Azərbaycan Texnologiya Universiteti ilə Özbəkistanın Fərqanə Dövlət Universiteti, Əndican Dövlət Universiteti və Namanqan Dövlət Texniki Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb.
Müqavilələrə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Fərqanə Dövlət Universiteti, Əndican Dövlət Universiteti və Namanqan Dövlət Texniki Universitetinin rektorları tərəfindən Azərbaycan–Özbəkistan Birinci Rektorlar Forumu çərçivəsində imza atılıb.
İmzalanmış müqavilələr ali təhsil müəssisələri arasında elmi və akademik əlaqələrin genişləndirilməsini, birgə tədqiqat layihələrinin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsini, ortaq təlim proqramlarının hazırlanmasını, innovasiya və texnologiya sahəsində əməkdaşlığın qurulmasını nəzərdə tutur.
Bu fəaliyyət SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar), SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə bağlıdır. Müqavilələrin elmi layihələr, müəllim-tələbə mübadiləsi və ortaq təlim proqramlarını əhatə etməsi universitetlərarası əməkdaşlığın uzunmüddətli və çoxşaxəli xarakter daşıdığını göstərir. Belə tərəfdaşlıqlar bilik transferini, ortaq innovasiya mühitini və beynəlxalq akademik inteqrasiyanı gücləndirir. Bu isə ali təhsildə keyfiyyətin və rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
Azərbaycan Texnologiya Universiteti (ATU) Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunan beynəlxalq təhsil sərgisində uğurla təmsil olunub. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın 17 ali təhsil müəssisəsi iştirak edib.
Sərgidə ATU-nun təqdim etdiyi stend ziyarətçilərin, xüsusilə də Özbəkistanın abituriyent və tələbələrinin böyük marağına səbəb olub. Universitetin tədris proqramları, ixtisasları, beynəlxalq əməkdaşlıq imkanları və tələbələr üçün təqdim olunan üstünlüklər haqqında ziyarətçilərə ətraflı məlumat verilib.
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) ilə əlaqəlidir. Beynəlxalq təhsil sərgilərində iştirak universitetin tədris imkanlarının və beynəlxalq əməkdaşlıq potensialının daha geniş auditoriyaya təqdim olunmasına şərait yaradır. Xarici abituriyent və tələbələrlə birbaşa təmas təhsilin beynəlmiləlləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu yanaşma ali təhsil müəssisəsinin qlobal görünürlüğünü və cəlbediciliyini artırır.
Azərbaycan Texnologiya Universitetində (ATU) 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca “Tarixin izi ilə” adlı qısametrajlı film nümayiş etdirilib.
Tədbirdə ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, İctimai elmlər və multikulturalizm kafedrasının dosentləri Hüseyn Budaqov, Mehriban Tağıyeva 28 May - Müstəqillik Gününə həsr edilmiş mövzularla çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edib. Tədbirdə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizələrdən bəhs edilib, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanı parçalanmaqdan məhz Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi, Ulu Öndər siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müasir dünyaya səs salan Zəfər salnaməsi ilə Azərbaycanın öz müqəddəratını təyin etməyə qadir olduğunu bir daha sübuta yetirdiyi, istiqlal ideyası uğrunda atılan addımların bu gün Azərbaycanı gələcəyə doğru inamla irəliyə aparan yol olduğu qeyd edilib.
Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyasına hazırlıq və digər cari məsələlərin müzakirəsi məqsədilə iclas keçirilib. İclasda universitetin rektoru Yaşar Ömərov, akademik və inzibati rəhbər heyət iştirak edib.
Rektor Yaşar Ömərov Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən yaz imtahan sessiyasının 2 iyun tarixindən etibarən başlanacağını və beş həftə davam edəcəyini bildirib. O, imtahanların yüksək səviyyədə təşkili üçün zəruri olan texniki və təşkilati məsələlərə toxunaraq imtahan zallarının, kompüter otaqlarının, müşahidə kameralarının tam hazır vəziyyətə gətirilməsi və universitet ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı aidiyyəti struktur rəhbərlərinə konkret tapşırıqlar verib.
İmtahan sessiyasının şəffaf və obyektiv keçirilməsinin təmin edilməsi məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyasının yaradıldığını vurğulayan rektor bu istiqamətdə fakültə dekanlarına və kafedra müdirlərinə məsuliyyətli yanaşma nümayiş etdirməyi tövsiyə edib.
İclas çərçivəsində həmçinin 2025-ci tədris ili üzrə qəbul planı və digər vacib məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) ilə birbaşa bağlıdır. İmtahan prosesinin şəffaf, obyektiv və texniki baxımdan düzgün təşkil olunmasına yönəlmiş tədbirlər təhsildə keyfiyyət təminatının əsas komponentlərindən biridir. Qərargah və apellyasiya mexanizmlərinin yaradılması tələbə hüquqlarının qorunmasına və akademik etimadın möhkəmlənməsinə xidmət edir. Bu yanaşma ali təhsil müəssisəsində idarəetmə və qiymətləndirmə standartlarının gücləndirilməsini dəstəkləyir.
Azərbaycan Texnologiya Universiteti (ATU), Azərbaycan Basketbol Federasiyası (ABF) və “Rövşən Oğuz Qrup” MMC-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş ali təhsil müəssisələri arasında universitetlərarası basketbol turnirinin final oyunu baş tutub.
Final yarışına Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, digər rəhbər heyət və şəhər ictimaiyyəti azarkeşlik edib.
Finalda birinci yer uğrunda Azərbaycan Texnologiya Universiteti ilə Gəncə Dövlət Universitetinin komandaları mübarizə aparıb. Həlledici oyunda Azərbaycan Texnologiya Universitetinin komandası 98:55 xal hesabı ilə qalib gələrək kuboka sahib olub.
Yarışda ikinci yeri Gəncə Dövlət Universitetinin tələbələri, üçüncü yeri isə Mingəçevir Dövlət Universitetinin komandasına qalib gələn Azərbaycan Dövlət Aqrar Universiteti gəncləri tutub.
Qalib komandalar kubok, medal və fəxri fərmanla təltif olunublar.
Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin Ətraf mühitin mühafizəsi kafedrasının bir qrup əməkdaşı və Eko Klubunun üzvləri 21.05.2025-ci il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yerləşən Mahir Dosiyev adına 2 saylı tam orta məktəbdə "Biomüxtəliflik Günü"nə həsr olunmuş elmi praktik seminar və viktorina keçirib. Öncə Universitetin tarixi, ixtisasları və xarici əlaqələri haqqında müəllim və şagirdlərə geniş məlumat verildi.
Tədbir, şagirdlərdə təbiətə qarşı məsuliyyət hissi aşılayaraq, biomüxtəlifliyin qorunmasının vacibliyini vurğulamaq məqsədini daşıyırdı. Tədbir biomüxtəliflik, təbiətin müxtəlif ekosistemlərində yaşayan canlıların müxtəlifliyini ifadə edir. Şagirdlər, müxtəlif ekosistemlər, nadir və nəsli kəsilməkdə olan növlər, biomüxtəlifliyin qorunması yolları kimi mövzularda biliklərini nümayiş etdirdilər. Viktorinanın sonunda qaliblərə sertifikatlar və hədiyyələr təqdim olundu. Bu cür tədbirlər, şagirdlərin təbiətə qarşı daha həssas olmalarını və biomüxtəlifliyin qorunmasına töhfə vermələrini təşviq edir. Gələcəkdə belə tədbirlərin sayını artırmaq və daha geniş miqyasda təşkil etmək planlaşdırılır. Bu tədbir, təbiətə qarşı məsuliyyətli davranışların təşviq edilməsi, gələcəkdə daha yaşıl və sağlam bir mühitin təmin olunmasına kömək edəcəkdir.
Bu fəaliyyət SDG 15 (Quruda həyat) və SDG 4 (Keyfiyyətli təhsil) məqsədləri ilə birbaşa əlaqəlidir. Məktəblilərdə biomüxtəlifliyin qorunmasına dair bilik və məsuliyyət hissinin formalaşdırılması gələcək ekoloji davranış modellərinin təməlini yaradır. Elmi-praktik seminar və viktorina formatı mövzunun həm maarifləndirici, həm də motivasiyaedici şəkildə təqdim olunmasına imkan verir. Bu yanaşma cəmiyyətdə təbiətə həssas münasibətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.