Azərbaycan Texnologiya Universitetində (ATU) WUF13-ün əhəmiyyətinin təbliği məqsədilə “Dayanıqlı şəhərsalma və iqtisadi inkişaf: WUF13 kontekstində yeni çağırışlar və idarəetmə yanaşmaları” mövzusunda dəyirmi masa keçirilib.
İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə fakültənin dekanı Fazil Kərimov, İdarəetmə kafedrasının müdiri Füzuli Məmmədov və İqtisadiyyat kafedrasının müdiri Natiq Cavadov çıxış edərək mövzu ilə bağlı geniş təqdimatlar ediblər.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkədə urban inkişafın strateji prioritetə çevrildiyini göstərir. Bu baxımdan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 ölkəmiz üçün mühüm beynəlxalq platforma olmaqla, qabaqcıl təcrübələrin öyrənilməsi və yeni yanaşmaların tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.
Müzakirələrdə şəhərlərin iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi olduğu vurğulanıb, infrastrukturun səmərəli təşkili, investisiya mühitinin yaxşılaşdırılması və idarəetmədə innovativ yanaşmaların tətbiqinin vacibliyi qeyd edilib. Eyni zamanda “ağıllı şəhər” konsepsiyası, rəqəmsallaşma, süni intellekt və məlumat əsaslı qərarvermə mexanizmlərinin şəhər idarəçiliyində rolu xüsusi olaraq önə çəkilib.
Çıxışlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrinin, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” modellərinin tətbiqinin müasir şəhərsalma yanaşmalarına nümunə olduğu bildirilib.
Tədbirdə Gəncə şəhərinin regional inkişaf mərkəzi kimi potensialı da geniş müzakirə olunub. Şəhərin strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları və iqtisadi inkişaf perspektivləri nəzərə alınaraq inteqrasiya olunmuş planlaşdırma, rəqəmsal həllərin tətbiqi və ekoloji tarazlığın qorunmasının vacibliyi vurğulanıb.
Dəyirmi masa çərçivəsində şəhərsalma siyasətinin institusional və innovativ əsaslarla gücləndirilməsi, “ağıllı şəhər” yanaşmalarının tətbiqi, inklüziv və ekoloji dayanıqlı inkişafın təmin olunması, urban iqtisadiyyatın şaxələndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində təkliflər irəli sürülüb. Qeyd olunub ki, irəli sürülən təkliflər şəhərsalma siyasətinin modernləşdirilməsinə, dayanıqlı və inklüziv iqtisadi inkişafın təmin olunmasına, eləcə də şəhərlərin rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.