Azərbaycan Texnologiya Universitetində PLMO 2025 “Şərq-Qərb Nəqliyyat Koridorunda Logistika və İdarəetmə Problemləri” Beynəlxalq Elmi Konfransı keçirilib.
13 may 2025-ci il tarixlərində Bakıda açılışı keçirilən Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri” adlı 4-cü Beynəlxalq Konfrans (PLMO 2025) bu gün Azərbaycan Texnologiya Universitetində davam edib.
Beynəlxalq tədbir Azərbaycan Texnologiya Universiteti, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, Polşanın Silesia Texnologiya Universiteti, Çinin Guangzhou Universiteti, Gürcüstan Texniki Universiteti və Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin tərəfdaşları arasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Azərbaycan, Türkiyə, Çin, Ukrayna, Qazaxıstan, Moldova və Gürcüstanın bir sıra elmi və ali təhsil müəssisələri yer alır.
Sessiyanın iclasında Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov açılış nitqi ilə çıxış edib, tədbirin regionun nəqliyyat-logistika sahəsində elmi-tədqiqat mühitinin gücləndirilməsinə, yeni texnoloji və idarəetmə yanaşmalarının formalaşmasına töhfə verəcəyinə əminlik ifadə edərək konfransın işinə uğurlar arzulayıb.
Daha sonra İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Silesia Texnologiya Universitetinin Dəmir Yolu Nəqliyyatı kafedrasının professoru Aleksander Sladkovski çıxış edib, nəqliyyat koridorlarında intellektual idarəetmə sistemlərinin rolu və elmi yanaşmaların əhəmiyyətindən danışıblar.
Plenar iclasda Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universitetinin Vaqon və vaqon təsərrüfatı kafedrasının müdiri prof. Rüstəm Rəhimov “Özbəkistan Respublikasının dəmir yolları üçün tutumu artırılmış sərnişin vaqonları”, ATU-nun Maşın mühəndisliyi və logistika kafedrasının dosenti Şahin Quliyev “Şərq-Qərb nəqliyyat dəhlizində Azərbaycanın əhəmiyyəti və perspektivlər” mövzusunda elmi məruzələrlə çıxış ediblər.
İki gün davam edən tədbir çərçivəsində müxtəlif ölkələrdən olan alim və mütəxəssislər arasında Şərq-Qərb dəhlizində Avropa ilə Asiya arasında dəmir yolu nəqliyyatının potensialı və qarşılıqlı əməkdaşlıq imkanlarının artırılmasında elmi töhfələr müzakirə ediləcək, səmərəli fikir mübadiləsi aparılaraq yeni elmi əməkdaşlıq imkanları dəyərləndiriləcək.
Bu fəaliyyət SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) ilə sıx bağlıdır. Nəqliyyat-logistika sahəsində beynəlxalq elmi əməkdaşlıq Şərq-Qərb dəhlizinin səmərəli idarə olunmasına dair yeni yanaşmaların formalaşmasına imkan yaradır. Müxtəlif ölkələrdən olan alim və mütəxəssislərin birgə müzakirələri elmi nəticələrin tətbiq potensialını gücləndirir. Bu isə regional nəqliyyat infrastrukturunun dayanıqlı və innovativ inkişafına xidmət edir.
Azərbaycan Texnologiya Universitetində Tələbə Gənclər Təşkilatının(TGT) nəzdində fəaliyyət göstərən Psixologiya klubunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində – “Sağlam Ailə, Sağlam Cəmiyyət” mövzusunda maarifləndirici seminar təşkil olundu.
Seminar 15 May – Beynəlxalq Ailə Günü münasibətilə keçirilmişdir.
Seminarın məqsədi ailə dəyərlərinin təbliği, ailədaxili münasibətlərin psixoloji aspektlərinin izahı və gənclərin ailə həyatı ilə bağlı düzgün maarifləndirilməsidir.
Seminarda Şəxsi İnkişaf Mütəxəssisi, psixoloq Mahmud Məmmədov
• Ailə və uşaq münasibətləri
• Gənclərin ailə travmaları və onların gələcək ailə həyatına təsiri
• Xoşbəxt və sağlam ailə münasibətlərinin formalaşması yolları mövzularında maarifləndirici çıxışlar etdi.
Bu təşəbbüs SDG 3 (Sağlamlıq və rifah), SDG 5 (Gender bərabərliyi) və SDG 16 (Sülh, ədalət və güclü institutlar) ilə əlaqəlidir. Ailə münasibətlərinin psixoloji aspektlərinin müzakirəsi sağlam sosial münasibətlərin formalaşdırılması baxımından mühüm rol oynayır. Gənclərin ailə həyatı ilə bağlı düzgün maarifləndirilməsi gələcəkdə daha sabit və sağlam sosial mühitin yaranmasına töhfə verir. Bu isə cəmiyyətin dayanıqlı inkişafında ailə institutunun əhəmiyyətini ön plana çıxarır.
Sağlam ailə quruculuğu – güclü və suveren cəmiyyətin əsas dayağıdır!
Azərbaycan Texnologiya Universiteti XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgilərində uğurla təmsil olunur.
Bakı Ekspo Mərkəzində keçirilən mötəbər beynəlxalq tədbirdə universitetimizin stendində qida sənayesi və kənd təsərrüfatı sahələri üzrə elmi-tədqiqat işləri, innovativ texnologiyalar və tətbiqyönümlü layihələr təqdim olunur. Ziyarətçilər universitetin bu sahələrdə əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmaq, eyni zamanda əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı qazanırlar.
Azərbaycan Texnologiya Universitetini sərgidə İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev və Qida mühəndisliyi və ekspertiza kafedrasının dosenti Elnur Heydərov təmsil edirlər. Onlar universitetin elmi potensialını nümayiş etdirməklə yanaşı, sənaye nümayəndələri ilə birbaşa təmaslar quraraq qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər yaradırlar.
Bu fəaliyyət SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) ilə yanaşı SDG 2 (Aclığa son) ilə də əlaqələndirilə bilər. Qida sənayesi və kənd təsərrüfatı istiqamətində elmi-tədqiqat və tətbiq yönümlü layihələrin sərgidə təqdim olunması innovativ həllərin təşviqinə xidmət edir. Belə beynəlxalq platformalar universitetin sənaye tərəfdaşları ilə əlaqələrinin genişlənməsinə şərait yaradır. Bu yanaşma aqrar və qida sahələrində dayanıqlı texnoloji inkişafın dəstəklənməsi baxımından əhəmiyyətlidir.
Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Festivalı öz işini uğurla davam etdirib. Festivalın I günündə Əmək Yarmarkasının ardından Karyera Təlimləri baş tutub.
Ölkənin nüfuzlu şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən təlimlər ATU-nun son buraxılış kursu tələbələri üçün nəzərdə tutulub.
Kapital Bank ASC-nin İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova, “Azersun Holding”in Təşkilati inkişaf və istedadların idarə edilməsi şöbəsinin müdiri Səadət Əliyeva, “AzerGold” QSC-nin İnsan resursları şöbəsinin mütəxəssisi Qaffar Məmmədov son buraxılış kursu tələbələrimizlə düzgün karyera seçimi, müsahibəyə hazırlıq və müsahibə mərhələsində uğur qazanma yolları mövzusunda praktiki biliklərini bölüşüblər.
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 8 (Layiqli iş və iqtisadi artım) ilə uyğunluq təşkil edir. Təlimlərdə düzgün karyera seçimi və müsahibəyə hazırlıq kimi mövzuların əhatə olunması tələbələrin peşəkar özünüifadə bacarıqlarını inkişaf etdirir. Şirkət nümayəndələrinin praktik təcrübə paylaşımı akademik biliklərin iş dünyasının gözləntiləri ilə uzlaşdırılmasına kömək edir. Bu isə məzunların məşğulluq potensialının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Festivalı çərçivəsində Karyera Forumu keçirilib.
Forum universitet-sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyevin moderatorluğu ilə baş tutub. Spiker qismində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksinin direktoru Cəmil Səfərov, Kapital Bank ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayev və “AzGranata” şirkətinin əməliyyat direktoru Yusif Ləzgiyev çıxış ediblər.
