Azərbaycan Texnologiya Universitetində (ATU) yeni qəbul olunmuş tələbələrin universitet mühitinə daha tez uyğunlaşmasına kömək etmək məqsədilə Tanışlıq Günü təşkil olunub. Tədbirdə birinci kurs tələbələrinə universitetin strukturu, idarəetmə sistemi, tədris prosesinin təşkili, fakültələrin yerləşməsi və kafedraların fəaliyyəti barədə ətraflı məlumat verilib. Onlar fakültə rəhbərliyi, akademik məsləhətçilər, kafedralar və auditoriyalarla tanış olublar.
Eyni zamanda tələbələrə universitetin daxili qaydaları, təhsil müddətində istifadə olunacaq elektron sistemlər və s. barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Bununla yanaşı digər şəhər və rayonlardan gələn tələbələrə şəhərdə yaşayış imkanları, yerli kirayə bazarı və yaşayış obyektləri, eləcə də təhlükəsiz yaşayış mühiti ilə bağlı tövsiyələr də verilib.
Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) ilə yanaşı SDG 10 (Bərabərsizliyin azaldılması) ilə də əlaqələndirilə bilər. Yeni tələbələrin universitet həyatına uyğunlaşmasının sistemli şəkildə dəstəklənməsi onların tədris prosesinə daha inamlı qoşulmasına imkan yaradır. Məlumatlandırma və istiqamətləndirmə tədbirləri tələbələr arasında informasiya bərabərliyini gücləndirir. Bu yanaşma inklüziv və tələbəyönümlü akademik mühitin formalaşmasına xidmət edir.
Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov ali təhsil ocağına bu il qəbul olunan şəhid ailələrinin övladları ilə görüşüb.
Rektor şəhid ailəsi üzvlərini tələbə adı qazanmaları münasibətilə təbrik edərək onlara universitet həyatında uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı hər zaman xalqımızın yaddaşında yaşayacaq. Yaşar Ömərov vurğulayıb ki, dövlətimiz şəhid ailələrinin övladlarına xüsusi diqqət və qayğı göstərir, Azərbaycan Texnologiya Universiteti də bu məsuliyyətin daşıyıcısı olaraq tələbələrin hərtərəfli inkişafı üçün bütün imkanları səfərbər edəcək.
Tələbələrə universitetdə yaradılan təhsil imkanları, sosial və mədəni mühit barədə məlumat verilib.
Qeyd edək ki, bu il 44 günlük Vətən müharibəsi şəhidi Bəxtiyar Bəkirovun övladı Məhəmməd Bəkirli turizm bələdçiliyi ixtisasına, 44 günlük Vətən müharibəsi şəhidi Nihat Abdullayevin bacısı Nigar Abdullayeva menecment ixtisasına, 11 oktyabr 2020-ci ildə Gəncə terrorunda şəhid olan Ələsgərovlar ailəsinin üzvü Sənan Hacıyev isə biznesin idarəedilməsi ixtisasına qəbul olub.
ATU-nun 2024/2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq tələbə və professor-müəllim heyətinin psixoloji rifahının dəstəklənməsi məqsədilə psixoloji xidmət yaradılıb.
Bu istiqamətdə universitetdə müvafiq psixoloq ştatı təsis olunub. Yeni xidmət tələbə və əməkdaşların şəxsi inkişafına, stressin idarə olunmasına və daha sağlam tədris mühitinin formalaşdırılmasına dəstək göstərəcəkdir.
Bu təşəbbüs SDG 3 (Sağlamlıq və rifah) və SDG 4 (Keyfiyyətli təhsil) ilə birbaşa əlaqəlidir. Psixoloji rifahın dəstəklənməsi tələbə və müəllim heyətinin daha sağlam, təhlükəsiz və məhsuldar təhsil mühitində fəaliyyət göstərməsinə şərait yaradır. Stressin idarə olunması və şəxsi inkişafın təşviqi akademik nəticələrə də müsbət təsir göstərir. Bu xidmət universitetdə insan yönümlü və dayanıqlı təhsil mühitinin formalaşmasına töhfə verir.
Psixoloji xidmət universitetin 2112-ci otağında fəaliyyət göstərir.
Azərbaycan Texnologiya Universitetində (ATU) Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) "Beyin mərkəzi" layihəsi çərçivəsində maarifləndirmə təlimləri keçirilib.
AKM heyətinin iştirakı ilə baş tutan tədbirdə universitetin akademik heyətinə kibertəhlükəsizlik qaydalarına riayət etmək, rəqəmsal mühitdə təhlükəsizliyin və şəxsi məlumatların qorunması barədə məlumatlar verilib.
Qeyd edək ki, AKM İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərir. Mərkəzin məqsədi ölkədə kibertəhlükəsizlik ekosisteminə fayda vermək, bu sahədə mütəxəssislərin sayını artırmaq, peşəkar hazırlığını gücləndirmək, kibermaarifləndirmə təlimlərini həyata keçirmək, eləcə də kibertəhlükəsizlik üzrə yerli məhsullar hazırlamaqdır. AKM layihəsi İsrailin Technion Texnologiya İnstitutu ilə əməkdaşlıq edərək, beynəlxalq bilik və təcrübənin ölkəyə gətirilməsini təmin edir.
Azərbaycan Texnologiya Universiteti (ATU) əməkdaşları Dövlət İmtahan Mərkəzində (DİM) baş tutan ali təhsil müəssisələrinin sərgisində iştirak edir. Sayca II dəfədir təşkil edilən sərginin bu gün baş tutan açılış tədbirində ATU-nu İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev və əməkdaşı Aqşin Hüseynov təmsil edib. ATU stendində abituriyentlərə universitetdə aparılan kadr hazırlığı barədə geniş məlumat verilib, stendə yaxınlaşan ziyarətçilərin çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların iştirakı ilə baş tutan sərgini ziyarət etmək üçün 3000-ə yaxın şəxs qeydiyyatdan keçib. Onların arasında abituriyentlərlə yanaşı, valideynlər, ekspertlər də var.
1 avqust tarixinədək davam edəcək sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.