Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Naxçıvan müqaviləsi – 3 oktyabr 2009-cu il tarixində IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran müqavilədir. Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları İstanbulun Demokratiya və Azadlıqlar Adasına 12 noyabr 2021 tarixində toplaşmışlar və burada növbəti möhtəşəm görüş baş tutmuşdur. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin cıxışındakı sitatlara müraciət edirəm. Prezident İlham Əliyev cari ilin 12 noyabr tarixində Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən dedi: “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin bu fikirinə görə öz təşəkkürümü bildirirəm və həqiqətən Azərbaycan xalqı bir millət olaraq öz prezidenti və höküməti ətrafinda sıx birləşdiyini 44 günlük Qarabağ müharibəsində sübüt etmişdir. Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra da artacaq. Təşkilatın təməlində təbii müttəfiqlər yerləşir. Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk ölkələrin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları var. Türk dövlətlər birliyinin sıraları ildən ilə genişlənir. Son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın təşkilata müşahidəçi qismində qoşulmasıdır. Bu da təbiidir. Eyni zamanda, Bakı Zirvə Görüşündə Özbəkistan Şuraya üzv oldu, bu da çox önəmli hadisədir. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə Naxçıvan sazişini dörd lider imzalamışdı, ancaq bu gün üzvlərin sayı 7-yə çatıb. Bu, onu göstərir ki, təşkilat çox cəlbedicidir. Bu yazılan sitatlardan görünür ki, Türk Dövlətləri Təşkilatının yaradılması olduqca çox əhəmiyyətlidir. Türk Dövlətləri Təşkilatının günü-gündən fəaliyyətinin genişlənməsi və eyni zamanda siyahısının artması bu dövlətlərə yeni uğurlar və qələbələr gətirir. Azərbaycan xalqının bir türk dilli millət olaraq 44 günlük Qarabağ müharibəsindəki qələbəsi bütün türk dünyasının qələbəsi kimi də sayılır.
Ayidə Məmmədova
Azərbaycan Texnologiya Universitetinin
Avtomatika və informasiya texnologiyaları kafedrasının baş müəllimi
Azərbaycan Texnologiya Universitetinin Kimya və metallurgiya mühəndisliyi kafedrasının baş müəllimi Əliyev Rafiq Saleh oğlu 14.11.2021-ci il tarixində, ömrünün 64-cü ilində dünyasını dəyişib. Rafiq Əliyev 1987-ci ildən Azərbaycan Texnologiya Universitetində çalışıb. Allah rəhmət eləsin...
11 noyabr 2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetinin Qida mühəndilsiyi fakültəsində Zəfər Günü ilə bağlı tədbir keçirilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə fakültə dekanı, dosent Mərdan Tağıyev açıb. Daha sonra “Turizm sənayesinin təşkili və ekologiya” kafedrasının müdiri dosent Yusif Hümbətov çıxış edib. Tədbirdə Qida mühəndisliyi fakültəsinin tələbəsi, qazi İsgəndər İsgəndərov, 44 günlük müharibədə fəal iştirak edən digər qazilər Anar Paşayev və Bayram Kərimov da çıxış ediblər. Turizm sənayesinin təşkili və ekologiya kafedrasının gənc müəllimlərindən Zeynəb Məmmədli, Gülşən Hüseynova və Aytac Qurbanovanın da Zəfər Günü ilə bağlı məruzələri dinlənilib. Tədbirdə Gəncə və Bərdə terrorları ilə bağlı tələbələr tərəfindən hazırlanan videoçarxlar nümayiş etdirilib. Fakültə tələbələri Zəfər Günü ilə bağlı şeirlər səslənirib, mahnılar ifa ediblər. Tədbir Şəhid Xudayar Yusifzadənin təsnifi ilə başa çatıb.
