Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Avropa İttifaqı Şərq Tərəfdaşlığının Sammiti haqqında

Artıq uzun illərdir ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əlaqələr yüksək səviyyədə davam edir. Belə ki, Avropa İttifaqına üzv olan dövlətlərlə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığa dair sənədlər imzalanıb. Bu sənədlər Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair əməkdaşlığın perspektivliyinə bir nümunədir. Belə ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsindəki əməkdaşlıq uğurla həyata keçirilir. Cənub qaz dəhlizinin bu əməkdaşlıqda mühüm əhəmiyyətə malik olduğu bir mənalı qəbul olunur. Bu layihənin son komponenti olan Trans – Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazı artıq Avropa ölkələrinə çatdırılır. Bu baxımdan göstərə bilərik ki,  artıq Avropa İttifaqının üç dövləti – İtaliyaya , Bolqarıstan və Yunanıstana Azərbaycan qazı çatdırılır. Əminliklə deyə bilərik ki, yaxın illərdə Azərbaycan qazı Avropa İttifaqının digər dövlətlərinə də çatdırılacaqdır. Digər  tərəfdən Avropa İttifaqının təşəbbüsü ilə keçirilən Sammitində Azərbaycan Respublikasının haqlı mövqeyi əsasən müdafiə olunur. Yaxın günlərdə Avropa İttifaqının VI Sammitində Cənubi Qafqazda sülhün bərpa olunması Azərbaycan və Ermənistan arasında münaqişənin aradan qaldırılması, eləcə də, onlar arasında sülh müqaviləsinin bağlanması məsələsi müzakirə mövzusu olmuşdur. Sammitdə belə qərara gəlinib ki, 2020 – ci il 10 noyabr, 2021 – ci il 11 yanvar və Rusiyanın Soçi şəhərində 26 noyabr bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Avropa İttifaqı Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan Respublikası Avropa İttifaqı üzvü olan doqquz dövlət ilə strateji tərəfdaşlığa dair sənədlər imzalayıb. Bu isə ikitərəfli əsasda imzalanmış strateji tərəfdaşlığın perspektivliyindən xəbər verir. Avropa İttifaqının sammitində qeyd olunub ki, qurumun təşəbbüsü ilə aparılan danışıqlar praktiki əhəmiyyət daşıyır.  Belə ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat strukturunun, xüsusi ilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin sammitdə müzakirəsi səmərəli və praqmatik keçmişdir. Avropa İttifaqının VI – sammitində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxış edib. Prezident İlham Əliyev uğurla inkişaf edən Azərbaycan – Avropa İttifaqı əlaqələrinə diqqət çəkərək Avropa İttifaqı ilə Azərbaycan arasında üç il bundan əvvəl paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Şərq Tərəfdaşlığının VI –Sammitində Azərbaycan – Ermənistan arasında konstruktiv mühitin hökm sürdüyünü qeyd edib, belə bir mühitin yaradılmasında Avropa İttifaqının rolunu xüsusi vurğulayıb. Daha sonra Cənab İlham Əliyev Azərbaycan –Ermənistan münasibətlərinin normallaşmasına verdiyi tövhəyə görə Avropa İttifaqı şurasının Prezidentinə bir daha minnətdarlığını bildirib.

 

Dos. Hamlet Kəsəmənli

Azərbaycan Texnologiya Universitetinin

                                                                                 Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri                                                                      

Prezident İlham  Əliyevin  İspaniyanın “El Pais” qəzetinə müsahibəsi

Azərbaycan  Respublikasının  Prezidenti Cənab İlham  Əliyevin  İspaniyanın “El Pais” qəzetinə müsahibəsi Bu ilin dekabr ayının 14-də Azərbaycan  Respublikasının  Prezidenti Cənab İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibə verib.  Müsahibə zamanı qəzetin müxbirinin aşağıda dərc etdiyim bəzi suallarına hörmətli Dövlət Başçımızın konkret cavablarını təqdim edirəm. Bir sualda qeyd olunur ki, Ermənistanla hazırki vəziyyət haqqında nə deyə bilərsiniz? Cavabda bildirilir ki, Vətən müharibəsi başa çatdıqdan indiyədək olan müddətdə vəzəyyət nisbətən sabitdir. Bununla belə Azərbaycan və Ermənistan arasında dövlət sərhəddi hələlik təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəllərində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfdən işğalının baş verməsi idi. Buna görə də həm fiziki, həm də siyası olaraq sərhədləri demarkasiya və delimitasiya etmək mümkün deyildi. Biz bir Dövlət olaraq sülh istəyirik. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik. Beynəlxalq oyunçular da bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağıq və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik. Müxbir tərəfindən verilən “Cənab Prezident, Sizcə Ermənistanla, sadəcə, atəşkəs deyil, real sülh sazişi haqqında nə zaman danışmaq olar?” sualına hörmətli Prezidentimizin cavabı konkret olaraq belə olmuşdur: Mənə belə gəlir ki, bu sualı Ermənistana vermək lazımdır, çünki, mən dəfələrlə açıq bəyanat vermişəm ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına hazırdır. Lakin Ermənistan tərəfdən heç bir cavab verilmir. Çünki, onların revanşist fikirləri buna imkan vermir.  Müxbirin “Sizcə, burada, Brüsseldə Avropa İttifaqının rəhbərliyi ilə təmas Soçidəki, son görüşdən nə ilə fərqlənir?” sualına Azərbaycan Prezidentinin cavabı aşağıdakı kimi olmuşdur: Səmimi desək mən heç bir fərq görmürəm. Çünki mən iki ölkə arasındakı münasibətlərin normallaşmasına kömək etmək üçün Rusiya və Avropa İttifaqının həqiqi istəyini görürəm, əks halda onlar bu danışıqlarda bizə vaxt sərf etməzdilər. Qəzetin müxbirinin növbəti “İcazə verin hərbi əsirlərlə bağlı bir daha soruşum, çünki, təkcə Ermənistan tərəfdən deyil, beynəlxalq təşkilatlar tərəfindən də bir başa iddialar var ki, saxlanılan onlarla insan var, heç kim əsl sayını bilmir”. Hörmətli Prezidentimiz bildirdi ki, burada heç bir sirr yoxdur. Siyahı bəllidir və Beynəlxalq təşkilatlar, eləcə də Ermənistan da bundan xəbərdardır. Belə ki, Ermənistanın noyabr ayındakı təxribatı nəticəsində təqribən 30 nəfər, ötən ilin noyabrından isə 40 nəfərə yaxın hərbiçi əsir düşüb və biz bu rəqəmi gizlətmirik. Hətta əsir düşən bir hərbiçi yaralanmışdır və bizim həkimlər tərəfindən müalicə olunaraq Ermənistana təhvil verilmişdir. Müxbirin “Həmin şəxslərin əsir kimi qiymətləndirilməsi və Ermənistan tərəfə qaytarılması ehtimalı varmı?” sualına Cənab Prezidentimizin cavabı konkret olub: Bildirirəm ki, hərbi əsirlərdən artıq 10 nəfəri qaytarılıb. Proses humanitar əsaslarla davam etdiriləcək. Biz heç vaxt “yox” deməmişik, ancaq proses Azərbaycan qanunvericiliyi çərçivəsində ədalət və humanizm üzərində qurulmalıdır. Bu amillərin vəhdəti mövcuddur, proses gedir və onun davam edəcəyini istisna etmirik.  

 

  Radə Əsgərova

Azərbaycan Texnologiya Universitetinin doktorantı   

Medianın inkişafında yeni mərhələ

Milli mətbuatımız yarandığı 146 ildə Azərbaycanda milli məfkurənin, düşüncənin formalaşmasında mühüm rol oynayıb, hüquqi bazaya, demokratik ənənələrə  malik olub.  Dövlət müstəqilliyinin bərpa edilməsinin 30 illik dövründə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib. Ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə 1998-ci il avqustun 6-da senzuranın ləğv edilməsi isə mətbuatımızın inkişafında yeni mərhələnin əsasını qoyub. 1999-cu ildə hazırda qüvvədə olan “KİV haqqında” qanun qəbul olunub. Bu gün isə müasir çağırışlara cavab vermir. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətində də yeni reallıqlar özünü göstərdi. Hər şeydən əvvəl medianın qanunvericilik bazasının yenilənməsi zərurətə çevrildi. 2021-ci il 12 yanvar tarixində Prezident İlham Əliyev Azərbaycanda media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən ölkədə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Bu agentlik “Media haqqında” yeni Qanun layihəsini hazırlayıb, onu ictimai müzakirəyə verib. Hazırda Milli Məclisin müzakirəsindədir. Yeni Qanun layihəsinin mühüm maddələrindən biri media azadlığıdır. Layihədə göstərilir ki, media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və vəzifələrin yaradılması, maliyyələşdirilməsi qadağandır. Media sahəsində fəaliyyət yaradıcılıq  və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir. Yeni qanun media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyən edən vasitə kimi çıxış edir. Layihədə informasiya texnologiyalarından doğan bütün müasir dövrün tələbləri əhatə olunub. Qanunun hazırlanmasını əslində zaman özü, informasiya texnologiyalarının sürətli inkişafı zərurətə çevirib. Media reyestri yaradılması media sektorunda bir aydınlıq əmələ gətirəcək. Bu reyestrin məqsədi media subyektlərinin sayını müəyyən etmək, işçilərin hüquqlarını müdafiə etmək və stimullaşdırmaq üçündür. Çap mediası və onlayn media subyektlərinin təsis edilməsi  üçün dövlət orqanlarından icazə tələb olunmayacaq. Qanun layihəsi jurnalistin statusu, redaksiyaların statusu və bir çox digər məsələləri də özündə əks etdirir. Jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiqi müsbət amildir. Onlar qanunla nəzərdə tutulan imtiyazlardan istifadə edəcək. Vəsiqəni hər hansı şəxsə işlədiyi media da verə biləcək. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı neqativ halların aradan qaldırılmasına şərait yaradacaq. Qanunda bir çox yeniliklər də var ki, bunlar jurnalistin yaradıcılıq əzmini artıracaq. “Media haqqında” Qanun ölkə mediasının inkişafında yeni mərhələ təşkil edəcək.  

 

Zirəddin Cavadov 

Azərbaycan Texnologiya Universitetinin

“Texnoloq” qəzetinin redaktoru   

 

 

 


Ulu öndər Heydər Əliyevin həyat yolu

1923-cü ilin may ayının 10-da Naxçıvanda anadan olan Heydər Əliyev 1944-cü ildən etibarən dövlət təhlükəsizlik sistemində çalışmış və 1964-cü ildən Azərbaycan SSR Nazirlər soveti yanında Dövlət Təhlükəsizliyi komitəsi sədrinin müavini, 1967-ci ildən etibarən isə sədri vəzifəsində işləyib. 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilir və Azərbaycana rəhbərlik etməyə başlayır. İlk gündən etibarən Heydər Əliyev ölkədə geniş miqyaslı reformalara başladı. Belə ki, ölkədə geniş miqyaslı quruculuq işlərinə start verildi, yeni-yeni fabrik və zavodların tikintisi həyata keçirildi. Heydər Əliyevin ölkə daxilində cəsarətli və məhsuldar quruculuq işlərini görən SSRİ rəhbərliyi 1982-ci ilin dekabrında, onu Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Büro üzvü seçdi və Nazirlər soveti sədrinin birinci müavini təyin etdi. 1987-ci ilin oktyabr ayında SSRİ rəhbərliyinin yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq Heydər Əliyev tutduğu vəzifədən istefa verib. 1990-cı ilin yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisələrə etiraz əlaməti olaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçılarının cəzalandırılmasını cəsarətlə tələb etmişdi.  Ulu öndər 1990-cı ilin iyul ayında Azərbaycana qayıdır, 1991-1993-cü illər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini təyin edilir. 1993-cü ilin iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçilir. 1993-cü ilin oktyabr ayının 3-də ümumxalq səsverməsi nəticəsində Ulu öndər Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyət kimi xalqımızın yaddaşında qalmış və heç zaman unudulmayacaqdır.  Milli liderliklə, siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır.Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Xalqımızın tarixi taleyində, mənəvi siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Ulu öndərimiz dünyanın nadir, seçilən siyasət adamlarından biri idi. O, dünya siyasətinə təsir edə bilən lider idi. Bu dahi insan silinməz tarixi yazan nadir şəxsiyyətlərdən biri idi. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Belə ki, kiçik bir ölkə Ulu öndərin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman deməli, hansı addımı nə vaxt atmalı olduğunu zərgər dəqiqliyi ilə bacarırdı. Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu. Bu gün ölkəmiz Ulu öndərin uğurlu siyasətini hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı Ulu öndərimizin layiqli siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.  Ulu öndər 2003-cü il dekabr ayının 12-də  ağır xəstəlikdən dünyasını dəyişib. Məhz həmin gündən dekabr ayının 12-si xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anım günüdür. ALLAH RƏHMƏT ELƏSİN!      

 

Radə Əsgərova

Azərbaycan Texnologiya Universitetinin doktorantı     

UTECA- da elmi-praktiki seminar keçirilib

Azərbaycan Texnologiya Universitetində “Yerli özünüidarəetmənin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusuna həsr olunmuş elmi-praktik seminar keçirilib. İnzibati idarəetmə və kommersiya kafedrasının təşkilatçılığı ilə keçirilən seminarda əvvəlcə dövlət himni səsləndirilib. Ardınca Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirə onlayn qoşulan UTECA-nın rektoru, professor Akif Süleymanov seminarın işinə uğurlar diləyərək bu kimi faydalı seminar və təlimlərin davamlı olmasını arzulayıb.Universitetin Elm və innovasiya üzrə prorektoru dosent Yaşar Ömərov Ulu Öndər Heydər Əliyevin qarşıdan gələn anım gününü xatırladaraq dahi şəxsiyyəti ehtiramla yad edib. Ümummilli liderin elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşdığını qeyd edən prorektor təşkil olunan seminarlarda tələbə aktivliyinin vacibliyindən, magistr və bakalavr tələbələrin elmi tədqiqat fəaliyyətinin müasir şəraitə uyğun təşkilindən də bəhs edib.İnzibati idarəetmə və kommersiya kafedrasının müdiri Füzuli Məmmədov isə seminarın gündəliyinə daxil olan mövzuların aktuallığına toxunaraq məruzəçilərə uğurlar arzu edib.Daha sonra II kurs tələbələri Nigar Hüseynovanın “Yerli özünüidarəetmə institutunun yaranması haqqında”, Urfan Cəfərovun “Azərbaycanda yerli özünüidarəetmə tarixi”, Asif Həsənovun “Bələdiyyələr haqqında məlumat”, III kurs tələbəsi Taleh Abbasovun isə “Azərbaycan Respublikasında yerli özünüidarəetmənin inkişaf mərhələləri” mövzusunda çıxışları dinlənilib.Seminar zamanı Azərbaycanda bələdiyyə tarixinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu əks etdirən, eləcə də Gəncə şəhidlərinin xatirəsinə həsr edilmiş videoçarxlar izlənilib. 

 

 

10 dekabr 2021-ci il və  Zəfər bayrağı

Torpaqlarımızın 30 illik işğalına son qoymuş 44 günlük Vətən müharibəsinə həsr edilmiş hərbi parad 2020-ci il 10 dekabrında Bakı şəhərində keçirilib. Qələbə Paradını Müzəffər Ali Baş Komandan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və ölkəmizə qonaq kimi dəvət olunmuş Qardaş Türkiyə Respublikasının prezidenti Cənab Rəcəb Tayyib Ərdogan qəbul etmişdi.  Qələbə Paradına rəhbərliyi Respublika Müdafiə Nazirinin müavini general – leytenant Kərim Vəliyev rəhbərlik etmişdi. Azərbaycanın müzəffər ordusu Şuşanı işğaldan azad etdikdən sonra bu şəhərdə məğrurcasına dalğalanan Zəfər Bayrağı Bakı şəhərinə Hərbi Parada gətirilmişdi. Hərbi Parada həmçinin müharibə dövrdə erməni hərbi hissələrinin qoyub qaçdıqları hərbi texnikanın bir hissəsi də gətirilmişdi. Hərbi paradda iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin 3000 nəfər hərbi qulluqçusu ayrılmışdı. Bundan əlavə Qələbə Paradında Qardaş Türkiyə Respublikasının Quru Qoşunları, Hərbi – Dəniz Donanmasının, Xüsusi Təyinatlı Qoşun hissələrinin əsgər və zabitləri də iştirak edirdilər. 2020-ci ilin 10 dekabrında parad iştirakçıları Azadlıq Meydanında hazır vəziyyətdə  paradın başlanmasını gözləyirdi. Nəhayət saat 13:00-da Hərbi Paradın başlanması barədə əmr verildi. Bu münasibətlə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvvələrin Ali Baş Komandanına və qardaş Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdogana raport verdi. Bundan sonra iki qardaş dövlətin rəhbərləri Qələbə Paradında iştirak edən hərbçilər qarşısından keçərək onları salamladılar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndi. Hərbçilər qarşısında çıxış edən Müzəffər Ali Baş komandanımız Cənab İlham Əliyev qəhrəman Azərbaycan xalqını və ordumuzu təbrik etdi. O, qeyd etdi ki, müzəffər ordumuz xalqımızın böyük dəstəyi ilə işğalçı Ermənistan ordusunu məhv edərək 30 illik əsarətdə olan torpaqlarımızı işğaldan azad etdi. Eyni zamanda Rəcəb Tayyib Ərdoğan da paradda çıxış edərək Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik etdi. Cənab Rəcəb Tayyib Ərdoğan bir daha qeyd etdi ki, Azərbaycan xalqının işğalçı erməni ordusunu darmadağın etməsi Ənvər paşanın, Nuru paşanın, Qafqaz İslam ordusunun, həmçinin Mübariz İbrahimovun ruhunu şad etmiş oldu. Müzəffər Ali Baş Komandanımız  Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Qələbə Paradındakı çıxışından müəyyən sətirləri xatırlatmaq istərdim: “Bu gün tarixi bir gündür. Belə ki, Bakı səhərinin Azadlıq meydanında Zəfər Paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhur başqanı, əziz qardaşım  Rəcəb Tayyib Ərdoğan iştirak edir. Vətən müharibəsinin ilk saatlarından Türkiyənin dəstəyini hiss etdik. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını, sevindirir. Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Azərbaycan əsgərləri və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8–i 2020-ci il Şuşa şəhərinin işğalçılardan azad edilməsi tarixi nailiyyətimizdir. İndi isə bizim üçün yeni dövr başlayır – quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə yeksan etmişdir. Biz onların hamısını bərpa edəcəyik. Artıq bərpa işləri başlanmışdır. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Çünki bu Zəfər Paradıdır. Bu tarixi hadisədir. Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə - Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!”. Qeyd etmək lazımdır ki, 10 dekabr 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz Qələbə Paradında Zəfər bayrağı nümayiş olunmuşdu. Bu şanlı bayraq 8 noyabr 2020-ci ildə Şuşa şəhəri Ermənistanın işğalçılarından azad olunduqdan sonra Şuşa şəhərinin İcra Hakimiyyətinin binası üzərinə sancılmışdı. Bu bayraq Vətən müharibəsinin Zəfər bayrağı elan olunmuşdu. Zəfər bayrağı Vətən müharibəsindəki qələbəmizin əsas simvoludur.

 

Dos. Hamlet Kəsəmənli

Azərbaycan Texnologiya Universitetinin

Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri