Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU-nun tələbələrinin "Az Abrau" Şəki Şərab Zavoduna təcrübi ekskursiyası təşkil edilib

Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi fakültəsinin şərabçılıq ixtisası üzrə təhsil alan tələbələrinin "Az Abrau" Şəki Şərab Zavoduna təcrübi ekskursiyası təşkil edilib.

ATU tələbələri zavodda Tələbə Elmi Cəmiyyətinin xətti ilə müasir və aktual mövzularda tədqiqatlar aparıb, daha sonra təqdimatlarla çıxış ediblər.

Ekskursiya çərçivəsində tələbələr Azərbaycan şərabçılığının tarixi ilə bağlı geniş materiallar toplayıb, eləcə də şərabçılıqda istifadə olunan yeni texnologiyalarla, istehsalat prosesinin bütün mərhələləri ilə əyani tanış olmaq və öyrənmək imkanı qazanıblar, həmçinin, zavodun texnoloqları ilə qida mühəndisliyi sahəsindəki yeniliklərə və şərabçılıq sektorunda tətbiq edilən innovasiyalara dair diskussiyalar aparıblar.

Elmi-praktik konfrans 11 istiqamətdə öz işini davam etdirib

Azərbaycan Texnologiya Universitetinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “İnnovativ ekosistemlərin inkişafında universitetlərin rolu" adlı respublika elmi-praktik konfransı 11 istiqamətdə öz işini davam etdirib.

İki günlük konfrans çərçivəsində məruzəçilər Qida mühəndisliyi və texnologiyaları, Süni intellekt, elektronika və informasiya texnologiyaları, Tekstil və yüngül sənaye, Dizaynda innovativ texnologiyalar, Maşınqayırma, nəqliyyat və logistika, Metallurgiya mühəndisliyi, Rəqəmsal iqtisadiyyat və idarəetmə, Turizm sənayesinin təşkili, Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf, Fundamental elmlər və innovativ texnologiyalar, Mültikultural təhsildə innovativ texnologiyalar olmaqda 11 bölmədə hibrid qaydada məruzələrlə çıxış ediblər.  

Qeyd edək ki, konfransın məruzələr toplusuna 400-ə yaxın tezis qəbul edilib.

“Şuşa, Sən Azadsan!” sənədli filmi nümayiş etdirilib

Azərbaycan Texnologiya Universitetində 8 Noyabr Zəfər Günü münasibəti ilə Bakı Media Mərkəzinin 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Salnamə Film Studiyası ilə birgə ərsəyə gətirdiyi “Şuşa, Sən Azadsan!” sənədli filmi nümayiş etdirilib.


ATU-da zabit və qazilərlə görüş keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) 44 günlük Vətən müharibəsində iştirak etmiş bir qrup zabit və qazilərlə görüş keçirilib.

Görüşü giriş nitqi ilə açan ATU nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov Vətən müharibəsinin əhəmiyyətindən şəhid və qazilərimizin qəhrəmanlığından bəhs edib.  Daha sonra söz qazilərə verilib.

Azərbaycan Gənclər Fondunun "Qəhrəmanını tanı" layihəsi çərçivəsində təşkil olunan görüşdə zabitlər və qazilər tələbələrimizlə qəhrəmanlarımızın keçdiyi döyüş yolları haqqında  təəssüratlarını paylaşıb, vətənpərvərlik mövzusunda diskussiya edib, tələbələrin  suallarını cavablandırıblar.

ATU-da daha bir auditoriya istifadəyə verilib

Azərbaycan Texnologiya Universitetində daha bir auditoriyanın açılışı olub.

Azərbaycan Texnologiya Universitetində Zəfər Günü və Bayraq Günü münasibətilə Biomüxtəliflik auditoriyası istifadəyə verilib. 

Otağın 7 noyabr tarixində baş tutan açılış tədbirində ATU-nun rektoru Yaşar Ömərov auditoriyanın COP29 ərəfəsində tələbə və müəllimlərin ixtiyarına verildiyini vurğulayaraq auditoriyanın tələbələrin və tədqiqatçıların biomüxtəlifliyin qorunması, ekosistemlərin öyrənilməsi və təbiətin davamlılığı mövzularda dərin biliklər əldə etmələri məqsədilə qurulduğunu bildirirb.

Ətraf mühitin mühafizəsi kafedrasının nəzdində yaradılan auditoriya 40 tələbə yerlik olmaqla zəruri avadanlıqlarla tam təchiz edilib.

Yeni rektor kollektivə təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 4 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Yaşar Ömərov universitetin kollektivinə təqdim edilib.

Rektoru kollektivə təqdim edən elm və təhsil nazirinin müavini İdris İsayev Prezident İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıraraq bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.

Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.

Təqdimat çərçivəsində nazir müavini ATU professorlarının təkliflərini dinləyib.