Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Rektor Akif Süleymanov  fəal tələbələrlə görüş keçirib

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanovun 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə fəal tələbələrlə görüşü keçirilib. Səmimi söhbət zəminində keçən görüşdə rektor tələbələrə bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb – bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. “Ulu öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapır. İndi ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir” – deyən rektor UTECA gənclərinə öz tövsiyyələrini verib, vətənpərvər, savadlı və öz üzərində çalışan gəclərlə daim fəxr etdiyini qeyd edib.Çıxışlarda gənclər sahəsində həyata keçirilən dövlət proqramlarından, 44 günlük Vətən Müharibəsində gənclərin rolundan, Azərbaycan gəncliyinin beynəlxalq miqyasda təmsilindən və gənclərin könüllülük hərəkatından danışılıb.Görüş zamanı gəncləri düşündürən suallar cavablandırılıb, təklifləri dinlənilib. Sonda bir prup tələbə fəxri fərman və təşəkkürnamələrlə təltif edilib. 

 

 

UTECA-da xaricdə doktorantura və ikili diplom proqramlarının təqdimatı keçirilib

Azərbaycan Texnologiya Universitetində (UTECA) xaricdə doktorantura və ikili diplom proqramlarının tanıdılması ilə bağlı təqdimat keçirilib. Tədbirdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” üzrə İdarəetmə Qrupunun rəhbəri Turan Topalova dinləyicilərə beynəlxalq təhsil təcrübələrinin təhsildə əhəmiyyətindən danışıb. Qeyd olunub ki, proqramın əsas məqsədi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsidir. Sonra xaricdə doktorantura təhsilinin yaratdığı imkanlardan, Beynəlxalq ikili diplom proqramları üzrə Dövlət Proqramı çərçivəsində bakalavr və magistratura pilləsi üzrə həyata keçirilən ikili diplom proqramları haqqında ətraflı danışılıb. Sonda bu proqramlarla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Xaricdə doktorantura təhsili ilə bağlı diskusiyalarda magistr tələbələri aktiv iştirak ediblər. 

UTECA-da “Açıq qapı” günü keçirilib

Azərbaycan Texnologiya Universitetində “Açıq qapı” günü təşkil edilib. Rektor, professor Akif Süleymanov valideynlərə bildirib ki, tədris olunan fənlər üzrə tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bakalavr pilləsi üzrə müvəffəqiyyət göstəricisinin 86%, magistratura pilləsi üzrə isə 97% olduğunu qeyd edən rektor əlavə edib ki, imtahan sualları əvvəldən təqdim edilib. İmtahan zalları müşahidə kameraları ilə təchiz edilib. Sessiya müddətində İmtahan Qərargahı fəaliyyət göstərir. Daxil olan müraciətlər Apelyasiya komisiyası üzvlərinin iştirakı ilə araşdırılır və qanunamüvafiq qaydada təmin edilir. Rektor bildirib ki, bu günə qədər komisiyaya 140 müraciət daxil olub ki, onların yarıdan çoxu müsbət həllini tapıb. Yeniliklərdən danışan rektor qeyd edib ki, artıq tələbələr öz nəticələrini universitetin rəsmi saytında müvafiq bölmədən də görə bilirlər. Daha sonra valideynlər imtahan zallarında olaraq prosesi izləyiblər. Onlara bildirilib ki, imtahanlar test və yazılı üsulla aparılır. Test imtahanları kompyuter vasitəsilə həyata keçirilir. Yazılı imtahanların yoxlanması kodlaşdırma əsasında aparılır ki, bu da tələbənin nəticələrinin şəffaf və obyektiv qiymətləndirilməsinə səbəb olur. Turizm işinin təşkili ixtisasının ikinci kurs tələbəsi Nərgiz Musayevanın valideyni Gülnar Musayeva imtahanların təşkilini yüksək qiymətləndirib: “Mənim digər övladım Almaniyada təhsil alır. Obyektivlik eynilə oradakı kimidir. Burada da imtahan sualları əvvəldən verilib, tələbə hazırlaşıb müşahidə kameraları altında imtahan verir. Müəllimlər nəticələri yoxlayan zaman cavab kartı anonim saxlanılır. Düşünürəm bu tələbə üçün ən ədalətli üsuldur”.Biznesin idarəedilməsi ixtisasının I kurs tələbəsi Sevinc Quliyevanın anası Tünzalə Quliyeva: “Qızım bu günə qədər olan imtahanlarını müvəffəqiyyətlə verib. Bilirdim ki, burada ona stimul verən mühit var. Ancaq bir daha əmin oldum. İstənilən tələbə bu şəraiti yaxşı mənada dəyərləndirə bilər.” 6 yanvar tarixindən başlayan qış imtahanları 3 fevraladək davam edəcək. 

