Azərbaycan Texnologiya Universitetində “EDEN AGRO” MMC-nin əməkdaşları tərəfindən tələbələrin qida sənayesi üzrə bilik və bacarıqlarının artırılmasına yönəlmiş tanıtım sessiyası təşkil olunub.
Tədbir zamanı “EDEN AGRO” nümayəndələri universitet-sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyev tərəfindən auditoriyaya təqdim edilib. Bildirib ki, sessiyanın əsas məqsədi tələbələrin gələcək karyera inkişafına dəstək göstərmək, onların ixtisas üzrə biliklərinin artırılmasına və əmək bazarına hazırlığının gücləndirilməsinə töhfə verməkdir.
Daha sonra “EDEN AGRO”-nun İnsan Resursları və inzibati işlər departamentinin rəhbəri İbrahim İbrahimov və işə qəbul üzrə aparıcı mütəxəssis Nərmin Hüseynli şirkətin fəaliyyəti, qida sənayesi sahəsində görülən işlər, karyera imkanları və insan resurslarının idarə olunması barədə tələbələrə ətraflı məlumat veriblər. Həmçinin tələbələrin peşəkar inkişafı, işə hazırlıq prosesi və sənaye ilə inteqrasiya mövzularında tövsiyələr səsləndirilib.
Çıxışlarda gələcəkdə universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, o cümlədən tələbələr üçün təqaüd proqramlarının yaradılması imkanları da qeyd olunub.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.