Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsinin tədqiqat mərhələsinin yekunlarına həsr olunmuş tədbir keçirilib

10 noyabr 2021-ci il tarixində Bakı Biznes Univertsitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin növbəti görüşü Bakı Ali Neft Məktəbində keçirilib.Görüşün məqsədi layihə çərçivəsində aparılan tədqiqat işlərinin nəticələrinin ali təhsilin maraqlı tərəfləri ilə bölüşülməsi və bu nəticələr barəsində müvafiq müzakirələrin aparılması olub. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycanın 19 Universitetinin rektorları və prorektorları, Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov və layihənin xarici tərəfdaşları qismində Polşa Rektorlar Konfransının, Litvanın Mykolas Romeris Universitetinin, İsveçin Kral Texnologiya Universitetinin, Belçikanın EFMD Beynelxalq biznes universitetlər birliyinin məsul nümayəndələri tədbirdə iştirak edib. Tədbirdə ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov, layihənin koordinatoru olan Bakı Biznes Universitetinin rektoru i.e.d.,prof. İbad Abbasov çıxış edərək sözügedən layihənin universitetlər arasında əməkdaşlığın gücləndirilməsinə, tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunmasına, qarşılıqlı əlaqələrin dinamik şəkildə qurulmasına və nəhayət, Azərbaycan ali təhsil məkanının inkişafına töhfələr verəcəyini vurğulayıblar. Eyni zamanda, Mykolas Romeris Universitetinin nümayəndəsi Inga Juknyte-Petreikiene Azərbaycan ali təhsil məkanında maraqlı tərəflər arasında şəbəkələşmə, əməkdaşlıq və kommunikasiya məsələlərinə həsr edilmiş sorğuların nəticələrini statistik göstəricilərlə nümayiş etdirib. İ.Juknyte-Petreikiene nəticələrə əsasən Azərbaycan universitetlərində mövcud vəziyyəti iştirakçıların diqqətinə çatdırıb.Daha sonra Mykolas Romeris Universitetinin prorektoru Prof. Regina Valutyte və layihə koordinatoru Gülşən Bayramova Azərbaycanda Rektorlar Konfransının yaradılmasının qanunvericilik bazası haqqında çıxış edərək yerli və beynəlxalq səviyyədə aparılmış təhlillərin nəticələri, Konfransın səmərəli fəaliyyəti üçün müvafiq hüquqi tənzimləmənin və ən uyğun idarəetmə modellərinin müəyyən edilməsi haqqında geniş məzmunda çıxış edib. 

UTECA tələbələri VII ümumrespublika bilik yarışında iştirak ediblər

Azərbaycan Texnologiya Universitetinin tələbələri respublika bilik yarışında iştirak ediblər. Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında bu dəfə 48 ali təhsil ocağı təmsil olunub. 2014-cü ildən ənənəvi təşkil edilən bilik yarışı gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı məqsədi daşıyır. Builki yarış eyni zamanda Vətən müharibəsində əldə olunan şanlı zəfər tarixinə həsr edilib. Yarış ərəfəsində komandaların müsabiqəyə hazırlığı məqsədi ilə Heydər Əliyev Muzeyinə ziyarətləri təşkil olunub, noyabrın 6-da isə Vətən müharibəsi və şanlı zəfər tarixinin öyrənilməsi məqsədilə bilik yarışının iştirakçı komandaları üçün təlim keçirilib. Bilik yarışı 3 turdan ibarət olub. Hər turda 12 sual cavablandırılıb. Suallar komandalara əvvəlcədən təqdim olunan mövzular əsasında tərtib edilib. 5 nəfər (1 ehtiyat) tərkibdən ibarət komandalar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti, irsi, eləcə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın Ermənistanın işğalından azad olunması uğrunda aparılmış Vətən müharibəsi və zəfər tarixi ilə bağlı mövzuları əhatə edən sualları cavablandırıblar. Sonda 3 qalib komanda müəyyən edilib - Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası birinci, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası üçüncü yerə layiq görülüb. Qiymətləndirmə zamanı 19 yer üzrə olan siyahıda Azərbaycan Texnologiya Universitetinin komandası ADA Universiteti, Azərbaycan Texniki Universiteti tələbələri ilə birgə 8-ci yerdə qərarlaşıb. Qaliblərin mükafatlandırılması ilə yanaşı, komandaların hər bir üzvünə Heydər Əliyev Mərkəzi adından iştirakçı sertifikatları təqdim olunub. 

Erasmus+ layihəsi çərçivəsində layihə menecerlərinin üçüncü görüşü keçirilib

11 noyabr 2021-ci il tarixində Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində layihə menecerlərinin üçüncü görüşü keçirilib.Tədbirdə layihə konsorsiumunun üzvü olan 15 Azərbaycan universitetinin məsul şəxsləri, eyni zamanda Avropa tərəfdaşları iştirak edib. Azərbaycan Texnologiya Universitetini isə tədbirdə layihə meneceri İlahə Qurbanova təmsil edib. Daha sonra layihənin iş planına uyğun olaraq nəzərdə tutulan fəaliyyətlər, layihənin icrası ilə bağlı maliyyə və təşkilati məsələlər, eyni zamanda layihə fəaliyyətinin ictimailəşdirilməsi tədbirləri haqqında geniş müzakirələr aparılıb. Yekunda menecerlər tərəfindən növbəti mərhələlərdə yerinə yetiriləcək işlər dəqiqləşdirilib və bir sıra tapşırıqlar qarşıya qoyulub.Qeyd edək ki, layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Konfrans yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacaq. 


Rəsmi İrəvan bütün dövrlərdə işğalçı siyasət yürüdüb

Məlumdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub. 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin zəifləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin qopardılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçib. Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə indiki Ermənistan ərazisindən didərgin salınıb və deportasiya ediliblər.  1948-1953-cü illərdə 150 mindən  çox azərbaycanlı yurdlarından kütləvi surətdə zorakılıqla sürgün olunub. 1991-ci ildə sentyabrın 2-də Şaumyan rayonu hüdudlarında qondarma “Dağlıq Qarabağ Respublikası” elan edildi. Lakin 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Bu vaxta qədər açıq ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başlayıb. Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq mülki əhalini əsas hədəf kimi seçib. Onların bu əməlləri hüquqi müstəvidə təcavüz kimi quymətləndirilir. Lakin 44 günlük zəfər savaşımızda düşmənin təcavüzünə son qoyduq. Əzmli xalqımız “Dəmir Yumruq” altında birləşdi. Cənab Prezidentin, rəşadətli ordumuzun sayəsində müstəqilliyimiz tam bərpa olundu, şəhidlərimizin qisası alındı. Yaşasın bütöv, müstəqil Azərbaycan! Yaşasın məğrur Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!  

 

Aysel Məmmədli 

Azərbaycan Texnlogiya Universitetinin 

Xarici dillər kafedrasının müəllimi

ABŞ-ın Vayominq Universitetinin tədqiqatçısı UTECA-da seminar keçib

Bu gün Azərbaycan Texnologiya Universitetində ABŞ-ın Vayominq Universitetinin tədqiqatçısı Ayxan Yusifovun seminarı təşkil olunub. UTECA-nın gənc tədqiqatçıları üçün nəzərdə tutulan seminar "İnternet resurslarında ədəbiyyatla iş" mövsuzuna həsr edilib. Seminar zamanı Azərbaycan Texnologiya Universitetinin 100 yaxın gənc tədqiqatçısı ədəbiyyat axtarışı - resusrsların növləri, axtarış alətləri, səmərəli axtarış üçün açar sözlər, eləcə də materialların toplanış üsulları ilə yaxından tanış olublar.Seminara qatıla bilməyən digər gənc tədqiqatçılarımız üçün də faydalı olacağını nəzərə alaraq "İnternet resurslarında ədəbiyyatla iş" təliminin tam versiyasının linkini paylaşırıq:

https://www.youtube.com/watch?v=NRKpsyKuwNc 

Azərbaycanda Konstitusiya ilə təsbit olunmuş insan haqları və insan hüquqları

1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya Azərbaycanda əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir. Yeni Konstitusiyamız Azərbaycanın müstəqillik qazanmasının, iqtisadi-siyasi və sosial mədəni sahədə ictimai münasibətlərin əsaslı keyfiyyət dəyişikliklərinin nəticəsi hesab olunduğundan, onun əvvəllər qəbul edilmiş və hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarına zidd olması şübhəsizdir. Belə vəziyyətdə Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar Əsas Qanuna zidd olmayan tərzdə qüvvəsini saxlayır. 147-ci maddəyə əsasən Azərbaycan Respublikasının Konstitusiyası ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Deməli, Konstitusiyaya zidd olan bütün qanunvericilik aktları və ya onların müəyyən müddəaları qüvvəsini itirmiş hesab olunur. Həmin aktlar və ya müddəalar istinad mənbəyi ola bilməz. Hər hansı qərar qəbul edilərkən və ya məsələ həll olunarkən əsas götürülə bilməz. Hüquq və dövlətin ən mühüm prinsiplərindən biri olan insanların təbii, ayrılmaz və demokratik hüquqlarının geniş kompleksini qanunvericilik yolu ilə təsbit etmək, onun reallığına, hüquqi, mənəvi və digər üsullarla təminat vermək, hər hansı qəsddən hüquqi vasitələrlə etibarlı şəkildə müdafiə etməkdir ki, bu da Konstitusiyamızda öz əksini tam dolğunluğu ilə tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının təxminən üçdə biri (24-71-ci maddələr) məhz birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunmuşdur. "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlanan III fəsil məhz bu barədədir. Orada insanlara doğulduğu andan mənsub olan toxunulmazlıq, pozulmaz və ayrılmaz hüquq və azadlıqların hər biri ətraflı göstərilir, onların reallaşdırılmasına təminat verir, müdafiəsi təsbit olunur. Yeni Konstitusiyamız hüquqları və azadlıqları pozulan insanları süründürməçilikdən, ötür-ötür oyunundan xilas edərək 71-ci maddənin 7-ci bəndində, hüquqi dövlətin təbiətinə uyğun olaraq göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Bu o deməkdir ki, məhkəmədən başqa heç bir orqan həmin hüquqların pozulması ilə əlaqədar mübahisəni həll edə bilməz. Mütərəqqi cəhət odur ki, Azərbaycan Konstitusiyasının hazırlanması zamanı bu sahədə o dövrə qədərki dünya təcrübəsi, insan hüquq və azadlıqlarının keçdiyi inkişaf yolu ümumiləşdirilmiş və ölkəmizin reallıqlarına, ənənələrinə tam uyğunlaşdırılmışdır. Dünyanın özü kimi qədim olan (yəqin ki, cəmiyyətlə birgə yaranan) insan hüquqları ideyasının fəlsəfi əsaslarının işlənib hazırlanması və bu ideya uğrunda səmərəli mübarizə aparılması son üç əsrin payına düşmüşdür. XVIII əsrdə Avropa ayrılmaz insan hüquqlarının (yaşamaq hüququ, azad olmaq hüququ) və vətəndaş hüquqlarının (söz və vicdan azadlığı, təhlükəsizlik və mülkiyyət hüququ) meydana çıxmasının şahidi olmuşdur. Siyasi hüquqlar (ümumi seçki, gizli səsvermə, respublika quruluşu, xalq özünüidarəsi, cəmiyyət və birliklərin sərbəstliyi, siyasi həyatda və hakimiyyət sistemində iştirak etmək və s. hüquqlar) XIX əsrdə əldə edilmişdir. XX əsr bütün hüquqlar sırasına sosial hüquqları (sosial təminat hüququ, əmək, təhsil, tibbi yardım hüquqları, qadın bərabərliyi və uşaqların müdafiə hüquqları) əlavə etmiş, insan hüquqları ideyasını və həmin ideyanı həyata keçirmək təcrübəsini bütün dünyaya yaymışdır. İnsan hüquqlarının beynəlxalq təminatı ilə bağlı müasir hərəkat məhz İkinci Dünya müharibəsi dövründə başlanmışdır. Böyük Britaniya və ABŞ-ın müharibəyə qoşulmasının səbəbi, özlərinin bəyan etdiklərinə görə, heç də Birinci Dünya müharibəsindəki kimi "demokratiyanın inkişafı naminə sülhü bərqərar etmək cəhdi" ilə yox, insan hüquqlarının (Ruzveltin göstərdiyi dörd cür azadlığın) hər bir ölkədə hər bir insan üçün bərqərar olması ilə əlaqədar idi. Faşizmə qarşı mübarizədə irəli sürülmüş bu şüar maharibədən sonrakı dövrdə də beynəlxalq sabitliyin planlaşdırılmasının əsasını təşkil etdi. Müharibə başa çatdıqdan sonra qalib dövlətlər ABŞ prezidenti Ruzveltin təşəbbüsü ilə dövlətlər arasında sülh və bütün dünyada insan hüquqlarını təmin edə biləcək daimi beynəlxalq təşkilat - Birləşmiş Millətlər Təşkilatını yaratmaq qərarına gəldilər. BMT-nin 26 iyun 1945-ci ildə qəbul olunmuş xartiyasının (nizamnaməsinin - red.) maddələrinin birində göstərildi ki, bu təşkilatın vəzifəsi "hamı üçün irqinə, cinsinə və dininə görə heç bir ayrı-aseçkiliyə yol vermədən insan hüquqlarına və azadlıqlarına hamılıqla hörmət və əməl edilməsinə kömək etməkdir" (1.55-ci maddə). Beləcə, insan hüquqlarının beynəlxalq hüququn subyekti kimi tanınması yolunda ilk addım atıldı. BMT-yə daxil olan ölkələr 10 dekabr 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdi (o vaxtdan 10 dekabr dünyada insan hüquqları günü kimi qeyd olunur). İnsan hüquqlarını dövlət mənafeyindən üstün tutan bu bəyannamə dünya dövlətlərini insan hüquqlarına görə cavabdehlik daşımağa çağırdı. Bəyannamə vətəndaş və siyasi hüquqlarla bərabər, o vaxtlar demokratik ictimaiyyət tərəfindən qəbul edilmiş sosial və iqtisadi hüquqları da əhatə etmişdir. Həmçinin orada ədalətli məhkəmə təhqiqatı hüququ, dövlət təqiblərindən gizlənmək, ölkəni tərk etmək, ölkəyə qayıtmaq, ailə qurmaq hüquqları, vicdan, söz, yığıncaq və şəxsi həyat azadlıqları, bərabər zəhmətə görə bərabər ödəniş hüququ, layiqli yaşayış səviyyəsi hüququ, cəmiyyətin mədəni həyatında iştirak etmək hüququ öz əksini tapmışdır. Bəyannamə bütün ölkələrin əməl edəcəyi beynəlxalq qanun kimi yox, BMT-yə daxil olan dövlətlərin can atacağı bir standart kimi qəbul edilmişdir. Ona görə BMT-yə daxil olan ölkələrin növbəti addımı bəyannamənin müddəalarının beynəlxalq sazişin müddəalarına çevrilməsindən ibarət olmuşdur. Sazişdə insan hüquqlarını qorumaq artıq çağırış kimi yox, ölkələrin yerinə yetirməli olduqları bir öhdəlik kimi irəli sürülmüşdür. Bu, çox da asan olmayan bir məsələ idi: çünki bəyannamənin çağırışları belə SSRİ və sosialist blokuna daxil olan digər ölkələr, eləcə də Cənubi Afrika və Səudiyyə Ərəbistanı tərəfindən müdafiə olunmamışdı. Beynəlxalq sazişlərin qəbul olunması sahəsindəki təşəbbüslər ancaq 18 il sonra "Mülki və siyasi hüquqlar haqqında Pakt"ın və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ın imzalanması ilə nəticələndi. Əvvəlcə yalnız 35 ölkə tərəfindən imzalanmış "Mülki və siyasi hüquqlar haqqında Pakt" dövlətlərin öz vətəndaşlarının hüquqlarını pozmaq imkanlarını xeyli dərəcədə məhdudlaşdırdı. Bu paktları imzalayan ölkələrin sayı 100-ü keçmişdir. Bəyannamənin beynəlxalq sənəd statusu yox idi. Lakin bu sənədin olduqca mənəvi və ideoloji əhəmiyyəti var idi. İlk dəfə etiraf olunurdu ki, insan hüquqları universal - ümumdünya xarakteri daşıyır və dünya ölkələri arasındakı mədəni, tarixi və ictimai fərqlərdən asılı deyildir. Bundan başqa insan hüquqları daha ölkənin daxili işi sayıla bilməzdi. Bir çox ölkələr hələ də bəyannamənin ayrı-ayrı maddələrini pozmaqda davam etsə də, açıq şəkildə ona qarşı çıxmağa heç kəs cəsarət göstərmir. Sənədin