Spikerlər şəxsi karyera yolları, bu yolda qarşılaşdıqları çətinliklər, verdikləri həlledici qərarlar barədə danışıblar. Onlar gənclərə uğurlu karyera üçün əsas prioritetlər, texnologiya və sahibkarlıq sahələrində zəruri bacarıqlar, şəxsi keyfiyyətlərin rolu, gənc sahibkarların buraxdığı tipik səhvlər, dövlət qulluğuna hazırlıqla bağlı tövsiyələr verib, tələbələrin suallarını cavablandırıblar.
Panel müzakirəsi formatında keçirilən Forumun məqsədi tələbələri iş dünyası ilə birbaşa əlaqələndirmək, əmək bazarının real tələbləri ilə tanış etmək və karyera istiqamətində dəstək göstərmək olub.
Bu fəaliyyət SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 4 (Keyfiyyətli təhsil) məqsədlərinə töhfə verir. Müxtəlif sahələrdən olan peşəkarların şəxsi karyera təcrübələrini bölüşməsi tələbələrin peşəkar inkişaf yolunu daha aydın görməsinə kömək edir. Forum formatı əmək bazarının tələblərini, fərdi bacarıqların rolunu və qərarvermə mexanizmlərini praktik müstəvidə anlamağa imkan yaradır. Belə tədbirlər gənclərin əmək dünyasına daha şüurlu və hazırlıqlı daxil olmasını dəstəkləyir.
Azərbaycan Texnologiya Universitetində Karyera Festivalı öz işinə başlayıb.
Festivalın açılış tədbirində Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edərək son buraxılış kursu tələbələrinə uğurlar arzulayıb. Bildirib ki, ATU bu ildən məzun tələbələri üçün yeni üfüqlər açır — hər il keçirdiyi Məzun Yarmarkasını Karyera Festivalı ilə əvəz edərək yeni ənənənin əsasını qoyur. Rektor qeyd edib ki, bu yeni yanaşma müasir təhsil strategiyalarına — tələbəyönümlü və bacarıqəsaslı inkişaf modelinə uyğunluğu baxımından əhəmiyyət daşıyır. Festival yalnız vakansiyaların təqdimatı ilə kifayətlənmir, eyni zamanda tələbələrin real sektorla əlaqələrini genişləndirir, onların bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş sessiyaları, təlimləri, forumları və interaktiv fəaliyyətləri əhatə edir.
Açılış tədbirində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax regionu üzrə koordinatoru Anar Əliyev, “Azersun Holding”in İstedadların İdarəedilməsi Şöbəsinin müdiri Səadət Əliyeva çıxış edərək Karyera Festivalının işinə və məzun olmağa hazırlaşan tələbələrə uğurlar arzulayıblar.
Daha sonra son buraxılış kursu tələbələri Əmək yarmarkasında iştirak ediblər. Bu il məzun olmağa hazırlaşan bakalavriat səviyyəsi üzrə 600, magistratura səviyyəsi üzrə isə 150-dən çox tələbə müəssisə və təşkilatların stendlərinə yaxınlaşaraq təqdim edilən vakansiyalarla tanış olublar. Stendlərdə Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları”, “AzerGold”, ASAN xidmət, KOBİA, Regional Turizm İdarəsi, “AzərAlüminium”, “Azersun”, “AzGranata”, “Azərşəkər”, “ATENA”, “ATS Food”, “Çörək №1” zavodu, Gəncə Tekstil Fabriki, bir çox aparıcı banklar və digər müəssisələr yer alıb. Yarmarkada 40-dan çox dövlət və özəl sektor təmsilçisi 400-dən artıq vakansiya təqdim edib.
Qeyd edək ki, iki gün davam edəcək Karyera Festivalı çərçivəsində Əmək yarmarkası ilə yanaşı, nüfuzlu şirkətlərin rəhbər şəxslərinin və nümayəndələrinin iştirakı ilə Karyera Təlimləri və Karyera Forumu da keçiriləcək.
Bu təşəbbüs SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 4 (Keyfiyyətli təhsil) ilə sıx bağlıdır. Festivalın əmək yarmarkası, təlim və forum formatında təşkili tələbələrin bacarıq əsaslı inkişaf modelinə uyğun hazırlanmasına imkan verir. Dövlət və özəl sektor nümayəndələrinin geniş iştirakçılığı əmək bazarının real tələblərinin tələbələrə birbaşa çatdırılmasını təmin edir. Bu yanaşma universitetdən iş həyatına keçidin daha səmərəli təşkilinə xidmət edir.