İşə qəbul qaydaları

1. Ümumi müddəalar:

1. Bu Qaydalar “hsil haqqında” Azərbaycan Respublikasının Qanuna, Azərbaycan Texnologiya Universitetinin Nizamnaməsinə, İnsan resursları şöbəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq hazırlanmış və Azərbaycan Texnologiya Universitetinə işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin qəbulu, müsabiqənin keçirilməsi, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin vəzifəyə təyin olunması və ya ehtiyat kadrlar siyahısına (bundan sonra –siyahı) daxil edilməsi,ehtiyat kadrların idarə edilməsi və siyahıdan çıxarılması qaydalarını tənzimləyir.

2. İşə qəbul olunmaq üçün namizədlərin müəyyən edilməsinin, müsabiqənin keçirilməsinin və ehtiyat kadrların formalaşdırılmasının məqsədi Azərbaycan Texnologiya Universitetində vakant vəzifələr yarandıqda uyğun namizədləri həmin vəzifələrə təyin etməkdən ibarətdir və Azərbaycan Texnologiya Universitetində kadr siyasətinin həyata keçirilməsi istiqamətində aparılan işin tərkib hissəsidir.

3. Universitetdə işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin qəbulu, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi İşə qəbul komissiyasıvə İnsan resursları şöbəsi tərəfindən həyata keçirilir.

4. Universitetdə işə qəbul boş vəzifəyə verilmiş elan əsasında namizədlərin sənədlərinin qəbulu, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi qanunçuluq, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında təşkil edilir.

II.  Sənədlərin toplanması və yoxlanılması

5.Universitetdə vakansiya yarandıqda vətəndaş universitetin saytı və sosial şəbəkə profillərindənya Məşğulluq mərkəzi vasitəsi ilə işə qəbul olunmaq üçün müəyyən edilmiş formada şəxsi məlumatları olan sənədi İnsan resursları şöbəsinin elektron ünvanına göndərir.

6. Aşağıdakı qeyd olunan namizədlər elmi-pedoqoji fəaliyyət məqsədi ilə işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar:

6.1.Universitetdə vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər;

6.2. Əyani şöbə üzrə ali təhsil alan vətəndaşlar;

6.3. MBA proqramı üzrə magistr təhsili alanlar;

6.4. Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar;

6.5.Üzərindən məhkumluğu  götürülməyən və ya məhkumluğu ödənilməyən namizədlər.

7. Müsahibə mərhələsini keçən namizədlər işlə təmin olunmaları üçün 5 gün ərzində aşağıdakı sənədləri universitetin İnsan resursları şöbəsinə təqdim edir:

7.1. şəxsiyyət vəsiqəsinin surəti;

7.2. tərcümeyi-hal;

7.3. kadrların şəxsi uçot vərəqəsi;

7.4 3x4 ölçüdə 2 ədəd rəngli,kağız daşıyıcıda (kişilər kostyumda və qalstukda) fotoşəkil;

7.5. ali təhsil barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır);

7.6.Əmək kitabçasının təsdiq olunmuş surəti (son iş yeri barədə qeydin olması şərti);

7.7.Elmi adın və elmi dərəcənin olması haqqında diplomların notarial surətləri

7.8. Sağlamlıq barədə arayış;

7.9. Narkoloji dispanserdən arayış;

7.10. Psixoloji dispanserdən arayış;

7.11. Nikah və ya boşanma haqqında şəhadətnamənin, uşaqların doğum haqqında şəhadətnamələrinin surətləri;

7.12. Hərbi biletin qeyd aparılmış bütün vərəqlərinin surəti;

7.13. DİN-dən məhkumluğun olmaması barədə arayış (ASAN xidmət);

7.14. Elmi-metodik əsərlərin siyahısı;

7.15. Dövlət təltifləri üzrə sənədlərin nüsxəsi;

7.16. Sertifikatlar (surəti);

8. Bu Qaydaların 7-ci bəndində göstərilənlərdən əlavə digər sənədlərin tələb edilməsinə yol verilmir. Namizəd universitetə özünü xarakterizə edən başqa sənədləri təqdim edə bilər.

 

III. Müsabiqənin keçirilməsi

9. Universitet üzrə professor-müəllim heyət üzvləri ilə əlaqədar boş ştat vahidləri yarandıqda İşə qəbul komissiyasının qərarı ilə müsabiqə elan edilir. Müsabiqə hər bir namizədin müvafiq ixtisas üzrə hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşününmüəyyən edilməsi  məqsədilə keçirilir.

10.Müsabiqə bir mərhələli müsahibədən ibarətdir.

11.Müvafiq ixtisas üzrə elmi dərəcəsi və elmi adı olan tək namizədin müsahibədən azad olunmasına İşə qəbul komissiyası qərar verir.

12.Zəruri hallarda İşə qəbul komissiyasının işinə hüquqşünaslar, ekspertlər və mütəxəssislər cəlb edilə bilər.

13.İşə qəbul komissiyasının katibi iclasın vaxtı,yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya üzvlərinə məlumat verir.

14.İşə qəbul komissiyasının iclası üzvlərdən üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və sadə səs çoxluğu ilə qəbul edilir. İşə qəbul komissiyasının sədri sonuncu səs verir Qəbul edilmiş qərar iclasda iştirak edən komissiya üzvləri tərəfindən imzalanır. İşə qəbul üzrə komissiya üzvünün xüsusi rəyi olduqda rəy qərara əlavə edilir.

15.Müsahibənin keçirildiyi vaxt və yer barədə namizədlərə insan resusrsları şöbəsitərəfindən ən azı 1 gün əvvəl məlumat verilir.

16.Müsahibəyə başlayarkən İşə qəbul komissiyasının sədri namizədlərin siyahısını elan edir.Namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olan komissiya üzvü namizədlə söhbətdə, qiymətləndirmədə və səs vermədə iştirak etmir. Namizəd müsahibə başlamazdan əvvəl komissiya üzvlərinin hər-hansı birinin iclasda iştirakına əsaslandırılmış qaydada etiraz edə bilər. Etirazın qəbul və ya rədd edilməsini İşə qəbul komissiyasının sədri müəyyən edir.

17. Hər bir namizədlə müsahibə fərdi qaydada aparılır. Müsahibə zamanı namizədin vakant elan edilmiş ixtisas və iş yeri üzrə bilik bacarıqlarının, dünya görüşünün, komandada işləmək bacarığının və davranışının müəyyən edilməsi üçün müvafiq suallar verilir, namizəd 5-7 dəqiqə ərzində vakant vəzifə ilə bağlı bilik,iş təcrübəsi və hazırlıq səviyyəsinə dair təqdimatla çıxış edir.

18. Müsahibə zamanı namizədin verdiyi cavablar İşə qəbul komissiyasının hər bir üzvü tərəfindən 1, 2, 3, 4 və 5 balların biri ilə qiymətləndirilir. Verilmiş qiymətlər toplanılaraq müsahibədə iştirak edən komissiya üzvlərinin sayına bölünərək orta bal çıxarılır. Ən yüksək bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab edilir.

19.Müsahibədə bərabər nəticələr əldə etmiş namizədlərdən elmi dərəcəsi və elmi adı olanlara, xarici dilləri daha yaxşı səviyyədə bilənlərə, kompüter biliklərinə malik olanlara və müvafiq sahə üzrə daha çox iş stajı olanlara üstünlük verilir.

20.İşə qəbul komissiyası müsahibənin nəticəsindən asılı olaraq seçilmiş namizədi müəyyənləşdirir və işə qəbul üçün universitetin rektoruna tövsiyyə edir.

21.Komissiya digər namizədlərin ehtiyat kadr siyahısına daxil edilməsi və ya edilməməsibarədə iki qərardan birini qəbul edir. İşə qəbul komissiyasının qərarına əsasən ehtiyat siyahıya daxil edilən namizıd iki il müddətində siyahıda saxlanılır. Həmin müddət bu barədə qərarın qəbul edildiyi gündən başlayır.

22. Namizədin ehtiyat kadrlar siyahısına daxil edilməsi onun digər müsabiqələrdə iştirakına və əmək hüquqlarının qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə mane olmur.

23. Müsahibə başa çatdıqdan bir gün sonra müsabiqənin nəticələri elan olunur.

24.İşə qəbul komissiyasının qərarlarından razı olmayan namizəd müsabiqənin nəticələri elan olunduğu gündən iki iş günü müddətində İnsan resursları şöbəsinə ərizə ilə müraciət edə bilər. Şikayət əsasında namizədin müsahibədə verdiyi cavablar və ixtisas üzrə göstəriciləri təkrar araşdırılır. Zəruri hallarda şikayətə namizədin özünün iştirakı ilə baxıla bilər. Şikayətə baxılmanın nəticəsi barədə namizədə yazılı cavab verilir.

lV. Ehtiyat kadrlarla işin aparılması 

25.İnsan resursları şöbəsi ehtiyat kadrların şəxsi işlərini mühafizə edir, onları icazəsiz tanış olmaqdan və surətlərinin çıxarılmasından qorumaq üçün müvafiq inzibati və texniki tədbirlər görür, ehtiyat kadrın müraciəti ilə onu şəxsi işindəki sənədlərlə tanış edir və ehtiyat kadrın müraciəti əsasında onun şəxsi işində müvafiq dəyişikliklərin aparılmasıüçün lazımi şərait yaradır.

26.Ehtiyat kadrlar vakant vəzifələrə aşağıdakı qaydalara uyğun olaraq seçilirlər:

26.1.İnsan resursları şöbəsi və müvafiq struktur vahidinin təşəbbüsü ilə ehtiyat kadrın ərizəsində seçdiyi vakant vəzifəyə və ya ona uyğun vakant iş yerinə uyğun olaraq;

26.2.universitetin ehtiyat kadrlar siyahısından vakant vəzifələrə müvafiq olaraq bir və ya bir neçə namizədin seçilməsi yolu ilə;

26.3.spesifik bilik və bacarıq tələb olunan sahələrə uyğun namizədlərin seçilməsi yolu ilə

27. Bu qaydaların 26-cı bəndində nəzərdə tutulmuş qaydada ehtiyat siyahıdan seçilmiş namizədin vakant vəzifəyə təyin edilməsi işəgötürənlə razılaşdırılır. Universitet üzrəmövcud olan bir vakant vəzifə üzrə işəgötürənə bir neçə namizəd təqdim olunur, ixtisas və işgüzar göstəriciləri uyğun olanlar həmin namizədlər arasından seçilir.

28. Ehtiyat kadrların işəgötürənə təqdim olunması və vəzifəyə təyin olunması zamanı bu qaydaların 26-cı bəndində qeyd olunan ardıcıllıq əsas götürülür.

29. Ehtiyat kadr vəzifəyə təyin olunduğu struktur bölmədə 2 il xidmət etdikdən sonra onun xidmət yerinin dəyişdirilməsi barədə məsələyə müvafiq struktur vahiddə baxıla bilər.

V. Ehtiyat kadrın siyahıdan çıxarılması

30. Ehtiyat kadrın siyahıdan çıxarılması aşağıdakı hallarda həyata keçirilir:

siyahıda saxlanılma müddəti bitdikdə;

bu Qaydalara uyğun olaraq vəzifəyə təyin edildikdə;

Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda;

öz arzusu ilə yazılı müraciəti olduqda;

barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

vəfat etdikdə;

məhkəmə tərəfindən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab olunduqda;

VI. Yekun müddəa

31. İnsan resusrsları şöbəsi müsabiqənin elan olunması, sənədlərin qəbul edilməsi,müsabiqənin keçirilməsi, seçilmiş namizədlərin müəyyən edilməsi,onların ehtiyat siyahıya daxil edilməsi və siyahıdan çıxarılması istiqamətində görülən tədbirlər barədə universitetin mətbuat xidməti vasitəsi ilə ictimaiyyəti məlumatlandırır.

32.Ümumiləşdirilmiş məlumatlar universitetin illik hesabatlarına daxil edilir.