Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində 2023-cü ildə sayca üçüncü səfər Litvanın Vilnüs şəhərində baş tutub.13-17 mart tarixlərinə təsadüf edən işgüzar görüşlər Mykolas Romeris Universitetinin ev sahibliyi ilə keçirilib. Səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, Azərbaycan ali təhsil müəssisələrindən 20-yə yaxın rektor, prorektor və digər məsul şəxslər iştirak ediblər. Azərbaycan Texnologiya Universitetini Tədris şöbəsinin müdiri Raqif Hüseynov və Keyfiyyətin təminatı və audit şöbəsinin müdiri Mətləb Əliyev təmsil ediblər. Səfərin məqsədi tədris və keyfiyyət təminatı üzrə Litva təcrübəsinin öyrənilməsi olub.Səfər proqramı çərçivəsində Litva Rektorlar Konfransının, eləcə də Mykolas Romeris Universitetinin rəhbər şəxsləri tərəfindən Litvanın ali təhsil sistemi, Litva Rektorlar Konfransında fəaliyyət göstərən Tədris işləri üzrə komitənin rolu, Litvada ali məktəblərin milli akkreditasiya sistemi, ali təhsil müəssisələrinin nəticəyə əsaslanan maliyyələşdirmə modeli üzrə təqdimatlar həyata keçirilib. Seminarlarda iştirak edən Azərbaycan nümayəndə heyəti Mykolas Romeris Universitetinin kampusu, o cümlədən kitabxanası və tədris laboratoriyaları ilə tanış olublar.Səfər müddətində layihənin koordinatoru Gülşən Bayramova layihənin aralıq monitorinq nəticələri barədə iştirakçılara məlumat verib. Yekunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov tərəfindən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində yaradılmış Tədris və keyfiyyət təminatı üzrə komitənin iclası keçirilib. İclasda Komitənin fəaliyyət planı və həyata keçiriləcək layihələr üzrə müzakirələr aparılıb.