Azərbaycan Texnologiya Universiteti ilə Qazaxıstanın Menecment, Mühəndislik, Texnologiya və Analitika Universiteti (META), Almatı Texnologiya Universiteti və Kızılorda Bolaşak Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb.

Müqavilələrə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov ilə  META Universitetinin, Almatı Texnologiya Universitetinin, eləcə də Kızılorda Bolaşak Universitetinin rektorları tərəfindən Azərbaycan–Qazaxıstan İkinci Rektorlar Forumu çərçivəsində imza atılıb.

İmzalanmış müqavilələr ali təhsil müəssisələri arasında elmi və akademik əlaqələrin genişləndirilməsini, birgə tədqiqat layihələrinin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsini, ortaq təlim proqramlarının hazırlanmasını, innovasiya və texnologiya sahəsində əməkdaşlığın qurulmasını nəzərdə tutur.

Bu əməkdaşlıqlar Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) də töhfə vermək məqsədi daşıyır. Xüsusilə keyfiyyətli təhsilin təşviqi (SDG 4), sənaye, innovasiya və infrastrukturun inkişafı (SDG 9), eləcə də məqsədlər üçün tərəfdaşlıqların gücləndirilməsi (SDG 17) istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Universitetlər arasında qurulan bu tərəfdaşlıqlar bilik və texnologiya mübadiləsini artırmaqla yanaşı, regionlararası akademik inteqrasiyanı və davamlı inkişaf prinsiplərinin tətbiqini dəstəkləyəcəkdir.