Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində Karyera Festivalı çərçivəsində Karyera Təlimləri keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU)  Karyera Festivalı öz işini uğurla davam etdirib. Festivalın I günündə Əmək Yarmarkasının ardından Karyera Təlimləri baş tutub. 

Ölkənin nüfuzlu şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən təlimlər ATU-nun son buraxılış kursu tələbələri üçün nəzərdə tutulub. 

Kapital Bank ASC-nin İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova, “Azersun Holding”in Təşkilati inkişaf və istedadların idarə edilməsi şöbəsinin müdiri Səadət Əliyeva, “AzerGold” QSC-nin İnsan resursları şöbəsinin mütəxəssisi Qaffar Məmmədov  son buraxılış kursu tələbələrimizlə düzgün karyera seçimi, müsahibəyə hazırlıq və müsahibə mərhələsində uğur qazanma yolları mövzusunda praktiki biliklərini bölüşüblər.

Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 8 (Layiqli iş və iqtisadi artım) ilə uyğunluq təşkil edir. Təlimlərdə düzgün karyera seçimi və müsahibəyə hazırlıq kimi mövzuların əhatə olunması tələbələrin peşəkar özünüifadə bacarıqlarını inkişaf etdirir. Şirkət nümayəndələrinin praktik təcrübə paylaşımı akademik biliklərin iş dünyasının gözləntiləri ilə uzlaşdırılmasına kömək edir. Bu isə məzunların məşğulluq potensialının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

 

 

 

Karyera Festivalının ll günündə Karyera Forumu keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Festivalı çərçivəsində Karyera Forumu keçirilib.

Forum universitet-sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyevin moderatorluğu ilə baş tutub. Spiker qismində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksinin direktoru Cəmil Səfərov, Kapital Bank ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayev və “AzGranata” şirkətinin əməliyyat direktoru Yusif Ləzgiyev çıxış ediblər.

Spikerlər şəxsi karyera yolları, bu yolda qarşılaşdıqları çətinliklər, verdikləri həlledici qərarlar barədə danışıblar. Onlar gənclərə uğurlu karyera üçün əsas prioritetlər, texnologiya və sahibkarlıq sahələrində zəruri bacarıqlar, şəxsi keyfiyyətlərin rolu, gənc sahibkarların buraxdığı tipik səhvlər, dövlət qulluğuna hazırlıqla bağlı tövsiyələr verib, tələbələrin suallarını cavablandırıblar.

Panel müzakirəsi formatında keçirilən Forumun məqsədi tələbələri iş dünyası ilə birbaşa əlaqələndirmək, əmək bazarının real tələbləri ilə tanış etmək və karyera istiqamətində dəstək göstərmək olub.

Bu fəaliyyət SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 4 (Keyfiyyətli təhsil) məqsədlərinə töhfə verir. Müxtəlif sahələrdən olan peşəkarların şəxsi karyera təcrübələrini bölüşməsi tələbələrin peşəkar inkişaf yolunu daha aydın görməsinə kömək edir. Forum formatı əmək bazarının tələblərini, fərdi bacarıqların rolunu və qərarvermə mexanizmlərini praktik müstəvidə anlamağa imkan yaradır. Belə tədbirlər gənclərin əmək dünyasına daha şüurlu və hazırlıqlı daxil olmasını dəstəkləyir.

 

 

ATU-da Karyera Festivalı keçirilir

Azərbaycan Texnologiya Universitetində Karyera Festivalı öz işinə başlayıb.

Festivalın açılış tədbirində Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edərək son buraxılış kursu tələbələrinə uğurlar arzulayıb. Bildirib ki, ATU bu ildən məzun tələbələri üçün yeni üfüqlər açır — hər il keçirdiyi Məzun Yarmarkasını Karyera Festivalı ilə əvəz edərək yeni ənənənin əsasını qoyur. Rektor qeyd edib ki, bu yeni yanaşma müasir təhsil strategiyalarına — tələbəyönümlü və bacarıqəsaslı inkişaf modelinə uyğunluğu baxımından əhəmiyyət daşıyır. Festival yalnız vakansiyaların təqdimatı ilə kifayətlənmir, eyni zamanda tələbələrin real sektorla əlaqələrini genişləndirir, onların bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş sessiyaları, təlimləri, forumları və interaktiv fəaliyyətləri əhatə edir.

Açılış tədbirində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax regionu üzrə koordinatoru Anar Əliyev, “Azersun Holding”in İstedadların İdarəedilməsi Şöbəsinin müdiri Səadət Əliyeva çıxış edərək Karyera Festivalının işinə və məzun olmağa hazırlaşan tələbələrə uğurlar arzulayıblar.

Daha sonra son buraxılış kursu tələbələri Əmək yarmarkasında iştirak ediblər. Bu il məzun olmağa hazırlaşan bakalavriat səviyyəsi üzrə 600, magistratura səviyyəsi üzrə isə 150-dən çox tələbə müəssisə və təşkilatların stendlərinə yaxınlaşaraq təqdim edilən vakansiyalarla tanış olublar. Stendlərdə Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları”, “AzerGold”, ASAN xidmət, KOBİA, Regional Turizm İdarəsi, “AzərAlüminium”, “Azersun”, “AzGranata”, “Azərşəkər”, “ATENA”, “ATS Food”, “Çörək №1” zavodu, Gəncə Tekstil Fabriki, bir çox aparıcı banklar və digər müəssisələr yer alıb. Yarmarkada 40-dan çox dövlət və özəl sektor təmsilçisi 400-dən artıq vakansiya təqdim edib.

Qeyd edək ki, iki gün davam edəcək Karyera Festivalı çərçivəsində Əmək yarmarkası ilə yanaşı, nüfuzlu şirkətlərin rəhbər şəxslərinin və nümayəndələrinin iştirakı ilə Karyera Təlimləri və Karyera Forumu da keçiriləcək.

Bu təşəbbüs SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 4 (Keyfiyyətli təhsil) ilə sıx bağlıdır. Festivalın əmək yarmarkası, təlim və forum formatında təşkili tələbələrin bacarıq əsaslı inkişaf modelinə uyğun hazırlanmasına imkan verir. Dövlət və özəl sektor nümayəndələrinin geniş iştirakçılığı əmək bazarının real tələblərinin tələbələrə birbaşa çatdırılmasını təmin edir. Bu yanaşma universitetdən iş həyatına keçidin daha səmərəli təşkilinə xidmət edir.

 

 

 

 

 


“III Əzm Marafonu” təşkil edilib

Azərbaycan Texnologiya Universitetinin (ATU), Gəncə şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı, Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Gənclər Evinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr edilmiş "III Əzm Marafonu" keçirilib.

Yarışçılar əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini dinləyib, ardınca Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edib, marafonun artıq üçüncü ildir ki, keçirildiyini və ənənəvi olaraq hər il təşkil ediləcəyini qeyd edib. YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov da çıxış edərək yarışçılara uğurlar arzu edib.

Marafon Gənclər Evinin önündən start götürüb, finiş xətti Zəfər Tağında yerləşib. 300 nəfərin qatıldığı yarışda birinci, ikinci və üçüncü yerləri tutan qaliblər qadın və kişi kateqoriyaları üzrə mükafatlandırılıblar.

Bu təşəbbüs SDG 3 (Sağlamlıq və rifah) və SDG 11 (Dayanıqlı şəhərlər və icmalar) məqsədləri ilə uyğunluq təşkil edir. Gənclərin idmana cəlb olunması sağlam həyat tərzinin təşviqi baxımından mühüm sosial əhəmiyyət daşıyır. Kütləvi idman tədbirləri eyni zamanda sosial həmrəyliyi və ictimai fəallığı gücləndirir. Belə yarışlar fiziki aktivliyi təşviq etməklə yanaşı, icma əsaslı müsbət sosial mühitin formalaşmasına da təkan verir.

 

 

ATU-da Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş fakültələrarası intellektual yarış keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş fakültələrarası intellektual yarış təşkil olunub.

Tədbirin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin irsini gənclər arasında təbliğ etmək, tələbələrin intellektual biliklərini artırmaq və onların asudə vaxtını səmərəli təşkil etmək olub. Yarışda müxtəlif fakültələri təmsil edən komandalar bilik və zəka üzərində mübarizə apararaq fəallıq göstəriblər.

Yarışın nəticələrinə əsasən 1-ci yerin qalibi Avtomatika, Telekommunikasiya və İnformatika fakültəsinin Avangers komandası, 2-ci yerin qalibi İqtisadiyyat və İdarəetmə fakültəsinin Şərq cəbhəsi komandası, 3-cü yerin qalibi Qida Mühəndisliyi fakültəsinin Gizli dəstə komandası olub.

Tədbir tələbələr arasında intellektual mübarizəni təşviq etməklə yanaşı, gənclərin bilik və yaradıcılıq potensialını nümayiş etdirmək imkanı yaradıb.

Azərbaycan Texnologiya Universitetində fövqəladə hallarla bağlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi ilə birgə təşkil olunub.

Tədbirin əsas məqsədi universitetin pedaqoji kollektivi və tələbələri arasında mülki müdafiə sahəsində biliklərin artırılması, fövqəladə hallara hazırlığın gücləndirilməsi və bu istiqamətdə zəruri davranış qaydalarının təbliği olub.

Çıxış edənlər fövqəladə halların növləri, onların qarşısının alınması yolları, həmçinin belə hallarda düzgün davranış qaydaları barədə ətraflı məlumat veriblər. Eyni zamanda, mülki müdafiə üzrə ilkin tədbirlərin təşkili, əhalinin təhlükəsizliyinin təmin olunması və təxliyə planlarının hazırlanması mövzularına da toxunulub.

Tədbirdə nümayiş etdirilən təqdimatlar və praktiki tövsiyələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda iştirakçıların sualları cavablandırılıb, müvafiq maarifləndirici materiallar paylanılıb.

Bu fəaliyyət SDG 11 (Dayanıqlı şəhərlər və icmalar) və SDG 3 (Sağlamlıq və rifah) ilə yanaşı SDG 4 (Keyfiyyətli təhsil) ilə də əlaqəlidir. Fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirmə təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına mühüm töhfə verir. Təxliyə planları və ilkin müdafiə tədbirləri barədə biliklərin artırılması risklərə hazırlıq səviyyəsini yüksəldir. Bu isə daha dayanıqlı, təhlükəsiz və məlumatlı cəmiyyətin qurulmasına xidmət edir.