Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

UTECA tələbələri Körpələr Evini ziyarət edib

Azərbaycan Texnologiya Universitetinin (UTECA) tələbələri Ramazan bayramı münasibətilə Gəncə şəhər Körpələr Evini ziyarət edib. Körpələr Evinin sakinləri ilə keçirilən görüş UTECA Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə baş tutub. Ziyarət zamanı bütün uşaqlara və yeniyetmələrə hədiyyələr verilib. Əlaçı məktəblilərə isə xüsusi hədiyyələr təqdim edilib. Ziyarətin sonunda UTECA tələbələri ilə uşaq evinin sakinləri əyləncəli və yaddaqalan zaman keçirib. 

Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq

30 ilə yaxın idi ki, Azərbaycan xalqının ən böyük arzusu, istəyi, amalı, məqsədi yalnız bir idi – işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək! Bu arzumuzu  hər fürsətdə dilə gətirmişik. Şuşada keçirilən V qurultay arzularımızın  yerinə yetdiyi bir məqam  oldu. Bizi bir-birimizə birləşdirən, dünya miqyasında nüfuzumuzu artıran, xalqını, hər bir qarış torpağını qorumağı bacaran, qırılmaz tellərlə bizi bizə birləşdirən ölkə başçımızın  uzaqgörən siyasəti nəticəsində bu gün tarixdə böyük hərflərlə yazılan izlər qoyduq. Bu günlər hamımız  bir tarix yazdıq. Azərbaycan xalqının birliyinin təmin olunmasının ən böyük mənası elə dünya çapında məkrli düşmənə qarşı effektli, koordinasiyalı mübarizənin təşkili, zaman-zaman itirdiyimiz torpaqlarımıza qayıdışımıza nail olmaq idi. Sözsüz ki, böyük qələbənin aparıcı qüvvəsi Azərbaycan dövləti, şanlı ordumuz, qəhrəman əsgərimizdir.   Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt işğalla barışmaq fikrində deyilik. Beynəlxalq təşkilatlar isə Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan yalnız mənfur, aciz bir düşmənlə  müharibə aparmayıb, eyni zamanda, Ermənistanın himayədarları ilə də mübarizə  aparmalı olub və bu müharibədə Qələbə qazanıb. Ona görə də, bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Milyonlarla xaricdə yaşayan azərbaycanlılar öz çıxışlarında, şərhlərində, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırırdılar. Bu yöndə fəaliyyəti davam etdirmək lazımdır, çünki ermənilərin informasiya təxribatları hələ də davam edir. Müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Amma artıq heç kəsə sirr deyil və bütün dünya da bilir ki, ermənilər XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan torpaqlarına köçürülmüşlər. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması da sənədlərlə təsdiq olunan faktdır. Tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. XIX əsrdə imzalanmış Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin müddəalarını beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir. Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq.

 

Leyla Hüseynova 

Azərbaycan Texnologiya Universitetinin assistenti            

UTECA-nın bir qrup əməkdaş və tələbə heyəti Ağdam şəhərinə səfər edib

Ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarda abadlıq və quruculuq işləri aparılır, tarixi abidələr bərpa edilir. Azad edilmiş torpaqları ziyarət etmək, erməni vəhşiliyinin izlərini görmək üçün Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanovun təşəbbüsü ilə universitetin bir qup əməkdaş və tələbə heyəti Ağdam şəhərinə səfər edib.2022-ci ilin 26 aprel tarixində baş tutan səfər çərçivəsində kollektiv işğaldan azad olunan Ağdam şəhərində və ətraf ərazilərdə olublar. Universitetin tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Yaşar Ömərovun rəhbərliyi ilə həyata keçirilən səfərdə struktur bölmə rəhbərləri, müəllimlər və tələbələr, o cümlədən TGT və TEC nümayəndələri iştirak edib.Səfər çərçivəsində universitet heyəti Ağdamın İmarət saray kompleksini, Ağdamın birinci şəhidlər xiyabanını, Ağdamın Cümə məscidini və Şahbulaq qalasını ziyarət edib.    

 


Qida mühəndisliyi  fakültəsində tələbə elmi seminarı keçirilib

Azərbaycan Texnologiya Universitetinin (UTECA) Qida mühəndisliyi  fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı, Turizm sənayesinin təşkili və ekologiya kafedrasının baş müəllimi İradə Xusayinovanın rəhbərliyi ilə turizm və otelçilik ixtisasının rus dili bölməsi üzrə III kurs tələbəsi İlahə Məmmədovanın “Turizm sənayesi: restoran biznesində innovativ texnologiyalar və xidmət üsulları” mövzusunda elmi seminarı keçirilib. Seminarda iaşə sahəsində texnologiya və innovasiyaların öyrənilməsi, restoranlarda və digər iaşə müəssisələrində hökm sürən bəzi tendensiyalar, restoran biznesində xidmətin təşkili keyfiyyətinin yaxşılaşdırılmasında innovativ texnologiyaların təsir aspektləri açıqlanıb. Tələbə müasir şəraitdə müəssisələrdə innovativ texnologiyaların tətbiqinin xüsusiyyətlərini təhlil edərək iştirakçıların diqqətini cəlb edib. Mühazirəçi aktual mövzuyla bağlı dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.  Seminarı rektorun elm və innovasiyalar üzrə müşaviri dos.Mayıs Gülalıyev, Elmi Tədqiqat Mərkəzinin direktoru dos.Qalibə Məmmədova, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, fakültə əməkdaşları və tələbələri, Tələbə Elmi Cəmiyyətinin sədri Aysel Məmmədli, eləcə də Gəncə Destinasiya Menecmenti Təşkilatının rəhbəri Zaur Bayramov və nümayəndələri izləyiblər.         

 

 

 

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi  UTECA-da maarifləndirmə aksiyası keçirib

Universitetin mülki müdafiə tədbirləri planına uyğun olaraq FHN mütəxəssisləri tərəfindən keçirilən nümunəvi dərsin mövzusu “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” olub.Əvvəlcə universitetin akt zalında tələbələrə təhlükəsizliklə bağlı nəzəri məlumatlar verilib. Daha sonra təlim açıq havada praktik qaydada davam edib.FHN-in müvafiq canlı qüvvə, texnika və avadanlıqlarının cəlb edilən təlimdə yanğın, eləcə də digər fövqəladə hallar zamanı təhlükəsizlik və təxliyyə qaydaları və s. öyrədilib.Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd universitetdə pedaqoji kollektivin, əməkdaşların və tələbələrin mülki müdafiəyə hazırlığının təşkil olunması, bu istiqamətdə vacib bilgilərin çatdırılmasıdır.     

UTECA “Sahibkarlar Günü”nə həsr olunmuş  konfransda iştirak edib

Azərbaycan Texnologiya Universiteti “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda iştirak edib. UTECA-nı tədbirdə rektorun tədris və sənaye işləri üzrə müşaviri dos.Aqil Eyvazov təmsil edib.Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilib.Əvvəlcə Konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi ehtiramla yad edilib.Konfrans öz işinə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.Sonra ölkəmizdə özəl sektorun inkişafı üçün həyata keçirilən tədbirlərə və əldə edilmiş uğurlara həsr olunmuş film nümayiş edilib.Sahibkarları təbrik edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda sahibkarlığın keçdiyi inkişaf yolu, özəl sektorun formalaşması və inkişafında Ulu Öndərin misilsiz rolunu, qlobal çağırışlar fonunda bu siyasətin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, qarşıdakı dövrdə sahibkarlığın inkişafı, biznesin stimullaşdırılması məqsədilə bir sıra addımların atılması nəzərdə tutulur.Daha sonra tədbirdə Əmək və əhalinin sosal müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edib, müvafiq sahələr üzrə sahibkarlığın inkişafından və dövlət dəstəyindən danışıblar.Konfransda çıxış edən sahibkarlar Ümumilli Lider Heydər Əliyevin onlarla görüşləri, verdiyi tapşırıq və tövsiyələr, o cümlədən 2002-ci ilin 25 aprel tarixində sahibkarların Ulu Öndərlə görüşü barədə təəssüratlarını, özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə fikirlərini bölüşüblər.Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.Tədbir çərçivəsində KOBİA təşkilatçılığı ilə İçərişəhərdə #SahibkarlarGünü-nə həsr olunmuş #KOBFest – sərgi-satış yarmarkası təşkil edilib. 26 aprel tarixinədək davam edəcək yarmarkanın məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək olmaqdır.Qeyd edək ki, 20 il əvvəl – 2002-ci ilin 25 aprel tarixində Ulu Öndər Heydər Əliyev yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə görüşüb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 7 ildir ki, ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur.