27.09.2022-ci il tarixində Azərbaycan Texnologiya Universitetində 27 Sentyabr Anım Gününə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib.Universitet ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət edildikdən sonra Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsilə tədbir açıq elan edilib.Ardınca Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Gəncə Şəhər İcra Hakimiyyəti, müharibə veteranları ictimai birlikləri nümayəndələrinin, millət vəkillərinin də qatıldığı tədbirdə fəxri qonaqlar qismində qazilər və Vətən müharibəsində şücaət göstərmiş tələbələr iştirak edib. Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov çıxışında günün tarixinə nəzər salaraq 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbədən, hərbçilərimizin mübarizliyindən danışıb.Digər tədbir iştirakçıları da şəhid adının müqəddəsliyini, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər. Qazilər çıxışlarında keçdikləri döyüş yolundan danışıblar.Daha sonra tələbələr şəhidlərə həsr olunan şeir söyləyib, vətənpərvər musiqi ifa ediblər.Sonda Anım Gününə həsr olunmuş videoçarx izlənilib.