Azərbaycan Texnologiya Universitetində (ATU) professor-müəllim heyətinin elmi və pedaqoji fəaliyyətinin stimullaşdırılması məqsədilə diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb.
İnsan resurslarının idarə olunması sahəsində innovativ yanaşmaya əsaslanan bu qərar ATU-nun 12 sentyabr 2025-ci il tarixində keçirilən Elmi Şura iclasında qəbul olunub. Yeni sistemə əsasən pedaqoji heyətin fəaliyyət göstəriciləri nəzərə alınmaqla əməkhaqlarına xüsusi əlavələr ediləcək. Bu universitetdə tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin genişləndirilməsi və müəllimlərin peşəkarlığının daha da yüksəldilməsinə xidmət edəcək.
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 8 (Layiqli iş və iqtisadi artım) ilə əlaqəlidir. Müəllimlərin elmi və pedaqoji fəaliyyətinin nəticələr əsasında stimullaşdırılması peşəkarlığın və məsuliyyətli akademik fəaliyyətin güclənməsinə şərait yaradır. Belə yanaşma universitet daxilində keyfiyyət əsaslı motivasiya mexanizmini formalaşdırır. Bu isə tədrisin səmərəliliyinin və akademik əmək mühitinin inkişafını dəstəkləyir.
Azərbaycan Texnologiya Universiteti (ATU) “AD Scientific Index 2026” beynəlxalq reytinqində ən yaxşı nəticələrdən birini əldə edib. Universitet bu reytinqdə ölkəmizin universitetləri arasında H-indeks üzrə 4-cü yeri, son 5 ilin H-indeksi üzrə 3-cü yeri və son 5 ilin istinad sayı meyarı üzrə isə 3-cü yeri tutmaqla ölkə üzrə mühüm uğur qazanıb.
Universitetin mövqeyinin yüksəlməsində əsasən “Scopus” və “Web of Science” bazalarında dərc olunan məqalələrin, eləcə də, istinad göstəricilərinin artımı, tədqiqatçıların “Google Scholar” profillərinin aktivləşdirilməsi və idarə olunması, beynəlxalq əməkdaşlıq və birgə layihələr rol oynayıb.
Bu uğur ATU-da son illərdə aparılan məqsədyönlü elmi-tədqiqat strategiyasının və tədqiqatçılar üçün yaradılan imkanların bariz göstəricisidir. Qarşıdakı illərdə də ATU-nun əsas hədəfi qlobal elmi reytinqlərdə mövqeyini möhkəmləndirmək, gənc tədqiqatçıların fəaliyyətini stimullaşdırmaq və beynəlxalq elmi əməkdaşlığı daha da genişləndirmək olacaq.
“AD Scientific Index” dünya ölkələri universitetlərinin və alimlərinin elmi fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Reytinq “Google Scholar” məlumat bazası əsasında formalaşdırılır və tədqiqatçıların ümumi, eləcə də son 5 il üzrə məhsuldarlığını əhatə edir. Qeyd edək ki, “AD Scientific Index 2026” reytinqində Bakı Dövlət Universitetı I, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti II, Bakı Mühəndislik Universiteti isə III yerdə qərarlaşıb.
Bu nailiyyət SDG 4 (Keyfiyyətli təhsil), SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) ilə sıx bağlıdır. Elmi reytinq göstəricilərində yüksəliş universitetdə tədqiqat mühitinin gücləndiyini və beynəlxalq elmi inteqrasiyanın dərinləşdiyini göstərir. Məqalə, istinad və elmi profil idarəçiliyinə sistemli yanaşma institusional elmi məhsuldarlığın artmasına şərait yaradır. Bu isə ATU-nun qlobal akademik rəqabətdə mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Texnologiya Universitetində (ATU) yeni qəbul olunmuş tələbələrin universitet mühitinə daha tez uyğunlaşmasına kömək etmək məqsədilə Tanışlıq Günü təşkil olunub. Tədbirdə birinci kurs tələbələrinə universitetin strukturu, idarəetmə sistemi, tədris prosesinin təşkili, fakültələrin yerləşməsi və kafedraların fəaliyyəti barədə ətraflı məlumat verilib. Onlar fakültə rəhbərliyi, akademik məsləhətçilər, kafedralar və auditoriyalarla tanış olublar.
Eyni zamanda tələbələrə universitetin daxili qaydaları, təhsil müddətində istifadə olunacaq elektron sistemlər və s. barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Bununla yanaşı digər şəhər və rayonlardan gələn tələbələrə şəhərdə yaşayış imkanları, yerli kirayə bazarı və yaşayış obyektləri, eləcə də təhlükəsiz yaşayış mühiti ilə bağlı tövsiyələr də verilib.
Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) ilə yanaşı SDG 10 (Bərabərsizliyin azaldılması) ilə də əlaqələndirilə bilər. Yeni tələbələrin universitet həyatına uyğunlaşmasının sistemli şəkildə dəstəklənməsi onların tədris prosesinə daha inamlı qoşulmasına imkan yaradır. Məlumatlandırma və istiqamətləndirmə tədbirləri tələbələr arasında informasiya bərabərliyini gücləndirir. Bu yanaşma inklüziv və tələbəyönümlü akademik mühitin formalaşmasına xidmət edir.
Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov ali təhsil ocağına bu il qəbul olunan şəhid ailələrinin övladları ilə görüşüb.
Rektor şəhid ailəsi üzvlərini tələbə adı qazanmaları münasibətilə təbrik edərək onlara universitet həyatında uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı hər zaman xalqımızın yaddaşında yaşayacaq. Yaşar Ömərov vurğulayıb ki, dövlətimiz şəhid ailələrinin övladlarına xüsusi diqqət və qayğı göstərir, Azərbaycan Texnologiya Universiteti də bu məsuliyyətin daşıyıcısı olaraq tələbələrin hərtərəfli inkişafı üçün bütün imkanları səfərbər edəcək.
Tələbələrə universitetdə yaradılan təhsil imkanları, sosial və mədəni mühit barədə məlumat verilib.
Qeyd edək ki, bu il 44 günlük Vətən müharibəsi şəhidi Bəxtiyar Bəkirovun övladı Məhəmməd Bəkirli turizm bələdçiliyi ixtisasına, 44 günlük Vətən müharibəsi şəhidi Nihat Abdullayevin bacısı Nigar Abdullayeva menecment ixtisasına, 11 oktyabr 2020-ci ildə Gəncə terrorunda şəhid olan Ələsgərovlar ailəsinin üzvü Sənan Hacıyev isə biznesin idarəedilməsi ixtisasına qəbul olub.
ATU-nun 2024/2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq tələbə və professor-müəllim heyətinin psixoloji rifahının dəstəklənməsi məqsədilə psixoloji xidmət yaradılıb.
Bu istiqamətdə universitetdə müvafiq psixoloq ştatı təsis olunub. Yeni xidmət tələbə və əməkdaşların şəxsi inkişafına, stressin idarə olunmasına və daha sağlam tədris mühitinin formalaşdırılmasına dəstək göstərəcəkdir.
Bu təşəbbüs SDG 3 (Sağlamlıq və rifah) və SDG 4 (Keyfiyyətli təhsil) ilə birbaşa əlaqəlidir. Psixoloji rifahın dəstəklənməsi tələbə və müəllim heyətinin daha sağlam, təhlükəsiz və məhsuldar təhsil mühitində fəaliyyət göstərməsinə şərait yaradır. Stressin idarə olunması və şəxsi inkişafın təşviqi akademik nəticələrə də müsbət təsir göstərir. Bu xidmət universitetdə insan yönümlü və dayanıqlı təhsil mühitinin formalaşmasına töhfə verir.
Psixoloji xidmət universitetin 2112-ci otağında fəaliyyət göstərir.
Azərbaycan Texnologiya Universitetində (ATU) Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) "Beyin mərkəzi" layihəsi çərçivəsində maarifləndirmə təlimləri keçirilib.
AKM heyətinin iştirakı ilə baş tutan tədbirdə universitetin akademik heyətinə kibertəhlükəsizlik qaydalarına riayət etmək, rəqəmsal mühitdə təhlükəsizliyin və şəxsi məlumatların qorunması barədə məlumatlar verilib.
Qeyd edək ki, AKM İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərir. Mərkəzin məqsədi ölkədə kibertəhlükəsizlik ekosisteminə fayda vermək, bu sahədə mütəxəssislərin sayını artırmaq, peşəkar hazırlığını gücləndirmək, kibermaarifləndirmə təlimlərini həyata keçirmək, eləcə də kibertəhlükəsizlik üzrə yerli məhsullar hazırlamaqdır. AKM layihəsi İsrailin Technion Texnologiya İnstitutu ilə əməkdaşlıq edərək, beynəlxalq bilik və təcrübənin ölkəyə gətirilməsini təmin edir.