə balı 200

 II qrup

Turizm bələdçiliyi 40 yer, müsabiqə balı 150

Turizm işinin təşkili* 90 yer, müsabiqə balı 150

Dövlət və bələdiyyə idarəetməsi 20 yer, müsabiqə balı 200

İqtisadiyyat* 40 yer, müsabiqə balı 200

Biznesin idarə edilməsi* 60 yer, müsabiqə balı 150

Marketinq* 50 yer, müsabiqə balı 150

 Mühasibat 50 yer, müsabiqə balı 200

IV qrup

Ekologiya 60 yer, müsabiqə balı 150

V qrup

Dizayn* 80 yer, müsabiqə balı

60 + q.i. *Müsabiqə rus dili ilə birgə aparılır 


21 ixtisası üzrə 950 yer ayrılıb

21 ixtisası üzrə 950 yer ayrılıb Azərbaycan Texnologiya Universitetində (UTECA) 2021/2022-ci qəbul ili üçün 21 bakalavr ixtisası üzrə 950 yer ayrılıb. 845 yer (775 əyani, 70 qiyabi) Azərbaycan dili bölməsinin, 105 yer (əyani) isə Rus dili bölməsinin payına düşür. 

Məşhur fotojurnalist tələbələrlə görüşüb

 Bu gün Təhsil Nazirliyinin dəstəyi ilə məşhur fotojurnalist Reza Diqqətinin tələbələrlə görüşü keçirilib. Reza Diqqəti tələbələri 1992-ci illərdə və post-müharibə dövründə çəkdiyi şəkillərlə tanış edib, işğaldan azad olunan ərazilərimizin keçmişlə indiki vəziyyətinin müqayisəsini təhlil edib. Vebinarda Azərbaycan Texnologiya Universitetini Elm və xarici əlaqələr mərkəzinin əməkdaşı İsmayıl Həsənzadə, tələbələrdən Rusiya vətəndaşları olan Elnur Zakirov, Aydın İbrahimov və Gürcüstan vətəndaşı Minayə Təzəxanova təmsil ediblər. 

Erasmus çərçivəsində xaricə gedən tələbələrimizlə görüş keçirilib

Erasmus Mübadilə proqramına qatılan tələbələrimizlə görüş keçirilib. UTECA-nın  tədris işləri üzrə  prorektoru Vüqar İsmayılov və dekanlar mübadilə proqramı çərçivəsində xarici ölkələrə yollanacaq tələbələrə məsləhət və tövsiyyələrini veriblər. Tələbələrə uğur və müvəfəqiyyətlər arzulayaraq xaricdə təhsilin Vətənə faydalı kadr kimi yetişməkdə vacib rol oynadığını vurğulayıblar. Qeyd edək ki, UTECA Erasmus mübadilə proqramı çərçivəsində Avropanın Slovakiya, Polşa, İspaniya, Almaniya, Rumınya və s. kimi ölkələrinin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıq çərçivəsində müxtəlif fakültələr üzrə 7 tələbə və 5 müəllim heyəti mübadiləyə cəlb olunub və uğurlu nəticələr əldə edilib. 2021-2022-ci tədris ilinin payız semestrində isə daha 7 UTECA tələbəsi Avropanın müxtəlif ölkələrində bir semestrlik ingilis dilində təhsil almaq hüququ əldə edib. Polşa, Almaniya və İspaniyada təhsil alacaq həmin tələbələrin bütün xərcləri proqram tərəfindən qarşılanır.