Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri növbəti ekoloji aksiya təşkil edərək daha bir nümunəvi təşəbbüsə imza atıblar. Bir qrup könüllü tələbənin qatıldığı ekoloji aksiya Gəncə şəhərində Nizami Məqbərəsi ətrafında baş tutub.

Aksiyada 30-a yaxın tələbə iştirak edib. Könüllülər məqbərənin ətraf ərazisini tullantılardan təmizləyərək ətraf mühitin qorunmasına töhfə veriblər.

Aksiya çərçivəsində tələbələr ərazini müxtəlif məişət tullantılarından təmizləməklə ictimai məkanların qorunması və ekoloji mühitin yaxşılaşdırılmasının vacibliyinə diqqət çəkiblər.

Qeyd edək ki, analoji tədbiri ATU tələbələri ötən il Gəncəçay çayının hövzəsində təşkil etmişdilər.