XX əsrin əvvəllərində Azərbaycan Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi hələ işin başlanğıcı idi və təbii ki, bir sıra çətinliklərlə qarşılaşacağı da qaçılmaz bir fakt olaraq qalırdı. Həmin dövrdə bütün türk tarixinə örnək olacaq bir məsələ elə Osmanlı İmperiyasının Şərqin ilk demokratik dövlətinin yaranmasına verdiyi qardaş dəstəyi idi. 1918-ci il, iyun ayının 4-də iki qardaş dövlət arasında imzalanan “Sülh və dostluq” haqqında saziş ölkəmizin başqa dövlətlə bağladığı ilk müqavilə idi. Həmin müqavilədə də göstərilirdi ki, Osmanlı İmperiyası ilə yenicə öz müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyəti arasında siyasi, iqtisadi, hüquqi əsaslar üzrə səmimi dostluq münasibətləri təsbit edilməlidir. İyun ayında imzalanan bu sənəd həm də Azərbaycan Cümhuriyyətinin beynəlxalq aləmdə nüfuz qazanması üçün addımlar atmaq niyyətində olduğunun bariz göctəricisi idi ki, bu işdə də müxtəlif ölkələrdə olan türk səfirlikləri Azərbaycan Respublikasının yaradılması haqqında dünya ictimaiyyətinə məlumat çatdırılmasında mühüm rol oynamışdır. Hələ XX əsrin əvvəllərində, 28 may 1918-ci ildə müstəqilliyimizin elan edilməsi ilə təməli qoyulan iki qardaş ölkə arasındakı siyasi əlaqələr XX əsrin sonlarında Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə bir daha gündəmə gəldi. 1991-ci ilin 9 noyabr tarixində qardaş ölkənin ilk olaraq bizim müstəqilliyimizi tanıması bütün dünyaya bu dostluq və qardaşlıq nümunəsinin əslində heç bir zaman unudulmadığının mesajı idi. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” deyiminə əsaslanaraq bu gün bütün sahələrdə olan əməkdaşlıqlarımız daha da inkişaf etməkdədir. Son illər Azərbaycan və Türkiyə arasında olan siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsində özünü göstərir. Digər sahələrdə mövcud olan əlaqələrin dinamik inkişafının göstəricisi isə qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri səmimi dostluq və faydalı tərəfdaşlığın nəticəsi olmaqla yanaşı, həm də xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da əhəmiyyət kəsb edir. Eləcə də, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Naxçıvanla Türkiyə arasında əlaqələrin genişləndirilməsinə, ölkəmizin geoiqtisadi əhəmiyyətinin artmasına səbəb olacaq. Eyni zamanda, bu dəhliz Orta Asiyaya bir ticarət qapısı rolu oynayacaq ki, bu da türk dünyası ilə iqtisadi əlaqələrin genişlənməsinə imkan verəcək. Qədim tarixi köklərə malik olan və möhkəm dayaqlar üzərində qurulan Türkiyə və Azərbaycan arasındakı istər siyasi, istər iqtisadi və eləcə də digər sahələrdə olan əlaqələr bu gün də dünya dövlətlərinə örnək ola biləcək bir qaydada və yüksələn bir xətt üzrə davam edir. Türkiyənin olmadığı tədbirlərdə Azərbaycan hər zaman qardaş ölkənin mənafeyini müdafiə etmiş, onun əleyhinə hər hansı bir fikir səslənibsə ona tutarlı cavablar vermişdir. Eləcə də Türkiyə hər zaman “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” - deməklə hər iki dövlət arasında olan əlaqələrin hansı səviyyədə olduğunu bütün dünyaya çatdırmışdır. Bu gün beynəlxalq siyasi arenada Türkiyə və Azərbaycan ən etibarlı müttəfiq kimi özlərini təsdiq etməyi bacarıblar. 2021-ci il iyun ayının 15-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad olmuş, Qarabağımızın baş tacı, mədəniyyət paytaxtımız Şuşaya etdiyi tarixi səfər və orada bəyannamə imzalaması müstəsna siyasi və tarixi əhəmiyyətə malik önəmli bir məsələ idi. Dövlətimiz üçün önəmli bir tarixi günə - Milli Qurtuluş gününə təsadüf edən ŞuşaBəyannaməsi iki qardaş ölkənin ümumi maraqlarının qorunması ilə yanaşı, istər regional, istərsə də beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı əlaqələndirilməsinin və əməkdaşlıq münasibətlərinin yeni bir zirvəyə qədəm qoymasının göstəricisidir. Həm də, unutmaq olmaz ki, Azərbaycan və Türkiyə münasibətləri bütün türk dünyası üçün mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Bu gün Azərbaycan və Türkiyə dövlətləri arasında olan siyasi, iqtisadi əlaqələr iki qardaş ölkənin böyük Liderlərinin bütün dünyaya nümayiş etdirdikləri birlik, qardaşlıq, həmrəylik göstəricisidir. Bu birlik xalqımızı böyük Zəfər gününə aparan 44 günlük Vətən müharibəsində də bir daha sınaqdan çıxmış oldu. Əsl dostluq və qardaşlıq nümunəsi olan Türkiyə və Azərbaycan birliyi böyük Türk Dünyası üçün də bir çağırışdır.
Zəminə Novruzova
Azərbaycan Texnologiya Universitetinin
İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi
Hamıya məlumdur ki, 44 günlük Vətən müharibəsinin ən keşməkeşli, çətin döyüşlərindən biri Füzuli uğrunda gedən döyüşlər olmuşdur. Hələ prezident İlham Əliyev müharibə ərəfəsində xalqa müraciətində bildirmişdi ki, bir çoxlarına görə Füzulini işğaldan azad emək qeyri-mümkün idi. Lakin öz missiyasını layiqincə yerinə yetirən şanlı ordumuz bu vəzifənin öhdəsindən şərəflə gəldi və müharibənin gedişində həlledici rol oynayan Füzuli şəhərini öz qanları, canları bahasına azad etməklə müharibənin sonrakı taleyini həll etmiş oldular. Lakin acınacaqlı hal şəhərin ümumiyyətlə xarabalığa çevrilməsi, şəhərdə istər yaşayış binaları, istərsə də tarixi memarlıq abidələrindən əsər əlamətin qalmamasıdır. Belə ki, burada məskunlaşmış insanlıqdan uzaq erməni vəhşiləri həm 30 il müddətində öz vandal fəaliyyətlərini icra etmiş, həm də müharibə dövrü ərzində şəhəri bir növ yerlə- yeksan etmişlər. Bildiyimiz kimi, Füzuli rayonu tarixi-dini abidələrlə, ələlxüsus türbələrlə zəngindir. Bunlara misal olaraq XIII əsrə aid Şeyx Babı Yaqub türbəsi (Babı kəndi) və Arqalı türbəsi (Aşağı Veysəlli kəndi), XIV əsrə aid Mirəli türbəsi (Aşağı Veysəlli kəndi), XVIII əsrə aid İbrahim türbəsi (Aşağı Aybasanı kəndi), XIX əsrə aid edilən Cəlil türbəsi, Tuğ kəndi ərazisində yerləşən Mirmehdi Xəzani türbələrinin adlarını çəkmək olar. Vəhşi erməni cəlladları tərəfindən daha çox ziyan vurulan dini ibadətgahlarımız, xüsusilə məscidlərimiz olmuşdur. Belə ki, Alban dövrü memarlıq abidələrindən hesab edilən Qarğabazar karvansarayı işğaldan sonra mal-qara tövləsi kimi istifadə edilibmiş. Ümumiyyətlə təkcə Füzulidə yox, digər ərazilərimizdə yerləşən məscid və dini ibadət yerlərində erməni alçaqlarının heyvan saxlanma yeri kimi istifadə etdikləri artıq sübuta yetirilmişdir. Bu isə tarixin, dinin, mədəniyyətin təhqirinin açıq-aşkar təzahürüdür. Yerli əhalinin Şah Abbas məscidi adlandırdığı Hacı Qiyasəddin məscidi Qarğabazar kəndində qayanın üzərində inşa edilmişdir. Hazırda məscid tarixi abidə kimi qorunur. Ermənistanın 1993-cü ildə Füzuli şəhərinin işğalı nəticəsində yararsız vəziyyətə salınan digər bir məscid isə XIX əsrdə inşa edilmiş Hacı Ələkbər məscidi olmuşdur. Bugün digər bütün işğal edilmiş ərazilərdə olduğu kimi Füzulidə də yenidənqurma, təmir-bərpa, abadlıq işləri surətlə həyata keçirilməkdədir. Burada bir tərəfdən əhalinin yaşayışı üçün müvafiq şəraitin yaradılması, digər tərəfdən ölkəmizin tarixini, mədəniyyətini özündə əks etdirən tarixi-memarlıq abidələrinin, dini ziyarətgahların təmir və bərpası yolunda lazımi tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, respublikanın birinci xanımı Mehriban xanım işğaldan azad edilmiş bütün ərazilərdə, eləcə də Füzulidə milli mədəniyyət incilərimizin restavrasiyası və qorunub saxlanması işinə birbaşa nəzarət edir. Habelə erməni vandalizminin bilavasitə sübutu olan bu abidələrimizin xarici ölkə nümayəndəliklərinə, media mənsublarına, jurnalistlərə tanıdılması yolunda da əlindən gələni edir. Ulu öndərimiz Heydər Əliyev siyasi kursunu davam etdirərək onun vəsiyyətini layiqincə yerinə yetirən cənab İlham Əliyevin söz verdiyi kimi, Qarabağa qayıdışımız əbədi olacaq. Işğaldan azad edilmiş ərazilərdə həyat yenidən dirçələcək, məscidlərdən yenə azan səsləri ucalacaq. Biz Azərbaycan gəncliyi bu siyasətin daim dəstəkçisi olmağa hazırıq, bu şərəfli yolda əlimizdən gələni əsirgəməməliyik.
Turanə Məmmədova
Azərbaycan Texnologiya Universitetinin
Xarici dillər kafedrasının müəllimi
Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir Ölkəmiz müstəqil bir dövlət olaraq özünəməxsus prinsip və xüsusiyyətlərlə fərqlənən, müxtəlif istiqamətli daxili və xarici siyasət yeridir. Dövlətin daxili siyasəti Konstitusiya əsasında qurularaq xalqın tam bir varlıq kimi yaşamasına, fəaliyyətinə, ictimai-siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrində təmsil etdiyi vətəndaşlarının maddi və mənəvi tələbatının fasiləsiz təmin edilməsinə yönəldilir. Olkəmizin xarici siyasəti isə bu vəzifələrin yerinə yetirilməsi və həyata keçirilməsinə yönəldilir. Beləki, dövlətimizin xarici siyasətini ölkənin daxili inkişafının əsas vəzifələrindən irəli gələn, ölkənin milli mənafeləri ilə xarici aləmin maraqları arasında sivil birgəyaşayış qaydaları və normalarına əsaslanaraq aparır. Azərbaycanın xarici siyasət fəaliyyətinin formalaşması və prioritet vəzifələrin müəyyənləşməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1993-cü il oktyabr ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən rəsmi andiçmə mərasimindəki çıxışında qeyd etmişdir ki, “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”. Məhz onun dövründə Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici aləm üçün kəsb etdiyi maraqlar dairəsi, geosiyasi və iqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər regionunda və Azərbaycanda təmsil olunan, üst-üstə düşən, kəsişən maraq dairələri müəyyənləşdirildi. Bu gün də Prezident İlham Əliyevin yürütməkdə olduğu xarici siyasətin əsas prinsipi məhz müstəqillikdir. Azərbaycan dövlətinin dövlətlərarası münasibətlər sahəsində əsaslandığı əsas prinsiplərindən biri digər dövlətlərin suveren hüquqlarına hörmət etmək, bir-birinin daxili işlərinə qarışmamaq, digər ölkələrin dövlət quruculuğu və sosial-siyasi inkişaf modelləri arasındakı fərqlərdən asılı olmayaraq seçdiyi inkişaf yoluna hörmətlə yanaşmaqdır. Azərbaycan hər zaman dövlətlərarası münasibətlərdə beynalxalq normaları və üzərinə götürdüyü bütün öhdəlikləri vicdanla yerinə yetirir. Dövlətimizin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət və daxili işlərinə müdaxilə etməmək beynəlxalq aləmlə əlaqələrdə əsas prinsiplərdir . Ermənistan təcavüzünün dəf edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, əzəli torpaqlarımız Qarabağın işğaldan azad olunması müstəqil xarici siyasətin qələbəsidir. Vətən müharibəsində əldə etdiyimiz qələbə bütün region üçün sülh, təhlükəsizlik və sabitliyə zəmin verdi. Qonşu dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşan İlham Əliyev siyasəti Azəribaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, eyni prinsiplərlə yanaşılmasını tələb edir. Əldə olunan uğurlar və bu gün Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu məhz yeridilən müstəqil xarici siyasətin təntənəsidir.
Rəna Abbasova
Azərbaycan Texnologiya Universitetinin
Xarici dillər kafedrasının müəllimi
Azərbaycan xalqı üçün geridə qalan 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək bu qonşu ölkənin işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında düşmənin kapitulyasiyası ilə başa çatdı. Zəngilandan sonra Azərbaycan Ordusunun növbəti hədəfi Qubadlının azad olunması idi və bu rayondan ilk xəbər oktyabrın 23-də gəldi. “Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir”, - deyə Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində yazdı. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri azad edildi və strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçdi. Zəngilanın azad edilməsindən sonra Ermənistan Qubadlı rayonunun ərazisinə əlavə qoşunlar cəlb etmişdi. Lakin Müzəffər Ordumuzun qarşısında onların hamısı aciz qaldı və oktyabrın 25-də Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhərinin işğalçılardan azad edilməsi xəbərini xalqımıza verdi. Dövlət başçısı Qubadlı şəhərinin və bu rayonun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik etdi, onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzuladı. 2020-ci il dekabrın 23-də Qubadlı rayonuna səfəri zamanı Prezident İlham Əliyev bu rayonun azad edilməsinin strateji əhəmiyyəti barədə danışaraq deyib: “Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi”. Oktyabrın 26-da Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım etdi. Paylaşımda deyilirdi: “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər getdi, Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidlərimiz şəhidlik zirvəsinə ucaldı. Qubadlı sakinlərinin yurd həsrətinə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyuldu. Həmin gün nəinki qubadlıların xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq ən parlaq səhifə oldu. Artıq Qubadlının, Zəngilanın, Laçının, Füzulinin, Kəlbəcərin, Şuşanın....işğal edilmiş torpaqların azad edilməsindən 1 il ötür. Bu bir ildə Azərbaycan 100 illərə bərabər inkişaf və təkamül prosesi keçdi. Bu bir ilin hər günü dinamikada oldu və hər bir azərbaycanlı bu inkişafın bir hissəsi olmağı, tam olaraq birləşməyi bacardı. Bu gün azad edilmiş ərazilərdə yenidənqurma işləri aparılır. Bir il öncə işğaldan azad olunan torpaqlaq bu gün sürətlə dirçəlir. Yenidənqurma layihələrinin, düşmənin viran qoyduğu rayonların, şəhərlərin, kəndlərin abadlaşdırılmasının şahidi ola bildiyimiz üçün xoşbəxt insanlarıq. Çünki bu möhtəşəm tarixin şahidi olduq. 44 günlük Vətən müharibəsinin Zəfər salnaməsini kitablardan oxumadıq. Zəfərin səsini öz qulaqlarımızla eşidə, onun möhtəşəmliyini öz gözümüzlə görə bildik. Qubadlı zəfəri isə bu zəfərlərdən yalnız biri idi...
Leyla Məmmədzadə
Azərbaycan Texnologiya Universitetinin doktorantı
Vətənpərvər gənclərin yetişdirilməsi və gənclərin təşkilatlanması Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov universitetin Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, eləcə də I və II kurs tələbələrilə görüşüb. Onlayn təşkil edən görüş “Vətənpərvər gənclərin yetişdirilməsi və gənclərin təşkilatlanması” mövzusuna həsr edilib. Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan rektor, professor Akif Süleymanov 44 günlük Vətən müharibəsində əldə edilən qələbədə gənclərin rolundan danışıb. Rektor gənclərin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək bu prinsipin bütün sferalarda olduğu kimi ali təhsil ocaqlarında da əsas götürüldüyünü qeyd edib. Hər gəncdə bir istedadın varlığını, sadəcə bunu uyğun zamanda və uyğun məkanda üzə çıxarmağın lazım olduğunu deyən rektor bildirib ki, bu gün təşkil olunan görüşün məqsədi də məhz budur - fəal və istedadlı tələbələri üzə çıxarmaq. Daha sonra UTECA TGT-nin sədri Nicat Nağıyev çıxış edib. O, təşkilatın gördüyü işlərdən, qatıldığı tədbirlərdən, gələcək pılanlardan danışıb. Tədbirdə iştirak edən Gəncə şəhər Gənclər evinin direktoru Amil Qurbanov şəhər gənclərinin fəaliyyətinə toxunub. Bildirb ki, son illər Gəncə şəhəri bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu tədbirlərdə əsasən də universitet tələbələri aktiv iştirak edirlər. Sosial layihələrə, marafonlara, flaşmoblara gənclər həvəslə qatılırlar. Amil Qurbanov I kurs tələbələrini belə tədbirdə fəal olmağa çağırıb. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri və bəddi rəhbəri Ruxsarə Mirzəyeva isə çıxışında yeni tələbələrin aktivliyindən, onlarla birgə əməkdaşlıqdan və perspektivlərdən danışıb. Sonda görüş garşılıqlı diskusiya şəklində davam edib, gənclərin təklifləri dinlənilib.
Tarixi faktlar göstərdi ki, Qarabağ münaqişəsinin kökü uzun dövrlərə gedib çıxır. Hələ XX əsrin əvvəllərində baş qaldıran erməni daşnaq hərakatı həmin əsrin sonlarına doğru müharibəyə çevrildi. SSRİ-nin zəifləməsindən istifadə edən erməni silahlıları Azərbaycana hücuma keçdilər. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə münaqişənin həlli istiqamətində ilk addımlar atıldı və siyasi xətt quruldu. Bu siyasi xətt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqli şəkildə davamlı etdirildi və güclü hərbi baza yarandı. Cənab prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan 17 il ərzində iqtisadi, siyasi, hərbi sahədə daha da inkişaf edərək müharibəyə hazır vəziyyətə gəldi. Bu müddət ərzində dövlət başçısı müharibənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bildirmişdir. Lakin Ermənistan öz çirkin əməllərindən əl çəkmir, münaqişəyə can atırdı. Düşmən 30 il ərzində dəfələrlə atəşkəsi pozaraq Azərbaycan ordusuna qarşı təxribatlar törədirdi. 2016-cı ildə baş vermiş “Aprel döyüşləri” göstərdi ki Azərbaycan ordusu işğal altındakı torpaqlarını hər an azad etməyə hazırdır. 2020-ci ilin 26 sentyabrında erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmağa başladı və bu Azərbaycanın səbrini daşıran son damla oldu. Ali Baş Komandan İlham Əliyevin əmrilə Azərbaycan Ordusu bütün təmas xətti boyu əks hücum əməliyyatına başladı. Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Ermənistan cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini iriçaplı silahlar, artilleriya qurğularından intensiv atəşə tutmağa başladı. Mülki əhaliyə zərbələr endirdi, evlər dağıdıldı, böyük şəhərlərimizə düşmən bomba yağdırdı. Lakin məğrur xalqımız öz prezidentinə güvəndi. Müzəffər Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı ilə düşməni torpaqlarımızdan qovdu. Şəhid olan igidlərimizin qisası alındı, yurd yuvasından ayrı düşən məcburi köçkünlər öz doğma torpaqlarına qovuşdu. Döyüşlərdə itgilərimiz olsa da, 8 Noyabr Şuşa şəhərininin işğaldan azad edilməsi hər birimizin zəfəri oldu. Xalq öz ordusuna, prezidentinə arxalandı və bütün bunlar qələbə qazanmağımızın əsas göstəricisinə çevrildi. Üçtərəfli bəyanata əsasən Ağdam rayonu ərazisində Rusiya-Türkiyə monitorinq mərkəzi yaradıldı. Eyni zamanda Qarabağ torpaqlarına Rusiya sülhməramlıları yerləşdirildi. Cənab prezident Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının video konfrans formatında keçirilən iclasında çıxışı zamanı bildirdi: “Üçtərəfli bəyanata uyğun olaraq Ermənistan Azərbaycanın işğal olunmuş Ağdam, Laçın və Kəlbəcər rayonlarından işğalçı qüvvələrini geri çəkdi. Azərbaycanın silahlı qüvvələri döyüş meydanında 300 dən çox şəhər və kəndi işğaldan azad etdi. Beləliklə münaqişə hərbi-siyasi vasitələrlə həll edildi”. Sonda qeyd etmək istərdim ki, gənc Azərbaycan vətəndaşı olaraq cənab prezident İlham Əliyevin uğurlu siyasətini dəstəkləyirəm. Azərbaycan gəncliyi prezidentin ətrafında birləşərək hələ çox zəfərlərə imza atacaq. Qarabağ Azərbaycandır!
Könül Vəliyeva
Azərbaycan Texnologiya Universitetinin
Xarici dillər kafedrasınıaş müəllimi