Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində tələbələr üçün peşəkar mütəxəssislərin təlim və seminarları davam edir

Azərbaycan Texnologiya Universitetində tələbələr üçün peşəkar mütəxəssislərin təlim və seminarları davam edir. Bu dəfə “InvestAZ İncestsiya şirkəti” QSC-nin Tədris və analitika departamentinin PhD dərəcəli baş mütəxəssisi Rövşən Məmmədovun seminarı təşkil edilib.Mühazirəçi “Birjada qiymətin düşməsindən necə qazanmaq olar” mövzusu ilə çıxış edib.R.Məmmədov tələbələrə beynəlxalq maliyyə bazarındakı yatırım imkanlarından, analiz üsullarından danışıb, dünya maliyyə bazarına onlayn çıxış imkanlarını izah edib.Diskusiya şəraitində davam edən seminarda mühazirəçi praktik nümunələr göstərib, maliyyə bazarlarında qiymət dinamikliyi, birjadan pul qazanmaq imkanları, sahə üzrə uğurlu strategiyalar kimi mövzulara toxunub.“Qazanmağı öyrənmək əlinizdə” devizi ilə keçirilən təlimin sonunda tələbələrin Forex, birjada qiymətlər, ticarətdə müvəffəqiyyət qazanmağın yolları, maliyyə bazarlarındakı yeni tendensiyalar mövzusunda sualları cavablandırılıb.     

 

 

 

İsveçdə ECAR Erasmus+ təlimləri davam edir

İsveçdə ECAR Erasmus+ təlimləri davam edir 16 may tarixindən “Azərbaycanda Rektorlar Konfransının yaradılması”   Erasmus+ layihəsi çərçivəsində İsveçdə təlimlərə start verilib. Layihənin İsveç tərəfdaşı Kral Texnologiya İnstitutunun (KHT) təşkilatçılığı ilə baş tutan seminarın mövzusu “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu”dur. Təlimlərdə Azərbaycan Texnologiya Universitetini elm və xarici əlaqələr üzrə müşavir Mayıs Gülalıyev təmsil edir. Xatırladaq ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması”   Erasmus+ layihəsinin koordinatoru Bakı Biznes Universitetidir. Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya İnstitutu (KTH) ev sahibliyi edir. Sözügedən tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, 15 Azərbaycan universitetindən 3 rektor, 20 müxtəlif sahələr üzrə prorektor və digər rəhbər şəxslər iştirak edirlər. Tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələrinin, Kral Texnologiya İnstitutunun, Stokholm Universitetinin və Haaga-Helia Tətbiqi Elmlər Universitetinin rektorlarının iştirakı nəzərdə tutulub.      

 

 

İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Zəminə Novruzova “Şuşa ili”nə həsr olunmuş tədbirdə məruzə ilə çıxış edib

Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Zəminə Novruzova Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində 11 may tarixində keçirilən, “Şuşa ili”nə həsr olunmuş tədbirdə məruzə ilə çıxış edib. Gəncə şəhər 24 saylı kitabxana filialının təşkilatçılığı ilə baş tutan tədbirin mövzusu "Şuşa Azərbaycanın tarixi və mədəniyyət incisidir" olub. Məruzə ilə çıxış edənlər arasında filalogiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnistitutunun Türk Xalqları ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi Xuraman Hümmətova, Gəncə Şəhər Yazıçılar Birliyinin üzvü, şairə dramaturq Aləmzər Əlizadə də olub. Tədbirdə həm də Gəncə Şəhər 2 saylı musiqi məktəbinin, 19 və 24 saylı tam orta məktəblərin şagirdlərinin çıxışları dinlənilib. 

 


Şuşadakı nəğmələrə yağışlar da ritm tutur 

  Azərbaycan Texnologiya Universitetində “Şuşa İli” ili çərçivəsində həyata keçirilən tədbirlərdən biri də tələbə və müəllimlər arasında məqalələrin yazılmasıdır. Bu dəfə V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında iştirak edən UTECA tələbəsi Qalib Bəyməmmədoğlunun yazısını təqdim edirik.   Şuşadakı nəğmələrə yağışlar da ritm tutur  Şuşa mənim uşaqlıq yaddaşımda bir neçə saniyəlik ağlı-qaralı film kadrı kimi qalmışdı. Amma Şuşanın gözəlliyini həmişə böyüklərdən eşidirdim, duyurdum və təsəvvür etməyə çalışırdım. Neçə-neçə şeirlərimdə xalqımızın bir gün müqəddəs Şuşaya səfər edəcəyinə inamımı vurğulamışam. Çox şükrlər olsun ki, bu amala, arzuya xalq olaraq yetə bildik. Ali Baş Komandanımızın Dəmir yumruğu, xilaskar Ordumuzun haqq savaşındakı qəhrəmanlığı və xalqımızın həmrəyliyi, arxa cəbhədəki misilsiz əməyi sayəsində 30 il ərzində düşmən tapdağı altında inildəyən torpaqlarımızı işğaldan azad etdik. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən, qürurumuzu özümüzə qaytaran şəhidlərimizin ruhu qarşısında minnətdarlıq hissi ilə baş əyir, döyüşçülərimizə, qazilərimizə cansağlığı arzulayıram.  Çox şükürlər olsun ki, Şuşanı ziyarət etmək mənə də qismət oldu. Uzun illər rayonumuzun mərkəzi xəstəxanasında baş həkim işləmiş, “Azərbaycan Bayrağı” ordenli, “Əməkdar həkim” fəxri adına layiq görülmüş Məmməd Nağıyevlə birlikdə may ayının 12-də V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında iştirak etdim. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunan festivalda iştirak etməyimiz bizi hədsiz dərəcədə sevindirdi.  Şuşaya gedən avtobus karvanı may ayının 12-si səhər saatlarında Bakıdan Heydər Əliyev Mərkəzinin qarşısından yol aldı. Məmməd həkimlə avtobuslarımız ayrı olsa da, (mən “üçüncü avtobus”da, səfər yoldaşım “dördüncü avtobus”da əyləşmişdi) yolumuz bir idi. Bizim arzularımız da bir idi. Füzuli ərazisindən keçərkən düşmənin torpaqlarımızda qalan mənfur izlərinə, barbarlıqlarına avtobusların pəncərələrindən baxdıq. Mənfür düşmənlər bütün kəndləri, hətta qəbirləri də dağıdıb yerlə-yeksan ediblər. Bir dənə də olsun dağılmamış tikili yoxdur, yaşayış üçün bir dənə də olsun daş üstündə daş qoymayıblar. Yol boyu sürətlə və keyfiyyətlə aparılan quruculuq işlərinə də şahid olduq. Məlumdur ki, tez bir zamanda Qarabağ yenidən qurulacaq, abadlaşacaq və Böyük qayıdış başlayacaqdır.  Bir ürəyə gedən şah damarı kimi Şuşaya gedən Zəfər yolunda qəlbimiz sevinclə, həyəcanla döyünürdü. Zəfər yollarını qalxdıqca həyəcanımz daha da artır, adında bir sehr olan azad Şuşanı görəcəyimiz üçün sanki qanadlanıb uçurduq. Şuşa qayalarını seyr etdikcə igid əsgərlərimizin hünəri insanı heyran edirdi. Belə əzəmətli qayaları aşaraq Şuşanı azad edən qəhrəman oğulları olan xalq dünyanın ən xoşbəxt, ən döyüşkən xalqıdır. İndiki və gələcək nəsillər daim bu şanlı qələbəni xalqımıza yaşadan, tarix yazan igidlərimizlə, şəhidlərimizlə fəxr edəcəklər.  Vaxtın necə getməyinin fərqinə varmadan, sanki bir göz qırpımında əziz Şuşamıza çatdıq. Festivala baxmaq üçün Cıdır düzünə gəldik. Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak etdilər. Şuşanı görməklə bərabər Cənab Prezidentimizlə bir tədbirdə iştirak etməyim mənə böyük ilham verdi. Zəfər qalasında qürurlu, fərəhli anlar yaşadıq. Şuşada olmağımız, belə möhtəşəm festivalda iştirakımız xoşbəxtlikdir, heç bir zaman yaddaşımızdan çıxmayacaq ən gözəl, ən dəyərli xatirələrdən biridir. Cıdır düzü festivala hazır idi; musiqiçilər, rəqqaslar, qonaqlar, iştirakçılar... Festivalın əsrarəngiz olması üçün bu məqamda təbiət də öz qollarını çırmaladı - yağış buludları öz çətirini Şuşanın üstündən götürdü. Şənliyə insan izdihamı sel kimi axdıqca dərələrdən dumanlar şığıyaraq yüksəkliklərə qalxır, sanki coşqun dalğalar kimi qayaların üstündən aşmaq istəyirdi. Amma dumanlar göylərə qalxaraq buludları ağırlaşdırdı. Buludları ağırlaşdıran duman sadəcə şeh damcılarından ibarət deyildi...  Şuşanın başına indi qara dumanlar axışmayıb. Bir vaxt dağlarının başı qara dumanlar olan Şuşa indi azad səmasında üçrəngli bayrağımızın ahəngi ilə dolaşan şəhid ruhlarının cənnət guşəsidir. Şuşanı, Şuşa dağlarını həm də milli ruhumuz bürüyüb. Cıdır düzü Zəfər şənliklərinin, musiqi, folklor festivallarının keçirildiyi gözəl məkan kimi öz şöhrətini yenidən qaytarıb. Düşmən tapdağında ümidlə, intizarla açmış boynubükük xarıbülbüllər artıq sevinclə, həvəslə torpağın altından baş qaldırırlar. Şuşa qayaları övladlarına qovuşan, onlarla qürur hissi keçirən məğrur ana sinəsi kimi görkəm alıb. Gövhər Ağa Məscidi xalqımızın müqəddəs ziyarət yerlərindən biridir. Kirs dağı başını məğrur tutaraq xoş günlərimizi seyr edir. Şuşa qalası Vətən müharibəsində döyüşlərdə əsgərlərimizə səngər oldu, Pənahəli xanın ruhu ilə oyanıb mənəvi gücə çevrildi, bir neçə əsr əvvəlki müdafiə missiyasını canlandıraraq əsgərlərimizi düşməndən qorudu. Bu gün Şuşa qalasının hər daşı xalqımızın döyüşkənlik ruhundan ilhamlanaraq bir-birinə bərkiyib, sarsılmaz olubdur. İsa bulağı qəzəbindən, kədərindən, həsrətindən daha qanlı göz yaşı axıtmır. Sevinclə, fərəhlə zümzümə edir. Onun da şanlı Zəfərimizə qoşduğu nəğmələr var.  Festival başlayan kimi buludlar da öz nurunu Şuşaya bəxş etdi. Yağış damlaları Cıdır düzündən musiqi sədaları ilə birlikdə ətrafa yayıldı, festivalda səslənən musiqi notları ilə birlikdə öz səsini, ritmini duyurmaq üçün sanki yarışa keçdi. Yağışlar da İsa bulağının zümzüməsinə, bülbüllərin səsinə, burada oxunan nəğmələrə ritm tutmağa çalışırdı. Bunu gözəl bacarır da. Ümumiyyətlə, Şuşada hər canlı, hər varlıq dilə gəlib danışmaq, oxumaq, öz məharətini, sehrini göstərmək istəyir. Yazıda qeyd etdiyim kimi Şuşaya səfər zamanı Məmməd həkimlə arzularımız da bir idi. Ayrı-ayrı avtobuslarda ürəyimizdə tutduğumuz arzuları Cıdır düzündə bir ağızdan dilə gətirdik: - Belə gözəl ziyarət, belə xoş ovqatlı günlər Xocalımızda da olacaq. Amin!  Şuşadan qayıdarkən 6 yaşında didərgin düşdüyüm doğma kəndimizə, qəhrəmanlar yurdu Kosalar tərəflərə də baxa bildim. Ya Əli dağını seyr etdim. Şuşa sevinci ilə bərabər, Xocalı intizarını, Kosalar həsrətini eyni anda yaşadım. Amma bilirəm ki, Şuşanın üstünü alan, bizi isladan buludların bir qanadı Kosaların da üstündə idi və həmin buludun leysanı Kosalara da yağdı. Şuşada alovlanan bayram tonqalının işığı onunla qənşər olan Kosalara ümid işığı olduğu kimi, Şuşaya yağan nur yağışdan Kosalar kəndinə də çiləndi.  Şuşada olarkən “Tarixə yazıldı Vətən savaşı” şeirimi də səsləndirdim. Yeni şeirlər yazmaq üçün könül gözüm zövqlə Şuşanı seyr etdi, qəlbim riqqətə gəldi, ilhamım qanadlandı. Qürurla, fərəhlə, daha gözəl günlərə inamla Şuşa ziyarətimizi yekunlaşdırdıq. Amma gözümüz, qəlbimiz bizi ovsunlayan, heyran edib özünə bağlayan Şuşada qaldı. Ən tez müddətdə yenidən görüşənədək, Əziz Şuşa! 

 

Qalib Bəyməmmədoğlu

Azərbaycan Texnologiya Universitetinin tələbəsi,

“Xocalının səsi” qezetinin redaktoru    

 

 

 

10-21 may tarixlərində basketbol üzrə Ali təhsil müəssisələrinin tələbələri arasında ölkə birinciliyi keçirilir

10-21 may tarixlərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə basketbol üzrə Ali təhsil müəssisələrinin tələbələri arasında ölkə birinciliyi keçirilir. Bakı Ali Neft Məktəbində reallaşan yarışda 24 oğlan və 5 qız komandası iştirak edir.  Turnirdə UTECA-nın oğlanlardan ibarət yığma komandası iştirak edir. Komandamız ilk oyunda Xəzər Universitetinin komandası ilə görüş keçirib və 52:37 hesabı ilə qalib gəlib. Tələbələrimiz 2-ci oyunda Azərbaycan Dövlət Pedoqoji Universitetinin komandası ilə qarşılaşıb və 54:11 hesabı ilə qələbə qazanıblar. Növbəti oyununda UTECA komandası 74:52 hesabı ilə qalib gəlib və növbəti 2 oyunun nəticəsindən asılı olmayaraq 1/16 final mərhələsinə vəsiqəni təmin edib.Yarışların final mərhələsi 16 may tarixindən etibarən start götürəcək. Yarışda komandamızı Texnologiya Universitetində bədən tərbiyəsinin, xüsusən də basketbol idman növünün inkişafında müstəsna xidmətləri olan 1-ci dərəcəli basketbolçu, respublika çempionu, UTECA-nın Aparat rəhbəri Bəylər Mirzəzadə, baş məşqçi Elçin Süleymanov və məşqçi Fariz Əliyev təmsil edirlər. Qeyd edək ki, 17 may, saat 11:00-da Bakıda "FOUR SEASON" otelində Azərbaycan Basketbol Federasiyasının "Yeni Nəfəs.Yeni Başlanğıc!" adlı tədbiri keçiriləcək. Federasiyanın dəvəti əsasında UTECA-nın İdman Klubunun direktoru, əməkdar məşqçi Elçin Süleymanovun və Aparat rəhbəri Bəylər Mirzəzadənin tədbirdə iştirakı nəzərdə tutulub.   

 

 

 

Azərbaycan Texnologiya Universiteti “KOB Fest” sərgi-satış yarmarkasında iştirak edib

Azərbaycan Texnologiya Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəvəti ilə Gəncədə keçirilən “KOB Fest” sərgi-satış yarmarkasında iştirak edib. Tədbirdə UTECA-nı tədris və sənaye işləri üzrə müşavir dos. Aqil Eyvazov təmsil edib.Tədbir zamanı çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, “KOB Fest” Gəncə və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunub.Tədbirin rəsmi açılış hissəsinin ardınca qonaqlar və ziyarətçilər sərgi ilə tanış olublar. Xan Bağı ərazisində təşkil olunan Gəncə “KOB Fest”də 100-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların, yaradıcı şəxslərin əl işləri təqdim edilib. Gəncə, Göygöl, Daşkəsən, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan sahibkarlar tərəfindən yarmarkada qida, tekstil, zərgərlik məhsulları, mebel, bank, təhsil, tibb və reklam xidmətləri, hədiyyəlik əşyalar, əl işləri nümayiş olunub.“KOB Fest” çərçivəsində həmçinin, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlər keçirilib, biznes xidmətlər göstərilib, mədəni-əyləncəli proqram təşkil edilib.Sayca üçüncü dəfədir təşkil olunan “KOB Fest” bundan əvvəl Bakı şəhərində və Şəmkir rayonunda keçirilib.