Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

“Mənim ixtisasım” layihəsi çərçivəsində onlarla məktəbli bu gün UTECA ilə tanış olub

Göygöl Təhsil Mərkəzinin abituriyentləri yay layihəsi çərçivəsində Azərbaycan Texnologiya Universiteti ilə tanış olublar. Göygöl Təhsil Mərkəzinin təşəbbüsü və Azərbaycan Texnologiya Universitetinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Göygöl filialının birgə təşkilatçılığı ilə “Mənim ixtisasım” layihəsi çərçivəsində onlarla məktəbli bu gün Texnologiya Universiteti ilə tanış olub. Göygöl Təhsil Mərkəzinin Gəncə, Balçılı, Göygöl, Samux və Şəmkir filiallarının abituriyentləri Azərbaycan Texnologiya Universitetinin bütün korpuslarında - Yüngül Sənaye mühəndisliyi və Logistika, Qida mühəndisliyi, Avtomatika, Telekommunikasiya və informatika, İqtisadiyyat və idarəetmə fakültələrində maraqlı görüşlər keçirib, universitetin maddi-texniki bazası ilə yaxından tanış olub, universitet rəhbərliyinin məlumatlarını dinləyiblər. Abituriyentlər Logistika mərkəzi, Gön-dəri, Tekstil və toxuculuq laborotoriyalarında gedən prosesləri izləyib, dizayn otaqları, idman zalı, akt zalı, kitabxana ilə tanış olub, logistika, metallurgiya, turizm, İKT, ekologiya, biznes, iqtisadiyyat və idarəetmə ixtisasları haqqında ətraflı məlumat alıblar. Görüşdən sonra abituriyentlər Azərbaycan Texnologiya Universitetində gənclərin inkişafı üçün yaradılmış qayğı və şərait barədə geniş müzakirələr aparıb, dövrümüz üçün aktual hesab etdikləri ixtisaslara olan maraq və tələbat haqqında fikir mübadiləsində fəal iştirak ediblər. 

Azərbaycan mənim Vətənimdir!

Hazırda Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edib. Respublikamız müstəqilliyinin 30-cu ilinə artıq yalnız regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi daxil olub. Təbii ki, son illərdə dünyada müşahidə edilən qlobal çətinliklər fonunda ölkəmizin inkişafla, iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirməsi ilə bağlı böyük uğurlar qazanmasını şərtləndirən bir sıra fundamental amillər sadalamaq mümkündür. Belə amillər sırasında Azərbaycanın ardıcıllıqla həyata keçirdiyi multikultural siyasətin önəmini xüsusi qeyd edə bilərik. Əlverişli tolerantlıq mühiti ölkəmizin milli gücünü artıran çox mühüm amil qismində çıxış edir. Tolerantlıq nümunəsi olan Azərbaycanda multikulturalizm xalqımızın həyat tərzi və dövlət siyasətidir. Dünyada milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar bərabər münasibətə və hörmətə layiqdirlər. Ancaq təəssüf doğuran haldır ki, XXI əsrdə bəşəriyyət yer üzündə ciddi qütbləşmə proseslərinə şahidlik edir. Dünyanın ayrı-ayrı bölgələrində tez-tez milli və dini zəmində münaqişələr, müharibələr baş qaldırır, diskriminasiya, islamofobiya, milli-dini ayrı-seçkilik kimi neqativ hallar artır. Dünyada milli-dini-irqi müxtəlifliyə münasibətdə müşahidə edilən belə kədərli mənzərə ilə müqayisədə respublikamızda vəziyyət tamam fərqlidir. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, Azərbaycanda multikulturalizm xalqın həyat tərzi və dövlət siyasətidir. Vətən müharibəsi bu fikri bir daha təsdiqlədi. Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbədə ölkəmizdə yaşayan bütün xalqların payı var. Bəli, Azərbaycanda milli və dini mənsubiyyətindən asılı olmayaraq hər bir əsgər və zabit ötən ilki Vətən savaşında Birinci Qarabağ müharibəsində olduğu kimi, erməni faşizminə qarşı əsl qəhrəmanlıq nümunələri göstərdi, ölkəmizin ərazi bütövlüyünün bərpası, suverenliyinin möhkəmlənməsi, güc-qüdrətinin daha da artması naminə canlarından keçməyə hazır olduğunu döyüşlərdə göstərdiyi fədakarlıqlarla sübuta yetirdi. Vətən müharibəsində işğalçını  Azərbaycan Ordusunun güc-qüdrətindən, döyüş ruhundan daha çox xalqımızın bu monolit birliyi, sarsılmazlığı da qorxudurdu, narahat edirdi. Ona görə də döyüş və diplomatiya meydanında məğlub olan düşmən savaş günləri feysbukda saxta profillər yaradaraq ölkəmizdəki etnik millətlərin adından təxribat xarakterli paylaşımlar edir, bu vəhdəti, birliyi zəiflətməyə, millətlər arasında nifaq, təfriqə salmağa, ruh düşkünlüyü yaratmağa çalışırdı. Qırx dörd günlük ölüm-dirim savaşında Azərbaycanın parlaq qələbəsi Azərbaycan türklərinin, rusların, ləzgilərin, yəhudilərin, talışların, saxurların və s. çiyin-çiyinə bir amal uğrunda birliyinin, torpaq, Vətən, haqq ədalət yolundan çəkinməyərək mübarizə aparmağın nəticəsi idi.  Ölkəmizdə müxtəlif millətləri təmsil edən yüzlərlə gənc Azərbaycan Ordusu sıralarında işğalçıya qarşı azərbaycanlı, qarabağlı kimi mərd-mərdanə mübarizə apardı, düşmənlə cəsarətlə döyüşüb, şəhid, qazi olmaqla, parlaq qələbə qazandılar. Qardaşlığın pozulmayacağını bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsində şəhid olan Dmitri Solntsev Aleksandroviçin həyat yoluna nəzər salmaqla bunun şahidi ola bilərik. 1995-ci il aprelin 15-də Bakıda anadan olan, uşaq yaşlarında ana-atasını itirən Dmitri Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil almışdı. Azərbaycan Ordusunda hərbi xidmət keçmişdi. Ötən ilin may ayında isə TƏBİB-in tabeliyindəki müəssisədə biomühəndis vəzifəsinə qəbul edilmişdi. Dmitri Solntsev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsi, Füzuli və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi. Oktyabrın 25-də isə Qubadlıda qəhrəmancasına şəhid oldu. II Fəxri Xiyabanda torpağa tapşırıldı. D.Solntsev Vətən müharibəsində şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edildi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Dmitri Solntsev şəhidlik zirvəsinə yüksəldiyi gün özünün “Twitter” səhifəsində yazmışdı: “Azərbaycanın igid oğlu - əsgər Solntsev Dmitri Aleksandroviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Onun 25 yaşı var idi. O, etnik rus olaraq çoxmədəniyyətli Azərbaycanın cəsur vətəndaşı idi”. Dmitrinin qısa ömrünə nəzər salanda 25 yaşlı şəhidin ürəyinin hər zaman Azərbaycanla döyündüyü, Azərbaycanla fəxr etdiyi aydın görünür. Bacısı Lyudmila deyir: “Dmitri vətənpərvər idi. Azərbaycanı qəlbən sevirdi. Ali məktəbi bitirəndən sonra qohumlarımızdan biri onu Rusiyaya işə dəvət etmişdi. Dmitri isə “Mən Bakısız, Azərbaycansız heç harda qala bilmərəm”,– söyləmişidi”. Vətən müharibəsində Azərbaycanda yaşayan Dmitri Solntsev kimi digər millətlərin gənclərinin doğma Qarabağın işğalçı ermənilərdən  təmizlənməsində qəhrəmanlıq, şücaət göstərmələri barədə çoxsayda misallar çəkə bilərik. Lakin əsas məqsəd onların doğma yurdları uğrunda döyüşə cəsarətlə atılaraq, milli birlik, milli həmrəylik nümayiş etdirmələrini, əzmkarlıqla torpaqlarımızın hər qarışı uğrunda mübarizə aparmalarını diqqətə çatdırmaqdır.  Prezident İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib: “Nəzərə alın ki, biz əks-hücum əməliyyatı həyat keçirirdik və düzənlikdən yüksəkliklər istiqamətində hərəkət edirdik. Əsas amil o idi ki, həmin əraziləri hətta görməyən gənclər sanki özlərinin doğma yurdları uğrunda döyüşürdülər. Biz Azərbaycanda yaşayan bütün millətlərin birliyinin şahidi olduq. Bu da bizim ən böyük sərvətlərimizdən biridir”.  Bəli, Azərbaycanın ən böyük sərvətlərindən biri multikultural və multikonfessiyalı cəmiyyətin olmasıdır. Vətən müharibəsi zamanı bütün xalqların nümayəndələri son damla qanlarına qədər döyüşürdülər. Onlar Vətənləri uğrunda döyüşürdülər. Qürur verici haldır ki, Azərbaycan belə vətənpərvər vətəndaşlar yetişir. Müharibədən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 12-13 may tarixlərində keçirilən “Xarıbülbül” musiqi festivalı keçirildi. Tədbirin ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların musiqisinin səsləndirilməsi böyük rəmzi məna daşıyır. 44 günlük Vətən müharibəsində Azərbaycandakı bütün xalqların təmsilçiləri misilsiz fədakarlıqlar göstəriblər. Müharibədən sonra həmin xalqların işğaldan azad olunan Şuşada keçirilən festivalda qələbə sevincini bölüşməyə hər cür mənəvi haqları vardır. “Xarıbülbül” festivalı vasitəsilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajı bütün dünyaya çatdırıldı. Birlik və güclü ordu varsa, torpaq, Vətən bölünməz və işğal ediləməz!    

 

 

Mehriban Tağıyeva

Azərbaycan Texnologiya Universitetinin

                                                                                                İctimai elmlər və multikulturalizm kafedrasının dosenti                                                                                                                          

UTECA İstanbul Rumeli Universitetinin beynəlxalq konfransında

Azərbaycan Texnologiya Universiteti (UTECA) İstanbul Rumeli universitetinin təşkil etdiyi “Beynəlxalq Siyasət və Müqayisəli Reallıq; 1915 hadisələri və faktlar” adlı beynəlxalq konfranda iştirak edib. İki gün davam edən konfransda UTECA-nı Tədris işləri üzrə prorektor Vüqar İsmayılov təmsil edib. Prorektor konfrans zamanı çıxışını Xocalı faciəsinə - erməni vandalizminin real imzasına, 1915-ci il hadisələrinə don geyindirən ermənilərin məkrli, tarixi saxtalaşdırmaq niyyətinə həsr edib. 


Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından103 il ötür

Azərbaycan Texnologiya Universitetində 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə onlayn görüş təşkil olunub. Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbiri giriş sözu ilə moderator, İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Mətanət Mustafayeva açıb. 26 İyun tarixi barədə iştirakçılara qısa məlumat verildikdən sonra əlamətdar günə həsr edilmiş videoçarx nümayiş olunub. Tədbir zamanı qonaqlardan Milli Məclisin deputatı Fəzail Ağamalı Şu.a Bəyannaməsi haqqında iştirakçılara ətraflı məlumat verib.  Daha sonra İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi Vüsalə Axundova 26 iyun Silahlı Qüvvələr gününun tarixi haqqında geniş nitqlə çıxış edib. Növbəti videoçarxın ardından İctimai elmlər və multikulturalizm kafedrasının daha bir müəllimi  Mehriban Tağıyevanın məruzəsi dinlənilib. Şəhid  Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev öz fikirlərini auditoriya ilə bölüşüb. Şəhidlərə diqqət və qayğıdan, gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. 

ECAR layihəsi çərçivəsində növbəti “İnfo Day”

23.06.2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin müəllim və tələbə heyəti üçün Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” ECAR layihəsi çərçivəsində onlayn şəkildə növbəti “İnfo Day” (Məlumatlandırma Günü) keçirilib. Görüşdə iştirakçılara layihə meneceri İlahə Qurbanova tərəfindən layihənin məqsədi, tərəfdaşları,  layihə çərçivəsində 3 il ərzində icra olunacaq fəaliyyətlər və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Yekunda iştirakçıların müvafiq sualları layihə meneceri tərəfindən cavablandırılıb və layihənin işinə uğurlar arzu edilib.     

Gəncədə “COVİD-19”-a qarşı peyvəndləmə prosesi davam edir

Gəncə şəhərində COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib.               

Hazırda Gəncəmizdə koronavirusla əlaqədar sanitar-epidemioloji vəziyyət stabildir. Bunu aparılan yoluxma saylarında görürük. Dünyanın müxtəlif ölkələrində yoluxma statistikasına nəzər salsaq görərik ki, Azərbaycanda yoluxma sayının 100 civarında olması, ikirəqəmli ədədlərə düşməsi ondan xəbər verir ki, proses nəzarət altındadır. Bunu nəzərə alan Nazirlər Kabineti yanında Operativ Qərargah  bir sıra məhdudiyyətlərin yumşaldılması barədə qərar verdi. Proses belə davam etsə, digər məhdudiyyətlərin də yumşaldılması tətbiq olunacaq və yaxın vaxtlarda normal həyata qayıda biləcəyik. Ölkəmizdə vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Bu məsələdə iki tərəf var. Birincisi dövlət tərəfindən həyata keçirilən tədbirlərdir və hazırkı dövrdə vaksinin əldə olunması uğrunda böyük mübarizə gedir. Qürurverici haldır ki, Azərbaycan Avropa ölkələri ilə təxminən eyni vaxtda bu vaksini əldə edib və prosesə başlayıb. Vaksinin əldə edilməsi ilə bərabər onun daşınması, saxlanılması, vaksinasiya məntəqələrinin təşkil olunması, burada çalışan tibbi personala təlim keçirilməsi üçün hər cür şərait yaradılıb. Təkcə onu demək kifayətdir ki, hazırda ölkəmizdə əhalinin bir deyil, bir neçə vaksini əldə etməsinə imkan yaradılıb. Belə bir seçim imkanının yaradılması da uğurlardan biridir. Prosesin ikinci tərəfi isə əhalinin bu prosedura münasibətidir. Vaksinasiyanın sürətini araşdırsaq görərik ki, yanvardan bəri əhalinin vaksinasiyaya cəlb olunması eyni sürətlə getməyib. Mayın ortalarından başlayaraq prosesin sürəti bir qədər də artıb. Bir gün ərzində ən çox vaksin olunanların sayı 62 minin üzərində olub. Hazırda gündəlik vaksinasiyadan keçənlərin sayı 30-40 min arasında dəyişir. Lakin arzu edərdik ki, bu proses bir qədər də sürətlənsin. Qarşıya qoyduğumuz hədəflərə ən qısa müddət ərzində çatmağımızı düşünürük. Bunun üçün maarifləndirmə işləri aparmaq və əhalinin könüllülük əsasında peyvəndləməyə cəlb olunmasını təmin etmək lazımdır”. Mütəxəssislərin qənaətincə elə insanlar var ki, onlarda iki dozadan sonra ümumiyyətlə anticisimlər əmələ gəlmir. Onlara üçüncü dozanın vurulması məsələsi indi müzakirə edilir və araşdırılır. Peyvənd olunmaqla, ilk növbədə, ağırlaşma və ölüm hallarının qarşısı alınır, digər tərəfdən də bu, hər kəsin immun sistemindən asılıdır. Əhali arasında immun sistemi güclü və zəif olanlar var. Xüsusilə yaşlılarda immun sistemi müəyyən qədər zəifləyib. Xroniki xəstəliklərdən əziyyət çəkənlərdə immunitetin əmələ gəlməsi bir qədər ləngiyir. Onlar mütləq şəkildə peyvənd vurdurmalıdırlar. Lakin peyvənd ediləndən sonra onlarda alınan nəticələr sağlam insanlardan fərqli ola bilər. Ölkəmizdə əhali arasında kütləvi immunitetin yaranmasından danışmaq hələ tezdir. Vaksinasiya Strategiyasında da qeyd olunur ki, kütləvi immunitetin formalaşması üçün əhalinin təxminən üçdə ikisi peyvənd olunmalıdır. Daha doğrusu, kütləvi immunitet qazananların ümumi sayına təkcə peyvənd olunanların deyil, xəstəliyi keçirib təbii immunitet əldə edənlərin də sayı əlavə olunmalıdır. İndiyədək Azərbaycanda əhalinin 10 faizi peyvəndin hər iki dozasını alıb. 1,7 milyon vətəndaş isə yalnız birinci dozanı vurdurub. Ümumilikdə 100 min əhaliyə düşən peyvənd sayı 26 təşkil edir. Bu göstəriciyə görə MDB ölkələri arasında liderlər sırasında olsaq da, Avropa ölkələri və ABŞ-la müqayisədə aşağı yerləri tuturuq. Nəzərə almaq lazımdır ki, Azərbaycanda peyvənd istehsal olunmur. Lakin elə ölkələr var ki, orada peyvənd istehsal olunsa da, onu tətbiq edənlərin sayı o qədər də yüksək deyil. Məsələn, COVID-19-a qarşı peyvənd istehsal olunan Rusiya ilə müqayisədə ölkəmizdə peyvənd olunanların nisbi sayı çoxdur və bu sahədə olan göstərici də prosesin uğurla aparıldığını sübut edir”. Eyni zamanda, payız fəslinə qədər peyvənd olunanların sayı daha da artacaq və bundan sonra mövcud vəziyyətə uyğun qərar veriləcək. Təbii ki, COVID-19 bir müddət bizimlə yaşayacaq və aramızda olacaq. Hələlik tibbi maskalardan qapalı məkanlarda istifadə edilməsi qalır. Yəqin ki, gələn ildən başlayaraq pandemiyanın gedişində əsaslı dönüş olacaq və infeksiya ayrı-ayrı bölgələrdə lokal şəkildə cərəyanetmə halına düşəcək. Bunun üçün hamı çalışmalıdır. Qaydalara əməl olunmalı, peyvəndləmədə aktiv iştirak olmalıdır. COVİD-19 qarşı ölkədə aparılan mübarizə tədbirlərinə görə Azərbaycan Texnologiya Universitetinin kollektivi dövlət başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını çatdırırlar.  

 

Nazim Kərimov

Azərbaycan Texnologiya Universitetinin rektor məsləhətçisi