Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Mehriban xanım Əliyevanın yüksək idarəçilik təcrübəsinin müstəsna nümunələri

“Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır”. – bu sözlər Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xöşməramlı səfiri, birinci vitse-prezident Mehriban Əliyevaya məxsusdur. Azərbaycan vətəndaşı hər zaman bu sözlərin müəllifinin cəmiyyətin həssas təbəqələrinə göstərdiyi qayğının, dövlətin gələcəyi olan uşaqlara ayrılan diqqətin, milli-mənəvi dəyərlərimizə sahib çıxmağının şahididir. Hər bir dövlətin varlığı, inkişaf etmiş ölkələr sırasında yer ala bilməsi üçün lazım olan əsas faktorlardan biri də onun görkəmli şəxsiyyətlərinin dövlət üçün göstərdiyi xidmətlərdir. Mehriban Əliyeva özünün insanpərvərliyi, alicənablığı, yüksək erudisiyaya sahib olması, zəngin fəaliyyəti, təşəbbüsləri, gerçəkləşdirdiyi layihələri ilə nəinki ölkəmizdə, eləcə də bütün dünyada böyük nüfuza malikdir. Bu gün Azərbaycan bütün dünyada öz milli-mənəvi dəyərləri ilə seçilən, həm də öz dəyərlərinə sahib çıxan sivil bir ölkə kimi tanınır. Müstəqilliyimizin bərqərar edildiyi ilk zamanlardan başlayaraq ölkəmizin ictimai-humanitar həyatının bütün sahələrində geniş fəaliyyətə başlayan Mehriban xanım Əliyeva 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunu yaradaraq ona rəhbərlik etməyə başladı. Fondu yaratmaqda əsas məqsəd Azərbaycan mədəniyyətini dünya miqyasında daha yaxşı tanıtmaq, geniş təbliğ etmək, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası, beynəlxalq əlaqələrin formalaşması və incəsənət xadimlərinə maddi yardım göstərilməsindən ibarət idi. İlk gündən əsas işi üç istiqamətdən ibarət olan Fond xeyriyyə aksiyaları, mədəni tədbirlər və naşirlik işlərinə xüsusi diqqət ayırdı. Azərbaycanın görkəmli incəsənət xadimlərinin yubiley gecələrinin təşkil edilməsi, “Azərbaycan-İrs” jurnalının xüsusi nömrələrinin çap olunması, müxtəlif sənətkarların mahnı albomlarının buraxılması, Azərbərbaycanda xarici ölkə incəsənət xadimlərinin konsertlərinin, teatr tamaşalarının, təqdimat mərasimlərinin, sərgilərin, festivalların, mədəniyyət günlərinin təşkili, dünya şöhrətli incəsənət xadimlərinin Bakıdakı çıxışları bu qəbildəndir. “Bakı Muğam Mərkəzi”nin yaradılması mədəni tədbirlər istiqamətində atılan addımlar arasındadır ki, bununla da Azərbaycan muğamını dünya miqyasında təbliğ etmək, həmçinin bu ulu sənəti yaşadan musiqiçi və müğənnilərə qayğı göstərmək bir daha milli dəyərlərimizə sahib çıxmağın göstəricisidir. “Bakı payızı” Beynəlxalq festivalının, IX Şərq-Qərb Bakı beynəlxalq kino festivalının, Beynəlxalq Bakı Caz Festivalının təşkil edilməsi Azərbaycan Mədəniyyətinin Dostları fonduna beynəlxalq aləmdə də nüfuz qazandırmışdır. Milli-mənəvi dəyərlərimizin himayədarı və təbliğatçısı, Azərbaycan reallıqlarını bütün dünyaya çatdıran Mehriban xanım Əliyeva 2004-cü ildə UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Əgər bu gün Azərbaycan bütün dünyada davamlı inkişafı ilə tanınırsa, dünyaya mütərəqqi dəyərlər təqdim edə bilirsə, bunun əsasında xalqına və dövlətinə böyük məhəbbətdən, rəğbətdən qaynaqlanan, dərin ictimai və milli məzmun daşıyan fəaliyyət dayanır. 2004-cü il may ayının 10-da Ümummilli Lider Heydər Əliyevin xatirəsinə Azərbaycan xalqının ehtiramının göstəricisi olaraq, eyni zamanda, azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə Heydər Əliyev Fondu yaradıldı və bu fonda rəhbərlik Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həvalə edildi. Fondun əsas işlərinə Azərbaycanın tərəqqisi – elm, təhsil, səhiyyə, idman, ekoloji və s. sahələrə aid layihələr hazırlayıb həyata keçirmək, elmi tədqiqatların aparılmasına yardım etmək, xarici ölkələrin təhsil müəssisələri, nüfuzlu elmi-tədqiqat müəssisələri ilə alimlərin mübadiləsini təşkil etmək daxil idi. Fondun dəstəyi ilə təkcə mədəniyyət sahəsində göstərilən xidmətlərə 2005-ci ildə Cavad xanın qəbri üzərində məqbərənin ucaldılmasını, Comərd Qəssabın məzarı və məzarüstü türbəsinin bərpasını, Abdulla Şaiqin ev-muzeyinin bərpasını, 2008-ci ildə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılmasını, Gəncə qapılarının ilkin şəkildə qurulmasını, Salyan Dövlət Rəsm Qalereyasının yenidən qurulmasını, Ağcabədidə Qarabağ Muğam Mərkəzinin inşasını, Bakı Beynəlxalq Muğam Mərkəzinin inşasını, 2009-cu ildə Ağdaşda Xalq artisti Habil Əliyevin adını daşıyan uşaq musiqi məktəbinin inşasını, Bakı Müasir İncəsənət Muzeyinin yaradılmasını, 2014-cü ildə Gəncədə Nizami Gəncəvi Muzeyinin, Məhsəti Gəncəvi Mərkəzinin inşasını, Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın tikilməsini və s. misal göstərmək olar. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunmuş və yenidən qurulmuş, "Təhsilə dəstək" layihəsi çərçivəsində isə respublika üzrə 20-dən çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir. Bütün bunlar onu göstərir ki, xalqımızın keçmişdən miras qalan xeyriyyəçilik ənənələrinin bu gün geniş miqyas alması bilavasitə Heydər Əliyev Fondunun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına, 2012-ci il fevralın 13-də Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına, 2019-cu il yanvarın 18-də dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalına və ən əsası Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeninə layiq görülüb. Bütün bunlar Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Amma burada adları çəkilən və çəkilməyən bütün digər mükafatlar, ordenlər onu göstərir ki, peşəkar qərarların qəbul edilməsi, yüksək təşkilatçılıq, çeviklik Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir. Ən böyük mükafatı isə xalqın ona olan sevgisi, inamı və etimadıdır. Çünki, özünün də qeyd etdiyi kimi, qarşıya çıxan yeni planlar və ideyalar məqsədləri xaraktercə dəyişsə də, dəyişməz olan Azərbaycan xalqına xidmət etmək amalı olaraq qalacaqdır.  

 

Zəminə  Novruzova

Azərbaycan Texnologiya Universitetinin

İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi   

 

 

5 UTECA komandası “TEKNOFEST”ə müraciət edib

5 UTECA komandası “TEKNOFEST”ə müraciət edibAzərbaycan Texnologiya Universitetinin 5 komandası “TEKNOFEST” Azərbaycan festivalında iştirak üçün qeydiyyatdan keçib. Yarışa “Yaşıl texnologiyalar (GreenTech)”, “Pilotsuz uçuş aparatları (PUA), “Robotexnika” müsabiqələri üzrə “C” kateqoriyasında 3 layihə, “Sosialyönümlü texnologiyalar” müsabiqəsi üzrə isə “B” və “C” kateqoriyalarında 2 layihə qeydiyyatdan keçirilib.Universitetin rektoru, professor Akif Süleymanov qeydiyyatdan keçən komandalarla görüşüb, onların hər birinə uğur arzulayıb. Daha sonra layihə və startapların hazırlığına dair görüləcək işlər müzakirə edilib.Azərbaycan Texnologiya Universitetinin 7 nəfərlik “NET” (Nirvana Energy Transform) komandası təkmilləşdirilmiş hibrid avtomobil sistemi, 5 nəfərlik “Şahin” komandası radarlardan yayınma xüsusiyyətinə malik PUA, 4 nəfərlik “Rosol” komandası robotlaşdırılmış minaaxtaran və zərərsizləşdirən robot, 4 nəfərlik “Developing World” komandası yeni “blockchain” texnologiyası, 4 mütəxəsisdən ibarət “Mobil QR” komandası isə “Asan Parkomat” layihəsi ilə yarışa namizəddir.Xatırladaq ki, “TEKNOFEST” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı ilk dəfə bu il ölkə hüdudlarından kənarda – Azərbaycanda təşkil edilir. 

“Gələcək üçün bacarıqlar” komandası Azərbaycan Texnologiya Universitetində olub

“Gələcək üçün bacarıqlar” komandası Azərbaycan Texnologiya Universitetində olubAzərbaycan Texnologiya Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin"İnnovasiyalar Mərkəzi" tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində görüş baş tutub. Görüşdə qonaq qismində İnnovasiyalar Mərkəzi”nin Layihələrin idarə edilməsi departamentinin müdiri və layihənin rəhbəri Şəbnəm Məmmədova və layihə komandası iştirak edib. Görüş zamanı Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov universitetin innovasiya potensialının inkişafı baxımından layihədə iştirakın əhəmiyyətindən və əməkdaşlığa daim açıq olduqlarından danışıb.Daha sonra komanda layihənin komponentləri, gedişatı və növbəti mərhələləri, həmçinin mart ayından başlayacaq “Mentorluq proqramı”na hazırlıq işləri barədə məlumat verib.Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.  “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir. 


UTECA nümayəndələri GRENG çərçivəsində məruzə ilə çıxış edib

Azərbaycan Texnologiya Universiteti Avropa Birliyi tərəfindən maliyyələşdirilən və Varşava Texnologiya Universitetinin koordinatorluğu ilə həyata keçirilən CRENG layihəsində tərəfdaş kimi çıxış edir. Layihə çərçivəsində 6-10 dekabr 2021-ci il və 14-17 fevral 2022-ci il tarixlərində “Zoom” platformasında Nəqliyyat Xidmətləri üçün Böhran və Risk Mühəndisliyi üzrə master-klass keçirilib. Master-klassda Azərbaycandan olan partnyorlar arasında yalnız Azərbaycan Texnologiya Universitetinin nümayəndələri məruzə ilə çıxış ediblər. Belə ki, master-klassın  dördüncü günü UTECA əməkdaşları tərəfindən həyata keçirilib. Universitetin Maşın mühəndisliyi və Logistika kafedrasının müdiri, dosent Şakir Əliyev və Menecment kafedrasının assistenti Raqif Huseynov master-klassın kontentinə uyğun olaraq aşağıdakı mövzularda təlimlər keçiblər: -Liderliyin inkişafının təchizat zəncirlərinin performansına təsiri-ERP sistemi təchizat zəncirinin idarə edilməsinə təsir edirmi?Azərbaycanda istehsal müəssisələrinin təhlili-Azərbaycanda logistika sistemlərinin inkişaf perspektivləri-Azərbaycanın logistika şirkətlərində logistik mərkəzlərin inkişaf mərhələləri Xatırladaq ki, bütün yeni tədris metodologiyaları CRENG tərəfdaşları tərəfindən tərəfdaş ölkələrin ali təhsil müəssisələrində hazırlanmış innovativ CRENG Magistr proqramını təkmilləşdirmək üçün istifadə olunacaq. 

 

 

Ağdam şəhərində təməli atılan sənaye parkı

İşğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulur. Ağdam rayonunda sənaye mərkəzi, Cəbrayıl rayonunda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcər rayonu ərazisində isə hasilat və turizm mərkəzi yaradılacaq. Bu 4 istiqamət işğaldan azad olunmuş ərazilərin inkişafının əsas təməl daşları hesab edilə bilər.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması mərasimində iştirak ediblər. Təməli atılan bu müəssisələr yuxarıda qeyd etdiyimiz 4 istiqamətin tərkib hissələrindəndir. Ağdam rayonunun Qarabağla digər bölgələrin qovşağında yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin yaxın gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının inşası da bu istiqamətdə atılan addımlardandır. Ağdam sənaye parkının tamamlanması üçün 190 hektar ərazi ayrılmışdır. Sənaye parkı Ağdam şəhərinə çəkiləcək əsas avtomagistral və dəmir yolu kommunikasiyalarının kəsişməsində inşa edilir. Sözügedən sənaye parkı Azərbaycanda artıq fəaliyyət göstərən 4 parkın uğurlu təcrübəsi və beynəlxalq təcrübələrə əsaslanaraq inşa edilməyə başlanmışdır. Yuxarıda da qeyd etdiyimiz kimi Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye parkında tikinti materillarının istehsalı müəssisələri, kənd təsərrüfatı məhsullarının qablaşdırılması müəssisələri, meyvə-tərəvəz konservləri istehsal edən müəssisələr, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı müəssisələri və bunların davamı olaraq xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili nəzərdə tutulub. Ağdam Sənaye Parkı sahibkarların böyük marağına səbəb olmağa başlayıb. Artıq bir sıra sahibkarlar parkda öz fəaliyyətlərini həyata keçirmək üçün necə deyərlər qeydiyyat sırasına düzülüb. Artıq 5 böyük sahibkarlıq subyekti parkın rezidenti kimi qeydiyyata alınıb. Hal-hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində daha 10-dan çox layihəyə baxılır. Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin, kanalizasiya və içməli su borularının istehsalı və s. sahələr üzrə layihələr təqdim olunmuşdur. Parkın 76 hektarlıq ərazisində inzibati binalar və parkın işçiləri ilə rezidentləri üçün yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Park ərazisindəki müəssisələrin hər tərəfli fəaliyyətinin təmin edilməsi və işçilərin iş doyumunun yüksək səviyyədə təşkil edilməsi üçün hər cür şəraitin yaradılması nəzərdə tutulmuşdur. Bundan əlavə rezidentlər dövlət tərəfindən torpaq sahələri, nəqliyyat və kommunal xidmətlər də daxil olmaqla bir sıra zəruri infrastrukturlarla təmin olunacaq. Burada kirayə haqları olduqca aşağı, gəlir və əmlak vergisindən 10 il müddətinə azadedilmə, habelə istehsal məqsədləri üçün avadanlıq və texnologiyaların idxalı zamanı ƏDV və idxal rüsumlarının ödənilməsindən müvafiq olaraq 10 və 7 il müddətinə azad edilmə təmin ediləcək. Bu isə öz növbəsində sənaye parkının rezidentləri üçün əlavə stimul olacaq. Qarabağ iqtisadi rayonu ərazisində yaradılan biznes fürsətləri, güzəştlər və geniş imkanlar bölgəni daxili və xarici investorlar üçün cazibədar hala gətirib. Hal-hazırda Qarabağ ərazisində istər müxtəlif sənaye sahələrində, istərsə də digər sahələrdə iş görmək üçün çox geniş imkanlar yaranıb. Bölgənin iqtisadi potensialı və bu potensialı üzə çıxarmaq üçün yaradılan imkanlar bunu deməyə əsas verir. Yerli və xarici şirkətlərin bölgəyə axın etməyə başlaması burada geniş iş imkanlarının yaranmasına gətirib çıxaracaq bu da öz növbəsində minlərlə ailənin həyat şəraitinin yüksəlməsini təmin edəcək. Sənaye parkında rezident kimi iştirak etmək istəyənlərin əksəriyyəti tikinti materialları istehsal edən şirkətlərdir. Bu isə onu göstərir ki, Ağdam rayonu ərazisində yaxın gələcəkdə böyük tikinti işləri həyata keçiriləcək. Tikinti işlərinin ardından isə ağdamlıların öz doğma yurd-yuvalarına köçürülməsinə başlanılacaq. Bunu işğaldan azad edilmiş digər ərazilərə də aid etmək olar. Qarabağımızın yenidən çiçəklənməsi və öz sahiblərinə qovuşması, orada yenidən körpə səslərinin eşidilməsi uzaqda görünmür.

 

Hikmət Məmmədli

Azərbaycan Texnologiya Universitetinin

Menecment kafedrasının assistenti 

 

 

Azərbaycan Texnologiya Universitetinin daha 3 tələbəsi təhsilini Avropada davam etdirəcək

Azərbaycan Texnologiya Universitetinin daha 3 tələbəsi Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Almaniya, Rumıniya və Polşa universitetlərində bir semestr müddətində təhsilini davam etdirmək imkanını əldə edib. Tələbələr 2021-2022-ci tədris ilinin yaz semestrində təhsilə həmin universitetlərdə davam edəcəklər.Universitetin rektoru professor Akif Süleymanov həmin tələbələrlə görüşərək onları bu uğur münasibətilə təbrik edib və öz tövsiyələrini verib. Rektor tələbələrə təhsillərində müvəffəqiyyətlər arzulayıb və bu kimi proqramlarda iştirakın əhəmiyyətindən bəhs edib. O, beynəlxalq mübadilə proqramlarının gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə yiyələnməsində vacib rol oynadığını və əldə edilən bilik və bacarıqların ölkəmizin inkişafı üçün zəruri olduğunu vurğulayıb.Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti hazırda Erasmus+ mübadilə proqramı çərçivəsində Avropanın İspaniya, Almaniya, Rumıniya, Slovakiya, Polşa, və s. kimi ölkələrinin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq edir.Almaniya, Rumıniya və Polşada təhsil alacaq həmin tələbələrin bütün xərcləri Erasmus+ proqramı çərçivəsində Avropa Birliyi tərəfindən qarşılanır.