Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

TGT-nin Mentor Klubunda “Karyera yol xəritəsi” mövzusunda təlim keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Mentor Klubunun növbəti təlimi təşkil olunub.

Təlimçi universitetin İdarəetmə kafedrasının baş müəllimi, II dərəcəli dövlət qulluqçusu Əsgər Babazadə olub. O, öz peşəkar təcrübəsini və biliklərini tələbələrlə bölüşərək onların karyera planlaması istiqamətində maariflənməsinə töhfə verib.

“Karyera yol xəritəsi” mövzusunda keçirilən təlimdə iştirakçılara düzgün karyera seçimi, məqsədlərin müəyyənləşdirilməsi, fərdi inkişaf planının hazırlanması və əmək bazarında rəqabət qabiliyyətinin artırılması ilə bağlı ətraflı məlumat verilib. Təlim zamanı real nümunələr əsasında izahlar aparılıb və tələbələrin sualları cavablandırılıb.

İnteraktiv formatda təşkil olunan görüş tələbələrin böyük marağına səbəb olub və onların gələcək karyera hədəflərinin formalaşmasına dəstək verib.

ATU-nun bir qrup əməkdaşı beynəlxalq təlim proqramını uğurla başa vurub

Azərbaycan Texnologiya Universitetinin (ATU) Avtomatika və informasiya texnologiyaları kafedrasının əməkdaşları İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə təşkil olunan “Cisco Networking Academy” və “IBM SkillsBuild” platformaları üzrə beynəlxalq təlimləri uğurla tamamlayıblar.

Kafedranın 13 nəfər olmaqla bütün müəllim əməkdaşları “Kibertəhlükəsizlik” və “Süni İntellektin Əsasları (AI Fundamentals)” mövzularında keçirilən təlimlərdə iştirak edərək “Cisco” və “IBM”-in beynəlxalq səviyyədə tanınan sertifikatı ilə təltif olunublar. 

Proqram çərçivəsində iştirakçılar süni intellektin əsas konsepsiyaları — təbii dilin emalı (Natural Language Processing, NLP), kompüter görməsi (Computer Vision), maşın öyrənməsi (Machine Learning), dərin öyrənmə (Deep Learning), neyron şəbəkələr (Neural Networks) və çatbot texnologiyaları sahəsində nəzəri və praktiki biliklər əldə ediblər. Eyni zamanda, süni intellekt sistemlərinin etik aspektləri — ədalətlilik, şəffaflıq, məxfilik və izahlılıq (explainability) prinsipləri üzrə bacarıqlar formalaşdırılıb.

Təlimin sonunda iştirakçılar  “IBM Watson Studio” mühitində maşın öyrənməsi layihələri qurmaq və süni intellekt tətbiqlərinin müxtəlif peşə sahələrində istifadəsini izah etmək kimi praktiki tapşırıqları uğurla yerinə yetiriblər.

 

 

ATU-da Mentor Klubu çərçivəsində emosional zəka mövzusunda görüş keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Mentor Klubunun növbəti inkişafyönümlü təlim sessiyası reallaşdırılıb.

Təlim Səkinə Xanbutayeva tərəfindən aparılıb. ATU-nun Avtomatika Telekommunikasiya və İnformatika fakültəsinin tələbəsi olan mentor şəxsi inkişaf və psixoloji bacarıqlar istiqamətində əldə etdiyi bilikləri iştirakçılarla bölüşüb, mövzuya fərqli yanaşmalar təqdim edib.

“Emosional zəka” mövzusuna həsr olunan təlimdə duyğuların idarə olunması, empati qurma bacarığı və sosial münasibətlərdə düzgün davranış modelləri barədə məlumat verilib. İştirakçılar emosional zəkanın həm gündəlik həyatda, həm də gələcək karyerada əhəmiyyəti ilə bağlı praktiki nümunələr əsasında maarifləndirilib.

Təlim dinamik müzakirələr və interaktiv tapşırıqlarla müşayiət olunub, tələbələr öz emosional reaksiyalarını daha yaxşı anlamaq və idarə etmək üçün faydalı biliklər əldə ediblər.


Sağlam gələcək üçün əməkdaşlıq: ATU və Gəncə Memorial Hospital bir arada

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Gəncə Memorial Hospital arasında əməkdaşlıq əlaqələri qurulub. Bu əməkdaşlıq çərçivəsində universitetin professor-müəllim heyəti, digər əməkdaşları və tələbələri üçün klinikada endirimli qiymətlərlə tibbi müayinə və xidmətlərdən yararlanmaq imkanı yaradılıb.

Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Gəncə Memorial Hospitalı ATU əməkdaşlarına geniş spektrdə – laborator analizlər üçün 25%, rentgen və ultrasəs müayinələri, terapevtik və ixtisaslaşmış tibbi xidmətlər üzrə isə 20% güzəştlər təqdim edəcək.

Əməkdaşlığın məqsədi universitet kollektiv və tələbələri üçün sağlamlıq imkanlarının əlçatanlığını artırmaq, profilaktik müayinələrin səmərəliliyini təmin etmək və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

ATU ilə Qazaxıstanın Atırau Universiteti arasında memorandum imzalanıb

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Qazaxıstanın Atırau Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənəd Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və Qazaxıstanın Atırau Universitetinin rektoru Salamat İdrissov tərəfindən Qazaxıstanın Atırau şəhərində baş tutan Xəzəryanı universitetlərin Baş Assambleyası çərçivəsində imzalanıb. 

Memorandum hər iki ali təhsil müəssisəsi arasında elmi və akademik əlaqələrin genişləndirilməsini, birgə tədqiqat layihələrinin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsini, ortaq təlim proqramlarının hazırlanmasını, innovasiya və texnologiya sahəsində əməkdaşlığın qurulmasını nəzərdə tutur.

Bu fəaliyyət SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar), SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə sıx bağlıdır. Memorandumun birgə tədqiqat, mübadilə və ortaq proqramları əhatə etməsi universitetlərarası əlaqələrin strateji xarakterini göstərir. Belə beynəlxalq əməkdaşlıqlar bilik transferini və institusional inkişafı gücləndirir. Bu isə ali təhsilin qlobal inteqrasiyasına və innovasiya mühitinin genişlənməsinə töhfə verir.

 

 

 

ATU-da Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov giriş sözü ilə çıxış edərək müstəqilliyin bərpası tarixinə nəzər salıb və bildirib ki, 18 Oktyabr Azərbaycan xalqının tarixində milli qürurun və dövlətçilik iradəsinin təntənəsi günüdür.
 
Tədbirdə ictimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Mehriban Tağıyeva “Azərbaycan dövlətçiliyində müstəqillik tarixi”, Zəminə Novruzova “Müstəqilliyin bərpası: Azərbaycanın yeni dövrü”, Rafiq Hüseynov “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi tarixi nailiyyətdir” başlıqlı məruzələrlə çıxış ediblər. Vurğulanıb ki, müstəqilliyin bərpası dövründə Ulu Öndər Heydər Əliyev ölkənin sabitliyinin və dövlətçiliyin qorunmasında həlledici rol oynayıb, milli həmrəyliyi təmin edərək Azərbaycan dövlətini güclü mövqeyə gətirib. Prezident İlham Əliyevin ardıcıl siyasəti isə ölkəmizi daha da möhkəmləndirib, müstəqilliyimizi qoruyaraq regionun lider dövlətinə çevirməyə nail olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfər isə bu müstəqilliyin və dövlətçiliyin əbədiliyini bir daha təsdiqləyib.

Tədbir çərçivəsində Müstəqilliyin Bərpası Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.