Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

“Nar” mütəxəssisləri ATU-da təlim keçib

Azərbaycan Texnologiya Universitetində (ATU) “Nar” mütəxəssisləri tərəfindən tələbələr üçün “Mobil Rabitənin Əsasları” mövzusunda təlim keçirilib. 

Təlim çərçivəsində müvafiq ixtisas üzrə təhsil alan tələbələr mobil texnologiyaların inkişafı, GSM şəbəkəsinin quruluşu, Əşyaların İnterneti (IoT), 5G texnologiyaları, mobil rabitə strukturu, simsiz ötürmə şəbəkələri və tezliklərin idarə edilməsi kimi mövzularla tanış olublar. İnteraktiv formatda keçirilən təlimdə tələbələr qruplar halında keçilən mövzular ətrafında müzakirə aparıblar.

Qeyd edək ki, təlim ATU-da təsis edilən “Nar” laboratoriyasında baş tutub. ATU-nun “Nar” ilə əməkdaşlığı nəticəsində, tələbələrin mobil texnologiyalarla işləmək və real şəbəkədə təcrübə qazanmaq məqsədilə ərsəyə gələn laboratoriya cari ilin oktyabrında istifadəyə verilib.

ATU-da “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda tədbir keçirilib

Azərbaycan Texnologiya Universiteti (ATU), FHN-in Gəncə Regional Mərkəzi və FHN-in Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirib.

“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusuna həsr edilmiş tədbir müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması,  baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə nail olmaq məqsədilə təşkil edilib.

Tədbiri giriş sözü ilə açan ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq sözü FHN-nin Gəncə Regional Mərkəzinin sektor müdiri Elnur İmanova verib. E. İmanov “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?” mövzusu ilə çıxış edib. 

Sonra qurum əməkdaşları "Sel və daşqınlar zamanı davranış qaydaları”, “Od söndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı təhlükəsi”,  “112” qaynar xətti” mövzularında çıxışlar edib, mövzulara dair videoçarxlar nümayiş olunub.

ATU yeni beynəlxalq layihənin icrasına başlayıb

Azərbaycan Texnologiya Universiteti Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Serbiyanın Novi Sad Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Şərqi Qonşuluq, Asiya və Mərkəzi Asiyada təhsil və innovasiyalar vasitəsilə ikili yaşıl və rəqəmsal keçidlərin təşviqi – Yaşıl Texnologiya Üfüqləri" (Fostering Dual Green and Digital Transitions through Education and Innovation in the Neighbourhood East, Central Asia, and Asia - Green Tech Horizons) layihəsində tərəfdaş qismində çıxış edir. 

28-29 noyabr 2024-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində layihənin açılış tədbiri keçirilib.

Əl-Fərabi Qazax Milli Universitetində təşkil olunan tədbirdə Serbiya, Latviya, Litva, Polşa, Xorvatiya, Azərbaycan, Qazaxıstan və Monqolustan olmaqla 8 ölkə üzrə 40-dək nümayəndə iştirak edib. Azərbaycan Texnologiya Universitetini elm və innovasiyalar üzrə prorektor əvəzi, elm və xarici əlaqələr üzrə rektor müşaviri Sahil Həmidov və İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev təmsil edib. 

Açılış tədbirində universitetlər, tədqiqat institutları və sənaye müəssisələri olmaqla 24 tərəfdaşın iştirak etdiyi layihənin icrasının 3 il müddətində həyata keçiriləcəyi bildirilib, eləcə də layihə çərçivəsində görüləcək işlərə dair məhsuldar müzakirələr aparılıb, təklif və tövsiyələr dinlənilib. 

Qeyd edək ki, "Green Tech Horizons" layihəsinin əsas məqsədi Azərbaycan, Qazaxıstan və Monqolustandan olan 8 ali təhsil müəssisəsində mövcud kurikulumları modernləşdirməklə innovativ səriştəyönümlü təlim ekosisteminin qurulması, eyni zamanda, səriştəyönümlü kurikulumun təkmilləşdirilməsi və sınaqdan keçirilməsi ilə e-Learning ekosisteminin yaradılmasından ibarətdir.


ATU "Zəyəm Texnologiyalar Parkı" ilə əməkdaşlığa başladı

Azərbaycan Texnologiya Universiteti ilə "Zəyəm Texnologiyalar Parkı" arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərovla "Zəyəm Texnologiyalar Parkı" ASC-nin direktoru  Elnur İbrahimov imzalayıb.

Memorandumda tələbələrin istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, təqaüd proqramının təsis edilməsi, birgə konfrans, seminar və təlimlərinin təşkili və s. məsələlər öz əksini tapıb. 

İmzalanma mərasimindən sonra ATU nümayəndələri "Zəyəm Texnologiyalar Parkı" ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.

Şəmkir rayonunun Zəyəm qəsəbəsində yerləşən Zəyəm Texnologiyalar Parkı müxtəlif növ metal konstruksiyalar o cümlədən fermalar, piyada keçidləri, metal körpü estakadalar, konteynerlər, bina, tunel, yol tikintisində istifadə olunan texnikalar üçün ehtiyat hissələri və s. istehsal edir.

QİÇS ilə mübarizə mövzusunda tədbir keçirilib

Azərbaycan Texnologiya Universiteti (ATU) və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə QİÇS-ə qarşı mübarizə mövzusunda tədbir keçirilib. 

ATU tələbələrinin iştirakı ilə keçirilən maarifləndirici tədbir 1 dekabr QİÇS ilə Mübarizə Günü çərçivəsində baş tutub.

Tədbirdə ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov bildirib ki, tədbir insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq, tələbələri sağlam həyat tərzi barədə məlumatlandırmaq məqsədilə təşkil olunub.

Daha sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyasının müdiri Ülkər Qurbanova çıxış edib, QİÇS/İİV infeksiyası ilə mübarizə sahəsində ölkədə həyata keçirilən tədbirlər haqqında məlumat verib, tələbələri xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinə və müalicəsinə dair maarifləndirib.

İştirakçılara QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən nəşr olunan İİV/QİÇS-ə aid broşür və bukletlər təqdim edilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən ödənişsiz müayinələr keçirilib.

ATU ilə Mingəçevir Tekstil arasında memorandum imzalanıb

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Mingəçevir Tekstil MMC arasında anlaşma memorandumu imzalanıb.

Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərovla Mingəçevir Tekstil MMC-nin direktoru Əli Əsədov imzalayıb.

Memorandumda tələbələrin istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, birgə konfrans, seminar və təlimlərinin təşkili və s. məsələlər öz əksini tapıb. 

İmzalanma mərasimindən sonra ATU nümayəndələri Mingəçevir Tekstil ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.