Azərbaycan Texnologiya Universiteti əməkdaşları “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində təlimlərdə iştirak edir3 oktyabr 2022-ci il tarixindən etibarən 2 saylı Gəncə "ASAN xidmət" mərkəzində “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində bacarıqların artırılması üzrə təlimlər başlanıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankı tərəfindən birgə həyata keçirilir.Açılış tədbirində Dövlət Agentliyinin, Asiya İnkişaf Bankının və Gəncədə fəaliyyət göstərən universitetlərin rəhbər şəxsləri çıxış ediblər. Azərbaycan Texnologiya Universitetini Elm və xarici əlaqələr üzrə müşavir, elm və innovasiyalar üzrə prorektor əvəzi dos. Mayıs Gülalıyev təmsil edib. O çıxışında bildirib ki, innovativ iqtisadi inkişafın hərəkətverici qüvvələrindən biri startaplardır və onların inkişafı ekosistemin əlverişliliyindən keçir və bu əlverişlilik digər amillərlə yanaşı universitetlərdəki təhsilin səviyyəsindən və yaradılmış şəraitdən asılıdır. M.Gülalıyev bu kimi təlimlərin əməkdaşların bu sahədəki bilik və bacarıqlarının artırılmasında əhəmiyyətini xüsusi vurğulayıb və təlimlərin təşkilinə görə Azərbaycan Texnologiya Universiteti adından təşkilatçılara təşəkkür bildirib.Təlim proqramının əsas məqsədi yerli texnoloji startapların inkişafının təşviqi, iştirakçılar üçün uğurlu texnoloji startap mərkəzlərində idarəetmə təcrübələrinin paylaşılmasıdır. Həmçinin texnoloji startaplar və potensial sahibkarlar üçün dəstək fəaliyyətlərin idarə edilməsi ilə bağlı məlumatlandırma əsas hədəflərdir. 17 oktyabra qədər davam edəcək intensiv təlimlərdə Azərbaycan Texnologiya Universitetinin səkkiz əməkdaşı iştirak edir.Təlimlər Almaniyanın “Steinbeis GmbH & Co.KG” və yerli “Ekvita Consulting MMC şirkətlərinin ekspertləri tərəfindən aparılır.Asiya İnkişaf Bankı tərəfindən 2020-ci ilin 3 dekabrında təsdiqlənmiş Texniki Yardım Layihəsi qrant şəklində Koreya Respublikasının “e-Asiya” və “Bilik Tərəfdaşlığı” Fondu tərəfindən maliyyələşdirilir.