Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına səfəri çərçivəsində Əl-Farabi adına Qazax Milli Universitetinin innovasiya infrastrukturu və maddi-texniki bazası ilə yaxından tanış olub.
Səfər “Study in Azerbaijan” sərgisi çərçivəsində Almatı şəhərində həyata keçirilib. Nümayəndə heyəti universitetin “Farabi Hub” İnnovasiya Mərkəzi və Superkompüter laboratoriyasına baş çəkərək burada yaradılmış müasir infrastruktur, elmi-tədqiqat imkanları və rəqəmsal həllərlə tanış olub.
Heyətin tərkibində Azərbaycan Texnologiya Universitetinin strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşaviri Toğrul Sadıqov və İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədov da yer alıb.
Tanışlıq zamanı innovasiya ekosistemi, startap imkanları və yüksək hesablama texnologiyaları yerində qiymətləndirilib. Görüşlər çərçivəsində tərəflər arasında innovasiya və texnologiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Qeyd olunub ki, bu səfər innovasiya sahəsində tərəfdaşlığın genişlənməsinə, eləcə də yaxın perspektivdə real nəticələrə əsaslanan birgə təşəbbüslərin formalaşmasına mühüm töhfə verəcək.
Bu əməkdaşlıq təşəbbüsləri SDG 9: Sənaye, innovasiya və infrastruktur məqsədlərinə uyğun olaraq innovativ texnologiyaların inkişafına və elmi-tədqiqat potensialının gücləndirilməsinə töhfə verir. Eyni zamanda, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi SDG 17: Məqsədlər üçün tərəfdaşlıq çərçivəsində beynəlxalq əməkdaşlığın dərinləşməsinə xidmət edir.