Azərbaycanın istər əraziləri, istərsə də əhalisi son 150-200 il ərzində, davamlı olaraq erməni şovinistlərinin etnik təmizləmə, soyqırım, ərazilərin işğalı siyasətinə məruz qalmışdırlar. Böyük dövlətlərin siyasi maraqlarının kəsişdiyi bir regionda yerləşən Azərbaycan və onun əhalisi daima müstəqillik uğrunda mübarizə aparmış və böyük qurbanlar bahasına olsa da onu əldə edə bilmişdir. Azərbaycanlılar zəngin mədəniyyətə, qədim dövlətçilik ənənələrinə malik bir millət olduqlarını hər zaman sübut edə biliblər. “Böyük Ermənistan” dövləti kimi yalançı bir ideya formalaşdıran Rusiya və bəzi Qərb dövlətləri, özlərinin qondardığı erməni şovinistlərini bölgədəki türk-müsəlman əhalisinə qarşı qoymuş və onların fəlakətinə səbəb olmuşdular. Tarixin əksər dövrlərində erməni millətçiləri azərbaycan ərazilərinə qarşı təcavüz etmiş, qətliamlar törətmiş, azərbaycanlıları müharibəyə cəlb etmiş, milli-mənəvi dəyərlərimizi məhv etmiş və nəticədə torpaqlarımızı işğal etmişlər. Zaman-zaman öz himayədarlarının köməyinə arxalanan, mənşəyi belə dəqiq məlum olmayan ermənilər türk torpaqları üzərində “Böyük Ermənistan” dövləti yaratmaq ideyası uğrunda bölgənin türk-müsəlman əhalisinə qarşı təcavüzkarlıq və teror siyasətlərini həyata keçirmək üçün fürsətlər axtarıblar və imkan düşdükcə ondan istifadə etməyə çalışıblar. Rusiya ilə İran arasında imzalanmış, Azərbaycanı iki hissəyə parçalayan 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra İrandan, Suriyadan, Anadolu yarımadasından və digər ərazilərdən ermənilər ruslar tərəfindən kütləvi şəkildə köçürülərək Azərbaycan ərazilərində məskunlaşdırılmışdılar. Rus tarixçisi N.Şavrov və digərləri etiraf edir ki, XIX əsrin ortalarında Cənubi Qafqazda yaşayan bir milyon üç yüz min erməninin bir milyonu bizim tərəfimizdən köçürülmüşdür. Köçürmə prosesi davam edə-edə Rusiya bu qondarma xalqı ideoloji baxımdan da hazırlamağa başlayır. Hazırladığı “Böyük Ermənistan” xəritəsi əsasında ermənilərin bölgənin ən qədim xalqı olduğuna və türk-müsəlmanların onların düşməni olduğuna inandırır. Gəldikləri ərazidə Rusiyanın köməyi ilə möhkəmlənən ermənilər isə yavaş-yavaş bölgədə həm Rusiyanın həm də özlərinin siyasətini həyata keçirməyə başlayırlar. XIX əsrin sonlarından etibarən artıq fəal terror əməliyyatlarına başlayırlar. 1896-cı ilin avqust ayından başlayan və bu günə qədər yüz minlərlə türk-müsəlman soydaşımızın məhvinə səbəb olan terror hələ də davam etməkdədir. Ermənilər XX əsrdə Azərbaycan xalqına qarşı 1905-1906-cı illərdə, 1917-1920-ci illərdə,1948-1953-cü illərdə və 1988-1993-cü illərdə soyqırımlar törətmişlər. XX əsrin əvvəllərində təəssüflər olsun ki, Azərbaycan əraziləri hesabına özlərinə dövlət yaradıblar və əsrin sonlarında “Qarabağ məsələsi”ni gündəmə gətirərək qədim Azərbaycan torpaqlarının 20% -ə qədərini işğal etmişdilər. Türkmənçay müqaviləsinin 15-ci bəndi Azərbaycan xalqı üçün daha ağır oldu. Məhz bu bəndə əsasən İranda və digər ərazilərdə yaşayan ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi həyata keçirildi. Bununla yanaşı 1821-ci il martın 21-də Rus çarı I Nikolay İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayəti” yaradılması haqqında fərman verir. Çar Rusiyasının himayəsi altında “Erməni vilayəti” yaradılması ilə tarixi Azərbaycan ərazisində gələcək erməni dövlətinin əsası qoyuldu. Azərbaycanlıların öz dədə-baba yurdlarından zorla çıxarılmasına başlanıldı. Həmçinin Azərbaycan torpaqlari ilə Osmanlı imperiyası torpaqları arasında yəni türk əraziləri arasında “xristian səddi” çəkildi. Bunun ardınca 1836-cı ildə erməni Qriqoryan kilsəsinin təhriki ilə müstəqil Alban kilsəsi ləğv edildi. Rusiya tərəfindən himayə və müdafiə olunan ermənilər bu vaxtdan etibarən Azərbaycanda və Anadoluda türk-müsəlman əhaliyə qarşı kütləvi qırğınlara başladılar. Qafqaz Arxeologiya Komissiyasının sənədlərində göstərilir ki, Türkmənçay sülh müqaviləsinə qədər Qarabağ xanlığında 12 min ailənin 2,5 min nəfəri erməni idi. 1828-ci il məlumatına görə, İrəvan xanlığında torpaqların 96,63 faizi azərbaycanlılara, cəmi 3,37 faizi ermənilərə aid idi. 1826-1828-ci illər Rusiya-İran müharibəsində təkcə İrəvan xanlığında 420 Azərbaycan kəndi yerlə yeksan edilmişdir. 1828-1871-ci illər arasında ermənilər azərbaycanlılar yaşayan 146 kəndi zəbt edərək özününküləşdirməyə çalışıblar. N.N.Şavrov Rusiyanın Zaqafqaziyadakı müstəmləkəçilik siyasəti haqqında yazır: “Biz müstəmləkəçilik fəaliyyətimizə Cənubi Qafqazda rusların deyil, bizə yad xalqların yerləşdirilməsindən başladıq. 1826-1828-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 40 min İran və 84 min Türkiyə ermənisi köçürmüş və onları Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının o ərazilərində yerləşdirmişdik ki, orda erməni əhalisi çox az idi”. Nəzərə almaq lazımdır ki, 124 min rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi köçənlərdə çox olmuşdur və ümumiyyətlə həmin ərəfədə köçənlərin sayı 300 minə yaxın olmuşdur. Ermənilərin indiki Ermənistan ərazisinə axını 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra bir daha güclənmişdi. XIX əsrin 90-cı illərində Türkiyədə baş vermiş erməni üsyanları nəticəsində 400 minə yaxın erməni yenə də Qafqaza köçüb gəlmişdir. XIX əsrin sonlarında artıq Rusiya və bəzi Qərb dövlətlərinin Cənubi Qafqazda türk müsəlman əhalisinə və bölgənin geosiyasi xəritəsinin dəyişdirilməsinə yönəlmiş planlarının birinci mərhələsini yerinə yetirilmiş hesab etmək olar. Onlar öz planlarını həyata keçirmək üçün bölgənin xristian xalqlarını və müxtəlif ərazilərdən köçürülən hayları qarışdıraraq “böyük bir xalq” erməni xalqını yaratmışdılar. Həmin xalqı böyük Turan dünyasının düz qırtlağında yerləşdirmişdilər. Artıq həmin xalqı bölgədə məskunlaşdırmaq və onlara dövlət yaratmaq lazım idi. Bu prosesin ikinci mərhələsini təşkil edirdi. Bu mərhələdə artıq ermənilər geniş fəaliyyətə keçməli idi. Onların üzərinə düşən əsas vəzifə bölgədə müxtəlif bəhanələrlə qırğınlar törətmək və türk müsəlman bazasını zəiflətməkdən, hətta imkan daxilində təmamilə yox etməkdən ibarət idi. Bu proses təxminən XX əsrin əvvəllərindən başladı. Bu niyyətlərini həyata keçirmək üçün ermənilər hər cür vəhşiliyə əl atırdılar. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənilər XX əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə başladılar. Ermənilərin Bakıdan başlanan qırğınları Azərbaycanı və indiki Ermənistan ərazilərini əhatə etmişdir. 1904-1905-ci illərdə terrorçu erməni partiyası olan “Daşnakstyun” Bakıda sosial-demokrat və sosial-inqlabçı adı altında daşnakstyun yönümlü fəhlə təşkilatları yaratmağa başlamışdılar. Onların əsas məqsədi əhali arasında təxribatlar törədərək qanlı aksiyalar həyata keçirmək idi. Ermənilər Bakıda erməni milyonerlərinin köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakı neftini ələ keçirəcəklərinə və daha sonra bütün Cənubi Qafqazdan müsəlmanları silah gücünə qovub Ermənistan dövləti yaradacaqlarına əmin idilər. 1905-ci ilin fevral ayının 6-dan 10-na qədər davam edən Bakı qırğınları nəticəsində 2 minə yaxın azərbaycanlı qətlə yetirilir. Azərbaycanlıların ciddi müqaviməti nəticəsində xoşbəxtlikdən ermənilərin Bakını tutmaq planları alınmır. 1905-1906-cı illər erməni qırğınları Azərbaycanın digər bölgələrində İrəvanda, Naxçıvanda, Qubada, Gəncədə, Qarabağda, Zəngəzurda davam etmişdir. Şəhər və kəndlər yandırılmış, minlərlə dinc əhali vəhşicəsinə öldürülmüşdür. Təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi dağıdılmış, İrəvan və Gəncə quberniyalarında isə 200-dən çox yaşayış məntəqəsi viran edilmişdi. Həmin illərdə eləcə də İrəvan quberniyasında 10 min nəfərdən çox azərbaycanlı qətlə yetirilmişdir. 1918-ci ilin mart ayının sonları da Azərbaycan xalqının qanlı və faciəli günlərindəndir. 1917-ci ildə Rusiyada baş vermiş çevrilişlər, çar rejiminin devrilməsi və Rusiyanın birinci dünya müharibəsindən çəkilməsi Cənubi Qafqazda siyasi vəziyyəti daha da gərginləşdirdi. Artıq Bakıda və digər ərazilərdə daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq düşmənçilik münasibəti görünməkdə, mübarizə şəraiti isə yetişməkdə idi.1917-ci ilin dekabr ayında Rusiya Xalq Komissarları Soveti tərəfindən Qafqazın fövqəladə komissarı təyin edilmiş S.Şaumyanın və Korqanovun başçılıq etdiyi Hərbi İnqlab Komitəsinin Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti daha da gərginləşdirmişdi. Çar ordusu sıralarından geri qayıdan erməni əsgərlər vətənlərinə geri qayıtmaq əvəzinə Bakıda toplaşmışdılar. Nəhayət, mart ayının 30-dan 31-nə keçən gecə yaxşı silahlanmış və təlim görmüş erməni əsgərləri Bakının müsəlmanlar yaşayan məhəllələrində qırğınlara başladılar. Əhali - qadın, uşaq, qoca demədən amansızcasına qətlə yetirilir, evləri isə qarət edildikdən sonra od vurulub yandırılırdı. Bu həmin günlərdə nəinki Azərbaycan xalqının eləcədə bütün türk-müsəlman dünyasının başına gətirilmiş ən qanlı faciələrdəndir. Rəsmi mənbələrə əsasən ümumilikdə soyqırım nəticəsində təkcə Bakıda 12-13 min azərbaycanlı qətlə yetirilmişdir. Hadisələr sözsüz ki, təkcə Bakı ilə bitmirdi. Martın 31-dən aprelin 4-nə qədər Azərbaycanın əksər şərq rayonlarında qırğınlar həyata keçirilirdi. Şamaxı, Quba, Lənkəran, Salyan və bir çox yerlərdə erməni vəhşilikləri tüğyan edirdi. Qırğınlara S.Şaumyanın özü başda olmaqla Lalayan, Amazaps, Mikoyan kimi erməni quldurları rəhbərlik edirdilər. Erməni daşnaklarının başçılarından biri olmuş A.Əmiryan yazırdı ki, “təkcə İrəvan quberniyasında daşnaklar tərəfindən 200 azərbaycanlı kəndi dağıdılmışdır”. Ümumilikdə bir həftə ərzində Azərbaycanın müxtəlif bölgələrində 100 minə yaxın azərbaycanlı vəhşicəsinə soyqırıma məruz qalmışdır. 1918-ci ildə ermənilər təkcə əhaliyə qarşı yox mədəniyyətimizə və tarixi abidələrimizə qarşı da vəhşiliklər törədirdilər. Tarixi abidələr dağıdılır, məscidlər yandırılır, memarlıq incisi sayılan binalar yerlə yeksan edilirdi. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə də ermənilər hər vasitə ilə Azərbaycan ərazilərinə olan işğalçı planlarını həyata keçirməyə çalışırdılar. 1918-ci il may ayının 29-da Xalq Cümhuriyyətinin Milli Şurası ermənilərin Qarabağa, Zəngəzura, Naxçıvana qarşı olan işğalçı iddialarından əl çəkmək şərti ilə İrəvanı Ermənistana inzibati mərkəz kimi güzəştə getdi. Beləliklə, tarixdə ilk dəfə olaraq, 1918-ci ildə Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında erməni dövləti yaradıldı. Yəni, ermənilər və onların havadarları təəssüflər olsun ki, planlarının bir hissəsinə nail olmuş oldular. Amma düşmənlər öz məkrli niyyətlərindən yenə də əl çəkməyərək Azərbaycanın digər ərazilərinə və əhalisinə qarşı basqınlar təşkil edirdilər, növbəti xəyanət və torpaq qoparmaq üçün məqam axtarırdılar. Növbəti məqam isə 1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyətinin Sovet ordusu tərəfindən işğalından sonra baş verir. Azərbaycanı işğal edən XI Qızıl ordunun tərkibinin əsas hissəsi ermənilərdən ibarət idi. Bundan başqa Bakıda və digər bölgələrdə minlərlə əli silahlı erməni həmin orduya qoşularaq xalqımıza qarşı böyük müsibətlər törətdilər. “Qırmızı terror” nəticəsində iki il ərzində on minlərlə türk-müsəlman qətlə yetirildi. Cümhuriyyəti yaradan milli ruhlu ziyalıların bir çoxu nəsillikcə məhv edildi. Bütün bunlar az imiş kimi 1921-ci idə Zəngəzur mahalı Azərbaycandan qoparılaraq Ermənistana birləşdirildi. XX əsrdə Rus-erməni işbirliyi tərəfindən Azərbaycan xalqının başına gətirilmiş ən böyük fəlakətlərdən biri 1937-1938-ci illərdə baş tutmuşdur. Sovet rəhbərliyi Azərbaycanda yüksək vəzifələr tutan erməni mənşəli Y.Sumbatyan, R.Markaryan, X.Qriqoryan, S.Yemelyan və.s kimilərinin əli ilə Azərbaycanda represiyalar həyata keçirtdi. İnsanlar türk olduqlarına görə, müsəlman olduqlarına görə, vətənpərvər olduqlarına görə qətlə yetirilir, həbsə atılır və ya sürgün edilirdilər. Azərbaycanın öndə gedən ziyalıları, ədibləri, alimləri 15 dəqiqəlik mühakimələrlə məhv edilirdilər. Dəhşətli terror illərində 30 min azərbaycanlı ziyalı məhv edildi. Ümumilikdə represiya qurbanlarının sayı isə 200 mindən artıq idi. SSRİ dövründəki rus-erməni işbirliyinin vəhşilikləri 1948-1953-cü illərdə də davam etmişdir. Dövlət araşdırmaları göstərir ki, 1948-1953-cü illərdə azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası haqqında SSRİ hökumətinin qərarı artıqlaması ilə yerinə yetirilmişdir. Həmin qərarla Ermənistanın 23 rayonundan 100 min azərbaycanlı əhalinin köçürülməsi nəzərdə tutulmuşdu. Lakin qərarın icrası zorakı təzyiqlər vasitəsi ilə həyata keçirilmiş, 24 rayondan və İrəvan şəhərindən 200 minə yaxın azərbaycanlı deportasiya edilmişdir. Zorakı köçürmələr zamanı minlərlə azərbaycanlı qətlə yetirildi. Bundan başqa dağ şəraitindən qovulan azərbaycanlılar Azərbaycanın düzən bölgələrində məskunlaşdırıldı. Sözsüz ki, buda yerli şəraitə uyğunlaşa bilməyən əhalinin bir çoxunun məhvi ilə nəticələnirdi. Ermənilərin Azərbaycan ərazilərinə və Azərbaycan xalqına qarşı son qəsdi XX əsrin sonlarında, yəni 1988-1994-cü illərdə baş verdi. Planlarını həyata keçirtmək üçün Azərbaycanın müxtəlif bölgələrində təxribatlar törədirdilər. Bütün cərəyan edən hadisələrə Sovet rəhbərliyi nəinki səssiz qalır hətta ermənilərə hərbi, maddi və siyasi baxımdan yardımlar edirdi. Baxmayaraq ki, azərbaycanlılar da SSRİ vətəndaşı idi və Moskva qarşısında SSRİ-nin bütün vətəndaşları ilə eyni hüquqlara malik idi. Erməni təxribatlarına Sovet rəhbərliyinin göz yumması və imperiyanın bütün dayaqlarının laxlaması uzun illərdir müstəqillik arzusunda olan azərbaycanlıları 1980-ci illərin sonu da azadlıq mübarizəsinə qaldırdı. Milyonlarla azərbaycanlı meydanlara atılaraq öz suverenliyi uğrunda mübarizəyə qalxdı. Nəticədə xalq 1991-ci ildə öz müstəqilliyini bərpa etdi. Lakin bu müstəqillik Azərbaycana böyük qurbanlar hesabına başa gəldi. 100 minlərlə azərbaycanlı rus və erməni quldurları tərəfindən qətlə yetirildi, ərazilərin 20 faizi ermənilər tərəfindən zəbt edildi. 1990-cı ilin 20 yanvarında öz haqqını tələb edən, meydanlara atılmış xalqa qarşı Sovet Rusiyası Azərbaycanda mövcud olan və tərkibinin əksəriyyəti ermənilərdən ibarət olan SSRİ qoşunlarından istifadə etməklə silahsız əhaliyə qarşı silah tətbiq etdi. Qoca, uşaq, qadın demədən böyük qətliam törətdi. Nəticədə yüzlərlə insan öldürüldü, minlərlə insan yaralandı. 1992-ci ilin fevralında Qarabağın Xocalı şəhərində, ermənilər Rusiyanın 366-cı alayının iştirakı ilə XX əsrin ən böyük vəhşiliklərindən birini törətdilər. Qədim tarixi mədəniyyət abidəsi olan Xocalı şəhəri vəhşilər tərəfindən məhv edildi. 10 minə yaxın əhalisi olan Xocalı şəhərində 5 mindən artıq insan zorakılığa məruz qaldı. Nəticədə 613 ölü, minə yaxın yaralı, 3 minə yaxın itkin düşmüş, yəni əsir düşmüş Xocalı sakini və öz dədə-baba yurdlarından didərgin düşmüş dinc əhali. Bu dünya tarixinin insanlığa qarşı törədilmiş ən vəhşi genosidlərindən biri idi. Ümumiyyətlə 1988-1994-cü illərdə Qarabağ müharibəsi zamanı 50 minə yaxın azərbaycanlı qətlə yetirilib. Bir milyondan artıq insan öz dədə-baba yurdlarından, evlərindən didərgin düşüb. Təəssüflər olsun ki, böyük dövlətlər, beynəlxalq təşkilatlar və bütün dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanısalar da məsələyə uzun illər göz yumaraq xalqımızı, ədaləti özünün bərpa etməsinə məcbur etdi. 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən Müharibəsi cəmi 44 gün çəkdi və xalqımız öz dövləti və Ali baş komandanı ətrafında “Dəmir yumruq” kimi birləşərək düşmənin başına sarsıdıcı zərbə endirdi. Düşmən üzərində parlaq qələbə qazanan Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edərək həm beynəlxalq hüququ, həm də ilahi ədaləti özü təmin etmiş oldu.
Şahmar Umud oğlu Həsənov
Azərbaycan Texnologiya Universiteti
Sosial məsələlər və ictimayətlə əlaqələr üzrə müşavir