Azərbaycan Texnologiya Universitetində (ATU) yeni təsis edilən Məzunlar Assosiasiyasının ilk iclası keçirilib. Əvvəlcə ATU-nun rektoru Yaşar Ömərov və fəxri məzunlar universitetin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin büstünü və ATU-nun şəhid məzunlarının abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Daha sonra universitetin tarixini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə açılış nitqi ilə ATU-nun rektoru Yaşar Ömərov çıxış edib. Bildirib ki, Məzunlar Assosiasiyasının yaradılması universitetlə məzunlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi, onların bilik və təcrübəsinin ali təhsilin inkişafına yönəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Rektor qeyd edib ki, müxtəlif sahələrdə uğur qazanan məzunlar universitetin ən böyük kapitalıdır və onların bir platformada birləşməsi gələcək əməkdaşlıqlar üçün geniş imkanlar açacaq.

Daha sonra universitetin fəxri məzunları – Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Kooperasiya Universitetinin tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Əhməd Məlikov, iş adamı – “Dan Ulduzu” restoranlar şəbəkəsinin direktoru Rübail Nəsibov, ATU-nun İdarəetmə kafedrasının müdiri, professor Füzuli Məmmədov çıxış edərək universitetdə aldıqları təhsilin onların karyera yolundakı rolundan danışıblar, Məzunlar Assosiasiyasının fəaliyyətinin əhəmiyyətini vurğulayıb və gənc məzunlara tövsiyələrini bölüşüblər.

Tədbirə 300-ə yaxın məzun qatılıb. Universitetin Təcrübə və Karyera sektorunun müdiri Ayxan Bahadurlu iştirakçılar qarşısında ATU məzunlarının son 5 illik məşğulluq göstəricilərini təqdim edib, bu sahədə əldə olunan müsbət dinamika və gələcək hədəflər barədə məlumat verib.

Daha sonra Tədrisin təşkili və idarəedilməsi şöbəsinin müdiri Cəsarət Şabanov çıxış edərək Məzunlar Assosiasiyasının əsas fəaliyyət istiqamətləri, qarşıya qoyulan məqsədlər və təşkilati strukturu barədə ətraflı məlumat verib, ardınca İdarə Heyətinin tərkibinə dair təklifləri qəbul edib. Açıq səsvermənin sonunda ATU-nun Məzunlar Assosiasiyasının İdarə Heyəti formalaşdırılıb.

Sonda zalda əyləşən məzunlar fikir bildirərək Assosiasiyanın fəaliyyətinin faydalı olacağına əminlik ifadə ediblər, universitetlə əlaqələrin daha da gücləndirilməsi, məzun şəbəkəsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndiriblər.