Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Dözümlülük, stresədavamlılıq və çevik uyğunlaşma

Dünya İqtisadi Forumunun bəyan etdiyi siyahıya əsasən (Top 10 skills of 2025) növbəti beş ildə insan davranış mədəniyyətində hansı kompetensiyalara yiyələnməlidir? Dözümlü və stresədavamlı, çevik uyğunlaşan insan davranış və vəziyyətinə nəzarət edir, gərgin hallarda emosional vəziyyətini tənzimləyir , habelə multifunksional düşünməyi və məsələlərə baxışını dəyişməyi bacarır. Bu kompetensiyaya malik olan insan təzyiqlərə və gərginliklərə davam gətirməyi bacarır və stres şəraitində minimal həyacanla işləmə qabiliyyətinə yiyələnir. 

UTECA-nın keçmiş prorektoru vəfat edib

Azərbaycan Texnologiya Universiteti Aslan Məmməd oğlu Abbasovun vəfatı ilə bağlı ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı olan Aslan Abbasov 2016-cı ildə Azərbaycan Texnologiya Universitetinin Təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. Allah rəhmət eləsin. 

“Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsinin açılışı baş tutub

Gəncədə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsinin açılış tədbiri keçirilib. Açılış mərasimindən öncə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Asiya İnkişaf Bankının, INNOLAND, EKVİTA şirkətinin, eləcə də İnnovasiya Mərkəzi MMC-nin nümayəndələri Azərbaycan Texnologiya Universitetində (UTECA) olublar. Onlar universitetin innovasiya ekosistemi ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, UTECA-da biznes, startap, inkubasiya və innovasiya fəaliyyətləri üzrə görülmüş işlər "Müştəriyə Yönəlmə Proqramı (MYP)" pilot layihəsi, "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi və digər əməkdaşlıqlar olmaqla 3 əsas hissədən ibarətdir. MYP çərçivəsində 50-dən çox iri sənaye və istehsal müəssisələrilə birgə təlim, təcrübə və tədris-istehsalat proqramları həyata keçirilib. Aktiv olduğu dövrdə proqram 2000-dən çox tələbəni əhatə edib. MYP layihəsinin qida və mühəndislik istiqamətləri üzrə yenidən həyata keçirilməsi və proqramın effektivliyinin artırılması üçün yaxın gələcəkdə elmi tədqiqat və transformasiya mərkəzlərinin yaradılmasıyla bağlı hazırda tərəfdaşlar arasında müzakirələr aparılır. UTECA-da fəaliyyət göstərən "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi barədə verilən məlumatlarda qeyd edilib ki, 2016-2019-cu illərdə filialda inkubasiya mərhələsinə 7 startup qəbul olub, onlardan 3-ü akselerasiya mərhələsini tamamlayaraq fəaliyyətini davam etdirə bilib. Hazırda bu startuplardan yalnız biri - "Otmilk" öz aktiv fəaliyyətini davam etdirir. "Otmilk" 2019-cu ildə Aqrar Elm və İnnovasiyalar Mərkəzi və "İNNOLAND" Akselerasiya Mərkəzinin dəstəyi ilə"Startap Azərbaycan" təşkilatı tərəfindən keçirilən “AgroX” innovasiya müsabiqəsində 12 finalçı arasında üçüncü yerə sahib olub. Filial pandemiya dövründən etibarən aktiv fəaliyyət göstərmir və cari rezidenti yoxdur. Post-pandemiya dövrü üçün filialın planları var. Bunlara 2022-ci ilin mart-aprel aylarına təsadüf edəcək Bootcamp – Startup düşərgəsinin keçirilməsi, bundan başqa uğur qazanmış mütəxəssislərin öz bilik, bacarıq və təcrübələrinin Gəncə universitetlərinin tələbələri ilə paylaşmasına imkan verən Sahibkarlıq konfransının keçirilməsi daxildir. Startapçılarla söhbətdən və UTECA-da innovasiya ekosistemini əhatə edən digər əməkdaşlıqlarla tanışlıqdan sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Asiya İnkişaf Bankının missiya rəhbəri Kəndis Makdeyqan, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Azərbaycan Texnologiya Universitetinin prorektoru Vüqar İsmayılov iştirak edib. Ceyhun Salmanov Agentliyin fəaliyyəti, regionlarda innovasiya və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin adıçəkilən fəaliyyətlərdə müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan Texnologiya Universitetinin (UTECA) prorektoru Vüqar İsmayılov UTECA-nın rektoru, professor Akif Süleymanov adından qonaqları bir daha salamlayaraq bu gün hər üç universitet üçün təməli qoyulan layihənin bölgə əhəmiyyətini vurğulayıb: “Bilirik ki, startap ekosisteminin digər bir adı girişim ekosistemidir. Ancaq mən bunu eyni zamanda cəsarət ekosistemi adlandırıram. Məlum məsəslədir ki, investisiyalar paytaxt şəhərlərə axın edir, eləcə də gənclər paytaxta meyl edir. Bu fonda bölgə tələbələrində startaplarla bağlı bir güvənsizlik müşahidə edilir. Cəsarətli olanlar isə bu işdə bir addım öndə olur. Bu baxımdan layihənin reallaşdırılması üçün məhz bölgələrin seçilməsi alqışa və təqdirə layiqdir. Yerli texnoloji startapların inkişafının təşviqi urbanizasiyanın qarşısını alacaq və tələbələrimizdə bir cəsarət ekosistemi formalaşdıracaq. ” Sonda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Dövlət Universiteti arasında “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb. “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsinin məqsədi regionlarda startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək, regional potensialı artırmaq istiqamətində əlverişli şəraiti gücləndirməkdir. O cümlədən startapların inkişafı üçün yerli institusional strukturu təkmilləşdirilmək və texnoloji bilik əsaslı tərəfdaşlıqları inkişaf etdirmək əsas istiqamətlərdəndir. 

 

 

 


UTECA tələbəsi şəhər qalibi olub

Azərbaycan Texnologiya Universitetinin (UTECA) dizayn ixtisasının tələbəsi Sədaqət İsmayılova Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evi tərəfindən “Nizami Gəncəvi İli” çərçivəsində gənclər arasında keçirilən “Nizami Gəncəvi yaradıcılığı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsinin qalibi olub. 22 istedadlı gənc arasında I yeri tutan tələbəmizi bu gün universitet rəhbərliyi təbrik edib. Universitetə valideynilə birgə qonaq gələn tələbənin indiyədək əldə etdiyi digər nailiyyətləri ilə də tanış olan tədris işləri üzrə prorektor Vüqar İsmayılov Sədaqət İsmayılovanın uğurlarını yüksək qiymətləndirib, ona yenicə başlamış yaz semestri imtahanlarında müvəfəqqiyyətlər arzu edib. Qeyd edək ki, rəsm müsabiqəsinin məqsədi Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin yeniyetmə və gənclər arasında öyrənilməsi və təbliğ edilməsi, istedadlı gənclərin üzə çıxarılması və yaradıcılıq potensialının inkişaf etdirilməsi, eləcədə asudə vaxtlarının səmərəli təşkilidir. 

ECAR layihə komandasının ilk görüşü

ARKY - Komandanın ilk görüşü keçirilib Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” Erasmus+ layihəsi çərçivəsində bu gün layihə komandasının ilk koordinasiya görüşü keçirilib. Görüşdə layihə meneceri İlahə Qurbanova iştirakçıları layihə ilə bağlı ətraflı məlumatlandırıb. Daha sonra layihənin altı aylıq fəaliyyət planı geniş və məhsuldar müzakirə edilib, WP1 (iş paketi) üzrə fəaliyyətlərin icrası ilə bağlı təklif və tövsiyyələr dinlənilib. 

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafi və regional tərəqqi

Azərbaycan – Türkiyə münasibətləri tarixi və milli-mənəvi kökləri ilə birbaşa bağlı olan bir sıra amillərlə şərtlənir. Tarixi, etnik, ictimai, siyasi, milli-mənəvi təməllərə əsaslanan bu doğmalıq qədim və zəngin ənənələr üzərində qurulmuşdur. Türk xalqı dünyanın tarixi yaradan və ona istiqamətləndirən millətlərindəndir. Tarixi birlik və qardaşlıq, qarşılıqlı inam, səmimi münasibətlər, səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri böyük vüsətlə möhkəmlənməkdədir. Xalqlarımızın etnik, dil, din və mədəniyyət birlikləri bu iki ölkəni həmişə doğmalaşdırıb, sevincli və kədərli günlərdə də birini digərinin yanında edib. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq təqdim etdiyi Azərbaycan-Türkiyə münasibətləri bu gün  hər iki ölkə rəhbərləri tərəfindən aparılan düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq ən yüksək səviyyəyə çataraq, keyfiyyətcə daha kamil müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə münasibətlərindəki hazırki inkişaf regionda tərəqqiyə, sabitliyin bərqərar olmasına zəmanət verir. Digər tərəfdən, türk dünyasının bir araya gəlməsini təmin edən ən mühüm amillərdən biri məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafıdır. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk". Nəticə olaraq bu gün cənab prezident “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” ifadəsini qürurla səsləndirir. Hazırda ölkələrimiz arasında siyasi müstəvidə olduqca yüksək səviyyədə münasibətlər formalaşıb, iqtisadi münasibətlər isə inkişaf dinamikasındadır. Belə ki, Azərbaycan və Türkiyənin iqtisadi potensialı bu sferada münasibətlərin, xüsusən də ticarət əlaqələrinin xeyli dərəcədə artmasına imkan verir. Son dövrlərdə bu məqsədlə bir sıra mühüm addımlar atılıb. Energetika sahəsində ölkələrimiz arasındakı mövcud olan qaz satışı və nəqli ilə bağlı bütün müqavilələr fəaliyyətdədir. Bu müqavilələr Trans Atlantik coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biridir. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Qeyd olunanlar ölkələrimizin energetika sahəsində möhkəmlənən münasibətlərinin qlobal enerji təhlükəsizliyinin təminatında  mühüm töhfələrdən xəbər verir. Bu günə qədər isə ölkələrimizin birgə həyata keçirdiyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin xüsusi ilə regionun enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Son 4 ildə fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan və Türkiyənin iqtisadi müstəvidə münasibətlərini xeyli möhkəmləndirmişdir. Bu dəmir yolunun Naxçıvana kimi uzadılması üçün mühüm işlər görülür. Bu isə Naxçıvanın kommunikasiya əlaqələrinin mühüm bir mərhələsinin başlanğıcı, muxtar respublikanın iqtisadi cəhətdən bir daha güclənməsi olacaqdır. Uzun illərdir ki, Naxçıvanın həm iqtisadiyyatının sürətlə inkişaf etməsində, həm də təhlükəsizliyinin təmin olunmasında Türkiyə böyük rol oynayır. İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək dünya tarixi üçün qardaşlıq nümunəsi kimi, sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi oldu. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Qarabağ Azərbaycandır – zəfər paradı zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinin inkişafi və regional tərəqqiyə yaradılan zəmanət bir daha bütün dünyaya nümayiş olundu.  Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan münasibətlərinin belə ifadə edir: "Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari - bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır". Hər dəfə Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, İlham Əliyevin isə Türkiyəyə səfəri zamanı ölkələrimiz arasında münasibətlərin inkişafı keyfiyyətcə daha yeni mərhələyə qədəm qoyaraq, regional tərəqqiyə zəmanət verir.  Bütün bunlar ölkələrimiz arasında həyata keçirilən böyük geosiyasi əhəmiyyətli birgə iqtisadi layihələr, əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından  və əbədiliyindən xəbər verir.

 

Qalibə Məmmədova 

    UTECA-nın Elm şöbəsinin müdiri