 

 


Azərbaycanda xeyriyyəçilik ənənəsi bu gün də davam edir

2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə xalqımızın sevimlisi, xeyriyyəçi, milyonlarını xalqının rifahının yaxşılaşdırılmasına və gələcəyinə xərcləməyi özünə borc hesab edən Zeynalabdin Tağıyevin Bakıda abidəsinin qoyulmasına qərar verilmişdi. Bu məqsədlə açıq müsabiqə elan edilmiş və nəticədə Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədov Hacı Zeynalabdin Tağıyevin tunc heykəlini hazırlanmışdı. 18 yanvar 2022-ci ildə cənab Prezident Hacı Zeynalabdin Tağıyevin şərəfinə hazırlanmış heykəlini açılşını etdi. Heykəl ayaq üstə, sanki “canlıdır” kimi qala divarının önündə, şəhər sakinlərinin sevimli yerlərindən birində yerləşdirilmişdir. Buna görə də qədirbilən xalqımız cənab Prezidentə sonsuz minnətdarlığını, təşəkkürünü həm KİV, və sosial şəbəkələr vasitəsi ilə bildirirlər.

Hacı Zeynalabdin Tağıyev bu gün belə fəaliyyətdə olan Şollar su kəmərini Baki şəhərinə çəkilməsinin təşəbbüskarı və maliyyə xərcini öz hesabına ödəyən xeyriyyəçi olmuşdur. Bir neçə istehsalat sahələri açdırmışdır. Bunlardan biri ən iri istehsalat toxuçuluq kombinatı olmuşdur. Məqsəd, sənaye üsulu ilə yerli xammaldan parça istehsal etməklə yanaşı o, dövrdə kəfənlik ağın qiymətinin bir abbasıya (20 qəpik) olması ilə, insanların almalarında çətinliyi aradan qaldırmaq olmuşdur. Müəsisə işə düşəndən qısa müddət sonra kəfənlik ağın qiyməti beş şahıya (5 qəpiyə) qədər endirilmiş oldu. Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi teatr binası, qızlar üçün ilk məktəbin binası və dövrün ən yüksək səviyyəli memarları tərəfindən inşa edilən bir çox binalar bu gün də paytaxtımızı bəzəməkdədir. Onun şəxsi maliyyəsi hesabına yüzlərlə həmvətənlimiz xaricdə və ölkə daxilində yüksək təhsil almışlar. Bundan başqa Hacı Zeynalabdin Tağıyev öz vəsaiti hesabına Gəncədə, Şamaxıda, Naxçivanda hətta Gürcüstanda yaşayan azərbaycanlılar ücün məktəblər açmışdır. Bir sözlə, kasıb bir ailədən çıxmış, öz fəaliyyəti və Allahın lütfi ilə sahib olduğu miyonları xalqının yaxşılığına və gəlcək inkişafına sərf edən xeyriyyəçiyə eşq olsun!        

Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik ənənsi bu gün də davam etməkdədir. Müstəqil Azərbaycanımızın ən böyük xeyriyyəçisi Heydər Əliyev Fondudur. Vitse Prezident, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə  fondun xeyriyyəçilik misiyası olduqca genişdir. Həm ölkə daxilində həm də xaricdə insanlara davamlı yardımlar göstərən, məktəblər, məscidlər, digər həyati vacib obyektlər inşa etdirən və ya təmir edən fondun fəaliyyəti ümumxalq sevgisini qazanmışdır.

 

  Tofiq Mirzəyev

Azərbaycan Texnologiya Universitetinin

Yüngül sənaye və dizayn kafedrasının müdiri 

   

Rektordan humanist addım

Ermənilərin Gəncəyə raket hücumu zamanı dağıntılar altından xilas edilən UTECA tələbəsinin təhsil haqqı Azərbaycan Texnologiya Universitetinin daxili imkanları hesabına ödəniləcək. Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov vətəndaş qəbulu zamanı buna dair göstəriş verib. Belə ki, qəbulda iştirak edən valideyn Ramiz Ağayev 2020-ci il, 17 oktyabr gecəsi Gəncədə törədilən erməni terrorunda evlərinin tamamilə dağıldığını, bütün ailə üzvlərinin yaralandığını, birinin isə şəhid olduğunu bildirərək övladı, UTECA-nın dizayn ixtisasının 3-cü kurs tələbəsi Gülçin Ağayevanın təhsil haqqının universitet hesabına ödənilməsini xahiş edib. Rektor, professor Akif Süleymanov bildirib ki, erməni terrorundan zərər çəkən ailələr dövlət qayğısı ilə əhatə olunub. Bu ailələr dövlət tərəfindən yeni mənzil və fərdi evlərlə təmin edilib. Texnologiya Universitetinin də öz növbəsində erməni terrorundan əziyyət çəkən tələbəsinə hər zaman dəstək göstərməyə hazır olduğunu qeyd edən rektor müraciətin təmin ediləcəyini bildirib.Xatırladaq ki, Gülçin Ağayevanın ötən il də təhsil haqqı Azərbaycan Texnologiya Universitetinin daxili imkanları hesabına ödənilib. Gülçinin babası 78 yaşlı Nurəddin Ağayev 17 oktyabr, 2020-ci ildə Gəncə terrorunda şəhid olub. Rektorun bu gün keçirilən qəbulunda 10 yaxın valideyn və tələbə iştirak edib. Müraciətlər əsasən akademik borc, işlə təminat kimi məsələlərlə bağlı olub. Dinlənilən məsələlərin bir qisminin həlli üçün müvafiq göstərişlər verilib, bəzi məsələlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüb. 

 

 

Milli məfkurənin oyanış tarixi: 20 Yanvar

1990-cı ilin 20 yanvar faciəsi xalqa Azərbaycanın müstəqil olmasının əhəmiyyətini sübut etdi. Keçmiş Sovet İttifaqı rəhbərliyinin xalqın problemlərini həll etməkdən, provokasion ermənilərin tərəfini saxlamaqdan əl çəkib ədalətli olmaqdansa əliyalın insanlara güllə atmaları, tanklarla əzmələri başa düşülən deyildi. Ona görə də 20 yanvar hadisələri milli ruhun oyanışına, insanlarda müstəqil dövlət qurmağın vacibliyi kimi fikirlərin formalaşmasına səbəb oldu. Xalq birləşdi və həm sovet dövlətinə, həm də Azərbaycana o dövrdə rəhbərlik edənlərə qarşı mübarizə başladı. Lakin bu mübarizədə xalqın qələbə çalması üçün vətənpərvər, ziyalı, qabiliyyətli, təcrübəli liderin olması çox vacib idi. Xalqın əksəriyyəti bunu istəyirdi. Ziyalı xalq nümayəndələri belə bir liderliyi Heydər Əliyev şəxsiyyətində görürdü. Belıliklə, 1990-cı ilin 20 yanvar hadisələri milli oyanış, müstəqillik, hürriyyət və milli azadlıq hərakatının ən pik nöqtəsi olmaqla Azərbaycan tarixinə qırmızı hərflərlə yazıldı.         Qeyd etmək lazımdır ki, Azərbaycanın paytaxtı Bakı şəhərində baş vermiş 1990-cı ilin 20 yanvar faciəsi keçmiş sovet imperiyasının xalqımıza qarşı qabaqcadan hazırlanmış, planlaşdırılmış hərbi cinayət idi. Bunun sübutu kimi, Rusiyanın Krasnodar, Svavropol vilayətlərindən çağrılmış saqqallı, saçları qırxılmamış erməni millətindən olan əsgərlərin Bakıya gətirilməsini, əsgərlərə, tanklara əliyalın xalqa atəş açmaq əmrini verilməsini göstərmək olar. Nəinki Bakıda, həmçinin Azərbaycanın rayonlarında da fövqalədə vəziyyət elan edilmiş və qətlə yetirələnlər olmuşdu. Nəticədə Nefçalada və Lənkəranda 8 nəfər öldürülmüşdü. Ümumən Azərbaycanda yanvar hadisələrində 147 nəfər amansızlıqla qətl edilmiş, 744 nəfər yaralanmış, 841 nəfər qeyri qanuni olaraq həbsə atılmışdı. Bundan başqa 200 ev və ya mənzil, təcili yardın maşını da daxil olmaqla 80 avtomaşın, həmçinin dövlət və şəxsi əmlaka ziyan vurulmuşdu.  

 

Tofiq Mirzəyev 

Azərbaycan Texnologiya Universitetinin

Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri