Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Moskva Bəyannaməsi Azərbaycana nə vəd edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il fevral ayının 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskva şəhərinə rəsmi səfərə yollandı. Səfər əsnasında iki dövlətin prezidentləri arasında 43 bənddən ibarət Moskva Bəyannaməsi imzalandı. Bəyannamənin iki dövlət arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltdiyini qeyd edə bilərik. Yeni bəyannamədə razılaşdırılan 43 bənd Azərbaycan və Rusiya arasındakı qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir. Elə bəyannamənin 1-ci bəndinə nəzər yetirən kimi görmək olur ki, bu bəyannamə ölkəmizin dövlət müstəqilliyi və suverenliyinin güclənməsinə xidmət edir:  “Hər iki ölkə öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”. Rusiya ilə NATO arasındakı münasibətlərin bu qədər gərgin olduğu və hətta Ukrayna ilə müharibə həddinə çatdığı bir ərəfədə ölkəmizlə belə bir strateji müttəfiqliyə məhz qarşı tərəfin maraqlı olması dövlətimizin bu ölkə üçün nə qədər vacib tərəfdaş olduğunu deməyə əsas verir. Dünyada baş verən geosiyasi proseslər fonunda Azərbaycan da öz maraqlarının təmin edilməsi istiqamətində istənilən dövlət ilə müvafiq istiqamətlərdə çoxşaxəli münasibətlərin qurulmasında maraqlıdır. Buna əsas alaraq onu deyə bilərik ki, Moskva bəyannaməsi, Şuşa bəyannaməsi ilə heç bir ziddiyyət təşkil etmir və bir-birinin qüvvəsinə mənfi təsir etmir. Hətta Azərbaycan Rusiya və Türkiyə arasında əlaqələndirici rol oynayır. Bəyannamənin bütün bəndləri çox ciddi konseptual əsaslara söykənir.  Bəyannamənin 9-cu bəndi 44 günlük müharibəyə qədər aparılan məqsədyönlü siyasət, bu dövr ərzində nail olduğumuz iqtisadi inkişaf və Qarabağ uğrundakı parlaq qələbəmiz sayəsində əldə etdiyimiz siyasi və iqtisadi üstünlüklərin təzahürüdür. Bəndi diqqətlə incələdiyimiz zaman aydın olur ki Rusiya tərəfi artıq Qarabağda münaqişələrin yenidən alovlanmasının tərəfdarı deyil. Hətta münasibətlərin normallaşması, regionda kommunikasiyaların hərtərəfli bərpası və Azərbaycan Respublikasının ərazi bütövlüyünün toxunulmazlığının tam şəkildə təmin olunmasında fəal iştirak etmək niyyətindədir. “Tərəflər regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər”.  Moskva bəyannaməsinin 18-ci bəndi 9-cu bəndə bir daha qüvvət verir və təhlükəsizlik istiqamətində səylərin birləşdirilməsini nəzərdə tutur: “Tərəflər beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”. Bütün bəndləri bir-bir nəzərdən keçirdikcə ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsindən tutmuş beynəlxalq enerji layihələrində əməkdaşlıq, silah istehsalında birgə fəaliyyət, hətta dinc məqsədlərlə atom enerjisindən istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının da nəzərdən keçirilməsinin planlaşdırıldığı aydın olur. Ümumiyyətlə bəyannamədə yer alan 43 bənd çox geniş sahələri əhatə edir. Bəyannaməni gözdən keçirdikcə iki ölkə arasında uzun dönəmə hesablanmış və çox geniş sahələrdə sıx əməkdaşlığın planlaşdırıldığı qənaətinə gəlmək olur. Vətən müharibəsində əldə edilən uğurlu qələbə regionda yeni konfiqurasiya və ümumilikdə yeni reallıqlar yaratdı. Bunun nəticəsidir ki, artıq Azərbaycan Respublikası istər Rusiya, istərsə də digər dünya dövlətləri tərəfindən daha ciddi və daha ehtiyatla qarşılanmağa başlayıb. İkinci Qarabağ müharibəsindən sonra regionda yeni düzən formalaşdı. Tərəddüd etmədən deyə bilərik ki, bu yeni düzənin yaranmasında qardaş Türkiyə dövlətinin böyük dəstəyi oldu. Artıq regionda müstəqil bir dövlət kimi özümüzü yalnız hiss etmirik. Bu qələbə Ermənistan qarşısında əlimizi gücləndirdi, düşmən ölkə ilə masa arxasında qalib dövlət kimi oturmağımızı təmin etdi. İndi Azərbaycan Rusiya üçün strateji cəhətdən Ermənistandan daha faydalı tərəfdaş olmağa başlayıb. Rusiya Ermənistana olan marağını itirib. Bunun davamı olaraq regionda yeni Türkiyə-Azərbaycan-Rusiya üçbucağı yaranıb. Türkiyə və Rusiyanın bir-birinə yaxınlaşması və son dövrlərdəki bir-birindən bir növ strateji asılılığı Azərbaycanın da ayrıca xeyrinə oldu. Bütün bu sadalanan nüansları əsas gətirərək deyə bilərik ki, Azərbaycan Respublikası müstəqil bir dövlət kimi müxtəlif ölkələrlə siyasi və milli maraqlarının təmin olunması istiqamətində istənilən qaydada müttəfiqliklər, tərəfdaşlıqlar və s. formatlarda istər bəyannamələr, istərsə də müxtəlif strateji müqavilələr imzalaya bilər. Belə müttəfiqliklərin razılaşdırılması prosesində Azərbaycan hökuməti artıq ikinci Qarabağ müharibəsindən əvvəlki dönəmlərlə müqayisədə daha rasional, daha praqmatik tələblər irəli sürmək imkanına malikdir. Şuşa bəyannaməsi kimi Moskva bəyannaməsi də Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi və təhlükəsizliyinin təmin edilməsi baxımından ölkəmizin lehinə olduğunu bir daha qeyd edib sabaha daha ümidli addımlarla irəliləyə bilərik.

 

Hikmət Məmmədli

Azərbaycan Texnologiya Universitetinin

Menecment kafedrasının assistenti 

 

 

UTECA-da Xocalı soyqırımının 30-cu ildönümü qeyd edilib

Azərbaycan Texnologiya Universitetində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib. Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Ardınca UTECA-nın rektoru, professor Akif Süleymanov Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs edib. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Xocalı sakinləri xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər, bəşər tarixinin ən qanlı qətliamlarından birini törədiblər. Rektor əlavə edib ki, 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb. Heydər Əliyev Fondu uzun illərdir Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir. Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Rektor qeyd edib ki, Azərbaycan hazırda Xocalı faciəsinin ildönümünü hüznlə bərabər 44 günlük Vətən müharibəsində Zəfər qazanan xalq olaraq həm də qürurla yad edir.Tədbirdə Xocalı sakini Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov çıxış edərək faciənin miqyasından danışıb. Qeyd edib ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Xocalı şahidi həmin gecə insanların köməksiz qaldıqlarını, o dövün hakimiyyət səriştəsizliyi səbəbindən insanların xilas edilmədiyini qeyd edib.Daha sonra “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədli çıxış edərək qəzetin faciəylə bağlı təfərrüatlı məlumatlar verən ilk mətbu orqanlarından biri olduğunu, hətta buna görə əməkdaşlarının o dövrün hakim dairələri tərəfindən ölümlə təhdid edildiyini qeyd edib. Eyni zamanda UTECA tələbəsi olan Qalib uzun illər ərzində Xocalı şahidlərinin qan yaddaşını dinləyən yurnalist kimi çıxış edərək uşaq, qadın və qocaların başına gətirilən minbir müsibətlərdən söz açıb.UTECA-nın baş müəllimi Hüseyn Budaqovun Xocalı faciəsi ilə bağlı çıxışından sonra Tələbə Gənclər Təşkilatının sədri Nicat Nağıyev Xocalıya Ədalət Kampaniyası çərçivəsində Gənclər Fondunun dəstəyilə ərsəyə gətirilən “Sevinj stories” adlı layihəs barədə məlumat verib. Bildirib ki, sosial şəbəkə gündəliyi formatında olan layihə Xocalıda yaşayan 9 yaşlı qızın gözləri ilə Xocalı faciəsinə baxışı əks etdirir. Sözügedən İnstagram səhifəsinin daha çox izləyici tərəfindən tanınmasının Xocalı faciəsini dünyanın diqqətinə çatdırılmasına kömək edəcəyini bildirərək, dəyirmi masa iştirakçılarını səhifəni aktiv şəkildə izləməyə dəvət edib. Tədbirin sonunda Xocalı faciəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib. 

 

 

 

Aktiv tələbələrlə görüş keçirilib

Azərbaycan Texnologiya Universitetində aktiv tələbələrlə görüş keçirilib. Rektorun Sənaye və Tədris məsələləri üzrə müşaviri, dosent Aqil Eyvazov universitetin ictimai həyatında xüsusi fəallıqları ilə seçilən tələbələrlə görüşərək, onlarla gələcək planları, prioritetləri və perskpektivləri bölüşüb.Müşavir 2 Fevral Gənclər Günü münasibətilə Prezident İlham Əliyevin gənclərlə görüşünü xatırladaraq tələbələrə ölkə başçısının həmin çıxışını bir daha diqqətlə dinləməyi tövsiyə edib. Prezidentin gənclərə, təhsilə qayğısından bəhs edərək bildirib ki, görüşdə ölkə başçısının nitqi bizim üçün yeni üfüqlər açır.UTECA Tələbə Gənclər Təşkilatının, eləcə də Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti ilə də yaxından tanış olan müşavir gələcək planlardan danışıb. Bildirib ki, tələbələrin asudə vaxtının səmərəli təşkili üçün bir sıra layihələr, sosial, maarifləndirici təlim və seminarlar, karyerada uğur qaznanlarla motivasiya xarakterli görüşlərin keçirilməsi nəzərdə tutulub və tələbə həyatının maraqlı və məhsuldar keçməsi üçün bir çox tədbirlər görüləcək.Tələbələrin ictimai müzakirəsinin universitet rəhbərliyi üçün vacib olduğunu qeyd edən müşavir tələbələr üçün ən yaxşı şəraitin qurulmasının əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb: “Bu konteksdə tələbələrlə görüşlər davamlı olacaq, təkliflərinizə hər zaman açığıq. Tələbələr öz təkliflərini heç bir məhdudiyyət olmadan universitetin sosial şəbəkə hesablarından, eləcə də universitet rəhbərliyinə bir başa bildirə bilərlər” -deyə A.Eyvazov qeyd edib.Səmimi və diskusiya şəklində keçən görüşdə tələbələrin təklifləri və müraciətləri qeydə alınıb. 

 

 

 


DMA nümayəndələri tələbələrə təlim keçib

Dövlət Məşğulluq Agentliyinin (DMA) nümayəndələri Azərbaycan Texnologiya Universitetinin (UTECA) tələbələrinə təlim keçib. UTECA-nın Akt zalında baş tutan görüş "5 səhv" və "Karyera planlanlamasında mən" mövzularını əhatə edib.DMA nümayəndəsi Toğrul Ələkbərov tələbələri karyerada hansı addımları necə atılmalı, iş həyatına necə hazırlaşmalı, xaricdə iş təcrübəsi, iş həyatına başlamaq üçün təcrübə əhəmiyyəti, həyatdakı missiya, etdiyimiz səhvlər kimi mövzular ətrafında maarifləndirib.Digər DMA nümayəndəsi Pərviz Əfəndizadə tələbələrin diqqətinə karyera planlamasına necə başlamalı və hansı mərhələlərdən keçməli olduqlarını çatdırıb.Hər mövzunun sonunda tələbələrlə qarşılıqlı müzakirə aparılıb, suallar cavablandırılıb və mövzu ətrafında dəyərli tövsiyələr verilib. 

UTECA “Peşəkar Assosiasiya və Bilik Mübadiləsi vasitəsilə Azərbaycanda Ali Təhsilin Beynəlmiləlləşdirilməsinin Genişləndirilməsi” adlı seminarda təmsil olunub

Azərbaycan Texnologiya Universiteti Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası (AIEMA), Midlberi Beynəlxalq Araşdırmalar İnstitutu (Monterey, Kaliforniya, ABŞ) və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin tərəfdaşlığı ilə “Peşəkar Assosiasiya və Bilik Mübadiləsi vasitəsilə Azərbaycanda Ali Təhsilin Beynəlmiləlləşdirilməsinin Genişləndirilməsi” adlı seminara dəvət edilib. Seminar 25 yanvar 2022-ci il tarixində Bakı şəhərində Emerald Suite Otelin konfrans zalında pandemiya qaydalarına uyğun olaraq təşkil edilib. Seminarda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin, Azərbaycandakı Milli Erasmus+ Ofisinin, British Council Azərbaycan təşkilatının, ABŞ-ın Midlberi Beynəlxalq Araşdırmalar İnstitutunun və 25 ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr şöbələrinin rəhbər və nümayəndələri iştirak ediblər. Görüşdə Azərbaycan Texnologiya Universitetini Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Tural Rüstəmov təmsil edib.Seminar, iştirakçılar və qonaqlar tərəfindən müsbət qarşılanıb və iştirakçılar faydalı seminarların davamlı olmasını arzulayıblar. Seminar iştirakçıların fərdi müzakirələri və şəbəkələşməsi, həmçini xatirə şəkli çəkdirməklə yekunlaşıb. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası (ABTMA) 2019-cu ilin noyabr ayında bir təşəbbüs qrupu kimi təsis edilib və könüllülük prinsipi əsasında bir neçə yerli ali təhsil müəssisələrinin əməkdaşları tərəfindən fəaliyyətə başlayıb. ABTMA-nın missiyası təşviq, vəkillik, şəbəkələşmə və peşəkar resurs mübadiləsi vasitəsilə fərdləri və qurumları dəstəkləməklə Azərbaycanda ali və peşə təhsilinin effektiv beynəlmiləlləşdirilməsinə töhfə verməkdir. 

 

 

UTECA əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycan Texnologiya Universiteti ilə Qazaxıstanın Almatı Texnologiya Universiteti arasında əməkdaşlıq əlaqələri qurulub. İki ali təhsil ocağının əməkdaşlıq münasibətləri ötən həftə imzalanan anlaşma memorandumu ilə rəsmiləşdirilib. Əməkdaşlıq çərçivəsində ilk görüş baş tutub. Onlayn şəraitdə keçən görüşdə hər iki universitetin prorektorları çıxış edib.Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru dosent Yaşar Ömərov beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və dünya universitetləri ilə əlaqələrin genişləndirilməsinin universitetin beynəlmiləşdirilməsində xüsusi əhəmiyyətindən bəhs edib və iki universitet arasındakı əməkdaşlığın məhsuldar olacağına inamını ifadə edib. Daha sonra UTECA-nın İnzibati idarəetmə və kommersiya kafedrasının müdiri professor Fizuli Məmmədov xarici kolleqalarını Azərbaycan Texnologiya Universitetinin tarixi və hazırkı vəziyyəti ilə tanış edib. UTECA-nın Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı Nazim Vəliyev fakültədə aparılan elmi tədqiqat işləri barədə məlumat verərək sənayedə tətbiqini xüsusilə vurğulayıb, universitet-sənaye əlaqələrinin UTECA üçün prioritet olduğunu qeyd edib. Qazaxıstanın Almatı Texnologiya Universitetinin digər nümayəndələri də çıxış edərək əməkdaşlığın həyata keçirilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar. Azərbaycan Texnologiya Universiteti ilə Qazaxıstanın Almatı Texnologiya Universiteti arasında imzalanan memorandum hər iki ali təhsil müəssisəsinin təhsil və tədqiqat sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Sənədə əsasən universitetlər arasında müəllim-tələbə mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi və s. kimi əməkdaşlıq nəzərdə tutulub.