Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib

ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib24 fevral 2022-ci il tarixində Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Bakı Mühəndislik Universitetində təlim keçirilib. Avropa Komissiyasının maliyyə dəstəyi ilə icra edilən layihəyə uyğun olaraq baş tutan təlimdə Təhsil Nazirliyinin və 16 tərəfdaş universitetin nümayəndələri iştirak edib. Azərbaycan Texnologiya Universitetini görüşdə universitetin Keyfiyyət təminatı və audit şöbəsinin müdiri Mətləb Əliyev təmsil edib. “Dəyişikliklərin idarə edilməsi - transformasiyalı tədris və öyrənmə” mövzusunda baş tutan təlim Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA- Central and Eastern European Network of Quality Assurance Agencies in Higher Education) vitse-prezidenti Olgun Çiçek tərəfindən aparılıb. Təlim zamanı ali təhsil müəssisələrində keyfiyyət təminatının tələbləri, təhsil proqramlarının beynəlmiləlləşdirilməsi, dərs proqramlarında keyfiyyət təminatı, beynəlxalq akkreditasiya və onun gələcək perspektivləri, modular akkreditasiya barədə ətraflı məlumat verilib və qeyd olunan məsələlər ətrafında geniş müzakirələr aparılıb.

 

 

ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib

ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib08.04.2022-ci il tarixində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin “Liderliyin əsasları” mövzusuna həsr olunmuş bir günlük təlimi keçirilib. Təlimə Azərbaycan Universiteti ev sahibliyi edib. Azərbaycan HR İnstitutunun dəstəyi ilə təşkil olunan təlimdə layihənin yerli tərəfdaşı olan 16 ali təhsil müəssisəsinin prorektor və digər rəhbər şəxsləri iştirak edib. Azərbaycan Texnologiya Universitetini görüşdə Elm və xarici əlaqələr üzrə müşavir Mayıs Gülalıyev və Keyfiyyət təminatı və audit şöbəsinin müdiri Mətləb Əliyev təmsil ediblər.Sözügedən təlim “Fərdi performansın komponentləri”, “Korporativ performansın komponentləri”, “Motivasiya”, “Maslow teoriyası”, “Herzberg teoriyası”, “Situativ liderlik modeli”, “Feedback verilməsi qaydaları”, “DİSC davranış modeli” mövzularını əhatə edib. Təlimi Azərbaycan HR İnstitutunun əməkdaşı Vüqar Cəfərov aparıb. Günün sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.     

Cənub Qaz Dəhlizi layihəsinin önəmi və iştirakçıları

Cənub Qaz Dəhlizi layihəsinin önəmi və iştirakçıları Fevralın 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Prezident İlham Əliyev toplantıda çıxış etmiş XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizinin Azərbaycan və Avropa ölkələri üçün nə dərəcədə əhəmiyyətli olduğunu geniş şəkildə izah etmişdir. Prezident 2020-ci il dekabr ayının 31-də Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanmasını qeyd etdi və layihədə iştirak edən bütün tərəflərə təşəkkür etdi. Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr – Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq çalışmış və layihənin tamamlanmasında həvəslə iştirak etmişdir. Dəyəri 33 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasında eyni zamanda dünyanın bir çox aparıcı beynəlxalq maliyyə institutları iştirak etmişdir – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bnakı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Prezident çıxışında qeyd edib ki Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə Azərbaycan beynəlxalq bazarlara əsasən də Avropa bazarlarına qaz ixracını artıra bilib. Keçən il Azərbaycan bütövlükdə 19 milyard kubmetr təbii qaz ixrac edib. Bunun 8.5 milyard kubmetrini Türkiyəyə, 7 milyard kubmetrini İtaliyaya, yerdə qalan hissəsini isə digər komanda üzvü olan ölkələrə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac etmişdir. Albaniya isə öz qazpaylayıcı şəbəkəsini tamamlamaq üzrədir. Prezident İlham Əliyev çıxışında onu da vurğulayıb ki Azərbaycan qazına başqa ölkələrdə, başqa bazarlarda da  ehtiyac var və biz bu tələbatı qarşılamağa hazırıq. Çünki, Azərbaycan hər zaman beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Qeyd etmək lazımdır ki Cənub Qaz Dəhlizi Məşvərət Şurası Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə təşkil edilmişdir. Bu dəfəki toplantıda bir çox nüfuzlu şəxslər o cümlədən Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistan nümayəndələri iştirak edirdi. Bu isə tədbirin nə dərəcədə əhəmiyyətli olmasını bir daha sübut edir.   Tədbirdə eyni zamanda Azərbaycanın bölgənin enerji sektorundakı aparıcı rolundan danışıldı. Avropanın enerji təchizatında Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilmişdir. Bundan əvvəl Azərbaycan bir neçə beynəlxalq enerji layihəsində əsas tərəf olmuşdur və rolunun öhdəsindən məharətlə gəlmişdir. Buna misal olaraq Bakı-Tiflis-Ceyhan neft və Balı-Tiflis-Qars qaz kəmərlərini qeyd etmək yerinə düşər.  Son dövrlərdə Rusiya ilə qərb arasında soyuq küləklərin əsdiyi bir zamanda Avropanın enerji təchizatının fasiləsiz həyata keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu və Avropa üçün nə qədər vazkeçilməz bir ölkə halına gəlməsini bir daha sübut edir. Bu ölkəmiz üçün həm iqtisadi həm də siyasi baxımdan çox önəmlidir. Artıq bir çox beynəlxalq, istisadi hətta siyasi layihələrin həyata keçirilməsi üçün Azərbaycanın rəyi mütləq nəzərə alınır. Ölkəmiz böyük və əhəmiyyətli bir siyasi fiqura çevrilmişdir. Prezident çıxışında qeyd etmişdir ki Azərbaycan kifayət qədər geniş qaz ehtiyatlarına malikdir. Bizim isbat olunmuş qaz ehtiyatlarımız 2.6 trilyon kubmetrdir. Bu da onu göstərir ki Avropanın Azərbaycan qazına hələ çox ehtiyacı olacaq.   İkinci Qarabağ müharibəsindən sonra regiondakı siyasi reallıq əməlli başlı dəyişdi. Azərbaycan əlini gücləndirdi. Hər zaman ermənipərəst mövqe nümayiş etdirən Fransa belə artıq yeni reallığı qəbul etməyə başlayıb. Bunu fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçirilən videogörüş də bir daha sübut etdi.

 

Hikmət Məmmədli

Azərbaycan Texnologiya Universitetinin

Menecment kafedrasının assistenti 

 

 

 


UTECA-da ``Teknofest-2022`` festivalına qeydiyyat və iştiraka dair məsələlər müzakirə edilib

Azərbaycan Texnologiya Universitetində (UTECA) Azərbaycanda keçiriləcək "Teknofest-2022" festivalında qeydiyyat və iştiraka dair məsələlər müzakirə edilib. Müzakirələr zamanı əvvəlcə UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki, türk brendi olan “Teknofest”in “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı bu il 26-29 mayda Azərbaycanda baş tutacaq. Bu festivalın Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsinin iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü olduğunu qeyd edən rektor iclas iştirakçılarına bütün dünyanın diqqət mərkəzində olacaq festifala hazırlaşdıqlarını xatırladıb.  Daha sonra təqdim ediləcək məhsullarla bağlı ərtaflı məruzələr edilib. Məhsullar sırasında 4-cü kurs tələbələrinin müəllifi olduğu günəş enerjisi ilə çalışacaq hibrid avtomobil, minaaxtaran robotlar, ağıllı parkinqlər, tullantılardan istifadə və s. olub. Detalların müzakirəsi zamanı rektor startaplarda işğaldan azad olunan torpaqların dirçəldilməsi istiqamətində tətbiq oluna biləcək “ağıllı” ideyalara üstünlük verilməsinin vacibliyinə diqqət çəkib.  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “Teknofest Azərbaycan” festivalına tələbələr "Baku Skills" yarışması "B" kateqoriyası üzrə qatılacaqlar. Yarışmaya qeydiyyat üçün son tarix 17 fevral 2022-ci ildir. Müsabiqə Təhsil Nazirliyinin və Təhsil İnstitutunun dəstəyi ilə STEAM Azərbaycan layihəsi tərəfindən təşkil olunur. Bu gün saat 17:00 da “Baku Skills” yarışması haqqında tələbələrin ətraflı məlumatlandırılması üçün onlayn infosessiya təşkil olunacaqdır. 

 

 

 

Gücümüz birliyimizdə və müxtəlifliyimizdədir

Multikulturalizm ₋ ayrıca  götürülmüş  ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu  məkan olaraq,  milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Azərbaycan dövləti multikultural ənənələr əsasında inkişaf edən zəngin milli-mədəni dəyərlərə malik bir ölkədir.  Azərbaycan Respublikası polietnik dövlətdir. Ölkədə müxtəlif xalqların nümayəndələri qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində yaşayır, ölkənin inkişafında rol alırlar.  Xalq, dövləti təşkil edən etnosdan-azərbaycanlılardan və ruslar, ermənilər, ukraynalılar, belaruslar, gürcülər, avarlar, ləzgilər, başqırdlar, tatarlar, yəhudilər, kürdlər, osetinlər, laklar kimi milli azlıqlardan; talışlar, udinlər, dağ yəhudiləri, saxurlar kimi azsaylı xalqlar; Ahısxa türkləri, tatlar, lahıclar, buduqlar, qrızlar, haputlar, ceklər, xınalıqlılar, ungiloylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi etnik azlıqlardan təşkil olunmuşdur. Azərbaycandakı fərqli etnik qrupların münaqişə olmadan, qarşılıqlı anlaşma və dostluq şəraitində yaşaya bilməsi faktı dövlətin idarəetmə siyasətinin uğurlu nəticəsidir. Qeyd edək ki, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği yalnız dövlətin üzərinə düşən məsuliyyət deyil, həm də bütün vətəndaşların konstitusion vəzifələrindəndir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi, “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməlidir”. Prezident İlham Əliyev fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə  həsr  olunmuş  Gənclər  Forumunda  çıxışı  zamanı qeyd etdi ki, milli-mənəvi  dəyərlər   dövlətimizin   əsasını  təşkil  edir  və  müasir  müstəqil   Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Milli dəyərləri qoruyub saxladıqca, dövlətimiz  daha  da  qüdrətli  olacaq, xalqımız   da   əbədi   azad, müstəqil  xalq  kimi  yaşayacaq. Uzun illər, əsrlər boyu Azərbaycan müstəqil  deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini  itirmədi, onları  qorudu. Azərbaycanın milli-mənəvi dəyərləri türk-müsəlman mədəniyyətinin də tərkib hissəsidir. Türkdilli хalqlar qədim, çохəsrlik tariхi bоyu Avrasiya qitəsinin böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vеrmiş, оnu zənginləşdirmişlər. Türk хalqlarının mədəniyyətləri, о cümlədən Azərbaycan milli mədəniyyəti nəsillərdən-nəsillərə ötürülərək хalqımızı özünəməхsus milli-mənəvi dəyərlər, о cümlədən ümumbəşəri dəyərlər əsasında tərbiyə еtmiş, hazırlamış, vətənpərvərlik, Vətənə sədaqət hisslərini daim gücləndirmişdir. Müasir dünyamızda hərbi-siyasi münaqişələrin, siyasi qütbləşmənin, islamafobiyanın, irqçiliyin, terrorizmin artdığı bir zamanda Azərbaycanın sabit və stabil bir ölkə kimi tanınması, ölkəmizin tolerantlıq və multikulturalizm sahəsində qazandığı uğurların nəticəsi kimi qəbul etmək lazımdır. Hazırda Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsi tövsiyyə olunursa, bu deməli dövlətimizin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin bəhrəsidir. Məlumdur ki, multikulturalizm və tolerantlıq tarixən xalqımızın mental xüsusiyyətlərini özündə əks etdirən həyat nümunəsi olub. İndi də bu xüsusiyyət milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir vətəndaşının dəyər verdiyi ənənəyə çevrilib. Məhz buna görə də, Azərbaycan multikulturalizmi modeli bütün dünyaya nümunə olmaqla, həm də ölkəmizin inkişafında, bəşəri birgəyaşayışın təmin olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyev fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə  həsr  olunmuş  Gənclər  Forumunda  çıxışında   həmçinin qeyd etdi ki, Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı diyar olub və bu da bizim ənənəmizdir. Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdur, bu gün də belədir. Multikulturalizm termin kimi yenidir, amma anlayış kimi bu, həmişə olub və həmişə olmalıdır. Bizim gücümüz birliyimizdə və müxtəlifliyimizdədir. Azərbaycan çoxkonfessiyalı, bir çox etnik qrupların birgə yaşadığı unikal bir məkandır. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan dünyanın tolerantlıq mərkəzidir. Ona görə də milli-mənəvi dəyərləri öyrənməli, mənimsəməli, inkişafı üçün ardıcıl tədbirlər həyata keçirməli, tənzimlənməsində yaxından köməklik göstərməklə layiqli töhfələrimizi verməliyik.  

 

Mehriban Tağıyeva 

Azərbaycan Texnologiya Universitetinin

İctimai elmlər və multikulturalizm kafedrasının dosenti 

 

 

 

``İlin TGT sədri`` UTECA-da mükafatlandırılıb

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov "İlin TGT sədri" adını qazanan UTECA-nın Qida mühəndisliyi fakültəsinin istehlak mallarının ekspertizası və marketinqi ixtisası üzrə 4-cü kurs tələbəsi Nicat Nağıyevi (qrup 2128A2) mükafatlandırıb.  Mükafatlandırma zamanı rektor gələcəyin texnoloqunu "İlin TGT sədri" adını qazanması münasibətilə təbrik edib. "İlin TGT sədri"nə vəzifəsində və təhsilində yeni-yeni uğurlar arzu edən rektor göstərilən etimadı doğruldacaqlarına ümid etdiyini  qeyd edərək Tələbə Gənclər Təşkilatının bundan sonrakı fəaliyyətinə dair məsləhət və tövsiyyələrini verib.  Qeyd edək ki, Nicat  2 ilə yaxındır  Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədridir. Bu müddət ərzində  onun fəaliyyəti Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının diqqətini çəkib və bir neçə gün əvvəl Gənclər Fondunun dəstəyi ilə keçirilən, Azərbaycan Gəncləri Gününə həsr olunmuş "I strateji planlaşdırma forumu" çərçivəsində "İlin TGT sədri" adına layiq görülüb.