Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində magistrantlarla görüş keçirilib

Azərbaycan Texnologiya Universitetində 2021-ci il 29 oktyabr tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin sektor müdiri, universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini icra edən Yaşar Ömərovun universitetdə təhsil alan II kurs magistrantları ilə görüşü keçirilib. Görüşdə gənc tədqiqatçıların fəaliyyətlərində mövcud çağırışlar, dissertasiya mövzularının aktuallığı, eləcə də elmi və praktik əhəmiyyəti, hesabatların daha mütəşəkkil aparılması, xaricdə nəşr olunan nüfuzlu jurnallarda elmi məqalələrin sayının artırılması, rəhbər və magistrant münasibətləri və digər məsələlər müzakirə edilib. Qarşılıqlı diskussiya şəklində davam edən görüşdə Yaşar Ömərov magistrantların çoxsaylı suallarını cavablandırılıb, onların qarşılaşdıqları çətinliklərlə maraqlanıb, magistrantlar tərəfindən verilən təkliflərin nəzərə alınacağını qeyd edib. Yaşar Ömərov Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunacaq seminarlarda magistrantlar üçün faydalı mövzulara yer verildiyini açıqlayaraq magistr tələbələrinə tədqiqat işlərinin keyfiyyətinin artırılması ilə bağlı öz tövsiyələrini verib. 

UTECA-da Gənclər Evinin təqdimatı keçirilib

Azərbaycan Texnologiya Universitetində I və II kurs tələbələrinə Gəncə şəhər Gənclər Evinin təqdimatı keçirilib. Tədbirdə Gənclər evinin direktoru Amil Qurbanov, Gəncə İntellektual Klubunun rəhbəri Natiq Salahov, UTECA-nın İnzibati idarəetmə və kommersiya kafedrasının dosenti Mətanət Əhmədova, universitetin Tələbə Gənclər Təşkilatının sədri Nicat Nağıyev, I və II kurs tələbələri iştirak ediblər. Tələbələrə bildirilib ki, 2016-cı ildən gənclərin ixtiyarına verilən Gəncə şəhər Gənclər evində aparılan işlərin əsas istiqaməti vətənpərvərlik, sağlam həyat tərzi, ictimai fəallıq, asudə vaxt, məşğulluq və yaradıcılıq prinsipləridir. Gənclər evində Toxuculuq və tikiş dərnəyi, Conversation club, Gənc iqtisadçılar klubu, Gənclərin intellektual klubu, Ekologiya dərnəyi, Vətənpərvərlik klubu, Texnika və ixtiraçılar klubu, Karyera mərkəzi, Akt zalı, Toplantı zalı, Kitabxana, Sərgi zalı, İstedadların hazırlığı labaratoriyası, Ölkəşünaslıq otağı, Peşə yönümü mərkəz, Kompyuter qrafikası, Psixoloji reabilitasiya xidməti, Rəsm studiyası, Video studiya mövcuddur ki, gənclər bütün bunlardan faydalanmaqla asudə vaxtlarının səmərəli keçirə, özlərində yeni bacarıqlar üzə çıxara bilərlər. Tələbələr dərs saatlarından sonra Gənclər evinin sakinlərilə birgə şəhər tədbirlərinə, flaşmoblara, marafonlara, yeni layihələrə qoşulmaqla yeni dostlar, yeni ünsiyyətlər qazana bilərlər.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb. 

Professor-müəllim heyətinin maaşları artırılıb

Azərbaycan Texnologiya Universitetinin professor-müəllim heyətinin maaşları artırılıb. Bununla bağlı universitet Elmi Şurasının bu gün təşkil olunan iclasında qərar verilib. Qərara əsasən professor və müəllimlərin vəzifə maaşları noyabr ayından etibarən 40% artırılıb. UTECA-nın rektoru, professor Akif Süleymanovun sədrliyilə keçən Elmi Şuranın 4 saylı iclasında universitetin qış mövsümünə hazırlıq vəziyyəti, strateji planın işlənməsi üzrə işçi qrupun hesabatı dinlənilib, bir sıra tədris vəsaitləri təsdiq edilib, əməkdaşlardan Afət Qasımovanın dosent elmi adı alması üçün AAK qarşısında vəsatətin qaldırılması və digər məsələlərlə bağlı səsvermə yolu ilə qərarlar verilib. 


Tədris şöbəsinə yeni rəhbər təyin edilib

Azərbaycan Texnologiya Universitetinin (UTECA) Tədris şöbəsinə yeni rəhbər təyin edilib. Tədris şöbəsinin müdiri vəzifəsində Babək Mikayıl oğlu Həsənov çalışacaq. Babək Həsənov 10 aprel 1990-cı ildə Samux rayonunda anadan olub. Azərbaycan Texnologiya Universitetini 2011-ci ildə bakalavr, 2014-cü ildə isə magistr dərəcəsi ilə bitirib. 2015-ci ildə Azərbaycan Texnologiya Universitetində sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə fəlsəfə doktoru proqramına qəbul olub. Hazırda fəlsəfə doktorluq proqramının müdafiə mərhələsindədir. Babək Həsənov 2014-cü ildən Azərbaycan Texnologiya Universitetində laborant, baş laborant, müəllim və rektor köməkçisi kimi işləyib. 2016-cı ildən isə Distant və qiyabi təhsil mərkəzinin direktoru idi. Ailəlidir, 2 övladı var. 

Azərbaycan Texnologiya Universitetində doktorant və dissertantlarla görüş keçirilib

Azərbaycan Texnologiya Universitetində 2021-ci il 28 oktyabr tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin sektor müdiri, universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini icra edən Yaşar Ömərovun universitetdə təhsil alan doktorant və dissertantlarla görüşü keçirilib. Görüşdə gənc tədqiqatçıların elmi fəaliyyətlərində mövcud çağırışlar, elmi-tədqiqat işlərinin aparılması zamanı kafedralarda və laboratoriyalarda şəraitin yaxşıladırılması, eləcə də elmi işlərin keyfiyyətinin artırılması üçün həll yolları, xaricdə nəşr olunan nüfuzlu jurnallarda elmi məqalələrin sayının artırılması, elmi rəhbər və doktorant arasında ikili münasibətlər və digər məsələlər müzakirə edilib. Görüş zamanı Yaşar Ömərov tərəfindən doktorant və dissertantların sualları cavablandırılıb və onlar tərəfindən verilən təkliflərlə bağlı universitetdə yaxın gələcəkdə müəyyən işlərin aparılacağı barədə məlumat verilib. Sonda doktorant və dissertantlar görüşdən məmnun qaldıqlarını, bu görüşün onların elmi fəaliyyətləri üçün müsbət istiqamət verəcəyini bildiriblər. 

 Böyük gücə çevrilmiş birlik

XX əsrin əvvəllərində Azərbaycan Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi hələ işin başlanğıcı idi və təbii ki, bir sıra çətinliklərlə qarşılaşacağı da qaçılmaz bir fakt olaraq qalırdı. Həmin dövrdə bütün türk tarixinə örnək olacaq bir məsələ elə Osmanlı İmperiyasının Şərqin ilk demokratik dövlətinin yaranmasına verdiyi qardaş dəstəyi idi. 1918-ci il, iyun ayının 4-də iki qardaş dövlət arasında imzalanan  “Sülh və dostluq” haqqında saziş ölkəmizin başqa dövlətlə bağladığı  ilk müqavilə idi. Həmin müqavilədə də göstərilirdi ki, Osmanlı İmperiyası ilə yenicə öz müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyəti arasında siyasi, iqtisadi, hüquqi əsaslar üzrə səmimi dostluq münasibətləri təsbit edilməlidir. İyun ayında imzalanan bu sənəd həm də Azərbaycan Cümhuriyyətinin beynəlxalq aləmdə nüfuz qazanması üçün addımlar atmaq niyyətində olduğunun bariz göctəricisi idi ki, bu işdə də müxtəlif ölkələrdə olan türk səfirlikləri Azərbaycan Respublikasının yaradılması haqqında dünya ictimaiyyətinə məlumat çatdırılmasında mühüm rol oynamışdır.  Hələ XX əsrin əvvəllərində, 28 may 1918-ci ildə müstəqilliyimizin elan edilməsi ilə təməli qoyulan iki qardaş ölkə arasındakı siyasi əlaqələr XX əsrin sonlarında Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə bir daha gündəmə gəldi. 1991-ci ilin  9 noyabr tarixində qardaş ölkənin ilk olaraq bizim müstəqilliyimizi tanıması bütün dünyaya bu dostluq və qardaşlıq nümunəsinin əslində  heç bir zaman unudulmadığının mesajı idi. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” deyiminə əsaslanaraq bu gün bütün sahələrdə olan əməkdaşlıqlarımız daha da inkişaf etməkdədir. Son illər Azərbaycan və Türkiyə arasında olan siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsində özünü göstərir. Digər sahələrdə mövcud olan əlaqələrin dinamik inkişafının göstəricisi isə qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri səmimi dostluq və faydalı tərəfdaşlığın nəticəsi olmaqla  yanaşı, həm də xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da əhəmiyyət kəsb edir. Eləcə də, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Naxçıvanla Türkiyə arasında əlaqələrin genişləndirilməsinə, ölkəmizin geoiqtisadi əhəmiyyətinin artmasına səbəb olacaq. Eyni zamanda, bu dəhliz Orta Asiyaya bir ticarət qapısı rolu oynayacaq ki, bu da türk dünyası ilə iqtisadi əlaqələrin genişlənməsinə imkan verəcək.  Qədim tarixi köklərə malik olan və möhkəm dayaqlar üzərində qurulan Türkiyə və Azərbaycan arasındakı istər siyasi, istər iqtisadi və eləcə də digər sahələrdə olan əlaqələr bu gün də dünya dövlətlərinə örnək ola biləcək bir qaydada və yüksələn bir xətt üzrə davam edir. Türkiyənin olmadığı tədbirlərdə Azərbaycan hər zaman qardaş ölkənin mənafeyini müdafiə etmiş, onun əleyhinə hər hansı bir fikir səslənibsə ona tutarlı cavablar vermişdir. Eləcə də Türkiyə  hər zaman “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” -  deməklə hər iki dövlət arasında olan əlaqələrin hansı səviyyədə olduğunu bütün dünyaya çatdırmışdır. Bu gün beynəlxalq siyasi arenada Türkiyə və Azərbaycan ən etibarlı müttəfiq kimi özlərini təsdiq etməyi bacarıblar. 2021-ci il iyun ayının 15-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad olmuş, Qarabağımızın baş tacı, mədəniyyət paytaxtımız Şuşaya etdiyi tarixi səfər və orada bəyannamə imzalaması müstəsna siyasi və tarixi əhəmiyyətə malik önəmli bir məsələ idi. Dövlətimiz üçün önəmli bir tarixi günə - Milli Qurtuluş gününə təsadüf edən ŞuşaBəyannaməsi iki qardaş ölkənin ümumi maraqlarının qorunması ilə yanaşı, istər regional, istərsə də beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı əlaqələndirilməsinin və əməkdaşlıq münasibətlərinin yeni bir zirvəyə qədəm qoymasının göstəricisidir. Həm də, unutmaq olmaz ki, Azərbaycan  və Türkiyə münasibətləri bütün türk dünyası üçün mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Bu gün Azərbaycan və Türkiyə dövlətləri arasında olan siyasi, iqtisadi əlaqələr iki qardaş ölkənin böyük Liderlərinin bütün dünyaya nümayiş etdirdikləri  birlik, qardaşlıq, həmrəylik göstəricisidir. Bu birlik xalqımızı böyük Zəfər gününə aparan 44 günlük Vətən müharibəsində də bir daha sınaqdan çıxmış oldu. Əsl dostluq və qardaşlıq nümunəsi olan Türkiyə və Azərbaycan birliyi böyük Türk Dünyası üçün də bir çağırışdır.   

 

Zəminə Novruzova

Azərbaycan Texnologiya Universitetinin

İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi