UTECA-nin İstehlak mallarının keyfiyyət ekspertizası ixtisasının 2-ci kurs magistr tələbəsi Vahib Mehdizadə dünyasını dəyişib. Texnologiya Universiteti adından ailəsinə və yaxınlarında səbr diləyirik. Allah rəhmət eləsin.
Gəncə şəhər Heydər Əliyev Mərkəzi Azərbaycan Texnologiya Universiteti ilə birlikdə “Şərqin sönməz günəşi - Nizami Gəncəvi” adlı video konfrans keçirib. Tədbiri açıq elan edən Mərkəzin elmi işçisi Gülər Ellazova sözlərini dahi şair və mütəffəkir Nizami Gəncəvinin müdrik kəlamı ilə açıb: “El gözündə Nizami ucalıbdır düzlükdən, İlhamına, qəlbinə gün salıbdır düzlükdən”. Çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.Mərkəzin direktor əvəzi İlknur İsgəndərova “Nizami Gəncəvi irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda danışaraq Heydər Əliyevin öz fəaliyyətində Nizami Gəncəvi irsinin öyrənilməsinə və təbliğinə xüsusi önəm verdiyini bildirib. Tədbirdə Texnologiya Universitetinin fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Süsənbər Məmmədova “Nizami Gəncəvi və Avropa mədəniyyəti”, Universitetin baş müəllimi Mətanət Mustafayeva “Nizami Gəncəvi və türkçülük”, Gəncə Dövlət tarix Mədəniyyət qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılova “Nizami Məqbərəsinin tarixi”, Universitetin tələbələrindən Elşad Hüseynov “Nizami Gəncəvi yaradıcılığında ədalət, azad cəmiyyət və insan” mövzusunda çıxışlar ediblər. Tədbirdə Nizami Gəncəvi muzeyinin elmi işçisi Xəyalə Məmmədova Nizami Gəncəvi muzeyi haqqında məlumatlar verib, UTECA tələbəsi Lamiyə Tağıyeva Nizami Gəncəvinin əsərindən səsləndirib. Sonda Mərkəzin kiçik elmi işçisi Dursun Əliyevanın hazırladığı “Dahi mütəfəkkir Nizami Gəncəvinin irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin xidmətləri” adlı video-çarxın nümayiş etdirilib.
“10 dəfə Harvardda oxumaq üçün müraciət etdim, hamısında mənfi cavab aldım. İllər sonra eyni universitetə dərs demək üçün baş vurdum. Həm də dəfələrlə. Hər müraciətimdə rədd cavabı aldım. Çində KFC-də iş üçün 24 müraciət oldu, onlardan 23-ü qəbul edildi, mənə rədd cavabı verildi. Polisə vakant yerə sənəd verən 5 nəfərin 4-ü işlə təmin edildi, mənə isə yenə rədd cavabı gəldi... İnanmıram ki, dünyada kimsə 30 dəfədən artıq rədd cavabı alsın. Mən bu qədər rədd cavabı alıb uğurlu oluramsa, hamı uğurlu ola bilər!” Jack Ma - "Alibaba"-nın sahibi, Çinin ən varlı adamı
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun Sərəncamı ilə Tağıyev Adil Arif oğlu Gəncə Şəhər İcra Hakimiyyəti başçının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Adil Tağıyev Azərbaycan Texnologiya Universitetinin Təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışıb. Adil müəllimi UTECA kollektivi adından təbrik edirik!
UTECA-nın elmi jurnalları AAK-ın 2021-ci il siyahısında Azərbaycan Texnologiya Universitetinin (UTECA) iki elmi jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə olunan dövri elmi nəşrlərin yeni siyahısına daxil edilib. UTECA-nın “Elmi xəbərlər” məcmuəsi AAK tərəfindən “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyyə edilən dövri elmi nəşrlərin siyahısı”nda texnika, biologiya, aqrar elmlər olmaqla 3 istiqamət üzrə yer alıb. AAK-ın 2021-ci il üzrə yenilənmiş siyahısında UTECA-nın “İnnovasiyalı iqtisadiyyat və menecment” jurnalı isə iqtisad elmləri üzrə əks olunub.
UTECA-da Nizami Gəncəvinin şəklinin əks olunduğu mozaik panno bərpa edilib. Qida mühəndisliyi fakültəsinə aid korpusun fasadında əks olunan mozaik panno 30 il əvvəl həkk edilib. Pannonun önündəki şam ağacları universitetin həyətində başqa əraziyə köçürülüb, yerində isə dekorativ yaşıllıq olacaq. Freskanın üzərindən tökülən daşlar yenisilə əvəz edilib. 2021-ci ilin Nizami ili olduğunu tarixdə yaşatmaq, gələcək nəsillərə ötürmək üçün mozaika ilə 880 yazısı qeyd edilib. Dahi filosof Nizami Gəncəvi pannosunun eskizi mərhum rəssam Tahir Abbasova məxsusdur. Memari isə Tahir Məmmədovdur. Sənət əsərinin ərsəyə gəlməsində Texnologiya Universitetinin mərhum dosenti, Gəncədə Rəssamlar İttifaqının keçmiş rəhbəri Qalib Bağırovun da əməyi olub. Pannonun hazırlanmasında istifadə olunan materiallar o dövrdə Qalib Bağırovun həm də baş rəssam kimi çalışdığı Gəncə Farfor Zavodunda hazırlanıb. Tarixi çox qədimə dayanan mozaika sənətindən ibarət əl işi 2,5 aya ərsəyə gəlib. Hündürlüyü 7 metrdən çox, eni isə 5 metrdən artıqdır.