Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov institusional akkreditasiya üçün universitetin özünütəhlil hesabatı, eləcə də professor-müəllim heyətinin 2025/2026-cı tədris ilində iş normaları barədə çıxış edib.
Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov çıxış edərək əməkdaşların nizam-intizam və etik davranış qaydalarını təqdim edib.
Ardınca Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov magistr və bakalavr təhsil pillələri üzrə 2025/2026-cı tədris ilində tələbə qəbulunun yekunları barədə təqdimatla çıxış edib.
Elmi Şurada Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri Rövşən Qasımovun və Kompüter mühəndisliyi və telekommunikasiya kafedrasının müdiri Sakit Verdiyevin hesabatları dinlənilib.
Həmçinin, Təchizat və təsərrüfat şöbəsinin müdiri Mətləb Əliyev universitetin qış mövsümünə hazırlıq vəziyyəti barədə məruzə ilə, İnsan resursları şöbəsinin müdiri İlham Əlizadə isə struktur dəyişikliyi və idarəetmənin optimallaşdırılması barədə çıxış edib.
İclas çərçivəsində hesabat və təkliflərlə bağlı müvafiq qərarlar qəbul edilib. Sonda Xarici dillər kafedrasının əməkdaşı Aliyə Pənahova elmi-pedaqoji sahədə uzunmüddətli və səmərəli fəaliyyətinə görə 75 illik yubileyi münasibətilə təltif edilib.
Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Mentor Klubunun növbəti təlimi təşkil olunub.
Təlimin mentoru universitetin doktorantı Elnur Arifzadə olub. O, müxtəlif beynəlxalq layihələrdə və elmi konfranslarda ölkəmizi təmsil edən gənc tədqiqatçı kimi öz təcrübəsini iştirakçılarla bölüşüb.
“Sıfırdan birə: hədəfdən uğura” mövzusunda keçirilən təlimdə gənclərə məqsədlərin düzgün müəyyənləşdirilməsi, şəxsi inkişaf strategiyalarının qurulması və uğura aparan mərhələlər barədə ətraflı məlumat verilib. Mentor, həmçinin real həyat təcrübələrinə əsaslanaraq uğur hekayələrindən nümunələr təqdim edib və iştirakçıların suallarını cavablandırıb.
Təlim interaktiv müzakirələr şəraitində davam edib və tələbələrin şəxsi inkişafına töhfə verəcək praktiki tövsiyələrlə yadda qalıb.
Azərbaycan Texnologiya Universitetinin professor-müəllim heyəti 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edilib. Universitetin rəhbər heyəti 14 kafedrada müəllimlərlə görüşərək onları peşə bayramı münasibətilə səmimi arzularla təbrik edib.
Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının Mentor Klubu çərçivəsində daha bir maarifləndirici təlim keçirilib.
Təlimin mentoru Dizayn kafedrasının müəllimi, universitetdə “İlin müəllimi” nominasiyasının qalibi Mobil Qarayev olub. O, yaradıcı yanaşma və fərdi inkişaf sahəsindəki təcrübəsini iştirakçılarla bölüşüb.
“Özünü kəşf etmək, təhlil etmək və yaratmaq” mövzusuna həsr olunan təlimdə tələbələrə fərdi potensialın üzə çıxarılması, daxili imkanların dəyərləndirilməsi və ideyaların reallaşdırılması yolları izah edilib. Mentor çıxışında özünü tanımanın şəxsi və peşəkar inkişafda oynadığı rolu vurğulayıb, yaradıcı düşüncə tərzinin formalaşdırılması üçün praktiki yanaşmalar təqdim edib.
Təlim boyu iştirakçılar müxtəlif tapşırıqlar vasitəsilə öz bacarıqlarını analiz etmək imkanı əldə edib, interaktiv müzakirələr isə görüşün daha məhsuldar keçməsinə şərait yaradıb.
Azərbaycan Texnologiya Universitetində tələbələrin peşəkar inkişafının dəstəklənməsi məqsədilə növbəti təlimlər keçirilib. Strateji İnkişaf Planının (SİP) icrası çərçivəsində təşkil olunan bu təlimlər bu dəfə Avtomatika və informasiya texnologiyaları kafedrası və Xarici dillər kafedrasının təşkilatçılığı ilə baş tutub.
Təlim proqramı tələbələrin həm dil bacarıqlarını, həm də informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və praktiki vərdişlərini artırmağa yönəlib. İngilis dili üzrə keçirilən sessiyalarda Xarici dillər kafedrasının əməkdaşları Turanə Məmmədova və Xəyalə Babayeva iştirakçılara müasir kommunikasiya metodları, akademik yazı qaydaları və danışıq bacarıqlarının inkişafı istiqamətində əhatəli məlumatlar verib.
İKT təlimləri isə Avtomatika və informasiya texnologiyaları kafedrasının əməkdaşları – Yalçın Nəsibov, Pərvin Abbasova, Zeynəb Həsənli və Ayşən Aslanovanın təqdimatları ilə baş tutub. Təlimçilər tələbələri rəqəmsal bacarıqlar, proqram təminatı ilə işləmə prinsipləri, innovativ texnologiyalardan istifadə və praktiki tətbiqlərlə tanış ediblər.
Universitetdə mütəmadi həyata keçirilən bu kimi təlimlər tələbələrin gələcək karyera hazırlığının gücləndirilməsi, müasir əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşdırılması və onların peşəkar inkişafına dəstək məqsədi daşıyır.
Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Psixologiya Klubunun növbəti təlimi keçirilib.
Təlimi universitetin psixoloqu Fərqanə Həsənova aparıb. O, psixoloji sağlamlıq və fərdi inkişaf mövzusunda iştirakçılarla faydalı bilik və tövsiyələrini bölüşüb.
Təlim zamanı stressin idarə olunması, emosional balansın qorunması və gündəlik həyatda psixoloji dayanıqlığın artırılması kimi məsələlər ətrafında müzakirələr aparılıb. İştirakçılara praktiki yanaşmalar təqdim olunub və onların sualları cavablandırılıb.
İnteraktiv formatda təşkil olunan görüş tələbələrin böyük marağına səbəb olub və onların psixoloji rifahının gücləndirilməsinə töhfə verib.