Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Bu gün Ümumdünya Fəlsəfə Günüdür

Ümumdünya Fəlsəfə Günü UNESCO-nun təşəbbüsü ilə 2002-ci ildə təsis edilib. Həmin vaxtdan etibarən hər il noyabr ayının üçüncü cümə axşamı günü Ümumdünya Fəlsəfə Günü kimi qeyd edilir.Ümumdünya Fəlsəfə Gününün keçirilməsində əsas məqsəd hazırda baş verən qlobal sosial-mədəni dəyişikliklərin müzakirəsinin ümumi platformasını tapmaq, insanları fəlsəfi irsin qorunmasına cəlb etmək, yeni ideyalar üçün təfəkkür dairəsini genişləndirmək, vətəndaş cəmiyyətinin və mütəfəkkirlərin açıq debatlarını stimullaşdırmaqdır. 

Ağdamın azadlığı

Ağdamın azadlığı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev no­yabrın 20-də xalqa müraciətində Ağdam rayonunun düşməndən xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz torpaqlarına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi olaraq qalacaq. Bu, Azərbaycanın  Zəfər tarixidir. Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər.  Cənab Prezidentin göstərişilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna” qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır. Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və başqaları olmaqla onlarla görkəmli şəxsiyyət bəxş etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin cıxışından sitat gətirmək istərdim: “Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanacaq baş plan əsasında bərpa olunacaq”.     Ağdamın azad edilməsinə səbəb olan İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana və Azərbaycan ordusuna eşq olsun! Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Aida Məmmədova

Azərbaycan Texnologiya Universitetinin

Avtomatika və informasiya texnologiyaları

kafedrasının baş müəllimi

 

 

UTECA tələbələri ``Nə? Harada? Nə zaman?`` bilik yarışının qalibi olublar

Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının fəal üzvləri Gəncə Gənclər Evində keçirilən “17 Noyabr – Milli Dirçəliş Günü”nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyununda ilk yerləri tutublar. Yarışa Gəncə şəhərinin ali və orta ixtisas təhsili müəssisələrindən hər birində 6 nəfər olmaqla 10 komanda qatılıb. Tələbələr onlara verilən 24 sualı cavablandırmaqla öz biliklərini sınayıblar.Turnirdə UTECA-nın "Dəmir Yumruq" komandası 1-ci yerə sahiblənib, 2-ci yeri isə UTECA-nın "Qarabağ" komandası əldə edib.Qalib komandalar diplom və sertifikatlarla təltif olunublar. 


Yeni Azərbaycan Partiyası: dünənin, bu günün və gələcəyin partiyası

29 il öncə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. 29 illik fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyası Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə çox böyük və şərəfli yol keçib. Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqillik tarixində yeri və rolunu anlamaq üçün bir sıra məqamlara toxunmaq zəruridir. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Sirr deyil ki, yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 29 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın Sədri seçilmişdir. Qurultay habelə Siyasi Şuranın yeni tərkibini, YAP sədrinin təqdimatı ilə YAP sədrinin müavinlərini, İdarə Heyətinin üzvlərini, İcra katibi və onun müavinlərini seçmişdir. Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. Qurultay partiyanın rəhbər orqanlarını - 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçmişdir. 2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilmişdir. MNTK-ya 17 nəfər üzv seçilmişdir. 2 avqust 2008-ci ildə YAP-ın IV Qurultayı keçirilmişdir. Qurultay tarixi qərar qəbul edərək, partiyanın Sədri cənab İlham Əliyevin növbəti müddətdə prezidentliyə namizədliyini irəli sürmüşdür. 2008-ci ilin 15 oktyabrında keçirilən Prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (88.7%) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2013-cü il iyun ayının 7-də  Yeni Azərbaycan Partiyasının V Qurultayı keçirildi. Qurultayda ölkə başçısı cənab İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürülmüşdür.  V Qurultayın işində partiyanın təşkilatı məsələlərinə baxılmışdır. Belə ki, cənab İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Bundan əlavə, Qurultayda Sədrin dörd müavininin adı, 90 nəfər Siyasi Şura, 21 nəfər İdarə Heyəti və 15 nəfər Nəzarət Təftiş Komissiyasının yeni heyəti açıqlanmış və qəbul edilmişdir. 2013-cü ilin oktyabrın 9-da keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (84.54%) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.  2017-ci il noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin iştirakı ilə təntənəli mərasim keçirilmişdir.    2018-ci il fevral ayının 8-də  Yeni Azərbaycan Partiyasının VI Qurultayı keçirildi. Qurultayda ölkə başçısı cənab İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürülmüşdür.   2018-ci ilin aprelin 11-də keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (86,03 %)  Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2021-ci il mart ayının 5-də  Yeni Azərbaycan Partiyasının VII Qurultayı keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədov partiya sədrinin müavini təyin edilmişdir. Qurultayda İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçilmişdir. 2021-ci il mart ayının 5-də  keçirilmiş Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyevın çıxında bu hissələr xüsusilə diqqətimi cəkmişdir: “Mən son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Partiyaya üzvlük fərdidir. Partiyaya üzvlük və üzvlüyü tərk etmək könüllüdür. Partiya üzvü digər siyasi partiyaların üzvü ola bilməz. Partiya tərəfindən üzvlərinin qeydiyyatı aparılır. Partiyanın Nizamnaməsini və Proqramını qəbul edən 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikası vətəndaşları Partiyanın üzvü ola bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə siyasi partiyaya üzvlüyü qanunla qadağan edilən digər şəxslər Partiyanın üzvü ola bilməz. Şəxs Partiya üzvlüyünə qəbul olunmaq üçün Partiyanın yerli təşkilatına yazılı müraciət edir. Yerli təşkilat şəxsi Partiyanın Nizamnaməsi və Proqramı ilə tanış etdikdən sonra onun barəsində zəruri sənədləri Partiyanın Mərkəzi Aparatına təqdim edir. Üzvlüyə qəbuletmə haqqında qərar Partiyanın Mərkəzi Aparatının rəhbəri tərəfindən qəbul edilir və Mərkəzi Aparat tərəfindən Partiya üzvünə onun Partiya mənsubiyyətini təsdiq edən üzvlük vəsiqəsi verilir. Partiya üzvlüyündən çıxmaq istəyən üzv Partiyanın yerli təşkilatına yazılı müraciət edir. Yerli təşkilat üzv barədə zəruri sənədləri Partiyanın Mərkəzi Aparatına təqdim edir. Üzvlükdən çıxma haqqında müraciət Partiyanın Mərkəzi Aparatının rəhbəri tərəfindən təsdiq edilir. Üzvlükdən çıxan şəxs tərəfindən üzvlük vəsiqəsi Partiyanın yerli təşkilatına təhvil verilir. Azərbaycanın beynəlxalq əlaqələri günü-gündən genişlənir. Yeni Azərbaycan Partiyasının gələcək inkişafı və dahada böyük nailiyyətlər əldə edəcəyinə dair çox nikbin fikirlər var.

 

Pərvin Abbasova

Azərbaycan Texnologiya Universitetinin

Avtomatika və informasiya texnologiyaları kafedrasının baş müəllimi    

Yeni Azərbaycan Partiyası  ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır

“Yeni Azərbaycan Partiyasına hər kəs öz könlü ilə, öz vicdanı ilə, öz qəlbi ilə gəlməlidir və hamı bilsin ki bu partiya saflıq, saf mənəviyyət üzərində qurulmuş bir partiyadır. Bu partiya Azərbaycanın tarixi köklərinə milli mənəvi dəyərlərinə söykənir. Bu partiya ümumbəşər dəyərlərindən bəhrələnən ümumxalq partiyasıdır, Azərbaycanın bütün vətəndaşlarının partiyasıdır. Bu bir milli çərçivədə olan partiya deyil. Millətindən, dilindən, dinindən aslı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üçün Yeni Azərbaycan  Partiyası doğma partiyadır”. Ulu öndər Heydər Əliyevin Yap haqqında düşüncələrindən İlk öncə  qeyd etmək  gərəkdir ki, Yeni Azərbaycan Partiyası ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. 1990-cı illərdə  ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmasına  səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Bu hadisənin fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. Belə bir şəraitdə 91 nəfər ziyalı yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il, oktyabrın 16-da Ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Sirr deyil ki, yarandığı vaxdan  YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu  illərdə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlar tarixi və siyasi əsaslara söykənir. Ümumiyyətlə, tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 700 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Eyni zamanda, ötən müddət ərzində    YAP-ın keçirdiyi qurultaylarda qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların əksəriyyəti gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. YAP bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai, siyasi fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görür. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir: “Yəni bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu çox müsbət haldır. Bu onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir. Qələbələr partiyası olan YAP milli inkişafa xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verib. Bütövlükdə, Yeni Azərbaycan Partiyası ötən 29 il ərzində böyük inkişaf yolu keçib. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib. YAP həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb. Yeni Azərbaycan Partiyası həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirib, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunub. Eyni zamanda, partiyanın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb. Bütün bunlar deməyə əsas verir ki, ümumxalq partiyası olan YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcək. Ümumilli lider cənab Heydər Əliyevin qeyd etdiyi kimi: "YAP dünənin, bu günün və sabahın partiyasıdır".

 

Tamara Ələkbərova

Azərbaycan Texnologiya Universitetinin

Avtomatika və informasiya texnologiyaları kafedrasının müəllimi       

Konfrans iştirakçılarına sertifikatlar təqdim edilib

Azərbaycan Texnologiya Universitetində 5 noyabr 2021-ci ildə keçirilən Zəfər Gününə həsr edilmiş “Pandemiya dövründə gənclərin tədqiqat problemləri” adlı respublika konfransının iştirakçılarına sertifikatlar təqdim edilib.Əvvəlcə universitetin rektoru, professor Akif Süleymanov gənc və təcrübəli tədqiqatçılara müvəffəqiyyətlər diləyərək elmi nailiyyətlərinin davamlı olmasını arzu edib, məsləhət və tövsiyyələrini verib. Ardınca iştirakçılara setrifikatlar təqdim edilib. Konfransa qatılanlar “Ən yaxşı məruzəsinə görə”, “konfransda iştirakına görə”, eləcə də “təşkilində fəallığına görə” olmaqla 3 kateqoriya üzrə təltif olunublar. Qida sənayesi, Yüngül sənaye, Logistika, Metal və materiallar, İnformasiya texnologiyaları və kompyuter mühəndisliyi, Turizm xidməti, İqtisadiyyat və biznesin idarəedilməsi, Davamlı inkişaf və təhsil texnologiyaları olmaqla 8 bölmə üzrə çıxış edən gənc tədqiqatçılardan 21 nəfəri “Ən yaxşı məruzəsinə görə” sertifikatı ilə təltif olunublar.