05.11.2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetində Zəfər Gününə həsr olunmuş “Pandemiya dövründə gənclərin tədqiqat problemləri” adlı respublika konfransının panel görüşündə iştirakçılar ECAR layihəsi ilə bağlı məlumatlandırılıb.Elm və xarici əlaqələr mərkəzinin əməkdaşı İlahə Qurbanova Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının Yaradılması" ECAR” layihəsinin meneceri olaraq konfrans iştirakçılarını layihə ilə tanış edib.Görüşdə iştirakçılara layihənin məqsədi, tərəfdaşları, layihə çərçivəsində 3 il ərzində icra olunacaq fəaliyyətlər və gözlənilən nəticələr, eyni zamanda iş paketi 1 üzrə aparılmış tədqiqatların yekun nəticələri barədə ətraflı məlumat verilib. Yekunda isə iştirakçıların müvafiq sualları layihə meneceri tərəfindən cavablandırılıb və layihənin işinə uğurlar arzu edilib.
05.11.2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetində keçirilən, Zəfər Gününə həsr olunmuş “Pandemiya dövründə gənclərin tədqiqat problemləri” adlı respublika konfransında UTECA-nın tərəfdaş olaraq çıxış etdiyi beynəlxalq layihələr təqdim edilib.Konfransın panel görüşündə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Varşava Texnologiya Universitetinin koordinatorluq etdiyi “Nəqliyyat xidmətlərində Risk və Böhran mühəndisliyi "CRENG” layihəsini Azərbaycan Texnologiya Universiteti üzrə koordinatoru Ülviyyə Məmmədova iştirakçılara təqdim edib.Ülviyyə Məmmədova layihənin əsas məqsəd və hədəfləri, eləcə də layihə çərçivəsində tətbiqi nəzərdə tutulmuş Bacarıqlar cüzdanı (Skills Wallet) proqramının tətbiqi barədə geniş məlumat verib. Bu proqramın əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanmasında verəcəyi töhfələrdən bəhs edib.
10 noyabr 2021-ci il tarixində Bakı Biznes Univertsitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin növbəti görüşü Bakı Ali Neft Məktəbində keçirilib.Görüşün məqsədi layihə çərçivəsində aparılan tədqiqat işlərinin nəticələrinin ali təhsilin maraqlı tərəfləri ilə bölüşülməsi və bu nəticələr barəsində müvafiq müzakirələrin aparılması olub. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycanın 19 Universitetinin rektorları və prorektorları, Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov və layihənin xarici tərəfdaşları qismində Polşa Rektorlar Konfransının, Litvanın Mykolas Romeris Universitetinin, İsveçin Kral Texnologiya Universitetinin, Belçikanın EFMD Beynelxalq biznes universitetlər birliyinin məsul nümayəndələri tədbirdə iştirak edib. Tədbirdə ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov, layihənin koordinatoru olan Bakı Biznes Universitetinin rektoru i.e.d.,prof. İbad Abbasov çıxış edərək sözügedən layihənin universitetlər arasında əməkdaşlığın gücləndirilməsinə, tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunmasına, qarşılıqlı əlaqələrin dinamik şəkildə qurulmasına və nəhayət, Azərbaycan ali təhsil məkanının inkişafına töhfələr verəcəyini vurğulayıblar. Eyni zamanda, Mykolas Romeris Universitetinin nümayəndəsi Inga Juknyte-Petreikiene Azərbaycan ali təhsil məkanında maraqlı tərəflər arasında şəbəkələşmə, əməkdaşlıq və kommunikasiya məsələlərinə həsr edilmiş sorğuların nəticələrini statistik göstəricilərlə nümayiş etdirib. İ.Juknyte-Petreikiene nəticələrə əsasən Azərbaycan universitetlərində mövcud vəziyyəti iştirakçıların diqqətinə çatdırıb.Daha sonra Mykolas Romeris Universitetinin prorektoru Prof. Regina Valutyte və layihə koordinatoru Gülşən Bayramova Azərbaycanda Rektorlar Konfransının yaradılmasının qanunvericilik bazası haqqında çıxış edərək yerli və beynəlxalq səviyyədə aparılmış təhlillərin nəticələri, Konfransın səmərəli fəaliyyəti üçün müvafiq hüquqi tənzimləmənin və ən uyğun idarəetmə modellərinin müəyyən edilməsi haqqında geniş məzmunda çıxış edib.