Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndələri Azərbaycan Texnologiya Universitetinin birinci kurs tələbələri ilə görüş keçirib. Görüşün məqsədi bu il qəbul olan tələbələri fondun təqdim etdiyi imkanlar barədə məlumatlandırmaqdır.Gənclər Fondunun nümayəndələri tələbələri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən Fondun Nizamnaməsinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi ilə bağlı elan olunan müsabiqə, qrant müsabiqələri və digər layihələrlə bağlı məlumatlandırıblar.Görüş zamanı nümayəndələr Azərbaycan Texnologiya Universiteti TGT-nin fəaliyyəti, qarşıya çıxan problemələri və gələcəkdə həyata keçirmək istədikləri layihələri ilə tanış olub, Gənclər Fondu ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməyi tövsiyə ediblər.Görüş zamanı tələbələri maraqlandıran bir çox suallar cavablandırılıb.
5 günlük təlim TKTA ilə universitet arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında Agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən keçilir.Təlimlərin əsas məqsədi Azərbaycan Texnologiya Universitetinin akademik və inzibati heyətinə daxili keyfiyyət təminatı sisteminin səmərəli təşkili, eləcə də sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsinə dair məlumat verməkdir.Sözügedən təlimlərdə universitetin bir sıra inzibati və akademik heyəti iştirak edir.
Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Kommissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” layihəsi çərçivəsində 3-7 oktyabr tarixlərində Fransada növbəti bir həftəlik təlim proqramı öz işinə başlayıb. Fransa Beynəlxalq Təhsil təşkilatında keçirilən ilk görüşdə layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri, prorektorlar, o cümlədən digər səlahiyyətli universitet nümayəndələri iştirak ediblər. Təşkilatın beynəlxalq əlaqələr üzrə koordinatoru və Rouen Universitetinin keçmiş prezidenti Jean-Luc Nahel tədbiri giriş sözü ilə açaraq bütün qonaqları Fransada görməkdən məmnunluğunu ifadə edib. Təşkilatın təhsil əməkdaşlığı departamentinin direktor müavini Bruno Kurval isə layihə çərçivəsindəki sıx əməkdaşlığın uğurla davam etdiyini və təlim proqramının faydalı olacağını vurğulayıb.Daha sonra Rennes Universitetinin prezidenti David Alis tədbirdə onlayn formatda iştirak edərək “Rektor konfranslarında komitələrin rolu və fəaliyyəti” mövzusunda geniş təqdimatla çıxış edib. O, konfransın tərkibində fəaliyyət göstərən müvafiq komitələrin vacibliyinə toxunaraq onların fəaliyyət istiqamətləri, təşkilati strukturu, funksiyaları barədə təcrübələrini bölüşüb. Çıxışlardan sonra iştirakçılar arasında faydalı müzakirə və fikir mübadilələri aparılıb.Təlimdə Azərbaycan Texnologiya Universitetini Tədris şöbəsinin müdiri Raqif Hüseynov təmsil edir.
Azərbaycan Texnologiya Universiteti əməkdaşları “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində təlimlərdə iştirak edir3 oktyabr 2022-ci il tarixindən etibarən 2 saylı Gəncə "ASAN xidmət" mərkəzində “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində bacarıqların artırılması üzrə təlimlər başlanıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankı tərəfindən birgə həyata keçirilir.Açılış tədbirində Dövlət Agentliyinin, Asiya İnkişaf Bankının və Gəncədə fəaliyyət göstərən universitetlərin rəhbər şəxsləri çıxış ediblər. Azərbaycan Texnologiya Universitetini Elm və xarici əlaqələr üzrə müşavir, elm və innovasiyalar üzrə prorektor əvəzi dos. Mayıs Gülalıyev təmsil edib. O çıxışında bildirib ki, innovativ iqtisadi inkişafın hərəkətverici qüvvələrindən biri startaplardır və onların inkişafı ekosistemin əlverişliliyindən keçir və bu əlverişlilik digər amillərlə yanaşı universitetlərdəki təhsilin səviyyəsindən və yaradılmış şəraitdən asılıdır. M.Gülalıyev bu kimi təlimlərin əməkdaşların bu sahədəki bilik və bacarıqlarının artırılmasında əhəmiyyətini xüsusi vurğulayıb və təlimlərin təşkilinə görə Azərbaycan Texnologiya Universiteti adından təşkilatçılara təşəkkür bildirib.Təlim proqramının əsas məqsədi yerli texnoloji startapların inkişafının təşviqi, iştirakçılar üçün uğurlu texnoloji startap mərkəzlərində idarəetmə təcrübələrinin paylaşılmasıdır. Həmçinin texnoloji startaplar və potensial sahibkarlar üçün dəstək fəaliyyətlərin idarə edilməsi ilə bağlı məlumatlandırma əsas hədəflərdir. 17 oktyabra qədər davam edəcək intensiv təlimlərdə Azərbaycan Texnologiya Universitetinin səkkiz əməkdaşı iştirak edir.Təlimlər Almaniyanın “Steinbeis GmbH & Co.KG” və yerli “Ekvita Consulting MMC şirkətlərinin ekspertləri tərəfindən aparılır.Asiya İnkişaf Bankı tərəfindən 2020-ci ilin 3 dekabrında təsdiqlənmiş Texniki Yardım Layihəsi qrant şəklində Koreya Respublikasının “e-Asiya” və “Bilik Tərəfdaşlığı” Fondu tərəfindən maliyyələşdirilir.
ABŞ Dövlət Departamentinin Regional İngilis dili proqramı rəhbəri Lottie Baker Azərbaycan Texnologiya Universitetinə səfər edib. Səfərin əsas məqsədi ölkəmizdəki ali təhsil müəssisələrində ingilis dilinin tədrisinin təkmilləşdirilməsi və bundan irəli gələn məsələlərin müzakirə edilməsi olub. Lottie Baker, ABŞ-nin Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət və Təhsil məsələləri üzrə müşaviri Salman Hacı, İngilis dili proqramları üzrə koordinatoru Səbinə Abdullayeva və Təhsil üzrə mütəxəssis Raminə Mürşüdovadan ibarət nümayəndə heyətini qəbul edən Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov universitetin fakültələri, kafedra və ixtisasları, eyni zamanda universitetdə ingilis dilinin tədrisinin mövcud vəziyyəti haqqında məlumat verib. Təklif olunan proqramların ingilis dili müəllimlərinin bilik və bacarıqlarının artırılmasında, eyni zamanda, pedaqoji səriştələrinin təkmilləşdirilməsi, yeni və müasir təlim metodlarına yiyələnməsində böyük rolu olacağını vurğulayıb. Xanım Lottie Baker də öz növbəsində Regional İngilis dili Proqramı çərçivəsində təklif olunan proqramlar haqqında geniş məlumat verib və proqramlardan maksimum şəkildə yararlanmaq üçün müəllimlərin ehtiyaclarının müəyyənləşdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Nümayəndə heyəti daha sonra universitetin Xarici dillər kafedrasının ingilis dili müəllimləri ilə görüş keçirib. Görüşdə müəllimlərə ingilis dilinin tədrisi üçün müasir resurslarla bağlı məlumat verilib və onlarla pedaqoji səriştələrinin təkmilləşdirilməsi barədə geniş müzakirələr aparılıb.
Prezident İlham Əliyev Bolqarıstanda rəsmi səfərdə olub Bildiyimiz kimi, son illərdə Bolqarıstan və Azərbaycan, iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bu əlaqələrin uğurla davam etdiyinə bir daha əyani sübutdur. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin yüksələn xətlə inkişafının təsdiqidir. Səfərin məqsədi, ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın güclənməsidir. Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə daha yeni səviyyə qazanıb. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Qarşılıqlı olaraq əlbəttə ki, Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır. Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq, indiki şəraitdə bu əhəmiyyət daha da artmaqdadır. Azərbaycan qazı artıq Bolqarıstandadır və bu ölkəyə ixrac ediləcək Azərbaycan qazının həcminin daha da artırılması nəzərdə tutulub. Dövlət başçımız bildidrib ki, Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycan Prezidentinin Bolqarıstana bu son rəsmi səfəri gələcəkdə iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirəcək: “Sözsüz ki, Bolqarıstanda keçirilən beynəlxalq tədbirdə iştirak edən ölkələrin yüksək təmsilçiləri ilə keçirilən mühüm görüşlər ikitərəfli və çoxtərəfli əlaqələrimizin daha möhkəmlənməsinə xidmət edir. Qeyd edim ki, bu səfərin proqramı çərçivəsində Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi də təşkil edilmişdi. Açılış mərasimində iştirak edən Dövlətimizin Başçısı həm də bu tədbirdə yüksək səviyyədə çıxış edib. Qeyd etmək istərdim ki, açılış mərasimi dünyada , eləcə də Avrasiya məkanında baş verən çox ciddi geosiyasi prosesler, xüsusən də, Rusiya - Ukrayna müharibəsi fonunda həyata keçirilirdi. Yəni bu gün Avropa ölkələrinin enerji təminatı, xüsusilə də qaz təchizatında ciddi böhranla üzləşdiyi bir dövrə təsadüf edirdi. Cənab İlham Əliyev Bolqarıstan Prezidenti və Bolqarıstanın digər yüksək səviyyəli dövlət nümayəndələri ilə görüşlər keçirməklə yanaşı Qaz İnterkonnektorunun açılış tədbirinə gəlmiş bir sıra ölkələrin hökumət və dövlət başçıları ilə də çox faydalı görüşlər keçirib. İlham Əliyevin bu tədbirdəki çıxışını əslində bugün dünyada baş verən geosiyasi proseslərin təhlili hesab etmək olar: - “Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur”. İlham Əliyev çıxışında Azərbaycanın Cənub Qaz Dəhlizini başlayan tərəf olduğundan qürur hissi duyduğunu vurğulayaraq, onun Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihə olduğunu və Cənub Qaz Dəhlizi qazının istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql ediləcəyini qeyd etdi. Belə ki, bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı idi. Lakin yaxın vaxtlarda Azərbaycanın bir neçə digər qaz yatağından hasilatın başlayacağı və təchizatın həcminin artırılması gözlənilir”. Prezident açılış mərasimindəki çıxışında qeyd edib ki, uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir” fikirlərini səsləndirərək bir daha Azərbaycanın Avropa məkanı, eləcə də avroatlantik məkanın enerji təminatında əvəzedilməz tərəfdaş olduğunu vurğulayıb. Prezident açılış mərasimindəki çıxışında bərpaolunan enerji haqqında səsləndirdiyi fikirlərinə də toxunaraq bu enerji növünün Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun tərkib hissəsi olduğunu qeyd etdi. Prezident İlham Əliyev bir daha Azərbaycanın ən yaxın zamanlarda Avropanın etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəyini əminliklə bildirdi. Ümumiyyətlə fəxrlə deməliyik ki, bu səfər hədsiz dərəcədə önəmli olmaqla, mərasimdə iştirak edən ölkələrin rəhbərlərinin ölkəmizə və liderimizə qarşı çox yüksək münasibətlərinin və mühüm strateji mövqelərinin şahidi olduq.
dos. Rövşən Hacıyev
“Avtomatika, Telekommunikasiya və İnformatika”
fakültəsinin dekanı