Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

UTECA-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan beynəlxalq konfransın iştirakçılarına sertifikatlar verilib

Azərbaycan Texnologiya Universitetində (UTECA) 5-6 may tarixlərində keçirilmiş, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan “Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya” adlı beynəlxalq konfransın iştirakçılarına sertifikatlar verilib.  Rektor professor Akif Süleymanov təltif olunma tədbirində bildirib ki, konfransda ən maraqlı tezislə çıxış edən hər bölmə üzrə üç məruzəçi sertifikata layiq görülüb. Rektor tədqiqatçıları uğurları münasibətilə təbrik edərək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzu edib.  Daha sonra sertifikatlar sahiblərinə təqdim edilib. Xatırladaq ki, 12 ölkənin elm adamlarının iştirak etdiyi beynəlxalq konfransın panel bölmələri 8 istiqamət üzrə təşkil edilib. Konfransın məcmuələr toplusuna 30-dan çoxu xarici ölkələrdən olan 150-dən artıq tezis daxil edilib.      

UTECA-nın Turizm sənayesinin təşkili və ekologiya kafedrasının əməkdaşları Göygöl Milli Parkına səfər ediblər

UTECA-nın Turizm sənayesinin təşkili və ekologiya kafedrasının əməkdaşları Göygöl Milli Parkına səfər ediblər Azərbaycan Texnologiya Universitetinin (UTECA) Turizm sənayesinin təşkili və ekologiya kafedrasının əməkdaşları, Qida Mühəndisliyi fakültəsinin elmi işlər üzrə dekan müavini Qasımova Afət, ekologiya, ekologiya mühəndisliyi, eləcə də turizm və otelçilik ixtisaslarında təhsil alan tələbələr Göygöl Milli Parkına səfər ediblər. Ekspedisiyanın məqsədi biomüxtəlifliyin qorunması üçün Azərbaycan Respublika sı Qırmızı kitabına daxil olan növ müxtəlifliyinin tədqiq edilməsi və ekoloji turizmin yeni inkişaf istiqamətlərinin araşdırılması olub. Səfər zamanı kafedranın bir qrup əməkdaşı və tələbələri Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev və baş elmi işçi Zaur Məmmədovla görüşdə olublar. Fuad Quliyev çıxış edərək görüşün məhz bugünə - ekoloqların peşə bayramına təsadüf etməsini xüsusi günü daha da əlamətdar etdiyini bildirib, ölkədə ekoloji problemlərin həlli istiqamətində görülən işlərdən, dövlətin bu sahəyə göstərdiyi qayğıdan, qəbul olunan dövlət proqramlarından, ekologiyanın əhəmiyyətli rolundan danışıb. Qeyd edib ki elmi tədqiqat məqsədilə təşkil olunmuş ekspedisiyalar tələbələr üçün olduqca vacib, onların ixtisaslı kadr kimi yetişməsində böyük əhəmiyyətə malikdir. F.Quliyev bu qəbildən təşkil olunan səfərlərə görə universitet rəhbərliyinə təşəkkür ünvanlayıb. Daha sonra F.Quliyevin müşayiəti ilə çətin keçilən relyefə malik Qaragöl marşrut xətti üzrə hərəkət təşkil olunub.  Ekspedisiya çərçivəsində Göygöl Milli Parkında kafedranın professoru Elşad Məmmədovun elmi-praktik seminarı keçirilib. Seminarın sonunda Göygöl Milli Parkının əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.  Eyni zamanda Göygöl Milli Parkı ilə kafedranın qarşılıqlı əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.         

 

TEKNOFEST Azərbaycan - #UTECA tələbələri ilk onluqda

UTECA-nın Rosol komandası TEKNOFEST Azərbaycan festivalının #Robotexnika müsabiqəsində ilk onluqda yer alıb. Azərbaycan Texnologiya Universitetinin tələbələri finalda iştirak edən 16 komanda arasında 8-ci yeri tutub.74,67 balla adını qaliblər sırasına yazdıran Rosol komandası minaaxtaran və zərərsizləşdirən robot layihəsi ilə 26-29 may tarixlərində baş tutacaq böyükmiqyaslı TEKNOFEST Azərbaycan festivalında iştirak edəcək.  


“Param-parça illər” adlı şeir kitabının ictimai müzakirəsi keçirilib

UTECA-da Xalq şairi Vahid Əzizin “Param-parça illər” adlı şeir kitabının ictimai müzakirəsi keçirilib Azərbaycan Texnologiya Universitetində Xalq şairi Vahid Əzizin “Param-parça illər” adlı şeir kitabının ictimai müzakirəsi keçirilib. Tədbirdə rektorun ictimai əlaqələr üzrə müşaviri Nazim Kərimov, Elmi Tədqiqat Mərkəzinin müdiri Qalibə Məmmədova, Tələbə Elmi Cəmiyyətinin sədri Aysel Məmmədli, müəllimlər və tələbələr iştirak edib.  Müzakirələr zamanı çıxışçılar Vahid Əzizin yaradıcılığında milli mənlik şüurunun inkişafı, vətənpərvərliyin gənclərə aşılanması, vətən həsrəti, millətə və dövlətə bağlılığın mühüm yer tutmasının əhəmiyyəti haqqında danışıblar. Şairin yaradıcılığında vətənin hər daşının təbliğinin üstünlük təşkil etdiyinə, bu istiqamətin aparıcı olduğuna xüsusi diqqət çəkilib. Qeyd olunub ki, şairin yaradıcılığında vətənpərvərlik, vətən nisgilinin izi açıq hiss edilir. Çıxışlarda bildirilib ki, Xalq şairi 44 günlük Vətən müharibəsindən sonra çap edilən “Param-parça illər” əsəri ilə qələbəyə öz töhvəsini verib. Kitabda “Qəhrəman Tərtər”dən tutmuş, “Tarixi Xudafərin”, “Qarabağ”, “Cəmi 44 günə” adlı şeirlərin həm tarixi ədalət, həm də gənclərin vətənpərvər əhval-ruhiyyədə böyüməsi baxımından uğurlu olduğu dilə gətirilib.          

 

 

 

UTECA əməkdaşı Afət Qasımova Qida məhsulları texnologiyası üzrə dosent elmi adına layiq görülüb

Azərbaycan Texnologiya Universitetinin əməkdaşı Afət Qasımova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə elmi-pedaqoji fəaliyyətə görə texnika elmləri sahəsində Qida məhsulları texnologiyası üzrə dosent elmi adına layiq görülüb.Azərbaycan Texnologiya Universitetinin 1997 -ci il məzunu olan A.Qasımova 170 elmi əsərin, o cümlədən 3 dərs vəsaitinin, 2 monoqrafiyanın, bir metodik vəsaitin müəllifidir. Əsərləri Amerika, Portuqaliya, Macarıstan, Avstriya, Rusiya, Belarus, Polşa və Ukrayna kimi ölkələrin nüfuzlu jurnallarında dərc olunub.  

Müəllim və tələbələrimiz  “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində iştirak edib

Azərbaycan Texnologiya Universitetinin tələbə və müəllimlərdən ibarət heyəti Bakıda “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində iştirak edib. Tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi, İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer, Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini George Xanişvili və digər rəsmilər iştirak ediblər.Tədbirdə UTECA-nı Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov və tələbələri təmsil edib. UTECA-da təhsil alan gələcəyin qida mühəndisləri Xəzəryanı regionun qida sənayesi iştirakçılarının ən əsas görüş platformasında 20-dən çox ölkənin mütəxəssisləri və texnologiyaları, eləcə də məhsulları ilə tanış olublar. Bundan başqa, sərgi çərçivəsində təşkil edilən yerli və xarici mütəxəssislərin seminarlarını dinləyiblər.27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində və 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində sektorun aparıcı istehsalçılarının qənnadı, ət məmulatları, meyvə-tərəvəz, süd məmulatları, ət-süd məhsulları, şirələr, çay, tütün, delikates və digər qida məhsulları, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, işarələmə avadanlıqları və bir sıra digər məhsullar təqdim edilir.Sərginin rəsmi tərəfdaşları arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) və digər dövlət qurumları var.20 may tarixinədək davam edəcək sərginin məqsədi keyfiyyətli məhsulları bazara çıxarmaq, habelə iştirakçılarla ziyarətçilər arasında birbaşa əlaqə yaratmaqdır.