Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının cənub Şərqində, Araz çayının sol sahilində, cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, Şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. XVII-XVIII yüzillərdə “Cəbrayıl” sözü ilə bağlı dolaşıq izahlar olub. Belə ki, 1873-cü ildə Tiflisdəki “Qafqaz” qəzetinin əməkdaşı H.Kokçayev yazırdı ki, “Cəbrayıl” tatar sözüdür, ona rusca “Qavril” deyilir. Bunu 19-cu yüzildə rus qafqazşünası K.Qan da təsdiqləyərək əlavə edir ki, bu adın islam dini ilə daha çox bağlılığı var. 971-1086-cı illərdə Cəbrayıl Şəddadilərin, 1250-ci illərdən monqolların, 1387-ci ildən Teymurilərin, 1412-ci ildən Qaraqoyunluların, 1478-ci ildən Ağqoyunluların və nəhayət, 1501-ci ildən Səfəvilərin tərkibində olmuşdur. 1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılıb Yelizavetpol (Gəncə) quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edildi. Bu dövrdə Cəbrayıl qəzasının ərazisi 66,3 min kv.km, əhalisi 66360 nəfər olmuşdur. Qəza indiki Füzuli, Xocavənd, Qubadlı, Zəngilan rayonlarının ərazilərini əhatə edirdi. Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu – IX əsrin əvvəllərindən başlayaraq XIX əsrə kimi fəaliyyət göstərmişdir. Tarixçilər körpünün 1027-ci ildə Şəddadi hökmdarı 1-ci Fəzl və I Şah Abbas tərəfindən tikildiyini deyirlər. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub. 1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24.300 nəfər olmuşdur. İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni klub, 78 kitabxana fəaliyyət göstərirdi. Zəngin eksponatları olan Tarix-diyarşünaslıq muzeyi vardı. Cəbrayıl torpaqlarımızın müdafiəsində çox şəhidlər vermiş, onların bir çoxu Azərbaycanın Milli Qəhrəmanı yüksək fəxri adına layiq görülmüşlər - Şikar Aslanov, Kazım Məmmədov, Mətləb Quliyev və başqaları. Cəbrayıllılar içərisində 180-ə yaxın Qarabağ müharibəsi əlili statusu olan var. 6 nəfər isə Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülüb. Hazırda cəbrayıllılar arasında 351 şəhid ailəsi var. İşğaldan sonra cəbrayıllılar ölkənin 58 bölgəsinə səpələniblər. Azərbaycan Ordusu tərəfindən 4 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun mərkəzi və bir sıra kəndləri işğaldan azad olunub. Bu tarixdə, rəşadətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini və Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl və Karxulu kəndlərini erməni işğalçılarından təmizləyib. Adıçəkilən ərazilərin azad edilməsi xəbərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində elan etmişdi.
dos. Elmir Cəfərov
Azərbaycan Texnologiya Universiteti,
İnzibati idarəetmə və kommersiya kafedrası