Azərbaycan Texnologiya Universitetində Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Open Science Azərbaycan: Gənc Tədqiqatçılar Arasında “Open Science” Platformasının Təbliği” layihəsi çərçivəsində seminar keçirilib.Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan UTECA-nın tədris işləri üzrə prorektoru, dosent Yaşar Ömərov gənc tədqiqatçılara seminarın əhəmiyyətindən, gənc alimlər üçün elmi resursların əlçatanlığının vacibliyindən, beynəlxalq elmi platformalardan istifadə bacarığına və elmi məqalələrin yazılması metodologiyasına yiyələnmələrindən bəhs edib.Daha sonra Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucova söz verilib. İ.Orucov çıxışda ölkədə gənclər üçün yaradılan şəraitdən söz açıb. Bidirib ki, bu layihənin də tətbiqi gənc alimlərin elminin, bilik imkanlarının daha da şaxələndirilməsinə, onların beynəlxalq əlaqələrinin inkişafına xidmət edəcək ki, bu da öz növbəsində gənclər üçün yeni imkanlar yaradacaq, nəticədə elmin inkişafına təkan olacaq.Sonra Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin eksperti, dosent Ruslan Rəhimli gənc tədqiqatçıların qarşısında təlimçi qismində çıxış edib.3 saatdan artıq davam edən seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda hazırlanacaq Xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə qayda hazırlanacaq. Bu, Prezident İlham Əliyevin fevralın 28-də təsdiqlədiyi Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramında əks olunub. Qeyd olunub ki, Dövlət Proqramı Azərbaycan vətəndaşı olan istedadlı, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarını nəzərdə tutur. Bu baxımdan beynəlxalq fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə nüfuzlu xarici ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil almaq istiqamətində, bakalavriat səviyyəsini yüksək nəticələrlə başa vurmuş, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə isə magistratura səviyyəsində üstünlük veriləcək. Hazırlanacaq Qaydada gənclərin seçilməsi meyarları və prosedurları şəffaflıq, ədalətlilik, obyektivlik prinsiplərinə əsaslanacaq.
Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov Qida mühəndisliyi fakültəsində turizm və otelçilik, turizm işinin təşkili, turizm bələdçiliyi, ekologiya və ekologiya mühəndisliyi ixtisasları istiqamətində kadr hazırlığının səmərəli təşkilinə və elmi nailiyyətlərinə görə Turizm sənayesinin təşkili və ekologiya kafedrasının müdiri dosent Yusif Hümbətovu təltif edib.Rektora təşəkkürünü bildirən Yusif Hümbətov bundan sonra da tələbələrin kadr hazırlığı üçün öz bilik və bacarığını əsirgəməyəcəyini deyib.
Azərbaycanın qlobal humanitar missiyası Azərbaycan ümumi bəlaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb. Koronavirusun ilk üzə çıxdığı dövrdən etibarən Azərbaycan ona qarşı ən effektiv mübarizə aparan ölkələrdən olub. Azərbaycan dövləti tərəfindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin səmərəliliyi sayəsində ölkəmizdə yoluxma hallarının sayı minimuma endirilmiş, görülən qabaqlayıcı tədbirlər nəticəsində istər iqtisadiyyat, istərsə də əhali pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmışdır. Hətta Azərbaycanın pandemiya ilə uğurlu mübarizəsi ÜST tərəfindən dəfələrlə vurğulanmış, digər ölkələrə nümunə göstərilmişdir. Dövlətimiz təkcə öz daxilində deyil, pandemiya ilə qlobal səviyyədə də mübarizə aparır. Çünki Yer üzünün ortaq bəlası olan COVID-19 təhlükəsindən beynəlxalq əməkdaşlıq sayəsində qurtulmaq mümkündür. Elə bu aspektdən yanaşaraq, COVID-19 pandemiyasına qarşı mübarizədə ölkələrin səylərini birləşdirməsi, çoxtərəfli əməkdaşlıq göstərməsi təşəbbüsünü də Azərbaycan irəli sürüb. Azərbaycan pandemiyaya qarşı mübarizədə geniş beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi çıxış edir. Azərbaycan bir sıra ölkələrə və beynəlxalq təşkilatlara maliyyə yardımı və humanitar yardım göstərilməsi proqramında da fəal iştirak edir. Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə 10 milyon dollar məbləğində könüllü ianə edilib. Pandemiyanın birinci günündən etibarən Azərbaycan bu təşkilatla daim əlaqədə olub. BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda 25 fevral tarixində keçirilmiş yüksək səviyyəli tematik müzakirələrində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxışı zamanı qeyd edibdir ki, “... Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdiriləcək. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir...”. Azərbaycan üzvlərinin sayına görə BMT-dən sonra ikinci beynəlxalq təsisata - Qoşulmama Hərəkatına başçılıq etməklə pandemiyaya qarşı qlobal miqyasda mübarizə işinə sanballı töhfə verir. Prezident İlham Əliyev hər zaman bütün beynəlxalq forumlarda deyir ki, kifayət qədər maliyyə resurslarına malik olmayan ölkələrin də vaksinlərdən istifadə etmək imkanı inkişaf etmiş ölkələr kimi olsun, bu məsələdə ayrı-seçkilik olmasın. Beləliklə deyə bilərik ki, Azərbaycan COVID-19 təhlükəsi ilə sadəcə ölkə daxilində deyil, həm də beynəlxalq müstəvidə uğurla mübarizə aparır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin qlobal liderlik missiyası pandemiya ilə beynəlxalq mübarizəyə töhfə verir.
dos.əv. Q.R.Məmmədova
Azərbaycan Texnologiya Universiteti
Elmi tədqiqat şöbəsinin müdiri
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bu günə kimi tutduğu inkişaf yolu və bu yolda atılan müvafiq addımlar ölkəmizi regionun lider dövlətinə çevirmişdir. İqtisadiyyatın hər sahəsində inkişafa nail olmaq və neft sektorundan asılılığın aradan qaldırılması üçün müxtəlif dövlət proqramları işlənib hazırlanmışdır. Regionların inkişafı üzrə 2014/2018-ci illərin və 2019/2023-cü illərin dövlət proqramları bu tədbirlərin əsasını təşkil edir. Prezident İlham Əliyevin fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə “Moskovskiy komsomolets” qəzetinin baş redaktoru Pavel Qusevin Azərbaycanın turizm potensialına toxunması və bu sahədə ölkəmizin Türkiyə ilə rəqabət aparması fikri diqqət çəkdi. Prezident İlham Əliyev öz ifadəsiylə desək bunun çox da ağlabatan fikir olmadığını qeyd etdi. Burada bir çox fərqli nüanslar var. Türkiyənin turizm sənayesi dünyanın ən yaxşılarındandır. Bizdə isə bu sahə nisbətən yenidir. Turistlərin Türkiyəni ziyarət etmək üçün bir çox səbəbləri var. Birincisi Türkiyənin turizm üçün çox əlverişli iqlim şəraiti var, Aralıq dənizinin suyunun dünyada tayı-bərabəri yoxdur. Tarixi yerlər baxımından da Türkiyə çox zəngindir. Ən əsası isə qardaş ölkədə turizm sahəsində xidmət yüksək səviyyədədir. Bizdə isə Turizm yeni olduğundan bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə ehtiyac var. Ölkəmizi ən çox Rusiya vətəndaşları ziyarət edir. Rusların və keçmiş Sovet xalqlarının bizi seçmələri üçün onların özlərini öz evlərindəki kimi hiss etmələrini təmin edə bilərik. Burada əsas nüans dil mühitidir. Pandemiyadan əvvəl, 2019-cu ildə Rusiyadan Azərbaycana bir milyona yaxın turist gəlib. Azərbaycan Respublikası ərazisində onlar özlərini rahat, doğma mühitdə hiss edirlər. Bütün turizm xidmətləri ilə yanaşı dil mühiti və qarşılaşdıqları ab-hava onları buraya cəlb edən nüanslardandır. Qeyri-neft sektorunun əsas prioritet sahələrindən olan turizmin inkişafı üçün dövlət tərəfindən görülmüş məqsədyönlü tədbirlərin nəticəsində xeyli nailiyyətlər əldə edilmişdir. Ötən illərlə müqayisədə ölkəmizi ziyarət edən turistlərin sayı sürətli şəkildə artmağa davam edir. Pandemiya dönəmində bir qədər fasilələr olsa da bu ildən turizm sahəsi yenidən canlanmağa başlayıb. Azərbaycana gələn əcnəbilər və xarici ölkə vətəndaşlarının sayı 2008-ci ildə 1.898.939 nəfər olmuşdur. Həmin ildə ölkəmizi ən çox ziyarət edən Rusiya vətəndaşlarının sayı olmuşdur: 630.860 nəfər. Bu sıralamada Türkiyə vətəndaşlarının sayı 4-cü sırada yer alır: 157.827 nəfər. Pandemiyaya qədər ölkəmizi ziyarət edənlərin sayı artan sıra ilə davam etmişdir. 2019-cu ildə bu say 3.170.373 nəfərə çatmışdır. Bu sıralamada yenə Rusiya vətəndaşlarınin sayı ən çox olmuşdur. Bütün illərin nəticələrinə baxarkən Rusiya vətəndaşlarının sayının çox olması müşahidə olunur. Keçmiş Sovet ölkələrindən gələnləri də bu saya əlavə etsək bu potensial turist axımı bizim üçün nə qədər önəmli olduğunu və onlardan nə qədər gəlir əldə etdiyimizi aydın görmək olar. Bu xalqların ortaq dilinin Rus-dili olduğunu nəzərə alaraq turizm sektorunda bu dilin aktuallığını qoruduğunu etiraf etməli oluruq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il fevral ayının 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskva şəhərinə rəsmi səfərə yollandı. Səfər əsnasında iki dövlətin prezidentləri arasında 43 bənddən ibarət Moskva Bəyannaməsi imzalandı. Bəyannamənin iki dövlət arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltdiyini qeyd edə bilərik. Yeni bəyannamədə razılaşdırılan 43 bənd Azərbaycan və Rusiya arasındakı qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir. Elə bəyannamənin 1-ci bəndinə nəzər yetirən kimi görmək olur ki, bu bəyannamə ölkəmizin dövlət müstəqilliyi və suverenliyinin güclənməsinə xidmət edir: “Hər iki ölkə öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”. Rusiya ilə NATO arasındakı münasibətlərin bu qədər gərgin olduğu və hətta Ukrayna ilə müharibə həddinə çatdığı bir ərəfədə ölkəmizlə belə bir strateji müttəfiqliyə məhz qarşı tərəfin maraqlı olması dövlətimizin bu ölkə üçün nə qədər vacib tərəfdaş olduğunu deməyə əsas verir. Dünyada baş verən geosiyasi proseslər fonunda Azərbaycan da öz maraqlarının təmin edilməsi istiqamətində istənilən dövlət ilə müvafiq istiqamətlərdə çoxşaxəli münasibətlərin qurulmasında maraqlıdır. Buna əsas alaraq onu deyə bilərik ki, Moskva bəyannaməsi, Şuşa bəyannaməsi ilə heç bir ziddiyyət təşkil etmir və bir-birinin qüvvəsinə mənfi təsir etmir. Hətta Azərbaycan Rusiya və Türkiyə arasında əlaqələndirici rol oynayır. Bəyannamənin bütün bəndləri çox ciddi konseptual əsaslara söykənir. Bəyannamənin 9-cu bəndi 44 günlük müharibəyə qədər aparılan məqsədyönlü siyasət, bu dövr ərzində nail olduğumuz iqtisadi inkişaf və Qarabağ uğrundakı parlaq qələbəmiz sayəsində əldə etdiyimiz siyasi və iqtisadi üstünlüklərin təzahürüdür. Bəndi diqqətlə incələdiyimiz zaman aydın olur ki Rusiya tərəfi artıq Qarabağda münaqişələrin yenidən alovlanmasının tərəfdarı deyil. Hətta münasibətlərin normallaşması, regionda kommunikasiyaların hərtərəfli bərpası və Azərbaycan Respublikasının ərazi bütövlüyünün toxunulmazlığının tam şəkildə təmin olunmasında fəal iştirak etmək niyyətindədir. “Tərəflər regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər”. Moskva bəyannaməsinin 18-ci bəndi 9-cu bəndə bir daha qüvvət verir və təhlükəsizlik istiqamətində səylərin birləşdirilməsini nəzərdə tutur: “Tərəflər beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”. Bütün bəndləri bir-bir nəzərdən keçirdikcə ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsindən tutmuş beynəlxalq enerji layihələrində əməkdaşlıq, silah istehsalında birgə fəaliyyət, hətta dinc məqsədlərlə atom enerjisindən istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının da nəzərdən keçirilməsinin planlaşdırıldığı aydın olur. Ümumiyyətlə bəyannamədə yer alan 43 bənd çox geniş sahələri əhatə edir. Bəyannaməni gözdən keçirdikcə iki ölkə arasında uzun dönəmə hesablanmış və çox geniş sahələrdə sıx əməkdaşlığın planlaşdırıldığı qənaətinə gəlmək olur. Vətən müharibəsində əldə edilən uğurlu qələbə regionda yeni konfiqurasiya və ümumilikdə yeni reallıqlar yaratdı. Bunun nəticəsidir ki, artıq Azərbaycan Respublikası istər Rusiya, istərsə də digər dünya dövlətləri tərəfindən daha ciddi və daha ehtiyatla qarşılanmağa başlayıb. İkinci Qarabağ müharibəsindən sonra regionda yeni düzən formalaşdı. Tərəddüd etmədən deyə bilərik ki, bu yeni düzənin yaranmasında qardaş Türkiyə dövlətinin böyük dəstəyi oldu. Artıq regionda müstəqil bir dövlət kimi özümüzü yalnız hiss etmirik. Bu qələbə Ermənistan qarşısında əlimizi gücləndirdi, düşmən ölkə ilə masa arxasında qalib dövlət kimi oturmağımızı təmin etdi. İndi Azərbaycan Rusiya üçün strateji cəhətdən Ermənistandan daha faydalı tərəfdaş olmağa başlayıb. Rusiya Ermənistana olan marağını itirib. Bunun davamı olaraq regionda yeni Türkiyə-Azərbaycan-Rusiya üçbucağı yaranıb. Türkiyə və Rusiyanın bir-birinə yaxınlaşması və son dövrlərdəki bir-birindən bir növ strateji asılılığı Azərbaycanın da ayrıca xeyrinə oldu. Bütün bu sadalanan nüansları əsas gətirərək deyə bilərik ki, Azərbaycan Respublikası müstəqil bir dövlət kimi müxtəlif ölkələrlə siyasi və milli maraqlarının təmin olunması istiqamətində istənilən qaydada müttəfiqliklər, tərəfdaşlıqlar və s. formatlarda istər bəyannamələr, istərsə də müxtəlif strateji müqavilələr imzalaya bilər. Belə müttəfiqliklərin razılaşdırılması prosesində Azərbaycan hökuməti artıq ikinci Qarabağ müharibəsindən əvvəlki dönəmlərlə müqayisədə daha rasional, daha praqmatik tələblər irəli sürmək imkanına malikdir. Şuşa bəyannaməsi kimi Moskva bəyannaməsi də Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi və təhlükəsizliyinin təmin edilməsi baxımından ölkəmizin lehinə olduğunu bir daha qeyd edib sabaha daha ümidli addımlarla irəliləyə bilərik.
Hikmət Məmmədli
Azərbaycan Texnologiya Universitetinin
Menecment kafedrasının assistenti