mətni insanları hökumətin bəyannamədə göstərilmiş standarta uyğun şəkildə təmin etməyə borclu olduğu hüquqlar uğrunda mübarizəyə ruhlandırırdı. Bəyannamədə yazılan və Azərbaycan Konstitusiyasında əksini tapan insan hüquqlarını təxminən bir neçə qrupa bölmək olar: Fərdi hüquqlar - fiziki və mənəvi təhlükəsizliyin minimum təminatlarını qoruyur (BMT Insan Hüquqları Bəyannaməsində 1; 2; 4; 5; 6; 15-ci maddələr). Azərbaycan Respublikası Konstitusiyasındakı 24, 25, 26, 28, 31, 32, 46, 53-cü maddələr; Prosessual hüquqlar - insan dövlətin hüquq-mühafizə sistemi ilə qarşılaşanda onun prosedur müdafiəsini təmin edir (BMT Insan Hüquqları Bəyannaməsində 9; 10; 11-ci maddələr). Azərbaycan Respublikası Konstitusiyasındakı 32, 33, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71-ci maddələr; Vətəndaş azadlıqları - dövlətin həm intellektual (vicdan, söz, mətbuat azadlığı), həm də ictimai sahədə (yığıncaqlar və təşkilatlar azadlığı) insanın fəaliyyətinə, müdaxiləsinə məhdudiyyətlər qoyur (BMT Insan Hüquqları Bəyannaməsində 18; 19; 20-ci maddələr). Azərbaycan Respublikası Konstitusiyasındakı 44, 45, 46, 47, 48, 49, 50, 51-ci maddələr; Siyasi hüquqlar - insanın dövlətin idarə olunmasında və onun üzərində nəzarət işində iştirak etmək hüququdur (BMT Insan Hüquqları Bəyannaməsində 21-ci maddə). Siyasi hüquqlara həmçinin bəzi vətəndaş azadlıqları - fikir, vicdan, söz, mətbuat, yığıncaqlar və təşkilatlar azadlığı da aid edilir. Azərbaycan Respublikası Konstitusiyasındakı 52, 53, 54, 55, 56, 57, 58-ci maddələr; Yaşamaq (ömür sürmək) hüququ - insanın sağ qalıb yaşaması üçün minimum zəruri şərtləri təmin edir; bu, başlıca olaraq qidaya və tibbi xidmətə aiddir (BMT İnsan Hüquqları Bəyannaməsində 25-ci maddə). Azərbaycan Respublikası Konstitusiyasındakı 27 və 43-cü maddələr; İqtisadi hüquqlar - buraya sosioloji təhlükəsizlik, əmək, istirahət və həmkarlar azadlığı hüquqları daxildir (BMT İnsan Hüquqları Bəyannaməsində 22; 23; 24-cü maddələr). Azərbaycan Respublikası Konstitusiyasındakı 35, 36, 37, 38, 39, 59-cu maddələr; Sosial hüquqlar - bunlar təhsil almaq, ailə qurmaq və onu qoruyub saxlamaq hüquqlarıdır (BMT İnsan Hüquqları Bəyannaməsində 12; 16; 26-cı maddələr). Azərbaycan Respublikası Konstitusiyasındakı 34, 41, 42-ci maddələr; Mədəni hüquqlar - cəmiyyətin mədəni həyatında iştirak etmək hüququdur. Bəzən buraya təhsil hüququ da aid edilir (BMT İnsan Hüquqları Bəyannaməsində 27-ci maddə). Azərbaycan Respublikası Konstitusiyasındakı 40-cı maddələr. 1966-cı ildə BMT Qərb ölkələrinin təşəbbüsü ilə insanların "İqtisadi, sosial və mədəni hüquqları haqqında" və "Mülki və siyasi hüquqlar haqqında" Ümumdünya Bəyannaməsinin müddəalarını inkişaf etdirən paktları qəbul edir. Bu paktların artıq beynəlxalq müqavilə statusu var idi. İnsanların "Mülki və siyasi hüquqlar haqqında Pakt"da, bu sənədi imzalamış ölkələrdə insan hüquqları üzərində beynəlxalq nəzarət mexanizmi müəyyən edilmişdi. Bu paktlardan sonra BMT qadınların, uşaqların, dini azlıqların və başqalarının hüquqlarının tapdalanması hallarının kökünün kəsilməsinə yönəldilmiş çox sayda paktlar və konvensiyalar qəbul edib. Bütün bu sənədləri Azərbaycan da imzalamışdır. Bu gün BMT Bəyannaməsində yazılmış insan hüquqları yeni-yeni demokratik ölkələrin konstitusiyalarına daxil edilir. Yuxarıda qeyd etdiyimiz kimi, bu hüquqlar Azərbaycanın 1995-ci il Konstitusiyasında da əks olunmuşdur. İnsan hüquqlarının bir qismi ayrılmaz hüquqlardır. Dövlət insanı hüquqlarından məhrum edə bilməz. Hətta insanın özü belə könüllü olaraq öz hüquqlarından imtina edə bilməz. Əgər bir adam sənəd imzalayıb könüllü şəkildə azadlıqdan imtina edərsə və özünü qula çevirərsə, bu sənəd məhkəmədə həqiqi sənəd sayılmaz. Lakin insan qərar verib özünü mülkiyyətdən təcrid edə bilər, çünki mülkiyyət hüququ insanın ayrılmaz hüquqlarından deyil. Dövlətə (adətən, hüquqlarımızı pozan dövlət məmurlarına) etiraz etmək haqqı insan hüquqları ideyasının əsas müddəalarından biridir. Insan hüquqları ictimai yox, fərdiyyət məsələsidir. Ona görə də insan hüququ anlayışı altında azlığın hüquqları yox, bu azlığa daxil olan konkret şəxsin hüquqları nəzərdə tutulur. Öz konstitusiyası olan respublikalarda insan hüquqları məhz konstitusiya qanunu kimi müəyyən edilir və bu qanun parlamentin qəbul etdiyi digər qanunlardan yüksəkdə dayanır. Odur ki, insan hüquqlarını bəzən "Konstitusiya hüquqları" da adlandırırlar. Insan hüquqları yalnız insanın dövlətə qarşılıqlı münasibətlərinə aid məsələdir. Əgər kimsə öz hərəkətləri ilə hər hansı bir insana zərər vurursa, bu, artıq insan hüququ məsələsi yox, qanunçuluq məsələsidir. Insan hüquqları iki əsas qrupa ayrılır: maddi hüquqlar və prosessual hüquqlar. Maddi hüquqlar insana məxsus olan bir çox hüquq və azadlıqlardır ki, buraya fikir azadlığı, vicdan azadlığı və seçki azadlığı daxildir. Prosessual hüquqlar insana məxsus hərəkət üsullarını və onlarla bağlı olan məhkəmə, prokurorluq institutlarını əhatə edir ki, həmin institutların köməyi ilə insan ədalətin bərpasına nail olur, cinayət törətməkdə ittiham olunarkən hakimiyyət qarşısında öz hüquqlarını müdafiə edir. Maddi hüquqlara hüquq və azadlıqlar daxildir. Vətəndaş hüquqları dövlətin hər bir insan qarşısında eyni dərəcədə daşıdığı vəzifələrdir. İnsan hüquqları hökumətin mənafeyi, mənəvi əxlaq anlayışı, cəmiyyətin iqtisadi maraqları ilə tez-tez toqquşur, amma hər dəfə insan hüquqları ilə digər dəyərlər arasında toqquşmalar baş verəndə üstünlük insan hüquqlarına verilir. Məhz buna görə deyirlər ki, insan hüquqları digər dəyərlərdən daha üstün və əsasdır. Digər dəyərlərlə müqayisədə insan hüquqlarının bəziləri daha vacib və üstün sayılsa da, onlar hər halda mütləq hüquqlar hesab edilmir və başqa hüquqlarla toqquşmada onlara müəyyən məhdudiyyət qoymaq olar. Məsələn, söz azadlığına irqçiliyi təbliğ etmək qadağası qoyula, yaxud mənzilin toxunulmazlığı hüququ cinayət axtarışı prosesində pozula bilər. Hüquqların məhdudlaşdırılması hakimiyyətin qərarı ilə yox, qanun əsasında həyata keçirilməlidir. İnsan hüquqlarının məhdudlaşdırılmasının dərəcəsi bu qanunda məhdudlaşdırmanı doğuran vəziyyətin gərginliyi ilə və bu məhdudlaşdırma müqabilində başqa bir dəyərin qorunmasının vacibliyi ilə müəyyən olunmalıdır. Beynəlxalq və milli hüquq normalarının qarşılıqlı əlaqəsi və təsiri məsələlərinin ətraflı araşdırılması beynəlxalq ümumi hüququn və dövlət və hüquq nəzəriyyəsinin və ümumilikdə yurisprudensiyanın ən aktual məsələlərindən biridir. Bu, bir tərəfdən dövlətdaxili hüquq nomalarının beynəlxalq hüquq normalarına uyğunlaşdırılması ilə, digər tərəfdən beynəlxalq münasibətlərdə beynəlxalq hüququn artan rolu ilə bağlıdır. Insan hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Belə ki, 12-ci maddənin 1-ci hissəsində dövlətin ali məqsədi kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi göstərilirsə 12-ci maddənin 2-ci hissəsində qeyd edilir ki, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

 

Mətanət Mustafayeva 

Azərbaycan Texnologiya Universitetinin

İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi