Azərbaycan Texnologiya Universitetində 27 sentyabr – Anım Günü münasibətilə vebinar təşkil edilib. Onlayn tədbirdə 44 günlük Vətən Müharibəsində erməni terrorundan əziyyət çəkmiş Azərbaycan Texnologiya Universitetinin tələbəsi Gülçin Ağayeva, Vətən müharibəsi iştirakçıları, Cəbrayılın, Qubadlının və Laçının azad olunmasına görə medalları ilə təltif edilən magistr tələbələri Elbəy Hüseynzadə və Orxan Hüseynov, 2020-ci il məzunu, Cəsur döyüşçü medalı ilə təltif olunan qazi Füzuli Balakişizadə iştirak edib. Tədbirdə Vətən uğrunda canından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqələik sükutla yad edildikdən sonra çıxışçıların Anım Gününə həsr edilmiş məruzələri dinlənilib, Dəmir Yumruq əməliyyatından bəhs edilib. Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Ermənistanın Azərbaycan qarşısında necə diz çökdüyündən, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən oğullarının şücaətindən bəhs edilib. Daha sonra tələbə və məzunlar 44 günlük Vətən Müharibəsi xatirələrini bölüşüblər.
İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının ekspertləri Gəncəyə səfər ediblər İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) ekspertlərdən ibarət nümayəndə heyəti Gəncəyə səfər edib. Xarici qonaqlar 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziləri ziyarət edib, törədilən hərbi cinayətin izləri ilə yerində tanış olublar. Xarici qonaqları Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk müşayiət ediblər. Məlumat verilib ki, işğalçı dövlətin silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Gəncə şəhərinə edilən raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 100-dən artıq dinc sakin yaralanıb. Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Mülki vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib. İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) ekspertlərdən ibarət nümayəndə heyətinin üzvləri Gəncədə mətbuat konfransı keçirib. #Azərbaycan #Texnologiya #Universitetinin akt zalında təşkil edilmiş mətbuat konfransında İƏT MDİHK üzvləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar. Qeyd edək ki, Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə rəsmi səfərdə olan İƏT MDİHK-ın ekspertlərdən ibarət nümayəndə heyəti müharibədən zərərçəkmiş ərazilərdə birgə faktaraşdırıcı missiya həyata keçirir. Əsas məqsəd işğaldan azad edilmiş və raket hücumlarına məruz qalmış Azərbaycan torpaqlarında yerində araşdırmalar aparmaq, sübutlar toplamaq və əldə edilən nəticələr əsasında hesabat hazırlayaraq beynəlxalq təşkilatlara göndərməkdir. Nümayəndə heyəti ötən gün Ağdam şəhərində, daha sonra isə Tərtər rayonunda olub.
Azərbaycan Texnologiya Universiteti (UTECA) Cənubi Koreyanın Honam Universiteti ilə əməkdaşlıq çərçivəsində Koreya Fondu tərəfindən maliyyələşdirilən KF Global E-School layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində UTECA tələbələri Honam Universitetinin LMS sistemində dərslərə qoşulacaqlar. Honam Universiteti tərəfindən bununla bağlı 3 günlük seminar keçirilib və layihə haqqında geniş məlumat verilib. Layihə çərçivəsində UTECA tələbələrinə Honam Universitetinin sistemində Koreya dili dərslərinə qoşulmaq üçün fərdi iş nömrəsi və parol veriləcək və tələbələr universitetin LMS sistemindən Honam Universiteti tələbələri ilə eynihüququlu şəkildə istifadə edə biləcəklər. Qeyd edək ki, bu imkanlar Azərbaycan Texnologiya Universitetində turizm sahəsində təhsil alan və xarici dil kimi Koreya dilini seçmiş tələbələr üçün nəzərdə tutulub.
Azərbaycan Texnologiya Universiteti (UTECA) Kompyuter mühəndisliyi və telekommunikasiya kafedrasına magistratura pilləsində 2021/2022-ci tədris ilində Azərbaycan və rus bölmələrində aşağıdakı fənnlərin tədrisi üçün kompüter sahəsi üzrə texnika elmləri namizədləri və ya texnika üzrə fəlsəfə doktorlarının işə qəbulunu həyata keçirir:
✓ İnstrumental proqram vasitələri
✓ İntellektual sistemlərin müasir problemləri
✓ Yüksək səviyyəli verilənlər bazası
✓ Kompyuterlərin diaqnostikası
✓ Şəbəkə inzibatçılığı
✓ İnformasiya axtarış sistemləri
✓ Müasir kompüter texnologiyaları
✓ Multimedia sistemləri Namizədlərdən müraciət üçün CV-lərini foto şəkili ilə mövzu yerində müvafiq istiqamətləri qeyd edərək [email protected] (Leyla Rzayeva) elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciət üçün son tarix 29 sentyabr 2021-ci ildir.
Qeyd: Namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə CV-lərə baxılmayacaq.
“Azərbaycanda Rektorlar Konfransı” Erasmus+ layihəsinin fəaliyyət planına uyğun növbəti seminarı keçirilib 10 sentyabr 2021-ci il tarixində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” Erasmus+ layihəsi çərçivəsində WP1 üzrə növbəti seminar keçirilib. Azərbaycan Texnologiya Universitetinin də partnyor olduğu bu layihənin adı çəkilən seminarında layihə meneceri İlahə Qurbanova, layihənin Keyfiyyət üzrə işçi qrupunun rəhbəri Ülviyyə Məmmədova iştirak ediblər. İnteraktiv və onlayn şəkildə keçirilən seminarda layihənin iş paketi 1 WP1üzrə görülmüş işlərin nəticələri geniş müzakirə edilib, bununla bağlı avropalı ekspertin hesabatı əsasında təkmilləşdirilməyə ehtiyac duyulan bölmələr üzrə müvafiq tapşırıqlar verilib. Bundan əlavə, iş paketi 1 üzrə layihənin əsas hədəf qrupu olan rektor və prorektorlarla müsahibələrin təşkili məsələsi iştirakçıların müzakirəsinə təqdim olunub, nəticədə təklif və tövsiyyələr nəzərə alınmaqla, layihənin fəaliyyət planına uyğun müvafiq tapşırıqlar verilib.
2021/2022-ci tədris ilində ilk Elmi Şura keçirilib 10 sentyabr 2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (UTECA) 2021/2022-ci tədris ili üzrə 1 saylı Elmi Şura keçirilib. İclasda gündəlikdə duran məsələlərin müzakirəsi aparılıb. Universitetin rektoru, professor Akif Süleymanovun sədrliyilə keçən iclasda Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri Hamlet Kəsəmənli tələbə qəbulu barədə, Tədris şöbəsinin müdiri Piri Axundov isə yay imtahan sessiyasının nəticələri və məzunların buraxılışı haqqında çıxış ediblər. Elektron xidmətlər və informasiya şöbəsinin müdiri Nicat Ağayev universitetin 2021/2026-cı illər üzrə inkişaf strategiyasını şura üzvlərinin diqqətinə çatdırıb. Sənədin bəndləri Elmi Şura üzvləri tərəfindən ərtaflı müzakirə edilib. Daha sonra elmi katib Mətanət Əhmədova doktorantların ilkin müdafiə protokollarının təsdiqi ilə bağlı çıxış edib. Sonda yeni tədris ilinin pandemiya şərtlərinə uyğun təşkilinə dair bir sıra tapşırıqlar verilib.