Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib

Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyasına hazırlıq və digər cari məsələlərin müzakirəsi məqsədilə iclas keçirilib. İclasda universitetin rektoru Yaşar Ömərov, akademik və inzibati rəhbər heyət iştirak edib.

Rektor Yaşar Ömərov Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən yaz imtahan sessiyasının 2 iyun tarixindən etibarən başlanacağını və beş həftə davam edəcəyini bildirib. O, imtahanların yüksək səviyyədə təşkili üçün zəruri olan texniki və təşkilati məsələlərə toxunaraq imtahan zallarının, kompüter otaqlarının, müşahidə kameralarının tam hazır vəziyyətə gətirilməsi və universitet ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı aidiyyəti struktur rəhbərlərinə konkret tapşırıqlar verib. 

İmtahan sessiyasının şəffaf və obyektiv keçirilməsinin təmin edilməsi məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyasının yaradıldığını vurğulayan rektor bu istiqamətdə fakültə dekanlarına və kafedra müdirlərinə məsuliyyətli yanaşma nümayiş etdirməyi tövsiyə edib.

İclas çərçivəsində həmçinin 2025-ci tədris ili üzrə qəbul planı və digər vacib məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) ilə birbaşa bağlıdır. İmtahan prosesinin şəffaf, obyektiv və texniki baxımdan düzgün təşkil olunmasına yönəlmiş tədbirlər təhsildə keyfiyyət təminatının əsas komponentlərindən biridir. Qərargah və apellyasiya mexanizmlərinin yaradılması tələbə hüquqlarının qorunmasına və akademik etimadın möhkəmlənməsinə xidmət edir. Bu yanaşma ali təhsil müəssisəsində idarəetmə və qiymətləndirmə standartlarının gücləndirilməsini dəstəkləyir.

 

Azərbaycan Texnologiya Universitetinin komandası universitetlərarası basketbol turnirinin qalibi oldu

Azərbaycan Texnologiya Universiteti (ATU), Azərbaycan Basketbol Federasiyası (ABF) və “Rövşən Oğuz Qrup” MMC-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş ali təhsil müəssisələri arasında universitetlərarası basketbol turnirinin final oyunu baş tutub.

Final yarışına Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, digər rəhbər heyət və şəhər ictimaiyyəti azarkeşlik edib.

Finalda birinci yer uğrunda Azərbaycan Texnologiya Universiteti ilə Gəncə Dövlət Universitetinin komandaları mübarizə aparıb. Həlledici oyunda  Azərbaycan Texnologiya Universitetinin komandası 98:55 xal hesabı ilə qalib gələrək kuboka sahib olub. 

Yarışda ikinci yeri Gəncə Dövlət Universitetinin tələbələri, üçüncü yeri isə Mingəçevir Dövlət Universitetinin komandasına qalib gələn Azərbaycan Dövlət Aqrar Universiteti gəncləri tutub. 

Qalib komandalar kubok, medal və fəxri fərmanla təltif olunublar.

Rayon məktəbi ilə birgə Biomüxtəliflik Günü qeyd edilib

Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin Ətraf mühitin mühafizəsi kafedrasının bir qrup əməkdaşı və Eko Klubunun üzvləri 21.05.2025-ci il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yerləşən Mahir Dosiyev adına 2 saylı tam orta məktəbdə "Biomüxtəliflik Günü"nə həsr olunmuş elmi praktik seminar və viktorina keçirib. Öncə Universitetin tarixi, ixtisasları və xarici əlaqələri haqqında müəllim və şagirdlərə geniş məlumat verildi.

Tədbir, şagirdlərdə təbiətə qarşı məsuliyyət hissi aşılayaraq, biomüxtəlifliyin qorunmasının vacibliyini vurğulamaq məqsədini daşıyırdı. Tədbir biomüxtəliflik, təbiətin müxtəlif ekosistemlərində yaşayan canlıların müxtəlifliyini ifadə edir. Şagirdlər, müxtəlif ekosistemlər, nadir və nəsli kəsilməkdə olan növlər, biomüxtəlifliyin qorunması yolları kimi mövzularda biliklərini nümayiş etdirdilər. Viktorinanın sonunda qaliblərə sertifikatlar və hədiyyələr təqdim olundu. Bu cür tədbirlər, şagirdlərin təbiətə qarşı daha həssas olmalarını və biomüxtəlifliyin qorunmasına töhfə vermələrini təşviq edir. Gələcəkdə belə tədbirlərin sayını artırmaq və daha geniş miqyasda təşkil etmək planlaşdırılır. Bu tədbir, təbiətə qarşı məsuliyyətli davranışların təşviq edilməsi, gələcəkdə daha yaşıl və sağlam bir mühitin təmin olunmasına kömək edəcəkdir.

Bu fəaliyyət SDG 15 (Quruda həyat) və SDG 4 (Keyfiyyətli təhsil) məqsədləri ilə birbaşa əlaqəlidir. Məktəblilərdə biomüxtəlifliyin qorunmasına dair bilik və məsuliyyət hissinin formalaşdırılması gələcək ekoloji davranış modellərinin təməlini yaradır. Elmi-praktik seminar və viktorina formatı mövzunun həm maarifləndirici, həm də motivasiyaedici şəkildə təqdim olunmasına imkan verir. Bu yanaşma cəmiyyətdə təbiətə həssas münasibətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

 


Bioloji Müxtəliflik Həftəsi münasibətilə maarifləndirici tədbir

Bu gün Eko Klubun təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərində Biomüxtəlifliyin Rolu” mövzusunda tədbir keçirildi. Tədbir zamanı klubun fəal üzvü İsmayılov İsmayıl çıxış edərək biomüxtəlifliyin ətraf mühitin qorunmasında və davamlı inkişafın təmin edilməsindəki əhəmiyyətindən bəhs etdi.

Tədbirin əsas məqsədi gənclər arasında ekoloji şüurun artırılması və biomüxtəlifliyin qorunmasına yönəlik fəallığın təşviq olunması idi.

Bu fəaliyyət SDG 15 (Quruda həyat) və SDG 13 (İqlim dəyişikliklərinə qarşı mübarizə) ilə əlaqəlidir. Biomüxtəlifliyin davamlı inkişaf kontekstində rolunun vurğulanması gənclərdə ekoloji məsuliyyət və təbiətə həssas yanaşmanı gücləndirir. Belə maarifləndirici tədbirlər ekosistemlərin qorunmasının yalnız ekoloji deyil, həm də sosial-iqtisadi əhəmiyyətini önə çıxarır. Bu isə ətraf mühitin qorunmasına yönəlmiş ictimai fəallığın artmasına stimul verir.

Eko Klub olaraq gələcəyimiz naminə ekoloji dəyərləri qorumağa davam edəcəyik!

 

ATU universitetlərarası basketbol yarışına start verdi

Azərbaycan Texnologiya Universiteti (ATU), Azərbaycan Basketbol Federasiyası (ABF) və "Rövşən Oğuz Qrup" MMC-nin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş universitetlərarası basketbol turnirinin açılışı baş tutub.

Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və digər müəssisə rəhbərləri, şəhər ictimaiyyəti, tələbələr, idmançılar iştirak edib.

Açılış zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra konsert proqramı təqdim edilib.

Yarışa püşkatma ilə start verilib. İki gün davam edəcək universitetlərarası basketbol yarışını ABF hakimlər kollegiyasının müvafiq lisenziyasına malik meydan və masa hakimləri idarə edir. Kubok uğrunda Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin komandaları mübarizə aparır. İlk oyun Azərbaycan Texnologiya Universiteti və Mingəçevir Dövlət Universitetinin komandaları arasında baş tutub, müvafiq olaraq 119:37 xal hesabı ilə nəticələnib.

Qeyd edək ki, ATU universitetlərarası basketbol yarışını artıq üçüncü ildir təşkil edir. Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması, ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, tələbələrin asudə vaxtlarının səmərəli təşkili və komandada işləmə bacarıqlarının inkişaf etdirilməsidir.

Bu təşəbbüs SDG 3 (Sağlamlıq və rifah) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) ilə yanaşı SDG 4 (Keyfiyyətli təhsil) ilə də əlaqələndirilə bilər. İdman yarışları gənclər arasında sağlam həyat tərzinin təşviqi ilə yanaşı, komanda işi, nizam-intizam və sosial ünsiyyət bacarıqlarının inkişafına da xidmət edir. Fərqli universitetlərin bir idman platformasında bir araya gəlməsi institusional əməkdaşlığı və tələbələrarası əlaqələri gücləndirir. Bu isə təhsil mühitində həm fiziki, həm də sosial rifahın inkişafını dəstəkləyir.

 

Müəllimlər tədrisdə interaktiv metodlara dair ustad dərslərində iştirak edib

Azərbaycan Texnologiya Universitetində (ATU) gənc müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təcrübəli akademik heyətin növbəti ustad dərsləri təşkil edilib. 

Bu dəfə Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri dosent Rövşən Qasımov “Yeni təlim və tədris metodları və interaktiv öyrənmənin təşviqi” mövzusunda master-klass keçib.

Təlimdə Avtomatika, telekommunikasiya və informatika fakültəsinin tabeliyində fəaliyyət göstərən Avtomatika və informasiya texnologiyaları, Kompüter mühəndisliyi və telekommunikasiya, Ümumi və tətbiqi fizika, eləcə də Ümumi və tətbiqi riyaziyyat kafedralarının müəllimləri iştirak ediblər.

Rövşən Qasımov ustad dərsi zamanı müxtəlif praktik nümunələr təqdim edib, gənc müəllimlərin tədris zamanı qarşılaşa biləcəkləri situasiyalarla bağlı məsləhətlər verib və onların həlli yollarını izah edib.

Tədbir qarşılıqlı müzakirələr şəklində keçib, iştirakçılar öz təcrübələrini bölüşüb, suallarını ünvanlayaraq müzakirələrdə fəal iştirak ediblər.